Sim-sim.az

Selincer haqqında YENİ FİLM

sellincer

Selincerin “Çovdarlıqda uçurumdan qoruyan” romanı həm özünün şedevridir, həm də ədəbiyyat klassiklərindən biri sayılır. Yaxın aylarda bizi bu romanın yazılma prosesi və Selincerin bu romanı yazdığı dövrdə başına gələnlərdən bəhs edən bir film gözləyir.

Filmin adı Selincerin romanının ingiliscə adından-“Catcher in the Rye”dan uyğunlaşdırılıb: “Rebel in the Rye”, yəni təxminən “Çovdarlıq üsyançısı”.

Filmin rejissoru Denni Stronqdur, Selincer rolununu Nikolas Holt canlandıracaq. Filmin heyətindən çox uğurlu aktyorlar, aktrisalar var və indidən keyfiyyətli proyekt olacağı gözlənilir. Heyətdə 68-ci Emmi Mükafatları mərasiminə damğasını vuran “People vs. O.J. Simpson: An American Crime story” ilə kariyerasının zirvəsinə çıxan və Ən Yaxşı Aktrisa Mükafatını qazanan Sara Paulson da var. Başqa bir məşhur ulduz isə Kevin Speysidir. Kevin bu filmdə Çarlz Bukovski, Selincer, Truman Kapote kimi yazıçıların yazılarını dərc etdirdiyi “Story” jurnalını həyat yoldaşı Marta Foleylə birlikdə quran Vit Bruneti canlandıracaq.

Filmdə Selincerin necə yazmasından başqa, İkinci Dünya Müharibəsində əsgər kimi başına gələnlər və o dövrdəki populyar sevgilisi Una Onillə münasibətlərindən bəhs edilir. Una məşhur dramaturq Yucin Onilin qızı idi. Una rolunu aktrisa Zoi Doyç ifa edəcək.

Filmin əsas mövzusu Selinerin daxili təbəddülatları və məşhur Holden Kolflidi necə yaratmasıdır.

Filmin afişasındakı bir cümlə indidən diqqət çəkir: “Based on the untold story”, yəni “Haqqında danışılmamış olmuş hadisələrə əsaslanır”.

Selincer barəsindən bundan qabaq da “Selincer” adlı sənədli bir film çəkilmişdi. “Çovdarlıqda uçurumdan qoruyan” romanını bir neçə dəfə ekranlaşdırılmaq istəyiblər, amma Selincer kitabın müəllif hüququnu heç kimə satmayıb. Əslində bu bu film də selincersevərləri bir az narahat edir. Çünki həyatı boyu insanlardan maksimum dərəcədə uzaq gəzməyə çalışan və yazıçının daxili dünyasının oxucuda əksini tapmasını yalnış hesab edən Selincer, gizliliyə və oxucunun fantaziyasında reallıqdan uzaq qalmasını vacib sayırdı. Təkcə iki roman və bir hekayə toplusu dərc etdirən, sonra inzivaya çəkilən yazıçının bu hərəkəti belə populyarlaşmışdı. Filmin Amerikada 2017-ci il, 15 sentyabrda yayımlanması gözlənilir.

 

Bu da filmin yenicə yayılan treyleri: