Sim-sim.az

Simurq – VİDEOŞƏRH

homayoun-shajarian-photos_5df28892

 

 

Bu videoklip Mövlananın irfani bir qəzəlinin bir neçə beytinə çəkilib. Mahnını məşhur iranlı müğənni Humayun Şəcəriyan oxuyur. Şəcəriyan bu klipdə (özünün də dediyi kimi) gənc nəsli klassik musiqiyə həvəsləndirmək üçün irfani bir nəzəriyyəni həm klassik, həm də müasir musiqi (rok) və görüntülərlə sintez etmişdir. Mövlananın burada səslənən qəzəlinin iki beytinin mənası belədir:

Ey sevgili büt, könlünü mənimlə bir eylə,

Əgər əmrinə boyun əyməsəm, onda şikayət eylə.

Ey könül çalğıçısı, o xoş sədalı nəğmən ilə,

Mənim bu əqlimi məşğul eylə.

 

Şərq qnostizimində Allah “aşiq-məşuq” nəzəriyyəsinə görə “Sevgili, Sənəm, Büt” adlanır. Mövlana da bu qəzəlində Allaha (Məşuqa) irfani eşq nöqtəsindən yanaşır və aşiqin Məşuqa tərəf gedən yolda lazım olacaq ən əsas bir nöqtəni vurğulayır. Eşq aləmində, irfanda bu əsas nöqtə mütləq itaətdir. İndi gəlin bu klipdəki nüanslara diqqət edək.

Deməli, qısa olaraq qeyd edək ki, irfan elmi iki yerə bölünür: nəzəriəməli. Nəzəri irfanda arifin Allah və Onun sifətləri ilə bağlı “şühud”ları və “mükaşifə”ləri (vasitəsiz və ya hüzuri idrak) haqqında danışılır. Əməli irfanda isə arifin, Allaha tərəf gedən yolda qarşıya çıxan mərhələlər və bu mərhələləri qət etmək üçün hazırladığı əməli proqramlardan bəhs olunur. Allaha tərəf bu mənada hərəkət edən şəxsə bu elmdə “salik” deyilir. Mərhələləri qət edərək “məqsəd”ə (Allaha) çatan salik isə artıq “arif” adlanır.

Klipdə də bir salikin bu yolun mərhələlərini qət edərək son məqsədə çatmasına qısa şəkildə işarə olunub.

Əvvəldə görürük ki, salik qəzəlin bu beytini oxuyur: Ey sevgili büt, könlünü mənimlə bir eylə, məni özünlə birləşdir və əgər mən bu yolda əmrinə boyun əyməsəm, onda məni qına, şikayət eylə.

1. Onu müşayiət edənləri də görürük. İrfanda onlar köməkçi qüvvələr adlanır.

2. Müşayiət edənlərin əllərində saz görürük. Bu, irfanda sonradan azca təhrif olunub maddi saz şəklinə düşsə də, amma dəqiq mənası ilahi ahu-fəğan və sızlamadır. Belə ki, salikin bu yolu qət etmək üçün əlindəki ən əsas vasitəsi onun qəfəsdəki bülbül kimi zar etməsidir. Saz buna bir işarədir. Əslində isə, bu ahu-fəğan daxildə olmalıdır, içdən gəlməlidir, Allahdan istənilməlidir, buna “nəsim” küləkləri də deyilir. Nəsim küləkləri hər insanın həyatında baş verir. Bu zaman diqqətli olub fürsəti əldən verməmək lazımdır. İrfanda müzakirə olunur ki, görəsən, salik özündə bu halı yaratmaq üçün, məsələn, şeirdən, qəzəldən, təbiətə tamaşadan, şəlalənin səsini dinləməkdən və nəhayət, sazdan istifadə edə bilərmi? Həqiqətən də, bəzən insan müəyyən musiqini dinləyərkən onun təsirlərini inkar edə bilmir. Musiqi elmi ən qədim zamanlardan bu yol üçün bir vasitə olaraq qeyd olunub. Bəzi şeir və musiqi insanı canlandırır, bəziləri sındırır və onun daxili aləmində məşuqa qarşı şiddətli şövq yaradır.

3. Görürük ki, salik əvvəldə yalnız iddia edir və deyir ki, ey məşuq mən səni istəyirəm, üzünü aç, əgər dediklərinə boyun əyməsəm… Onun bu iddiasını pərdə arxasından izləyən bir “göz” görürük. Belə ki, bu izləyən sadəcə sözlərlə kifayətlənmir. Ona görə də üzünü tam şəkildə açmır və saliki sınamaq istəyir.

4. Salik bu yanğısı və iddiası ilə hərəkətə başlayır. Hər halda xəyalda da olsa, insan bəzən Allahı istəyir, Ona tərəf gedir. Amma görürük ki, bir çox hallarda, Allah insanı sınağa çəkəndə, insanın bu çətin yolda nə qədər doğruçu olduğu aşkara çıxır. Ona görə də bu yol “eşq” yolunun sınaqlarından keçir.

5. Salik öz iradəsi ilə nərdivanla qaça-qaça hərəkət edir. Onu bulud üzərində 3 nəfər müşayiət edir. O, bir binanın “mərtəbələr”ini pilləkənlərlə yuxarı çıxaraq, nəhayətdə pəncərə arxasındakı “simurq”a çatanda birdən pillələr sınır və salik başıaşağı yuvarlanır.

