Sim-sim.az

“Ağıllı fikir çılpaq fotosesiyalara uduzur…” – Qismət

 

 

Sim-sim.az şair, tərcüməçi Qismət Rüstəmovun “Qafqazinfo”ya müsahibəsini təqdim edir.

 

– “Bir qadın var hardasa” şeiri necə meydana gəldi? Qadınla bağlı çox şeirlər yazılır. Amma bu şeir xeyli insanın hisslərinə toxunur.

– Üç-dörd il bundan qabaq Yaradıcılıq fakültəsində poeziyadan dərs dediyim müddətdə tələbələrlə eksperimentlər edirdik, onlara tapşırıqlar verirdim. Məsələn, yarımçıq bir sujet təklif edirsən, tələbələr onun davamını yazmalıdır, yaxud kişi baxış bucağından yazılmış əsəri götürüb tapşırıq verirsən ki, bunu dəyiş, qadının baxış bucağından yaz. Belə eksperimentlər etdiyimiz vaxtlarda mən özüm də dəftərçəmdə bir neçə variantda ayrı-ayrı şeirlər, hekayələr yazırdım. Bu prosesin içərisində bir gün bu şeirin ideyası gəldi. Burda ehtimal olunan bir çox qadın nəzərdə tutulur, bu obrazlar bir qadında ümumiləşdirilir, onların vəziyyəti yazılır. Əzilmiş, ikinci plana atılmış, özünü ifadə edə bilməyən qadınlar…

Və maraqlısı yəqin budur ki, bunu bir kişi yazıb, az da olsa  maraq doğura bilibsə, yəqin bir az da bu səbəbdəndir. Şeirin içərisində məişətə sıxışdırılmış qadının faciəsi var, final da ironik notlarla bitir: “mən çox bədbəxtəm yerinə, çox mətbəxtəm…” Bu, bir söz oyunudur. Freydin nəzəriyyəsində olduğu kimi, bizim alt şüurumuza atdığımız, üzə çıxartmadığımız, daim gizlətdiyimiz hisslər, fikirlər var. Amma bəzən biz zarafat edəndə, yaxud dilimiz çaşanda özümüzdən asılı olmayaraq, sızıntı, çat baş verir, el dilində desək, dil çaşıb düzünü deyir. Bu şeirdə fərqli-fərqli qadınlardan danışılır. Bu şeir təkcə Azərbaycan qadınının problemlərini danışmır, ümumilikdə bu cür taleyi yaşayan bütün dünya qadınları haqqındadır.

– Özünüzün qadına münasibəti necədir? Ətrafınızdakı qadınlar mətbəx xanımlarıdır, yoxsa sosial mövqeyi olan aktiv xanımlardır?

– Mənim qadına münasibətim necədir? Mən qadınlarımızı sosial mövqeyi olan, həyatımızda aktiv rolda görmək istəyirəm. Bizim cəmiyyətin buna çox ehtiyacı var. Həyat yoldaşım evdar qadın deyil, reklam şirkətində çalışır, bədii ədəbiyyat tərcüməçisidir. Bizim evdə mini yaradıcı atmosfer var. Hərə öz miqdarınca ailəsində, ətrafında, sevgilisinə, həyat yoldaşına münasibətdə mümkün qədər azadlıq ərazisini genişləndirməlidir. Qadınların aktiv həyata qoşulmağı çox vacibdir. Düşünmürəm ki, bizdə vəziyyət faciəlidir, əslində, bizim cəmiyyətdə qadınlar aktivdir. Xüsusilə, son 10-15 ildə qadın sürücülərin sayının çoxluğundan tutmuş, ayrı-ayrı sahələrdə qadınların rəhbər vəzifədə çalışmağına qədər bu aktivliyi görürük. Amma könül istər ki, bu aktivlik daha da genişlənsin. Bundan əlavə, bir əsas məsələ də “qadından ağıllı nəsə gözləmək olmaz”, “qadın yaradıcı nəsə edə bilməz” kimi fikirlərin dağılmağıdır. Sosiallıq artıqca, bu artıq öz-özünə tənzimlənir. Amma bəzən bölgələrdə elə xəbərlər oxuyuruq ki… Hələ də əyalətlərdə qız uşaqlarını məktəbə göndərmirlər, azyaşlı qız uşaqlarının erkən nikaha girməsi və ondan sonrakı fəsadlar, ailələrin dağılması və s. Bunun bir çox səbəbi var, ən başlıcalarından biri bütün proseslərin yalnız paytaxtda baş verməyidir.

