Sim-sim.az

“Nə qədər başdan xarab olasan ki, film çəkəsən…” – Martin Skorseze

di

Sim-sim.az məşhur rejissor Martin Skorsezenin müsahibəsini təqdim edir.

 

Özümü tarixi əsər kimi hiss edirəm…

Uşaqlığınız və böyüdüyünüz dünya üçün darıxırsınız?

– Bu o qədər də asan deyil. Mən 1942-ci ildə doğulmuşam. 50-ci illərdə Amerika daha məsum bir yer idi. Məktəbdə heç kim mənə aid olduğum torpaqların sadəcə olaraq bir neçə nəfəri zəngin etmək üçün yaradıldığını deməmişdi. Amma indi baxıram ki, belə imiş…

O zamanlar acgözlük yox idi?

– Əlbəttə vardı. Amma sonralar çox şey dəyişdi. Mən Nyu Yorkun həqiqətən də təhlükəli bölgələrindən biri olan Baueridə böyümüşəm. Bu da hardasa Amerikanın mərkəzində orta əsrlərdəki kəndində yaşamağa bərabər idi. Ətrafımız dilənçilər, sərxoşlar və dəlilərlə dolu idi. Və o insanlara hər kəs köməklik edirdi. Məncə bir ölkənin necə ölkə olduğunu bilmək üçün onun yoxsullarına necə davrandığına baxaraq anlamaq olar. Son vaxtlar heç kim yoxsulları vecinə almır. Əsas qorxulu olan məsələ məhz budur. 

Obamanın Amerikasına inamınızı itirdinizmi? Ya da nə vaxtsa ona inanmışdınız?

– Doğrusunu desəm hələ də inanıram. Republikaçılar ona və layihələrinə mane olmaqda inadkarlıq etsələr belə… Çünki əgər maneə kompyuter sisteminin çökməsindədirsə o iş asan və həll olunandır. Ancaq xəstələrinə baxılmayan böyük bir ölkədə yaşamaq mümkün deyil.

Baueridə keçən uşaqlıq illərindən bəhs etdiniz. Elə sərt bir şəraitdə kinoya olan sevginiz necə yarandı? Həm də yeniyetməlik dövründə rahib olmaq istəyinizdən də danışardınız…

– Uşaq vaxtlarımdan astma xəstəsiydim. Çoz zəif və özünə qapanan, tünd uşaq idim. Tay-tuşlarım kimi qaça bilmir, heç vaxt gülmürdüm. Özümü həmişə tənha hiss edirdim. Nəhayət, San Markos kilsəsində özüm üçün bir az rahatlıq tapdım. Ora məni kirli və faciəvi vəziyyətdə olan küçələrdən qorudu. Sonra isə həqiqətən də dini bir vəzifənin öhdəsindən gələ biləcəyimi hiss etməyə başladım. Bununla yanaşı məhəlləmizdəki kinoteatrı da kəşf etmişdim. Pərdənin önündə əyləşən kimi özümü vəhşi cəngəlliklərdə xəyal edirdim. Möcüzəvi anlar idi. Və o zamandan bəri filmlərə maraq göstərməyə başladım.

Karyeranızı günah içərisində olan və günahlarından təmizlənməyə çalışan xarakterlər üzərində qurursunuz. Bunun dini keçmişinizlə bir əlaqəsi var?

– Bəlkə də var. Taleyim bəlli idi. Nəhayətində bir rahib olacaqdım. Lakin, o qədər güclü insan deyildim. Və bunun öhdəsindən gələ bilməmək məndə dəhşətli günahkarlıq duyğusu yaratdı. Bu səbəbdən də filmlərimdəki xarakterlərimlə bərabərlik yaratmağa çalışıram. Misal üçün, “Qızmış buğa” filmində Jeyk Lamottanı ayna qarşısında görürük. Çox da əsəbi deyil. Bax mən həmin o nöqtəyə gəlmək istəyərdim. Amma bacaracağımı bilmirəm. Bu səbəbdən də hər ehtimala qarşı  tez-tez güzgüyə baxmamağa çalışıram.

Rejissor çalışqanlığının, kinematoqrafçılığın sizə qazandırdığı ən vacib dərs nə idi?

– Film çəkmək istəyirsənsə çox qərarlı və qətiyyətli olmalısan. Çünki bu zaman çox böyük bir əvəz ödəməyin lazım gələcək. Hesab edirəm ki, bir az da başdan xarab olmalısan.

Film çəkərkən hər şey həyatından yox ola bilər və bu çox təhlükəli haldır. Bir də film çəkmək arzusunu qoruyub saxlamaq üçün çox çalışmalısan. Çünki, həyatdakı hər şey həmin arzunu öldürmək üçün hazırlanmışdır.

Sizcə bunu kimlər hazırlayıb?

– İşlər elə gedir, zaman elə deyir… Bu bəlkə də xeyirlə şərin müharibəsi deyil. Amma studiyanın ehtiyacları ilə sənətkarın yaratmaq istədikləri arasındakı müharibədi.  Kino biznesində şərtlər dəyişdi və mən artıq bu biznesin ehtiyac duyduğu filmləri hazırlaya bilərəmmi? Onu bilmirəm.

Nə üçün?

– Çünki filmin biznes tərəfini düşünmürəm. Bu cür məsələlərdə bacarıqlı deyiləm. Köhnə zamanlarda reklam filmləri də çəkmişəm. Ancaq əminəm ki, o filmlər sayəsində nəsə sata bilən olmamışdır. Bircə bunu deyə bilərəm ki, mənim bildiyim, içərisində böyüdüyüm, sevdiyim kino bu gün nə isə ifadə etmir. Özümü tarixi əsər kimi hiss edirəm.

