Sim-sim.az

ADGTT  Beynəlxalq mətbuatda

kontrabas (1) (1)

Xəbər verdiyimiz kimi ADGTT-nın kollektivi  oktyabr ayının 3-dən 9-dək Ukrayna Respublikasının Kiyev şəhərində keçirilən “Mariya” adlı Beynəlxalq mono tamaşalar festivalında iştirak edib.  Sözügedən festivalda ölkəmizi ADGTT-nın aktyoru, Azərbaycan və Kalmıkiya Respublikalarının Əməkdar artisti Şövqi Hüseynov P.Züskindin “Kontrabas” tamaşası ilə təmsil edərək festivalın diplomu ilə təltif edilmişdir.  Qeyd edək ki, festivalda ölkəmizlə bərabər Polşadan, İspaniyadan, Ukraynadan, Slovakiyadan, Böyük Britaniyadan və Türkiyədən olan peşəkar teatrlar da iştirak edib.  “Kontrabas” tamaşasının nümayişindən sonra  iştirakçı dövlətlərin teatr xadimləri tamaşa haqqında müsbət rəy bildiriblər.

Ukraynanın ən çox oxunan “Gün” ( «ДЕНЬ») qəzetində tanınmış yazıçı, teatr tənqidçisi Dmitriy Drozdovskinin festivalda nümayiş olunan ən yaxşı tamaşalara həsr olunmuş “Sənət mədəniyyətin müxtəlifliyində” adlı məqaləsi dərc edilmişdir. Məqalədə ilk olaraq ADGTT-nın təqdim etdiyi “Kontrabas” tamaşası haqqında söz açılır. Bildirilir ki, Şövqi Hüseynov fəlsəfi, insani hisslərlə dolu bir əsərdə qəhrəmanın dramını tam və bütov şəkildə təqdim etməyin öhdəsindən ustalıqla gəlib. Aktyor  “balaca adam”ın sərhədlər tanımayan,  bitib tükənməz intellektini tamaşaçıya səmimi qəlbdən ötürə bilib. Məqalənin müəllifi vurğulayır ki, tamaşanın maraqlı səhnə həlli qəhrəmanın həm daxili həm də xarici duyğularını  dəqiqliklə yaşamağa və inandırıcı surətdə ötürməyə şərait yaradıb. Tamaşa haqqında təəssüratlarını oxucularla bölüşən yazar,  Şövqü Hüseynovun aktyor oyununu yüksək dəyərləndirmişdir.  

Məqalə ilə aşağıdakı linkdə ətraflı tanış olmaq olar :  https://day.kyiv.ua/ru/article/kultura/iskusstvo-poliloga-kultur

 

Teatrın mətbuat xidməti