Mədəniyyətin paytaxtdan kənara yayılmasına ehtiyac var. Paytaxt öz maddi, mənəvi qazanclarını kənarlara ötürməlidir. Ən sadə misal deyək: kitab evləri bölgələrdə çox azdır. Nə varsa, şəhərin mərkəzində var. Bunun zəncirvari bölgələrə daşınması baş verməlidir. Və yaxud bütün kinoteatrlar şəhərin mərkəzində bəlli küçələrdədir, Nizami küçəsi, Rəşid Behbudov küçəsi və s. Mədəni proses ölkəboyu getməlidir. Bizdə, təxminən, Bülbül prospektində 21-ci əsrdir, maşına minib 3 saatlıq uzaqlıqdakı bir rayona gedirsən, elə bil, 20-ci əsrin əvvəllərinə qayıdırsan. Bir ölkənin içərisində əsrlər toqquşur. Halbuki yumşaq keçid olmalıdır.

– Ədəbiyyatda gündəm məsələsi yoxdur. Məsələn, qonşu Türkiyədə romanlar, əsərlər yazılır və seriallar çəkilir. Bununla da ədəbiyyat gündəmdə qalır. Bizdə isə kitabı, əsəri müzakirə edən yoxdur. Heç kəsin yadında deyil ki, sonuncu dəfə hansı kitab müzakirələrə səbəb olub?

– Vəziyyət elədir ki, biz kitablarımızı öz hesabımıza çapdan çıxarır, imza günü üçün yer danışır, özümüz də satırıq. Özümüz özümüzə müsahibə verir, özümüz reklam qurmağa çalışırıq. Dünyada ədəbi agent, reklam meneceri və sair kimi artıq formalaşmış ixtisas sahələri var, bizdə bütün bu işləri müəllif təkbaşına görməlidir. Bunun da başlıca səbəbləri var: Kitabla bağlı mərkəzi sistemin olmaması… Kitab ticarəti palatasımı deyək, kitab şəbəkəsimi deyək, yoxdur, proses ölkəboyu getməlidir ki, zamanla kitabın tirajı qalxsın, nəşriyyat-müəllif münasibətləri normal deyil. Müəllif cibindən pul verib kitab çap etdirməməlidir. Dünya praktikasında belədir ki, nəşriyyat müəlliflə müqavilə bağlayır. Satılan kitaba görə müqavilə əsasında hər şey tənzimlənir ki, neçə faiz müəllifə çatır, neçə faiz nəşriyyata. Kitabın tanıdılması ilə bağlı jurnallarda revyular yazılır,, telekanallarda reklamlar gedir və s. Müəllifin işi yalnız əsərə konsentrasiya olmaq, əsərə köklənmək, əsərlə bağlı gəzməli yer varsa, oraları gəzmək, oxunmalı şey varsa, öz otağına qapanıb oxumaqdır. Amma bizdə sən başqa işdə işləməlisən ki, dolana biləsən, artıq qalan vaxtlarda bədii yaradıcılıqla məşğul olasan, sonra bədii yaradıcılığını öz hesabına çap etdirəsən, çap etdirdiyin kitabın reklamını edəsən… 

Müəllif bir kitabından gələn qazancla növbəti kitaba qədər dolanmalıdır. Bakı kimi bir şəhərdə min tiraj gülməlidir. İndiki vəziyyətdə müəllif 10 min yox, 5 min tirajla satılan kitabdan normal dolana bilər. Bu da ona imkan verəcək ki, sırf oturub yaradıcılıqla məşğul olsun. Serial industriyasından danışaq. Türkiyə 2-3 böyük serial industriyasından biridir. Orada söhbət milyonlarla büdcədən gedir. Bizdə aktyora verilən qonorar dilə gətirilməyəcək qədər gülüncdür. Problemlər çoxdur. Rəqabət yaratmaq istəyiriksə ki, öz milli sənayemiz yaranmalıdır. Bunun üçün çox yuxarı vəsaitlər tələb olunur. Öz keyfiyyətli kinomuz olmalıdır ki, yerli bazar formalaşsın. Düzdür, son dövrlərdə çıxan komediya janrındakı filmlərə maraq da var. Amma onların da səviyyələri qənaətbəxş deyil, aşağı səviyyəlidir. Hər halda bu, birinci mərhələdir. İnsanların ayaqlarının kinoteatrlara alışması üçün belə filmlərin də əhəmiyyəti var. Sonrakı mərhələdə daha ciddi filmlər çəkiləcək. Ümid eləyək. Yəqin siz dediyiniz kimi, bir mərhələ də olacaq ki, milli romanlarımız seriallaşdırılacaq. Amma hələ ki, buna bir az var. Ədəbi tənqid deyirsiz, o indi nəyisə dəyişmək qüdrətində deyil. Ümumiyyətlə, bizim yapışıb qaldığımız modellər dünyada çoxdan aktual deyil.

