Sim-sim.az

“Yarımçıq əlyazma”nı skandinaviya dillərinə tərcümə edəcəyəm…” – Anar Rəhimov

Norveç dilindən tərcümələr edən biri kimi mən sentyabr ayında İsveçə beynəlxalq kitab festivalında iştirak etmək, Skandinaviyalı yazarlar, naşirlər və tərcüməçi həmkarlarımla görüşmək üçün Höteborq şəhərinə üz tutdum. Orada rastlaşdığım tərcüməçilərdən biri isə müasir Norveç ədəbiyyatını Azərbaycan dilinə tərcümə edən Anar Rəhimov oldu.

Ölkədə Norveç dilindən tərcümə edən yalnız iki tərcüməçidən biri olan Anarın hekayəsi məni çox təsirləndirdi. Mən ingilis dilinə tərcümə edirəm, ola bilsin ki, dünyanın ən çox yayılmış və hegemon dilinə. Bu səbəbdən mənə nisbətən kiçik iki dil arasında baş tutan mübadilə maraqlı gəldi. Anarla həm gördüyü iş barəsində məlumatlanmaq, həm də onun tərcüməçilik fəaliyyətinin Azərbaycanın ədəbi mədəniyyətinə necə uyğun gəldiyini aydınlaşdırmaq üçün görüşüb söhbətləşdim.

Anar Rəhimov Norveç və Danimarka dillərindən ədəbi tərcümələr etməklə yanaşı müəllim, sinxron tərcüməçi, və jurnalist fəaliyyəti ilə də məşğul olmuşdur. Azərbaycan Dillər Universitetində bakalavr və magistr dərəcələrini bitirən həmsöhbətim Oslo universitetində 2 il 6 ay müddətində Norveç dili və ədəbiyyatı üzrə də təhsil almışdır. Hazırda o Bakıda işləyir, Azərbaycan dillər Universitetində Norveç və İngilis dillərindən dərs deyir. Bəzən idman nəşrlərində yazıları da gedir. Onun ədəbi tərcümə fəaliyyəti  Viqdis Yortun “ Miras və Vəsiyyətnamə,” Roy Yakobsenin “Görünməzlər,” Daq Sulstadın “Həya və Dəyər” və “18-ci roman, 11-ci kitab,” Anna Kati Vestlinin “ Ata, ana, yük maşını və səkkiz uşaq” və Kirsti Mak Donaldsın “ Norveç dilinin qrammatikası” kitablarından ibarətdir.

 

 

David Smit (DV):  Necə oldu ki, sən Norveç dilini öyrənmək qərarına gəldin və səni ədəbi tərcüməçiliyə başlamağa nə sövq etdi?

Anar Rəhimov (AR): Hmm… Etiraf etməliyəm ki, bu təsadüfən baş verdi. Mən Azərbaycan Dillər Universitetində ingilis dili müəllimi kimi çalışırdım. Sonra elə bir hadisə baş verdi ki, mənim bütün kariyeramı, üstünlük verdiyim həyat tərzini və gələcək planlarımı dəyişdi. 2010-cu ildə universitetimizdə Oslo universitetində iki il yarım təqaüdlü proqram üzrə təhsil almaq üçün seçimlərin keçirilməsindən xəbər tutdum. Uşaqlıqdan Norveç lap şimalda yerləşən, uzaq və soyuq ölkə kimi hər zaman mənim diqqətimi çəkmişdir. Bundan əlavə, Avropanın ən nüfuzlu universitetlərindən birində təhsil almaq perespektivi özlüyündə çəkici idi. Uzun sürməyən tərəddüddən sonra müsahibəyə qatıldım və seçildim.

Bu proqrama Oslo universitetində müasir Norveç ədəbiyyatı kursunu götürmək də daxil idi. Bu müddətdə bir əsərlə tanış oldum, Daq Sulstadın “Həya və Dəyər” əsərini deyirəm, bu əsər məni Norveç ədəbiyyatına aşiq etdi. Bu məqamda heç də az əhəmiyyət kəsb etməyən bir faktı da vurğulayım ki, bizim ədəbiyyat müəllimimiz Erik Yuriks də mənim üçün bu sahədə ilham mənbəyi rolunu oynamışdır.

