Sim-sim.az

“Ədəbiyyata sevgili kimi yanaşıram…” — Mirmehdi Ağaoğlu

 

Sim-sim.az  Ömər Xəyyamın İranda keçirilən beynəlxalq hekayə yarışmasının birincisi olmuş yazıçı Mirmehdi Ağaoğlu ilə söhbətini təqdim edir.  

 

– Mimehdi, təbrik edirəm. Hekayənin mövzusu dindir. Bu hekayəni o vaxt keçirilən “Quran motivləri əsasında” hekayə yarışması üçün yazmışdın, yoxsa adındakı “Mir” müqəddəs etiketinə görə?

 – Gəl məsələyə bu qədər sadə yanaşmayaq da. 17 ilə yaxındır, əlimdə qələm tuturam, “Mir” söhbətinə görə belə hekayə yazan idim elə bu vaxta qədər yazardım. Ümumiyyətlə düşünürəm ki, Qədim Şərq mətnləri ilə üzvü əlaqədə olan mətnlər yazmaq lazımdır. Bütün Qərb mətnləri Bibliyanın, yunan miflərinin üzərində qurulub. Hətta ateist Maksim Qorkinin “Ana”sı belə Həzrəti Məryəmdən təsirlənmədir.  Biz də Quran və dini miflərə söykənərək, yazacağımız əsərlərin kökünü o mətnlərin torpağında “əkərək” böyük romanlar, yazılar ortaya qoya bilərik. Sadəcə bir şeyi vurğulamaq istəyirəm, mən dini mətnlər, romanlar, hekayələr yazaq demirəm, kimsə məni səhv anlamasın. Mən Qədim dini mətnlərdəki arxetiplərdən, hazır modellərdən istifadədən danışıram. Məsələn, əgər kimsə qardaşın qardaşa xəyanəti barədə əsər yazacaqsa, bu əsər istər-istəməz bizə Habil-Qabil hadisəsini də xatırladacaq. Bu, Qərb üçün də maraqlı olacaq, çünki Qərbdə bir ekzotika meyli də var.

Qayıdıram sualına: O vaxt Yaradacılıq Fondu və Dini qurumlarla İşlər üzrə Komitənin keçirdiyi yarış mənə ilham verdi. Sənə deyim ki, Quran motivləri mövzusunda dörd hekayə yazmışam, dördünün də ideyası qığılcım kimi bir anda doğulub. Buna yaxın dostlarım da şahidlik edə bilərlər. Bəlkə də bu müsabiqə keçrilməsəydi, Quran motivləri əsasında hekayə yazmaq ağlıma gəlməyəcəkdi, ya da proses ləngiyəcəkdi. Yəni, gözəl abim, deməyim odur ki, bu hekayələrin yazılmasının daha ciddi, şüurlu əsası var, “Mir”in köməyi isə odur ki, mən dindar, bu məsələlərdən hali bir ailədə, nəsildə doğulmuşam, həmən “üstünlüyüm” də Quran motivlərinə gedən yolu qısaldıb.

– Şirazda mükafat pul şəklində verildi? Yoxsa kağız-kuğuzla başını qatdılar?

– Bəli, pul mükafatı da verildi. Düzdür, müsabiqənin şərtlərində söz verilən məbləğ ödənilmədi,  bununla belə naşükürlük etmirəm, Allah bərəkət… Kreditlərimin bir hissəsini ödəyərəm.

– Nə qədər borcun var ki?

– 10 min manat civarındadır. Təəssüf ki, ödəyirəm-ödəyirəm bitmir. Sizif əməyi çəkirəm, hamı kimi. Belə getsə “Bu gün səbr elə”nin ikinci hissəsini yazacam.

– Səncə, kriptovalyutanın kəllə-çarxa qalxdığı, texnoloji tərəqqinin, az qala, hisslərin rəqəmsallaşdığı dövrdə belə hekayələrə, ümumiyyətlə ədəbiyyata gərək varmı?