 – Ədəbiyyatda indi bu peşənin daşıyıcılarını fəhləlik peşəsi ilə eyniləşdiririk. Qazanc artmır, ortada pul yoxdur və yüksəliş deyilən bir şey yoxdur. Digər peşə sahiblərində irəliyə doğru ümidlər var və bu insanlara motivasiya verir ki, çalışdığı sahələrdə işləsinlər. Siz necə düşünürsüz?

– Yazıçılıqda ən yaxşı halda iki cür motivasiya ola bilər. Biri növbəti əsəri daha mükəmməl yazmaq, ikincisi, miqyas etibarilə öz ölkəsinin sərhədlərini aşmaq, dünya oxucusuna xitab etmək. Ədəbiyyatda əvvəl müdir müavini olub, sonradan müdir olmaq kimi arzular keçmir. Və yaxud hər hansı beynəlxalq mükafat yazıçılıq üçün pik nöqtə deyil, yaradıcılıq sonsuz prosesdir.

– Ədəbiyyatımız gündəmdə olmasa da, yazarların bəziləri gündəmə meyillidir. İstənilən iki nəfərin mübahisəsinə müdaxilələri tez-tez olur. Amma siz bu proseslərdən bir qədər uzaqsız. Səbəbi nədir?

– Yazıçılar zaman-zaman ədəbiyyatın ikinci plana keçməməsi üçün bəzən şou elementi ilə mövzuya tərs tərəfdən baxıb aktuallığını saxlamağa çalışırlar ki, bu da normaldır. Amma mən xaraktercə rasional təbiətli bir adamam. Polemikalara həvəsim yoxdur. Mənim yaradıcı prosesin belədir: düşünmək, suallar vermək, araşdırmaq və bir kitabın tərkib hissəsi kimi düşündüyüm yazılar yazmaq, ya qəzetdə, ya da saytda. Əgər sosial şəbəkələri izləyirsizsə, zaman-zaman səhifəmdə ironik fraqmentlər yazıram, yenilənmək üçün, rahatlaşmaq üçün. Amma müəllifin enerjisini və vaxtını alan şeylərdən qaçıram. Həmin enerjini daha faydalı səmtə yönəltmək olar. “Virtual çayxana”da oturub dilləşməkdənsə, oturub hansısa kitabı tərcümə etmək daha yaxşıdır. Çünki tərcümə belədir ki, həm özün öyrənirsən, həm dilin içərisində olursan, sonda da insanlara təqdim edəcək kitab ərsəyə gəlir. Açıq deyim, məni ədəbiyyatda maraqlandıran elə məsələlərdir ki, bunlar kütləvi müzakirə üçün deyil. Bu məsələləri də dostlarlarla, dar çevrədə daim müzakirə edirik.

– Sizə kənardan baxanda 32 yaşdan çox vermək olar. Çox böyük düşünürsüz. Çünki 32 yaşındakı insan bir qədər çılğın, fərqli olur.  

– Özümlə bağlı  müxtəlif  fikirlər eşitmişəm, açığı bu barədə çox danışmağı da sevmirəm. Amma deyim: siz deyəni də eşitmişəm, əksini də.  Görünür, bu, xarakter məsələsidir. Baxana görə fikirlər dəyişir. Türklərin belə sözü var, tipim belədir. Tip etibarı ilə təmkinli, rasional adamam. Uzun müddət saymaq olarmı, bilmirəm, təxminən, 10 ildən artıqdır ki, bütün günlərimi, saatlarımı peşəkar ədəbiyyatla məşğulam. Daim yazmaq və oxumaq. Düzgün mənimsənilmiş bilgi adamı ağırlaşdırır, məhşur misalda deyildiyi kimi, boş qazan çox səs çıxarar.