Oslo universitetində təhsilimi başa vurduqdan sonra mən Bakıya qayıdıb Norveç dili müəllimi kimi çalışmağa başladım. Düzdür, tədris zamanı əsas diqqəti norveç dilinin qrammatikasına yönəldirdim, amma Norveç ədəbiyyatına olan böyük meylim heç zaman səngimirdi. Bir müddət sonra mən başa düşdüm ki, Norveç ədəbiyyatının Azərbaycan dilinə tərcüməsində böyük bir boşluq var. Dilimizə Norveç dilindən cəmi bir neçə kitab tərcümə olunmuşdu, o da birbaşa orijinaldan deyil, ingilis və rus dilləri vasitəsilə olmuşdur.

Hiss etdim ki, müasir Norveç ədəbiyyatı Azərbaycanda çox da yayılmayıb və məşhur deyil, bu hal isə mənə ədalətsizlik kimi gəldi. Eyni zamanda Daq Sulstadın “ Həya və Dəyər” kitabını azərbaycanlı kitabsevərlərə təqdim etmək üçün də alışıb-yanırdım. Amma heç cür tərcümə işinə başlamağa özümü məcbur edə bilmirdim. Bir az tərəddüd, bir az qeyri-müəyyənlik, həm də əmin deyildim ki, tərcüməçilik işindən zövq ala biləcəyəm. Uzun saatlar kompüter qarşısında oturmaq və mətn üçün uyğun gələn söz və ifadələri axtarıb tapmaq…

Ən həlledici hadisə isə 2016-cı ildə baş verdi, mən Oslo universitetində norveç dili müəllimləri üçün təşkil olunan seminarda iştirak edirdim, bizi qonaq qismində NORLA-nın ( Norveç ədəbiyyatına xaricdə dəstək təşkilatı) ofisinə götürdülər. Orada isə mən iki möhtəşəm köməksevər xanımla tanış oldum: Dina –Roll Hansen və Torill Yohansen. Onlar mənim tərcüməçilik fəaliyyətimə başlamağımda böyük ilham mənbəyi oldular. Mən Oslodan Bakıya qayıdanda öz-özümə söylədim: Anar, bu işə başla və zövq al! Bu iş sənin gələcəkdə də özünü həsr etdiyin sahə olacaq.

DS : Düşünürəm ki, bir çox yeni başlayan tərcüməçilər məhz bu yolla gedirlər. Bir kitab oxuyursan və hiss edirsən ki, bu kitab mütləq öz dilinə tərcümə edilməlidir. Hələ bir də bu kitabın hədəf dildə olması qorxunc bir iş kimi gəlir. Bəs Daq Sulstadın fərqi nə idi ki, səni çəkdi və sənin üçün “Həya və Dəyər” kitabını tərcümə etmək necə bir proses oldu?

AR: Qeyd etdiyim kimi, mən bu kitaba, kitabdakı xarakterlərə aşiq oldum və bu kitabı Azərbaycan dilində təsəvvür etməyə başladım. Mənim üçün ən cəzbedici xəyali həmkarım, məktəb müəllimi Elias Rukla oldu. Elias Ruklanın daxili aləminə  nüfuz etdikcə biz görürük ki, o bir çox baxımdan bizimkindən heç də fərqlənmir. Həyalı, dəyərli və özünə qapanan Eliasın həyatdan gözlədikləri çox deyil. Solstadın Eliasın ideyalarındakı ziddiyyətləri, ikili kimliyini və eyni zamanda onun özünü dərk etməsini təsvir etmə üslubu möhtəşəmdir.

Bu kitabı özüm üçün debüt tərcümə kimi seçməyimdə ikinci səbəb isə o oldu ki, Daq Sulstad müasir Norveç cəmiyyətində hadisələri, real vəziyyəti çox gözəl aşkara çıxarır. Oxucular bu kitabda 1960-cı illərin Norveçini əks etdirən çox mühüm və yerinə düşən nüanslarla qarşılaşa bilərlər: məktəb müəllimlərinin ağır həyatı, onların banklara kredit borcu problemləri, adi Norveçlilər üçün mühüm olan ideallar, cəmiyyətdən təcrid olunma, sevgi, xəyanət və s. Başlıcası isə Sulstadın Norveçi ideal və ləkəsiz bir cəmiyyət kimi deyil, dayaz və özündənrazı bir ölkə kimi təqdim etməsidir.

