Sim-sim.az

Qerda Taro – “İnsan mənzərələri” Fotorubrikasında

Portrait of Taro And Capa

Qerda Taro (əsl adı Qerta Pahoril) 1910-cu ilin 1 avqustunda  Almaniyanın Ştutqart şəhərində anadan olub. Onun ailəsi Qaliçinadan Almaniyaya köçən yəhudi ailəsi idi. Qerda İsveçrə internat məktəbinə gedib.

1929-cu ildə ailəsi, Nasist Almaniyasının başlanğıcı ərəfəsində Leyspiqə köçdü. Taro solçu qruplarına qoşularaq Nasist Partiyasına qarşı çıxdı. 1933-cü ildə anti-nasist təbliğatını yaydığı üçün saxlanıldı və  həbs olundu. Nəhayət, bütün Pahoril ailəsi Nasist Almaniyasından çıxıb müxtəlif istiqamətlərə getməyə məcbur edildi. Taro o gündən sonra bir daha ailəsini görə bilmədi.

Hitler Almaniyasındakı anti-semitizmdən qaçıb canını qurtaran  Pahoril 1934-cü ildə Parisə köçdü.  1935-ci ildə fotojurnalist Andre Fridmanla tanış olaraq, onun şəxsi köməkçisi oldu və fotoqrafiyanın sirrlərini öyrəndi. Onların arasında sevgi münasibətləri yarandı. Həmin il Pahoril “Alliance Photo” üçün işləməyə başladı. 1936-cı ildə Pahoril  ilk fotojurnalist etimadnaməsini aldı. Daha sonra Fridmanla birgə bir plan işləyib hazırladılar. Hər ikisi xəbər fotoları çəkdi, lakin bu fotolar qeyri-real amerikan fotoqrafı Robert Kapanın işləri kimi satıldı ki, bu ad da  Avropada geniş yayılan siyasi dözümsüzlüyün artmasını və Amerika bazarını ifşa etmək üçün çox əlverişli idi. Kapa adı Fridmanın macarca “akula” mənasını verən Budapeştdəki ləqəbi idi. Bu sirr çox uzun sürmədi, lakin Fridman “Kapa” ləqəbini öz adına əlavə etdi və Pahoril isə yapon aktrisası Taro Okamotonun və  isveç akrtisası Qreta Garbonun adına görə “Qerda Taro” adını qəbul etdi. Hər ikisi birlikdə  1930-cu illər Fransasındakı Xalq Cəbhəsinin hakimiyyətə gəlişi ilə bağlı hadisələri fotoya almışdılar.

İspaniya Vətəndaş Müharibəsi başlayan zaman (1936-cı il) Qerda, Kapa və David Çim Seymorla birgə İspaniyanın Barselona şəhərinə yollandı.  Qerda La pequeña rubia (balaca sarışın)adını  qazanmışdı. Onlar şimal şərqi Araqon və cənubi Kordovada baş verənləri çəkirdilər. Daha sonra Robert Kapanın ümumi  saxta imzası altında məşhur nəşriyyatlara yol tapdılar. 1937-ci ildə  ikisi birlikdə “Capa&Taro” başlığı ilə 135 oxşar film şəkillərini ərsəyə gətirdilər.

Bundan bir qədər sonra Taro müstəqilliyə can atdı. Kapanın evlilik təklifini rədd etdi. Həmçinin o,  İspaniya Respublikası üçün mübarizə aparan anti-faşist Avropa intellektuallarının  (Ernest Heminqvey, Corc Oruel) əhatəsinə daxil oldu. Fransanın sol yönümlü qəzeti olan  “Ce Soir” yalnız Taronun əsərlərini çap etmək barədə müqavilə imzaladı. Lakin sonradan o, həmin nəşrləri “Photo Taro” adı ilə satışa çıxardı. Bu nəşrlər arasında “Regards”, “Life”, “İllustrated London News  və “Volks-İllustrate” var idi.

1937-ci ilin iyulunda Taro “Ce Soir” üçün Madrid yaxınlığındakı Brunet regionunda baş verənləri əbədiləşdirirdi. Taronun kamerası aktual vəziyyətin tək şahidi idi.

Brunet döyüşündə  kəskin yaralar aldı və növbəti gün-1937-ci ilin 26 iyulunda-dünyasını dəyişdi.

Taronun ölüm anı Britaniyalı jurnalist Robin Stummerin “New Statesman” jurnalındakı yazısında müzakirəyə çıxarılmışdı. Yazıda Taronun dostu Villi Brantın dilindən deyilirdi ki, Taro  İspaniyadakı sosialist və kommunist təmizlənməsinin qurbanı olmuşdur. Lakin Stummer  bu fikrə başqa bir sübut göstərə bilməmişdi.

 İspaniyanın gündəlik qəzeti olan “El País”-ə müsahibəsində Brunet Döyüşünün əsgəri olan bacısı oğlu Taronun qəzada öldüyünü bildirmişdi. Bir şahidin ifadəsinə görə isə, o çevrilən tankın altında qalmış və aldığı yaralardan bir neçə saat sonra “El Goloso” ingilis xəstəxanasında vəfat etmişdir.

Siyasi əqidəsinə görə Taro anti-faşist fiqur idi. Avqustun 1-də 27-ci  doğum günündə Fransa Kommunist Partiyası Parisdə ona böyük cənazə mərasimi təşkil etdi və  onu Père Lachaise” qəbirstanlığında dəfn etdi. Alberto Qiakomettiyə isə onun abidəsini ucaltmaq tapşırıldı. Qerda Taro  müharibədə  həlak olan ilk qadın fotoqraf idi.

2007-ci ilin 26 sentyabrında Beynəlxalq Fotoqrafiya Mərkəzi Taronun şəkillərindən ibarət ilk böyük sərgi açdı.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Tərcümə – Günel Təhməzzadə