– Peşəkar ədəbiyyatdan danışdınız. Amma gündəmdə qalmaq üçün bir çox yazıçılar var ki, oynaqlığa üstünlük verir. Bu da kitab satışının daha çox tirajlanmasına söykənir. Cavidin Röya Ayxanın həyatından bəhs edən kitabı ölkə gündəmində rezonans doğurdu. Bu tip mövzulara müraciət etməməyinizin səbəbi nədir? Yığdığınız statusla bağlıdırmı? Bu kitablar kütləvi olaraq, müzakirə olunur, ancaq birmənalı qarşılanmır…

– Bir müəllif kimiməqsədim daha yaxşı, qalıcı əsərlər yazmaqdır. Dostların yazdığı bu tip kitablar bütün dünyada var. Mədəniyyətin donuqlaşdığı zamanlarda bu cür yazıların süstlüyə iynə batırıb canlandırmaq funksiyası var. Yəni hamı oturub, ağır, akademik şeylərdən yaza bilməz, bu cür yazılar da olmalıdır. Bu günün incəsənəti interaktivdir. Bir vaxtlar mən də belə yazılar yazmışam, indi yazmıram, amma bu, məni bir o qədər də narahat etmir. Öz seçimimdir. İstəsəm, edə bilərəmmi? Əlbəttə, edə bilərəm. Gündəmə gəlməyin Azərbaycanda üç-beş yolunu bilirlərsə, mən onun iyirmi-otuz yolunu bilirəm. Müəllif gərək əvvəlcə özünə münasibətdə səmimi olsun, sonra başqalarına. Amma bu tip şeylərdə qəbahət də görmürəm, ən azından ədəbiyyat gündəmə gəlir. Bilmirəm, elə bir oxucu varmı şou yazılarını oxusun, sonra bu yol onu daha ciddi müəlliflərə aparsın? Bəlkə də var. Bunlar hamısı insan xarakteri ilə bağlı məsələdir. Özünü xilas etmək, cilalamaq, indi olduğundan başqa adama çevrilmək istəyi varsa, təkcə kitabla deyil, hansısa yolla ona nail olacaq. Ola bilsin kino ilə, musiqi ilə. Hamının maarifçi olması, hamının dəyişməsi mümkün deyil. Məsələn, dərs dediyim universitetdə bədii ədəbiyyatdan danışırsan, amma görürsən ki, bu, tələbəyə maraqlı deyil. Daha fərqli sahəni, məsələn riyaziyyatı, iqtisadiyyatı yaxşı başa düşür. Merkantil münasibətlərdə çox istedadlıdır, poeziyanı başa düşmür. Zorla deyil ki. Bu məsələdə, məncə, bir az rahat olmalıyıq.  Bizim işimiz təqdim etməkdir, istəyən oxuyur, istəməyən oxumur.

– Bir qrup yazar var ki, yazı uğurlu alınmasa da, onlar tənqid etmir. Hətta sosial şəbəkədə onun piarını da aparır ki, uğurludur, əla yazmısan. Ancaq onun narazı olduğu qarşı tərəf əla yazsa da, tənqidə başlayır. Buna münasibətiniz necədir?

– Düşünürəm ki, ədəbiyyat qruplarının olması normaldır, hətta vacibdir. Eyni estetik baxışları bölüşən, eyni dünyagörüşlü adamların bir yerdə toplaşıb müzakirə etməsində, bir istiqaməti müdafiə etməsində qeyri-adi heç nə yoxdur. Bu, bütün dünyada olub. Xüsusilə, 20-ci əsrin əvvəllərində, Paris ətrafındakı məlum ədəbi məktəblərə baxsanız, bunu görərsiniz. Tutalım , dadaistlər bir yerə yığışırdı, kubistlər ayrı yerə. Pikassonun ətrafında bir qrup var idi. Modilyaninin ətrafında bir ayrı qrup. Amma onların da ortaq görüşdükləri bir məkan vardı. Bizim dostlarla, buna qrup demək olarmı bilmirəm, ortaq fikri bölüşdüyümüz ədəbiyyatşünaslarla öz aramızda mübahisələrimiz edirik. Təkcə öz yazdıqlarımız bağlı yox, dünya yazıçılarının əsərləri ilə bağlı da mübahisələrimiz olur. Bayaq dediyim ki, ölkəmizdə kitaba olan münasibət, müəlliflərin bu həngamədə hələ vaxt tapıb kitab da yazması bəzən ümidsizlik qarışıq bir hiss doğurur ki, çox şeyə göz yummalı, üstündən keçməli olursan. İçəridə müzakirlər gedir, mübahisələr olur, ancaq çoxu mətbuata yansımır. Artıq Belinski tipind tənqid işlək deyil, hətta gülməlidir. Bizdə hələ də elə düşünürlər ki, tənqidçi müəllifi danlamalıdır, müəllif də tənqidçinin qabağında farağat vəziyyətində durub deməlidir:  bağışlayın, gələn dəfə tənqidlərinizi nəzərə siz istədiyiniz kimi yazaram. Dünyada ciddi ədəbiyyat ciddi nəşriyyatda çap olunur deyə, avtomatik bəlli bir süzgəcdən keçir.