Sulstadın kitabını tərcümə edərkən, – dediyim kimi bu mənim ilk işim idi – mən bilirdim ki, bir tərcüməçi kimi öz stilimi formalaşdırma mərhələsindəyəm. Növbəti inkşaf mərhələsi, metodun seçilməsi baxımından ilk təcrübə hər zaman önəmlidir. Misal üçün Sulstad kitabında çoxlu ekstralinqvistik vəziyyətlər vardır ki, azərbaycanlı oxucuların əsəri dərk etməsinə təsir edə bilərdi.

Mən tərcüməçinin yaradıcı olması və lazım gəldikdə oxucunun leyhinə bəzi müdaxilələr etməli olduğunu deyənlərlə razıyam. Mən yalnızca sözləri bir dildən digərinə çevirməklə məşğul deyiləm. Misal üçün istər skandinaviyada, istərsə də dünyanın digər bölgələrində ola bilsin ki, Sulstad çox tanınmış və oxunandır, beləliklə də onun ismarıclarını anlamaq, bu oxucular üçün yazıçının nə demək istədiyini başa düşmək, onun sonsuz dünyasına baş vurmaq, onun yaratdığı xarakterlərin ruh hallarına daxil olmaq çətin deyil. Mənim niyyətim Sulstadın özünəməxsus stilini bacardığım qədər az zərərlə azərbaycanlı oxuculara çatdırmaq və əsas diqqəti hədəf dilin oxucularına yönəltmək idi.

Qısacası, hər şeyi nəzərə alaraq deyə bilərəm ki, bu proses həm bir çağırış idi, həm də mən bundan həzz alırdım. Bu iş uzun yuxusuz gecələrlə, lüğətlərlə, nəzəriyyə kitabları ilə müşahidə olunan ağır bir iş idi. Amma tam səmimi deyirəm ki, hətta bir cümlənin üzərində 10-15 dəqiqə işlədiyim vaxtlarda belə bircə dəfə olsun özüm-özümə “Dayan, bəsdir”! dediyim hal baş vermədi.

DS: Düşünürəm ki, sən bizlərin – bütün tərcüməçilərin ilham mənbəyi olan bir məqamın üstünə gəlib çıxdın: tərcümənin müxtəlif mədəniyyətlər arasında körpü rolunu oynaması fikirini nəzərdə tuturam. Amma ən azından burada – Amerikada deyə bilərəm ki, bu barədə çox az iş görülür: çox istinad edilən bir statistik göstəriciyə görə  ingilis dilində çap olunan kitablardan cəmi üç faizi digər dillərdən tərcümə edilir. Bəs Azərbaycanda necə, insanlar tərcümə olunmuş ədəbiyyatı oxuyurlarmı?

AR:  Şübhəsiz ki, sən haqlısan. Tərcümə, xüsusən də ədəbi tərcümə müxtəlif ölkələr arasında körpü yaratmaqda mühüm rol oynayır. Son bir əsr ərzində məhşur dünya ədəbiyyatının Azərbaycan dilinə tərcüməsi çox geniş yayılmış bir proses olmuşdur, xüsusən də bu proses Sovet imperiyası dövründə daha geniş vüsət almışdır, bu dövrdə Dikens, Heminquey, Dostayevski, İbsen, Tolstoy və s. kimi dünya ədəbiyyatının inciləri dilimizə tərcümə edilmişdir. Heç şübhəsiz ki, Stalinçi Sovet hökümətinin həm tərcümə edilən ədəbiyyatın siyahısına, həm də siyasi abu-havaya təsiri böyük olmuşdur.  Amma bilirsən, Deyvid, bu özlüyündə çox böyük bir müzakirə mövzusudur.

