Sim-sim.az

“Nar bağı” Hollandiyada

1111111111_9b590dcdc2ed6e5371b7

 

 

Dünya premyerası Karlovı Varı Beynəlxalq Film Festivalında uğurla baş tutmuş “Nar bağı” bədii filminin festival həyatı davam edir.

 

Qazaxıstan “Avrasiya Beynəlxalq Film Festivalı”ndan iki mükafatla qayıdan film sentyabr ayında Hollandiyada “Film by the Sea” Beynəlxalq Kinofestivalında rəsmi müsabiqə proqramında nümayiş olunacaq. Premyera sentyabrın 14-də  baş tutacaq.

Filmin ssenari müəllifi və quruluşçu rejissoru İlqar Nəcəf filmi təqdim etmək üçün artıq Hollandiyaya yola düşüb.

Festivalın direktoru Leo Hannevik (Leo Hannewijk )   yerli məbuata verdiyi  açıqlamada  müsabiqə proqramı haqda danışarkən “Nar bağı” nı  xüsusi  qeyd edərək deyib: “ “Nar bağı”  Çexovun “Albalı bağı” əsərinin azad  interpretasiyasıdı.  Bu şedevr pyesi çox səhnələşdirib və ekranlaşdırıblar . “Nar bağı”  tamam fərqli bir yozumdur və nəticədə poetik və  gələcəyi olan film alınıb.”

Növbəti aylar üzrə filmin Almaniya, Fransa, İspaniya, Şotlandiya, Belorusiya  və  Türkiyədə keçiriləcək festivalların rəsmi müsabiqə proqramlarında nümayişi planlanır.

“Nar bağı” bədii filmi “Azərbaycanfilm” və “Buta Film” kino şirkətinin birgə məhsuludur. Filmin ssenari müəllifi  İlqar Nəcəf, Asif Rüstəmov,  Roelof Jan Minneboo, quruluşçu operator  Ayhan Salar,  bəstəkarı Firudin Allahverdi, rəssamı Rafiq Nəsirovdur. Baş rolların ifaçısı Qurban İsmaylov, Səmmimi Ərhad, İlahə Həsənova və Həsən Ağayevdir.

 

Filmin trailerini təqdim edirik: