Sim-sim.az

“Qırmızı səhra” – Ömər Xəyyam

red-desert

Sim-sim.az  Ömər Xəyyamın “QIRMIZI SƏHRA” filmi  haqqında yazısını təqdim edir.

 

 Mikelancelo Antonioninin “QIRMIZI SƏHRA” filmi dünyanın gedişatına qarşı üsyanın ən sərt formada ekranlaşdırılmış əsərlərdəndir.

Qırmızı Səhra…

Dünya boz-bulanıq səhra kimi…

Antonioninin filmlərində qəhrəmanların düşdüyü vəziyyət filmin sujet xəttini və ana ideyasını əks elətdirir. “Qırmızı Səhrada” əsas obraz Giuliana (Monika Vitti) yol qəzası keçirir və bu qəzada fiziki zədə almasa da, psixoloji travma alır. Qalan ömrünü qorxuyla yaşayan qadın tamamilə başqa adama çevrilir.

Rejissor filmdə sənayeləşən dünyanın eybəcərliklərini əks elətdirir. Kapitalizmin hakim kəsildiyi dünyanın fabrikləşmə dumanı film boyunca obrazlar arasında sürünür.

Hündür bacalar, zavod tullantıları, polad dirəklər, sarı duman, boz divarlar və yaşamağa, həyata tutunmağa çalışan bir qadın…

Əsas kamera Giuliana və oğlunu izləyir, daha sonra onları fabrik və kimyəvi tullantıların fonunda sarı dumanın arasında görürük…

Rejissor obrazların xarakterinə bu sarı dumanın təsirini göstərir…

Dinamik olmayan kadrda Giuliana və oğlu böyük fabrikin önündə qarışqa kimi görünürlər – kiçik və cansız. Texnoloji inkişafın və sənayeləşən dünyanın insanları sağlam, rahat yaşama imkanından məhrum etdiyini göstərir rejissor.

Filmin fonunda insan mexanizmini dəyişən, insani dəyərləri kölgədə qoyan, maddiyata və yadlaşmağa sürükləyən texnoloji inkişafın görünməyən tərəfləri canlanır.

Antonioninin filmlərinin ortaq teması olan ünsiyyət problemi bu filmdə də qabarıq hiss olunur.

Giuliananın Korradoyla münasibəti ünsiyyət problemi və anlaşılmazlıqlardan ibarətdir. Korrado Giulianadan nədən qorxduğunu soruşanda o, -Küçələrdən, fabriklərdən, göyüzündən, insanlardan- deyir və Korradodan kömək istəyir. Əslində Korrado Giuliananın qorxduğu o insanlardan biridi və yataqdan başqa heç nə düşünmür. Giuliana da çarəsiz özünü onun qollarına təslim edir.

“Qırmızı Səhra” Antonioninin ilk rəngli filmidi və bu rənglər filmdə önəmli yer tutur. Çağdaş dünyada boz auranın və çürümənin simvolu olan sarı duman göyüzündə asılıb…

Başqa kadrda obrazlar Maksın daxmasında əylənəndə sarı bayraqlı gəmi yanaşır sahilə. Sarı bayraq gəmidə yolxucu xəstəliyin olduğuna işarədir. Kapitalizm yolxucu xəstəlik kimi…

Filmin ikinci qəhrəmanı Korrado (Riçard Harris) Giuliananı kirayə götürdüyü evə gətirir. Giuliana divarları mavi və yaşıl rənglərə boyayacağını söyləyir.

Çöldəki dünyadan fərqli, daha canlı dünya yaratmaq xəyalındadır…

Daha sonra Giuliana Korradonun otelinə gedir.

Ağappaq uzun dəhliz…

Bu uzun dəhliz obrazın içində olduğu boşluğu əks etdirir. Dünyanın bataqlığa çevrildiyini hayqıran qırmızı rəng isə sona qədər boylanır filmdən.

Giuliana üçün təhlükə və qorxudur qırmızı…