1991-ci ildə müstəqilliyin qazanılması ilə sosial-iqtisadi həyatın hər bir sferasında olduğu kimi, ədəbi tərcümə sahəsində də durğunluq müşahidə olunmuşdur. Amma son dövrlər, deyə bilərəm ki, həm klassik, həm də müasir dünya ədəbiyyatının Azərbaycan dilinə tərcümə edilməsi uğrunda bir çox işlər görülür. Nəşriyyatlar bu məsələ üzərində çox fəal çalışırlar. Son illərdə Murakami, Hüseyni, Kafka, Bredberi, Hamsun, Hesse kimi dünyaca ünlü yazarların əsərləri dilimizə tərcümə edilmişdir. Azərbaycanda fəaliyyət göstərən nəşriyyatların ən böyüklərindən olan “Qanun” nəşrlər evi əsas etibarı ilə tərcümə ədəbiyyatının azərbaycanlı oxuculara çatdırılması üçün çalışır, burada söhbət yalnız qərb deyil, həm də Oşo, Murakami, Perinuş Sənii kimi şərq yazarlarının əsərlərindən də gedir. Azərbaycanlı oxucular dünya ədəbiyyatını tərcümədə oxumaqda çox maraqlıdırlar.

Daha bir əhəmiyyətli mövzu isə tərcümənin keyfiyyətidir. Çox zaman tərcümələr birbaşa deyil, ikinci dil vasitəsilə baş tutur. Bu yəqin ki, müəyyən dil sahələrində tərcüməçi çatışmazlığı ilə bağlı məsələdir.

DS: Növbəti sualımı sənin də iştirak etdiyin Höteborq kitab festivalı haqqında və şəhərdə Noe-nazistlərə qarşı baş tutan nümayişdən vermək istəyirəm. Düşünürəm ki, bu məsələni mənim daha öncəki sualımla – tərcümənin müxtəlif millətlər və insanlar arasında dialoq yarada bilməsi – əlaqələndirsək heç də pis olmaz. İsveçdə, Höteborqda vaxtını necə keçirdin, təəssüratlarını bizimlə bölüşə bilərsən?

AR: Bəli həmin etiraz nümayişindən xəbərdar idim. Bundan əlavə, əks nümayişçilərin posterləri də bütün şəhərin divarlarını bəzəyirdi. Qloballaşan dünyamızda təəssüf ki, oxşar qarşıdurmaları dünyanın bəzi şəhərlərində tez-tez müşahidə edirik. Düşünürəm ki, insanlar başımıza gələnlərdən nəticə çıxarıb belə məsələlərdə danışıqlar masası arxasında oturmağa üstünlük verəcəklər.

Biz əgər tərcümənin mədəniyyətlərarası bir fəaliyyət olduğunu bəyan ediriksə, növbəti məntiqi addım tərcüməçilərin bu yanaşma kontekstində rolunu müzakirə etmək olardı. Bir dildən digərinə tərcümə etdiyimiz hər bir yeni kitabla biz həmçinin tərcümə etdiyimiz ölkənin müxtəlif adət-ənənələrini, üstünlüklərini də hədəf dilə çevirmiş oluruq. Mən tərcüməni yalnız linqvistik, kontrastiv və praqmatik bir proses kimi görməyənlərlə razılaşıram. Tərcüməçilər yalnız bu məfhumlarla məhdudlaşmırlar, onlar həmçinin beynəlxalq mədəni əlaqə yaradanlar  kimi də xidmət edirlər. Tərcümələrimdən birini burada misal kimi göstərmək istəyirəm. Roy Yakobsenin “Görünməzlər” kitabını oxuyarkən Azərbaycanlı oxucular Norveçin valehedici landşaftı, möhtəşəm səhnələri, sakinlərin ağır yaşayışı, onların təbiətlə mübarizəsi haqqında daha geniş məlumata sahib olacaqlar. Balaca bir Norveç adasındakı həyat artıq onlar üçün sirli və tanınmaz olmayacaq.

Höteborq kitab festivalına gəldikdə isə baxmayaraq ki, bu füsunkar İsveç şəhərində ilk səfərim deyildi, əvvəllər heç zaman kitab festivallarında olmamışdım. Belə yerləri yalnız müəllif hüquqlarının satıldığı darıxdırıcı məkan kimi təsəvvürümdə canlandırırdım. Amma yenə də məndə oraya baş çəkməyə həvəs yarandı, düzdür, gördüklərim fikrimdə haqlı olduğumu isbat etsə də, burada həm də mənim üçün bir tərcüməçi kimi çoxlu yeni şeylər öyrənməyə də geniş imkanlar var idi. Danimarkalı və Norveçli ədəbi agentlərlə söhbətlərim oldu, bir çox maraqlı iclaslarda iştirak etdim və Skandinaviyanın hər yerindən olan kitab həvəskarları ilə görüşdüm.

