Sim-sim.az

Akademik Həsən Abdullayev – ANIM GÜNÜ

AZƏRBAYCANDA HI-TECH-in BANİSİ – AKADEMİK HƏSƏN ABDULLAYEV

  Bu gün – 1 sentyabr, böyük alim,dünya yeni texnologiyalarının banilərindən biri, Azərbaycan Dövlət mükafatı laureatı, əməkdar elm xadimi, akademik H.M.Abdullayevin anım günüdür. Həsən Abdullayev – Azərbaycanın görkəmli fiziki, Sovet hakimiyyəti dövründə yarımkeçiriciləri ilk tədqiq edənlərdən biri, 1967-ci ildən Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü, 1970-1983-cü illərdə Azərbaycan EA-nın prezidenti olmuşdur. O, 1955-ci ildə Azərbaycan EA-nın müxbir üzvü seçilmişdir. 1957-1958-ci illərdə Azərbaycan EA Fizika-Riyaziyyat İnstitutunun (indiki Fizika İnstitutu), 1959-1993-cü illərdə AMEA Fizika İnstitutunun direktoru vəzifəsində işləmişdir. 1968-1970-ci illərdə Azərbaycan EA Fizika-Riyaziyyat və Texnika bölməsinin akademik katibi olmuşdur. Həsən Abdullayev Məmmədbağır oğlu 20 avqust 1918-ci ildə Culfa rayonunun Yaycı kəndində anadan olmuşdur. Akademik Həsən Abdullayev ömrünün əlli ilindən çoxunu yarımkeçiricilər fizikasına və biofızikaya həsr etmişdir. İlk dəfə olaraq selenli cihazlarda selenin anomal hallarını aşkara çıxarmaqla onların idarə olunması yollarını göstərmişdir. Uzunmüddətli elektrik yaddaşlı cihazların hazırlanması və lazer üçün mürəkkəb kimyəvi tərkibli yarımkeçirici monokristalların alınması üçün bir sıra kompleks təcrübələr aparmışdır. H. Abdullayev tərəfindən yeni mürəkkəb yarımkeçiricilərin alınması üçün aparılan təcrübələr, elektrik yaddaşlı idarə olunan diodların yaradılmasına gətirib çıxarmışdır. Abdullayev 150 elmi əsərin müəllifidir. Onların 60-a yaxını xarici ölkələrdə çap olunmuşdur. 30-dan artıq ixtiranın müəllifidir. Bunlardan bir qismi ABŞ-da, Fransada, Rusiyada patent almışdır. Türkiyədə, Rusiyada, ABŞ-da yarımkeçiricilər fizikası və yarımkeçirici selenlər haqqında bir sıra mühazirələr oxumuşdur. Abdullayev yarımkeçirici maddə və cihazların tədqiqi və tətbiqinə dair bir sıra əsərlərin müəllifidir. Abdullayevin "Elektron yarımkeçiricilərin və onların tətbiqi" (1952) kitabı yarımkeçiricilər fizikası sahəsində Azərbaycan dilində nəşr olunan ilk əsərdir. Abdullayevin yüksək ixtisaslı elmi kadrlar hazırlanmasında böyük xidməti var. O, Azərbaycanda yarımkeçirigilər fizikası üzrə elmi məktəb yaratmışdır. Abdullayev keçmiş SSRİ Elmlər Akademiyası "Yarımkeçiricilər fizikası və kimyası" elmi şurasının üzvü, respublika "Fizika problemləri" elmi şurasının və "Bilik" cəmiyyətinin sədri olmuşudur. Həsən Məmmədbağır oğlu Abdullayev dəfələrlə SSRİ Ali Sovetinə deputat seçilmiş, bir müddət dövlət katibi işləmişdir. 