Sim-sim.az

ADGTT-da “Gəncliyin səsi” festivalının açılış mərasimi keçirildi

 

Fevralın 2-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Gənclər günü münasibətilə “Gəncliyin səsi” festivalının açılışı keçirilib.

Qeyd edək ki, ənənəvi festival Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN Xidmət) birgə təşkilatçılığı ilə gerçəkləşir.

Tədbir iştirakçıları ilk olaraq teatrın foyesində Azərbaycan Turizm və Menecment Universiteti tələblərinin, təhsil ocağının nəzdində fəaliyyət göstərən Bakı Turizm Peşə Məktəbi şagirdlərinin və “ASAN Könüllüləri” Mədəniyyət Mərkəzinin gənc üzvlərinin əl işlərindən ibarət sərgi ilə tanış oldular.

Açılış mərasimində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək hər il ənənəvi olaraq keçirilən festivalın əhəmiyyətindən danışdı. Bildirdi ki, 1997-ci ildə ümummilli lider Heydər Əliyevin imzaladığı sərəncamla 2 fevral tarixi ölkəmizdə Gənclər günü kimi qeyd olunur. Bu sərəncam ulu öndərin Azərbaycan gəncliyinə göstərdiyi diqqət və qayğısının bariz nümunəsidir. Nazir qeyd etdi ki, festivalın Gənc Tamaşaçılar Teatrında keçirilməsi də təsadüfi deyil. Çünki “ASAN Könüllüləri” tərəfindən bir il müddətində bu teatrın səhnəsində onlarla tədbir reallaşmışdır. Agentlik teatrla sıx əməkdaşlıq edir. Nazir həmçinin diqqətə çatdırdı ki, Prezident İlham Əliyevin qayğısı nəticəsində Azərbaycanda tamamilə yeni gənclər hərəkatı formalaşıb: “Gənc könüllülər ölkəmizin  bütün sahələrində aktiv fəaliyyətdədirlər və bu, gənclərin dövlət siyasətinə dəstəyidir. Layihənin məqsədi gəncləri innovativ düşüncəyə dəvət etməkdir.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov çıxış edərək bildirdi ki, ulu öndər Heydər Əliyev ölkə rəhbəri olduğu ilk dövrdən gənclərin himayədarı kimi sağlam düşüncəli yeni nəslin yetişdirilməsini dövlət və cəmiyyətin mühüm vəzifəsi hesab edib. Ulu öndərin əsasını qoyduğu gənclər siyasəti bu gün də uğurla davam etdirilir.

Daha sonra il ərzində fəaliyyətinə görə fərqlənən bir qrup istedadlı gənc fəxri fərman və pul mükafatı ilə təltif edildi. Festival Bakı Xoreoqrafiya Akademiyası və musiqi məktəblərinin istedadlı tələbə və şagirdlərinin ifasında konsert proqramı ilə davam etdi. Fevralın 6-dək davam edəcək “Gəncliyin səsi” festivalının paytaxtla yanaşı, Sumqayıt və Mingəçevir şəhərlərində, Şəmkir, Gədəbəy, Quba və Masallı rayonlarında keçirilməsi nəzərdə tutulur.

(Visited 11 times, 1 visits today)