Nəşriyyata yüzlərlə roman gəlir, daxildə bir seçim mexanizmi var. Kitablar bəlli kateqoriyalarla çap olunur. İndi oxucu-mərkəzli dünyada yaşayırıq, bizə indi lazım olan daha revyulardır, kitab tanıtımlarıdır. Bunlar hamısı bir orqanizmdir, bir-birilə bağlıdır. Düymənin birini səhv bağlayanda bütün paltar səhv bağlanır. Problem çoxdur, kitab sənayemiz yoxdur, kitaba industrial baxa bilmirik, müəlliflərimiz dünya ilə ayaqlaşa bilmir və s. Amma buna baxmayaraq, şərti deyirəm, təxminən 30-40 ciddi imza var ki, fədəkarlıq edirlər. Hamı kənara çəkilsə ki, bu sahədə pul yoxdur, bu, bizim üçün böyük mənəvi bir kəsir olar. Az da olsa, ədəbiyyat saytları, qəzetlər, jurnallar var ki, onlar ədəbiyyatı həyatımızdan çəkilməyə qoymurlar. 

– Sizinlə bağlı bir təəssürat da formalaşıb ki, Rəşad Məcid, Kamal Abdulla dəsti-xətti ilə gedir, onun himayəsində olan kimi fikirlər səsləndirir. Bu, sizi narahat etmir?

– Narahat etmir. Hamı kiminsə yanında işləyir. Mən Azərbaycan Yaradıcılıq Fondunda işləyirəm, “Multikulturalizm” jurnalının əməkdaşıyam, Azərbaycan Dillər Universiteti ilə əməkdaşlıq edirəm və bu qurumlarım rəhbəri Kamal Abdulladır.  Beş ildən sonra ola bilsin, məsələn, indi bu müsahibəni etdiyimiz Nizami Kino Mərkəzində işləyim və s. Kamal Abdulladan ayrılsam, başqasının adamı sayılacam? Bunlar ədəbiyyat ətrafı söhbətlərdir. Bütün bunlara normal baxıram, mənim hamıya münasibətim bərabər məsafədədir. Bir də ki, təfəkkür baxımından kimi özünə yaxın hiss edirsənsə, onunla da işləyirsən, burda qeyri-adi heç nə yoxdur. Kamal müəllimlə işləmək mənim üçün çox rahatdır, mən onun kimi alimin, yazıçının, ziyalının varlığı ilə qürur duyuram, başqalarının nə düşündüyü isə o qədər də maraqlı deyil.  Sizə, məsələn, deyirlərmi ki, Elbrus Ərudun komandası?! Desinlər, bu çox yaxşıdır, demək dostumuz Elbrus bunu bacarıb, komanda yaratmaq, ən müxtəlif xarakterli adamları bir çətir altında toplamaq asan iş deyil.

– Bizdə cəmiyyət statusu olan insanlardan siyasi-ictimai məsələlərə münasibətini öyrənmək istəyir. Ramiz Rövşən, Musa Yaqubu misal çəkə bilərik. Ümumiyyətlə, sizcə, insan yalnız yaradıcılığa köklənməlidir, yoxsa digər məsələlərə də açıq olmalıdır?