1993-cü ilin 1 sentyabrında Bakı şəhərində vəfat etmişdir. Akademik Həsən Məmmədbağır oğlu Abdullayev haqqında xatirələrdən: Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun Elmi–Texniki Şurasının sədri, SSRİ EA-nın akademiki D.İ.Bloxintsevin 1978-ci ildə sovetlər dövlətinin başçılarına yazmış rəsmi məktubundan: "Həsən M.Abdullayev – yarımkeçirici fizikasında və yarımkeçirici elektronikada, kondensə olunmuş mühit fizikasında ən böyük fizik – eksperimentatordur. Bir sıra fundamental istiqamətlərin inkişafı onun adı ilə bağlıdır. H.M.Abdullayevin bir çox elmi nəticələri, fizikanın yeni tədbiqi sahələrinin inkişafının başlanğıcı olmuşdur. H.M.Abdullayev yarımkeçirici çeviricilər və digər elektron cihazların müasir istehsal texnologiyasının təməlini qoymuşdur. H.M.Abdullayev bərk cismlər fizikası sahəsində böyük elmi məktəb yaratmışdır. Uzun illər ərzində Azərbaycan EA-na başçılıq edən H.M. Abdullayev çox böyük elmi-təşkilati işlər görmüşdür. Onun yaratdığı və rəhbərlik etdiyi Azərbaycan SSR EA Fizika İnstitutu – tellur və selen fizikası və onların əsasında hazırlanan cihazlar üzrə Sovet İttifaqının baş təşkilatı olmuşdur. Elmi tədqiqatların planlaşdırmasında H.M.Abdullayev yanaşmasına məxsus olan böyük genişlik və tədqiqatların ən perspektivli istiqamətlərini görmək xüsusiyyətləri var. H.M.Abdullayevin fəal iştirakı ilə respublikada astrofizika, molekulyar biologiya və s. tədqiqatlar başlanılmışdır. H.Abdullayevin təşəbbüsü ilə Bakıda Yüksək Enerjilər Fizikası Problemləri üzrə yeni laboratoriya yaradılmışdır ki, hazırda o, Dubna və Serpuxov elmi proqramlarında aktiv iştirak edir ". Nobel mükafatı laureatı, Rusiya Elmlər Akademiyasının akademiki, Jores Alfyorovun H.M.Abdullayev haqqında dediklərindən: “Mənim üçün o, ən mühüm insanlardan olub. Akademik Həsən Abdullayev müasir dövrün ən görkəmli fiziklərindən biridir. Şübhəsiz ki, Azərbaycan fizika məktəbinin banisi Həsən Abdullayevdir. Həqiqətən çox güclü və qudrətli fizika məktəbini yaratmışdır. Hər şeydən öncə, H.Abdullayev yarımkeçiricilər fizikası elmində öz şəxsi istigamətini yaratdı. Bütün yarımkeçirici fizikası və yarımkeçirici cihazların başlanğıcı olan selenə və selen əsaslı cihazların tədqiqinə o, ömrü boyu sadiq qalmiş və onun tədqiqinə çox mühüm yeniliklər gətirmişdir. H.Abdullayevin sayəsində selen ikinci dəfə doğulub yaşamağa başladı. O, müstəsna elmi nailiyyətləri ilə dünyamızı zənginləşdirdi”.