– Son vaxtlar belə qərara gəlmişəm ki, sənət və din insanın Robinzon Kruzo kimi kainatda tək olmasını dərk etməsinin törətdiyi vahimədən və ölümdən sonra tamamilə yox olma qorxusundan yaranıb. Həmin ilk qədim insan anlayanda ki,  bir gün öləndən sonra əbədiyyən heçliyə qovuşacaq, bax o  zaman dini də, sənəti icad elədi. Heç olmasa bu yollarla dünyada bacardıqca uzun müddət qala bilsin deyə. Sənət bu dünyada, din isə o dünyada əbədi yaşamağımız üçün yaradılıb. Buna görə də düşünürəm ki, sonuncu insan Yer üzündən silinənə qədər ədəbiyyat, sənət yaşayacaq. Nə qədər müasirləşsək də, yeni texnologiyalar, kriptovalyutalar həyatımıza soxulsalar da, yenə də ədəbiyyat, sənət sığınacaq yerimiz kimi qalacaq.

– Sən dini motivli hekayələr yazırsan, Qüds barədə nə düşünürsən?

– Qüds barədə fikrim belədir: BMT-nin səhv etmirəmsə 1947-ci ildəki qərarına əməl olunmalı. Yəni o torpaqlarda yəhudi dövləti yaradıldığı kimi, Fələstin dövləti də yaradılmalıdır. Ancaq qanla, dava ilə ilə yox, sülh yolu ilə. Zatən son model İsrail silahlarının qabağını sapandla çıxan ərəbləri görəndə adamın həm ağlamağı, həm də gülməyi gəlir. Hələlik başqa bir təklifim yoxdur, zatən Qüds məsələsi belə asan, bir fikir deməklə həll olunsaydı, bu vaxta qədər həll olunardı. Deməli, çox qəlz və dərin məsələdir, Qordi düyünü kimi bir şeydir, o sahənin mütəxəssisləri yönlü bir həll yolu tapa bilmir, mən nə təklif edəsiyəm ki. Dünyada sülh, qardaşlıq olacaqsa, Qüdsdən dünyaya yayılmaqla olacaq. Çünki Qüds üç səmavi dini özündə birləşdirməklə dünyanın kiçik modeli hesab oluna bilər. Əgər bəşəriyyət orda sülhü təmin etsə dünyada təmin olunacaq, yox təmin etməsə deməli dünyamızın məhvi yaxındır.

– Min ildi tanışıq, çörək kəsmişik, doğma-isti münasibətimiz var. Amma fikir ver, sən qalib olandan sonra müsahibə üçün müraciət etdim. Bu vaxta qədər müsahibə yadıma düşmürdü heç. Yəqin ki, hələ çox saytlar müraciət edəcək, hətta efirlərə də dəvət alacaqsan. Özün də bu işin içindəsən, redaktorsan. Sənə elə gəlmir ki, oxunma sayı üçün yaşayırıq? Bu, xəbər peşində qaç-qov özümüzdən, həqiqətdən uzaqlaşdırır bizi?

– Maşallah, çox operativsən heç mükafatı əlimə götürməmiş sualları hazırlayıb atmışdın. Ancaq təəssüf ki, İranda Facebooka girmək olmurdu, qayıdandan sonra gördüm suallarını. Ömərcim, oxunma sayı da bizim bitkoinlərimizdi, nə edək, çörəyimiz bundan çıxır. Vallah, mən redaktor kimi saytımızda çalışıram ki, çox ciddi materiallar dərc  olunsun. Belə də edirik, sadəcə adamlara Məleykə Əsədova ilə Ramiz Məlikin məhkəməsi daha maraqlıdır, nəinki qardaşı Teonun Van Qoqa məktubları. 

– Hələ də AYO-nun üzvüsən?

– Bəli.

– Nə əcəb AYB-yə üzv olmursan?

