Sim-sim.az

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı yubiley mövsümündə…

326232

5 sentyabr tarixində Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı özünün 90-cı mövsümünə qədəm qoydu. Mövsümün açılışı münasibət ilə keçirilən iclasda teatrın direktoru, Əməkdar incəsənət xadimi  Mübariz Həmidov çıxış edərək kollektivin yeni, yubiley mövsümünü təbrik etdi. Bildirdi ki, 90-cı mövsümdə teatrı böyük yeniliklər gözləyir. Eyni zamanda qarşıda duran vəzifələr haqqında məlumatı diqqətə çatdıran teatrın rəhbəri ilin sonunadək görüləcək işlər haqqında ətraflı məlumat verdi. Çıxış  zamanı qeyd edildi ki, daim axtarışda olmaq, tamaşaçıların görüşünə onları sevindirəcək və teatrı sevdirəcək əhvalda çıxmaq hər bir yaradıcı kollektivin mənəvi borcudur. Direktor mövsümdə yeni bir beynəlxalq layihənin həyata keçiriləcəyini  də xüsusi vurğuladı. Bakı Yunis Əmrə İnstitutu ilə birgə “Koroğlu” dastanının motivləri əsasında hazırlanacaq  “Eşqi nigar” tamaşasının premyerası noyabr ayı üçün nəzərdə tutulub. Eyni ayda digər premyera isə C.Sviftin “Qulliver Cırtdanlar ölkəsində” adlı tamaşa olacaq. İlin sonunda isə “Qar kraliçası” adlı tamaşa təhvil veriləcək.

Bu gün Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı ölkənin hüdudlarından kənarda da yetərincə tanınır və böyük nüfuza malikdir. Bu səbəbdən də il ərzində teatr müxtəlif festivallara və teatr bayramlarına dəvət alır. İllər öncə Azərbaycan teatrının hər hansı beynəlxalq festivalda iştirakı yalnız arzulanırdısa, bu gün artıq yetərincə dəvət alaraq seçim etmək imkanı qazanmışıq. Çalışırıq yaradıcılıq baxımından sərfəli olan səfərlərə daha çox üstünlük verək –deyə Mübariz Həmidov bildirdi.

Daha sonra Mübariz Həmidov teatrın mövsüm ərzində qatılacağı beynəlxalq layihələr haqqında da məlumat verdi. Bildirildi ki, sentyabr ayının 7-dən 14-dək kollektiv Ufa şəhərində keçiriləcək “Tuqanlıq” VI Beynəlxalq teatr festivalında iştirak edəcək. Sözügedən festivalda ölkəmizi yazıçı-dramaturq Tamara Vəliyevanın “Cəza” adlı təkadamlıq oyun tamaşası təmsil edəcəkdir. Tamaşada əsas ifaçı Əməkdar artist Kəmalə Hüseynovadır. Tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə, işıq üzrə rəssamı Vadim Kuskov, truykların quruluşu İsa Əsədova məxsusdur. Daha sonra teatr 01-06 sentyabr tarixlərində Kalmıkiya Respublikasında keçiriləcək  “Uşaq və yeniyetmələr üçün” Beynəlxalq teatr festivalına dəvət almışdır. Festivalda kollektiv Abdulla Şaiqin “Tıq-tıq” xanım tamaşası ilə çıxış edəcək. Səhnə əsərinin quruluşçu rejissoru Xalq artisti Ağaxan Salmanlı, əsas obrazları Əməkdar artist Rasim Cəfərov, aktyorlar Günel Məmmədova, İlham Əsədov, Elnur Hüseynov və başqaları ifa edir. Oktyabr ayının 20-30 tarixlərində isə teatr Rusiya Federasiyasının Nijnevartovsk şəhərində keçiriləcək kiçik həcmli tamaşaların  V Beynəlxalq Teatr Festivalında iştirak edəcəkdir. Festivalda ölkəmiz Patrik Züskindin eyniadlı əsəri əsasında hazırlanmış”Kontrabas” tamaşası (ifaçı Əməkdar artist Şövqi Hüseynov) ilə təmsil olunacaq.

90-cı yubiley mövsümünə həsr olunmuş tədbirin sonunda teatrın direktoru yeni mövsümdə bütün yaradıcı və texniki heyətə yaradıcılıq uğurları arzuladı.