6. “Simurq” təxəyyüli bir quşdur. Fars sözü olub, “si” (otuz) və “morq” (quş) sözlərinin birləşməsindən əmələ gəlib və “30 quş” deməkdir. Bəs bir simvol olaraq nə deməkdir? Qədim ariflər bu yolda keçilən mərhələləri müxtəlif sayda izah etmişlər. Məsələn, bəziləri 7 mərhələ, bəziləri 100, bəziləri də 1000 mərhələ olduğunu deyir. Böyük arif Əttar Nişapuri bu mərhələlərə işarə olaraq “Məntiqut-Teyr” əsərində belə bir təxəyyüli əhvalat söyləyir: 30 quş birləşib “ana” quşa çatmaq üçün yola çıxır. Bu 30 quş insandakı 30 daxili qüvvəyə işarə edir. Yolda 29 quşun hər biri müəyyən mərhələdə bir-bir yoldan çıxır, yaxud geridə qalır və sonda onların bir dənəsi məqsədə çatır bu məqsəd “Simurq” adlanır. Şair burada incə bir nöqtəyə işarə edir. Demək istəyir ki, 30 qüvvə birləşərək vahid bir qüvvənin itaəti altına gəlməlidir (bu da “vəhdəti-vücud”a işarədir) və yetişdiyi məqam onun inkişafının son mərhələsidir və bu da elə 30 qüvvənin birləşərək vahid şəkildə Allaha qovuşmasıdır.

7. Klipdə də buna işarə olunub. Amma salik öz düşüncəsi, iddiası və istəyi ilə hərəkət etdiyindən və onun bu iddiasına, istəyinə və iradəsinə “qiymət” verildiyindən, hələ ki, sınağa çəkilmədiyindən “xəyalən” simurqa çatdığı an, pillələr sınır və bir “rəhmət” olaraq o yenidən geri qaytarılır ki, sınaqdan keçərək məqsədə “həqiqi” şəkildə çatsın.

8. Bu an salik başıaşağı yuvarlanarkən “yanğılı” səslə qəzəlin bu beytləri oxunur: Ey könül çalğıçısı, o xoş sədalı nəğmən ilə, əqlimi məşğul elə. Və yuvarlana-yuvarlana görək haralardan keçib haraya düşür? Yuxarı qalxdığı binanın içində pillələrin arası ilə aşağı yuvarlanır, yəni salik sınaq üçün geri qaytarılır. Yuvarlandıqca onu müşayiət edənlər və hansı mərtəbələri aşağı enməsi, bütün bunların hamısı simvollardır.

9. Və nəhayət, xəncərlər, qılınclar arasındakı yuxarı yönəlmiş əllərdən birinin içinə düşür. Bəlkə də, bu xəncərlər “ali” məqsəd üçün “maddi” aləmə gəlmiş insanı gözləyən, onu yolundan saxlamağa çalışan qara qüvvələr və iblislərdir. Amma göründüyü kimi, salikin iddiasını göstərən onun həvəsinin, ahu-fəğanının, yanğı ilə oxuduğunun nəticəsi olaraq, xəncərlər arasından yuxarı yönəlmiş əllərdən biri onu öz ovucuna alır. Bu zaman hardasa bütün görüntülər simvol xarakteri daşıyır: müşayiət edənlərin qılınc-qın üzərində əyləşməsi, buludlar.

10. Bu zaman saliki ovucuna almış əl xüsusi olaraq onu ahu-fəğan içində yenidən qurdlar, yırtıcılar, şeytanlar içindən başıaşağı, bir şərab sürahisinin içinə yuvarlayır. Sürahinin üzərində şeytanlar rəqs edir. Ona görə ki, onlar üçün də bir yem atılıb.

11. Amma şeytanların sevinməsinə ehtiyac yoxdur. Çünki saliki ora atan ilahi əllər idi və salik öz iradəsi, istəyi, həvəsi və iddiasının nəticəsi olaraq həmin əllərin vasitəsilə də sürahidən ilahi bir əlin tutduğu bir piyalənin içinə süzülür. Onu piyalədə ilahiliyə, mələklərə işarə edən balıqlar əhatə edir. Qeyd edək ki, burada salikin piyaləyə atılmasında məqsəd, irfan yolunun ilahi sərxoşluğuna işarə edir. Onu yenə də müşayiət edənlər var.

12. Salik gəlib ən çətin ana yetişir. Quyunun dibindəki ilanı görürük. Bu ilan son sınaq olan İblisdir. Amma gördüyümüz kimi, quyunun yuxarısında simurq quşu saliki gözləyir.

13. Salik yenə də qaçır, gəlib bir qapıya yetişir, qapıda gözlər ona işarə edir ki, keç içəri. Ətrafdakılar da gülümsəyir. Yəni artıq əsas mərhələ qət olundu.

14. Daha sonra görürük ki, saliki “qanadlı” biri araba ilə, müşayiət edənlərin və arxa fondakı şeytanların arasından keçirərək bir gəmiyə yaxınlaşdırır.

15. Gəmidə əvvəldən onu müşayiət edən şəxs salikə işarə edir ki, gəmiyə min. Gəmi göylərlə üzür, salik isə durbinlə məqsədi axtarır.

16. Uzaqda simurq dayanıb. Ondan öndə Kəbə evi. Daha qabaqda isə qayaların arasında yenə bir göz açılır. Salik durbinlə uzaqda simurqu axtararkən, birdən simurq gəlb onu alıb aparır.

17. Nəhayət, gətirib lazımi yerə qoyur. Və diqqət etsək görürük ki, axırda salikin qanadları çıxır. Bu da ona işarədir ki, məqsəd simurqa yetişməkdirsə, irfani baxışla, bunun nəticəsi olaraq insan axırda çox gözəl və ali bir varlığa çevrilir.

 

Rauf İmranoğlu (fəlsəfəşünas)