– Bir neçə dəfə təklif olub, imtina etmişəm. Düşünürəm ki, AYB şəffaf qurum deyil, xüsusi maraqlara xidmət edir. Və bir də AYB-ni çağdaş dövrə adekvat görmürəm. Orda dostlarımız var, fəaliyyət göstəririlər, dəyərli işlər görürlər, ancaq mən ümumilikdə AYB-yə tarixi eksponat kimi baxıram. Müasir dövrün təşkilatı bu cür olmaz. Bir də axı 80 yaşında adamın rəhbər olduğu qurumda mənim nə işim? Bir adam əgər 80 yaşında da vəzifədən əl çəkmək istəmirsə deməli, o təşkilat üçün yox, özü üçün çalışır. Muqabe də hakimiyyətdən əl çəkdi, Anar əl çəkmədi, 30 ildi AYB-də sədrdi. Üstəlik bu yaxında ürəyindən əməliyyat olundu, Allah şəfa versin. Ona daha otuz il bu vəzifədə qalmağı arzu edirəm. Amin. Mən son zamanlar gənclərin AYB-yə kütləvi axınını anlaya bilmirəm. Elə bəh-bəhlə qaçıb bu təşkilata üzv olurlar. Gənclik üsyan, yenilik, reaktivlik deməkdir. Bu gənclər yeni nəsə yaratmaqdansa, özlərini müstəqil aparmaqdansa bir şeir, bir hekayə yazan kimi AYB-yə can atırlar. Bu gənclərin çoxu elə bilir ki, AYB vəsiqəsi adamı şair, yazıçı edir. Halbuki AYB-siz də yazmaq olar. Üstəlik bu qədər imkanların olduğu modern  zamanda. Özündən müştəbehlik kimi çıxmasın, biri elə mən. Heç bir təşkilati dəstək olmadan hekayəmi göndərdim və İslam Əməkdaşlıq Təkilatının keçirdiyi beynəlxalq müsabiqəyə və yer tutdum.

– Məsələn, desələr ki, filan qədər bitkoin verirəm, daha yazma, əl çək bu işdən, razılaşarsan?

– Onu bilirsən ki, mən bankda işləyəndə  indiki aylıq gəlirimdən iki dəfə artıq qazanırdım? Və öz xoşumla bu gəlirdən imtina etdim ki, monoton, mexanikləşmiş həyatdan uzaqlaşım və özümü  tamamilə ədəbiyyata xərcləyim. Odur ki, dostum, məni heç bir bitkoinlə almaq olmaz. Deyəsən Heynenin sözüdür, deyir, əgər yazmasan ölməyəcəksənsə, yazma. Mən də düşünürəm ki, görsəm içim boşalıb,daha məni yazmağa vadar edən heç bir daxili təlatüm, fırtına yoxdur, yazmayacam. Bu barədə çox rahatam. Mən ədəbiyyata sevgili kimi yanaşıram və hələ ki, ona xəyanət etməmşəm.

– Baş redaktor kimi Qan Turalı yaxşı idi, yoxsa onu əvəzləyən Şərif Ağayar?

– Bu sualına cavab vermək üçün mən gərək bəzi təhlillər aparım. O da həm ictimamiyyətə maraqlı olmayacaq, həm də redaksiyamızın daxili işinin müzakirəsinə çevriləcək deyə, burda dilə gətirməyəcəm. Sadəcə onu deyə bilərəm ki, Kulisin bəlli prinsipləri var və biz hər zaman o prinsiplərə əməl etməyə çalışmışıq. Nə dərəcədə əməl edirik, onu qoy oxucular desin. Biz öz nöqsanlarımızı, kəsirlərimizi, uğurlarımızı gündəlik planlaşdırmada müzakirə edir və gəlinən qənaətə uyğun hərəkət edirik.

– Mirim, ümumiyyətlə, müsahibələrin, reportajların, köşələrin mənasızlığı barədə düşünmüsən?

– Təəssüf ki, mən qəzet jurnalistikasını demək olar görmədim. Ancaq bəzən arzulayıram ki, kaş bu Facebook filan yox olardı, yenidən qəzet jurnalistikasına qayıdardıq və sosial şəbəkələrdəki yersiz müzakirələrdən, dəxilsiz gündəmlərdən canımız qurtarardı. O deyirlər e, dəlinin biri  quyuya bir daş atdı, yüz ağıllı yığışıb çıxara bilmədi. Bax, Facebookda hər gün belə olur. Kimsə hansısa müsahibəsində, ya köşəsində mənasız bir şey deyir və hamımızı yığışıb o mənasız müzakirəni saqqız kimi uzadırıq.

