Sim-sim.az

ADGTT-da bir gündə iki premyera…

İyun ayının 2-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində iki premyera nümayiş olunacaq.

Bu dəfə teatrın yaradıcı heyəti böyük dramaturq və şair Hüseyn Cavidin “Ana” pyesi əsasında hazırlanmış eyniadlı tamaşada çıxış edəcək. Tamaşa saat 19:00-da təqdim ediləcəkdir. Yeni səhnə əsərinin quruluşçu rejissoru, Azərbaycan və Kalmıkiya Respublikalarının Əməkdar İncəsənət Xadimi Bəhram Osmanov, quruluşçu rəssamı Telman Şıxıyev, musiqi tərtibatçısı Zaur Rəşidov, rejissor assistenti isə Sevda Hacışəmiyevadır. Tamaşada obrazları Əməkdar Artist Nübar Novruzova, aktyorlar İradə Rəşidova, Vahid Orucoğlu, Manaf Dadaşov, Ramiq Nəsirov, Elnur Kərimov, Elnur Şıxəliyev, Ramil Məmmədov, Simuzər Ağakişiyeva və Aydın Dəmirov ifa edir.

May ayının 30-da ictimai baxışı keçirilən P.Cullifordun “Şirinlər” pyesi əsasında eyniadlı yeni tamaşanın premyerası isə eyni tarixdə, 2 iyun saat 12:00 və 14:00-da təqdim ediləcək. Kiçik yaşlı məktəblilər üçün nəzərdə tutulan tamaşada xeyirxahlıq, insanların bəd əməllərdən uzaqlaşdırılması, hər kəsin dost və mehribanlıq şəraitində yaşaması kimi nəcib hisslər aşılanır.

Tamaşanın quruluşçu rejissoru Elşad Rəhimzadə, rəssamı Şahin Hüseynli, kostyum üzrə rəssamı Yekaterina Bıçkova, musiqi tərtibatı İradə Muradova, tamaşanın plastik həlli Ceyhun Dadaşov və rejissor assistenti Günay Qasımovadır.

Əsas rolları Əməkdar artistlər Rasim Cəfər, Şəfəq Əliyeva, aktyorlar Ədalət Əbdülsəməd, Rəşad Səfərov, Elnur Hüseynov, Zemfira Əbdülsəmədova, Günel Məmmədova, Asya Atakişiyeva, Xəyalə Meydanova, Nuranə Hüseynova, Anar Seyfullayev və başqaları ifa edirlər.

Teatrın mətbuat xidməti

(Visited 6 times, 1 visits today)