– Bir məcburiyyət kimi qoyulması etik deyil ki, mütləq hər məsələyə münasibət bildirməlisən. İstəyən bildirər, istəməyən yix. İndiki cəmiyyətimizdə ziyalının sözü nələrəsə təsir eləmir. %00 tirajla kitab çıxardıb, onun da 100-200 nüsxəsini dost-tanışların gəldiyi kitab təqdimatları ilə cəmiyyətə təqdim edən müəllifin sözü hansı əks-sədanı doğura bilər ki?! Axı indi yazıçının, şairin sözü, intellekti öz həmkarlarının çərçivəsindən çox da kənara çıxmır. Qiymətli söz şou ilə, kriminalla dolu mətbuatımızın içərisində bir neçə saatın içində əriyib gedir. Ağıllı fikir çılpaq fotosesiyalara uduzur. Bəlkə də indi dəyərli sözü daha geniş kütləyə çatdırmaq üçün ciddi filmlər lazımdır.  Son dövrdə “Pərdə” filmi çəkildi, bizim bəzi mental yaralarımıza toxundu. Onun izləyici toplaması, insanların reaksiyası hər hansı balaca açıqlamadan, yazıdan daha operativdir. Biri var kəskin sosial çağırışlar edən Sartr kimi, Svetlana Alekseyeviç kimi, Soljenitsin kimi yazıçılar, bir də var ictimai-siyasi məsələlərdən uzaq duran, tutalım, Borxes kimi, Nabokov kimi yazıçılar. Bu da seçimdir. Bu seçim birini yaxşı, o birini pis eləmir. Mən isə özümü Borxes xəttinə daha yaxın hiss edirəm. 

 

 

 

 

 

 

 

 

 

 

 

 

– Yazıçılarda şeir yazmaq ortamı fərqlidir. Siz yol getdiyiniz anda şeir yadınıza gəlir, misralar uyğunlaşır, tez telefonamı qeyd edirsiz? Yazdığınız ortam necə olmalıdır?

– Hər yerdə insanın beyninə misralar gələ bilər. Şeir paket şəkildə şairin beyninə “download” olmur . Hansısa ideyasının hansısa parçası səni tapır, fürsət tapsan qeyd edirsən, amma fürsət tapmadığın yüzlərlə misra olur ki, yaddan çıxıb gedir. Peşəkar ədəbiyyat saatlarla yazı masasında oturmaq, konsentrasiya olmaq işidir. Hər halda mən ədəbiyyatı belə görürəm, belə işləyirəm. Bu məsələnin ovqat tərəfi də var. Amma ovqat tərəfinə köklənib ilham pərisi gözləmək gülməlidir. İlham pərisi dedikləri şey mənə görə, elə konsentrasiyadır. Mikrofonu müğənniyə uzadırsan, səs varsa, bir-iki cəhd edir, ritmi tapır və başlayır oxumağa. Yazmaq bir az da özünü yazı masasına oturmağa məcbur etməkdir. Zorla yazmağa yox ha. Yazmağın yarı faizi istedaddırsa, intellektdirsə, qalan yarısı iradədir. Çünki indiki dünyada yazmağa mane olan minlərlə vasitə var. Uzun illər sonra özümü yazı masasına öyrəşdirmişəm. Bir az çətin başa gəlib, çünki 10-15 il qabaq gənclik maraqları səni başqa istiqamətə çəkirdi. Amma son 6-7 ildir ki, özümü yazı masasına oturda bilirəm. Vacib deyil ki, hər gün yazı yazasan. Bir dəfə yaradıcı gənclərə məsləhətlər yazmışdım, belə idi: yazmaq o demək deyil ki, oturub mütləq nəsə yazasan. Yazmaq heç nə yazmadan saatlarla ağ vərəqin qabağında oturmaqdır. Ağ vərəqin qabağında 10 saat oturmaq var ha, bax o, özü elə yaradıcı prosesdir.

– Elə şairlər var ki, çox gözəl şeirlər yazırlar, ancaq ifa edəndə kompleks keçirirlər. Sizdə necə?

–  Yox, mən kompleks keçirmirəm. Vaxtilə tələbəlik illərində universitet səhnəsində ayrı-ayrı adamların şeirlərini oxumuşam. İndi o qədər də yadımda qalmır. Indi yaddaşı çox yükləməyə ehtiyac yoxdur, atırsan hard-diskə, telefona qalır. Şairlərin öz səsi ilə şeirlərini oxumağı da vacibdir. Şairlər bədii qiraətçilər qədər yaxşı oxumasalar da, onların intonasiyasını özlərindən başqa heç kəs dəqiq tuta bilməz.

– Yəni siz bu gün bizə şeir oxuyacaqsınız?

– Tapıb oxuyaram. Belə əzbərimdə yoxdur. Yalnız parçalar var, yarımçıq qalmasını istəmərəm.

 

 

(Visited 145 times, 1 visits today)