Axşamlar vaxtım olduğu zaman, çıxıb şəhəri gəzirdim, araşdırırdım, İsveçin tarixi və mədəniyyəti barədə öyrənirdim, arada İsveç pivəsinin də dadına baxırdım. Ən yaddaqalan hadisələrdən biri isə NORLAdan olan Norveçli dostlarımızın biz tərcüməçilər, yazarlar və diplomatlar üçün təşkil etdiyi şam mərasimi oldu. Qısaca desəm, orada dörd fantastik gün keçirdim.

DS: Daha hansı norveçli yazarları tərcümə etmək istərdin? Həm də elə bir Azərbaycanlı yazıçı varmı onun barədə norveçli və ingilis yazıçılar xəbər tutmalıdırlar?

AR: Mən təvazökar olmayacağam. Düşünmürəm ki, tərcüməçi təvazökar ola bilər. Biz niyə tərcümələr edirik? İnsanlar bizi oxusun deyə. Yoxsa bu işi görməyin nə mənası olar ki? Mən tərcümə prosesindən, lazımi, kontekstə düşən söz və ifadələri axtarıb tapmaqdan həzz alıram. Samboer, matpakke, kose seg, glad i deg kimi başqa dillərdə qarşılığı çox çətin tapılan norveç sözlərin dilimizə tərcüməsini tapmaq üçün əziyyət çəkməkdən də həzz alıram. Bu baxımdan özümü xöşbəxt biri sayıram. Sevdiyin bir işlə məşğul olursan və həm də dolanmaq üçün pul qazanırsan. Düşünmürəm ki, hər kəs gördüyü iş barədə eyni sözləri deyə bilər.

Məqsədim tərcüməçi kimi kariyeramı bitirməzdən əvvəl yüz kitab həddinə çatdırmaqdır. Bir il yarım müddət ərzində artıq altı kitabı tərcümə edib bitirmişəm. Onlar arasında Viqdis Yort, Roy Yakobsen Daq Sulstad da var.

Gələcəkdə Knut Hamsunun kitablarını tərcümə etmək istəyirəm, düzdür, onun bəzi kitabları dilimizə tərcümə edilib, amma yenə də onun çoxsaylı əsərləri hələ də tərcümə edilməmiş qalıb. “Avqust” trilogiyası kimi. Sonda bir müəllif var, onun adını çəkməsəm olmaz. Şel Askildsen. Onun Tomas F-in qeydləri və Salonikidəki itlər kitabları mənim gələcək planlarıma daxildir.

Azərbaycan mədəniyyəti və ədəbiyyatı avropada az tanınan ölkələr siyahısındadır. Amma Azərbaycanın çox zəngin mədəni və ədəbi tarixi vardır. Əvalla, öz klassiklərimizin adını çəkməz istərdim: Nizami Gəncəvi, Füzuli və İmadəddin Nəsimi yalnız bir neçə misaldır. Gəncəvi sözsüz azərbaycan ədəbi irsinin ən görkəmli nümayəndələrindəndir və ingilis dilində artıq tərcümə edilib. Müasir yazarlara gəldikdə isə Anar Rzayevin, Elçin Əfəndiyevin, Çingiz Abdullayevin Bəxtiyar Vahabzadənin və Kamal Abdullanın adını çəkə bilərəm. Sonuncu türk xalqalrının qıdim epik ədəbiyyatı sahəsində araşdırma aparmışdır. Düşünürəm ki onun əsərləri xarici oxucular üçün böyük maraq kəsb edə bilər. Mən özüm isə müəllifin “Yarımçıq Əlyazma” əsərini skandinaviya dillərinə tərcümə etmək niyyətindəyəm.

MƏNBƏ: www.asymptotejournal.com

(Visited 98 times, 1 visits today)