Misal üçün “Super qəhrəman” filmi çəkməyinizi təklif etsələr nə edərdiniz?

– Xeyr. Təşəkkür edirəm deyərdim. Çəkmək istədiyim xeyli şəxsi film var. Zamanım isə sona yaxınlaşmaq üzrədi. Artıq 71 yaşındayam. Amma özümü hər zamankından daha həyəcanlı və ehtiraslı hesab edirəm. Çox gənc ikən fərqli şeylər sınaqdan keçirmək olar. Amma hər filmin bir mənası olmalıdı. Sadəcə inandığım filmləri çəkəcəyəm. 

Kinonun gələcəyi haqqında nə fikirləşirsiniz?

– Bu günün kinosunun 20-ci əsr kinosuyla heç bir əlaqəsi yoxdur. Kino deyə adlandırmağa davam etsək belə bundan o qədər də əmin deyiləm. Çünki indi filmlər əsasən çox kiçik ekranlardan izlənilir. Bəlkə də film sözünü Lümyer qardaşlarının ilk filmlərini çəkdikdən sonrakı 100 ili tamamlamaq üçün söyləmək lazım gəlir. Bu gün çəkilən filmlərin pis olduğunu demək istəmirəm. Amma həqiqətən heç kim “2001 Kosmik Odissey” filmini iPad vasitəsi ilə seyr etməməlidi.

Film çəkməklə yanaşı köhnə filmlərin qorunması ilə də məşğulsunuz. Bu günün kiçik ekran dünyasında özünüzü Don Kixot kimi hiss etmirsiniz?

– Bəli, hardasa elədir. Amma bu qorunma işini də bir adam etməlidir. Uşaqlarımızı keçmiş filmlərlə tanış etməkdən əl çəksək, mədəni mirasımızı təhlükəyə atmış olarıq.

Gənclər sadəcə animasiya və reklamda fırlanan filmləri izləməklə, kinonun mənası olmayan tərəflərini öyrənirlər. Sizcə bu yaxşıdır?

– Xeyr, çox pisdir. Hər şey o qədər sürətlə hərəkət edir ki, uşaqlarıma baxdığım zaman bəzən “bir dəqiqə dayansanız nə olar?  Dayanın və rahat olun. Dünya heç bir yerə qaçmır” demək istəyirəm. Gənclərin də bir məsələni anlamaları lazımdır. Qarşılarına çıxan hər görüntülərin hamısı tez istifadə olunub unudulsun deyə orada deyil.  Onlara düşüncəni inkişaf etdirən filmlərlə, nələrsə satmaq istəyən filmlər arasındakı fərqi görməyi öyrətməyimiz lazımdır.

“Pul ovçusu” filmi Leonardo di Kaprio ilə hazırladığınız beşinci filmdir. Onunla birlikdə işləməyə davam edəcəksiniz?

– Hesab edirəm ki, birliyimiz davam edər. Aktyorlarla işləmək məsələsində o qədər də yaxşı deyiləm. Onları necə istqamətləndirəcəyimi bilmirəm. Bu səbəbdən də mənə bənzər ruhda olanlarla, izah etməyə ehtiyac hiss etmədən məni anlayanlarla işləməyim lazımdır. Leo da bu cür aktyorlardan biridir. Fərqli nəsillərdən olmağımıza və fərqli şəraitdə böyüməyimizə baxmayaraq ortaq hissetməyə sahibik. Həyatımın ikinci dövründə birlikdə işləyə biləcəyim birini tapmağım özümü daha gənc hiss etməyə imkan verir və bu təəssürat film çəkmək istəklərimi də yenilədi.

Filmlərinizin hamısında çəkiliş çətinliklərindən yaranan hallar nəzərə çarpır. Siz həmişə film çəkdiyiniz zaman çətinlik yaşayırsınız?

– Bəli, ortalığa müxtəlif çətinliklər çıxır. Əslində digər rejissorların da başına çox iş gəlir. Amma onlar heç nə demirlər. Mən isə şikayət etməyi sevirəm. İşin ləzzətli tərəfi də şikayət etməkdir. Ancaq bəzən işlərin çox çətin olması da bir həqiqətdir. Bu isə yaxşıdır. Çünki, həmin çətinlikləri hamımız birgə yaşayıb, birgə öhdəsindən gəlirik.

“Dönüklər” filmini çəkərkən müxtəlif çətinliklər yaşadıq. Davamlı olaraq fərqli məkanlara sürükləndik. Hər dəfə də fərqli görüntü verən aktyorlarımız vardı. Lakin, nəticə mükəmməl oldu.

Eləcə də “Lənətlənmiş ada” filminin çəkilişi zamanı səhər saat yeddidə uyğun məkan tapa bilmək üçün qayalara dırmandığımı xatırlayıram. Həmin anda “buralarda nə işim var?” deyə düşündüyüm anlar oldu. Bəzi məqamlarda özünüzə acığınız tutur. Bəzən isə “belə bir şeyə necə əsəbləşmək olar?” deyərək tam tərsini düşünürəm. Bütün çətinliklərə rəğmən davam etmək lazımdır…

Kinokaryeranız o qədər müvəffəqiyyətlidir ki, özünüzü evinizdə təqaüdə çıxmış vəziyyətdə təsəvvür edirsinizmi?

– Xeyr. Xeyr. Mən həmişə işləmək istəyərəm. Ancaq bu da var ki, karyeram bu günə qədər üç dəfə çökdü, sonra yenidən canlandı. Hesab edirəm ki, bu dördüncü yüksəlişimdir. Qısacası, bundan sonra daha çox film çəkmək istəyirəm.

 

Tərcümə etdi: Samirə Əşrəf