Sim-sim.az

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrından daha bir layihə

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı hər zaman maraqlı və bir-birindən fərqli layihələrə imza ataraq  tamaşaçıların görüşünə gəlir. Bu dəfə teatr türk dünyasının ortaq qəhrəmanı olan “Koroğlu” dastanının motivləri əsasında yeni və tam fərqli bir tamaşa  hazırlayacaq.

 Belə ki, bu məqsədlə Bakı Yunus Əmrə İnstitutunun direktoru İbrahim Yıldırımla  teatrın direktoru, Əməkdar incəsənət xadimi Mübariz Həmidov arasında görüş keçirilmişdir.  

Görüş zamanı yeni teatr mövsümündə ilk  müştətək layihə barədə danışıqlar aparılıb. İkitərəfli danışıqlar nəticəsində bu ilin noyabr ayında Yunus Əmrə İnstitutu və teatrın təşkilatçılığı ilə “Eşqi Nigar” adlı tamaşanın nümayiş etdirilməsi barədə razılıq əldə olunub. “Koroğlu” dastanının motivləri əsasında hazırlanacaq layihədə təkcə tamaşa deyil, “Koroğlu” dastanını əhatə edən digər sənət nümunələri də təqdim olunacaq. Eposu əhatə edən foto, rəssamlıq və kitabların sərgisi qəhrənmanlıq dastanının gənc nəsil tərəfindən tanınmasına şərait yaradacaq. Layihənin reallaşmasında əsas məqsəd Azərbaycan-Türkiyə ortaq mədəni dəyərlərini öyrənmək, türk dünyasının tanınmış qəhrəmanı Koroğlunun haqq-ədalət, kimsəsizlərə əl tutmaq kimi nəcib hisslərini gənc nəsillərə bir daha təqdim etmək, həmçinin “Koroğlu” haqqında hazırlanmış əsərlərin təbliğ edilməsidir.

Tamaşanın quruluşçu rejissoru, Əməkdar incəsənət xadimi Bəhram Osmanovdur. Yeni səhnə əsərində əsas obrazları ADGTT-nın aktyorları ifa edəcək. Tamaşanın Bakı premyerası noyabr ayının ortalarında, Türkiyə Cümhuriyyətinin Bolu şəhərindəki nümayişi isə dekabr ayında nəzərdə tutulmuşdur.

 

(Visited 9 times, 1 visits today)