H.Abdullayev selen yarımkeçirici materialın tədqiqi ilə məşğul idi. Selenin, tellurun, onların mürəkkəb birləşmələrinin və bunlar əsasında hazırlanan yarımkeçirici cihazların fizikası, selenin bioloji proseslərdə rolunun tədqiqi sahəsində əsaslı elmi nəticələri vardır. Onun rəhbərliyi ilə mürəkkəb yarımkeçiricilərdən bir sıra yeni cihazlar, o cümlədən yeni fiziki prinsiplə işləyən uzunmüddətlin elektrik yaddaşlı cihazlar yaradılmışdır. Termoelektrik çevriciləri üçün aldığı yarımkeçirici materiala Amerika Birləşmiş Ştatları və Fransanın patentləri verilmişdir. Onun təşəbbüsü ilə 1956-cı ildə ADU-da yarımkeçiricilər fizikası kafedrası təşkil edilmişdir. Yüksək ixtisaslı elmi kadrlar hazırlanmasında böyük xidməti var. O, Azərbaycanda yarımkeçiricilər fizikası üzrə elmi məktəb yaratmışdır. Keçmiş SSRİ Elmlər Akademiyası "Yarımkeçiricilər fizikası və kimyası" elmi şurasının üzvü, respublika "Fizika problemləri" elmi şurasının və "Bilik" cəmiyyətinin sədri olmuşdur. Beynəlxalq elmi müşavirələrdə iştirak və çıxış etmişdir. Amerika Birləşmiş Ştatlarında (1970), Türkiyədə (1974) yarımkeçiricilər fizikasına dair mühazirələr oxumuşdur. Yarımkeçirici maddə və cihazların tədqiqi və tətbiqinə dair bir sıra əsərlərin müəllifidir. Akademik H.M.Abdullayev – ümumdünya fizika elminin əsas simalarından və yeni texnologiya üzrə banilərindən biridir. «Azərbaycan fizikasının atası» kimi tanınan akademik Həsən Abdullayev, dünya elmində yeni istiqamət və Azərbaycanda Yarımkeçiricilər fizikası məktəbini yaratmışdır. "Elektron yarımkeçiricilərin və onların tətbiqi" (1952) kitabı yarımkeçiricilər fizikası sahəsində Azərbaycan dilində nəşr olunan ilk əsərdir. Akademik Abdullayev misilsiz elmi təşkilatçı və Azərbaycanda elm ictimaiyyətinin təşəkkülündə hədsiz rola malik bir insan olub. Akademik Həsən Abdullayevin təşəbbüsü, iştirakı və rəhbərliyi ilə Azərbaycanda 50-dən artıq elmi-araşdırma və təhsil institutları, mərkəzləri yaradılmışdır. SSRİ-də ilklərdən olmuş Yarimkeçiricilər fizikası kafedrası (1954, ADU) və ilk texnoparkların (XKB) banilərindən olmuşdur. Abdullayevin elmi tədqiqatları və təşkilat işlərinə görə EA-da yaratdığı yeni elmi istiqamət və yeni texnologiyalar üzrə çalışan Fizika İnstitutu 1957-çi ildən etibarən SSRİ-də Baş Təşkilat təsdiq olmuşdur və 12 yüksək dövlət mükafatına layiq görülmüşdür. Onunla bərabər, H. Abdullayev ADU-da ilk Astrofizika fakultəsi, Fizika İnstitutu nəznində Şamaxı Astrofizika Rəsədxanası, Kibernetika İnstitutu, Radiasiya tədqiqatları sektoru, Naxçıvan, Şəki və Gəncə Elm Mərkəzləri, Tətbiqi Fizika (hazırda Fotoelektronika) İnstitutu, dunyada ilk olan-Yer kürəsi təbii sərvətlərin kosmik tədqiqatı İnstitutunu və digər elmi mərkəzləri təsis etmişdir. Akademik Abdullayev 48 monoqrafiyanın, 1000-dən artıq elmi məqalənin, 400 yaxın SSRİ, ABŞ, Fransa, Almaniya, İngiltərə, Yaponiya, İsveç, İtaliya, Hindistan patentlərinin və şəhadətnaməli ixtiranın müəllifidir, 200-dən çox doktorluq və namizədlik dissertasiyalarının rəhbəri olmuşdur. Bu gün dahi alimin vəfatından 23 il keçir. 23 ildə dəyişən onun cismani yoxluğudur. Böyük alim dünya fizika elminin və onu sevənlərin, bütün Azərbaycan xalqının yaddaşında daima yaşayacaqdır.

YURA AEKSANDROVİÇ KARETİN

(Visited 131 times, 1 visits today)