– Feysbukdan çox adam yazır sənə? Qadınları nəzərdə tuturam.

– Əvvəllər çox adam yazırdı, elə özüm də az adama yazmırdım. Ancaq yaş ötdükcə fikirləşirsən ki, toparlanmaq lazımdır, daha əlində bol vaxt qalmayıb. Boş-boş  vaxt keçirmək olmaz. Ölüm də qapının ağzındadır, bir də gördün axşam yatdın, səhər durmadın. Heç olmasa, bizdən sonra bir əsər qalsın. Düzdür, məndə “85-ci gün” var, ancaq bu kafi deyil, siyahını artırmaq lazımdır.

– Həyat yoldaşın hesablarının şifrəsini bilir?

– Telefonumda şifrə yoxdur. Facebook şifrəmi isə tez-tez dəyişirəm. Bəzən o qədər mürəkkəb şifrə qoyuram ki, sonra özüm də unuduram. Bunu da həyat yoldaşıma görə deyil, təhlükəsizlik məsələlərinə görə etmişəm. Həyat yoldaşım anlayışlı qadındır, məni başa düşür. Telefon aylarla stolun üstündə qala, Facebookum kompüterdə açıq ola girib baxmaz. O, bilir ki, yaradıcı adamam, kimsə nəsə yaza bilər, ya mən kimləsə söhbətdə qədərindən atıq səmimi davranaram… Bunlar bekara şeylərdi. Həyat yoldaşım bilir ki, bu on ildə mən ondan başqa heç kəsi sevməmişəm və sevmək fikrim də yoxdur. O, məni yalnız bircə şeyə qısqanır, ədəbiyyata. Mübaliğə eləmirəm, qayət ciddiyəm.

– Ümumiyyətlə, qısqanclıq nədir? – Güvənsizlik, yoxsa sevgi?

– Kişi qısqanclıq hissinin fövqündə dayansa belə, arada özünü  elə göstərməlidir ki, guya qısqanır. Çünki qadınlar bunu istəyir. Qadına qısqanc olduğunu göstərməsən, elə biləcək daha onu sevmirsən. Çünki qadın istəyir ki, sən onun üçün kiməsə göz bərəldəsən, qaşını qaldırasan, yumruğunu düyünləyəsən. Belə olanda qadın hiss edir ki, yanında kişi var. Sənə deyim, bizim instiklərimiz, hisslərimiz, biz hələ təzə-təzə homo sapines olduğumuz dövrlərdə formalaşıb, özümüzü ali varlıq kimi, yüksək ideallar uğrunda yaşayan varlıq kimi, Marsa uçmaq istəyən varlıq kimi göstərmək istəsək də sonucda  məməlilər sinfinə aidik. Və elementar məsələlərdə özümüzü bu sinfə aid olan digər heyvanlar kimi aparırıq, məsələn qorillalar kimi.

– Ailə-məişət də yaradıcılığa mane olmur ki?

– Bu sualın cavabı birmənalı deyil. Qazanc normal olmayanda təklik də yaradıcılığa mane olur. Sorun ailədə deyil, ölkədə ədəbiyyatın gəlir gətirməməsindədir, oxucuların kifayət qədər olmamasındadır. Tomas Mannın deyəsən, dörd övladı olub. Bununla belə o “Buddenbroklar”ı , “Sehirli dağ”ı yazıb. Markesin üç övladı olub, o da “Yüz ilin tənhalığı”nı yazıb. Tolstoyun isə on iki övladı olub… Deməli sorun ailədə deyil, onu dolandırmaqdadır. Normal qazancı olmayanda ailə təkcə yaradıcı adama deyil, elə çilingərə də, mühəndisə də, kababçıya da  mane olur…

 

(Visited 59 times, 1 visits today)