Sim-sim.az

“Xaç atası”, “Parisdə son tanqo”, Oskar və səfalət – Marlon Brando

marlon1

Geri qayıtmayan qulluqçu…

Marlon Brando 3 aprel 1924-cü ildə Amerikanın Nebraska ştatının Omax şəhərində andan olub. Marlonun atası Marlon Brando kimyəvi yem istehsalı ilə məşğul olan mütəxəssis, anası Doroto Culiya Brando isə Amerikada qızıl idxalı ilə məşhur olan Pennibeyker nəslinin nümayəndəsi idi. Culiya çox erkən yaşında Marlonla ailə həyatı qurur. Ona qədər isə teatrda özünü aktrisa kimi sınamağa müvəffəq olur. Hətta məşhur Amerika aktyoru Henri Fondla da bir neçə dəfə eyni səhnəni paylaşır.

Kiçik Marlondan sonra ailədə iki qız övladı da dünyaya gəlir. Frensis və Coslin. Onların ailəsində heç vaxt sakitlik olmur. Marlonun atasının sərt və dözülməz xasiyyəti hər kəsi təngə gətirir. Ata övladları ilə heç zaman maraqlanmır, onların qayğısına qalmır. Atasından heç bir qayğı görməyən kiçik Marlonun yeganə məşğuliyyəti anasının pianoda ifa etdiyi musiqiləri dinləməkdən ibarət idi.

Gələcək aktyorun altı yaşı tamam olanda ailə Çikaqo şəhərinə köçməli olur. Ailə başçısının vəzifəsiylə əlaqədar olan bu yerdəyişmə Marlonun anasını teatrdan ayırır. O, isə bu vəziyyətlə barışa bilmir və bir müddət sonra spirtli içkilərə aludə olur. Doğulduğu şəhərdən və  dostlarından ayrılmaq Marlonun da ürəyincə olmur.  Lakin oğlanın kədərini onlara qulluqçu kimi işə düzəlmiş Ermi adlı gözəl qız kənarlaşdıra bilirdi. Çünki Marlon həmin qulluqçuya dəlicəsinə aşiq olmuşdu. Ermi Marlon üçün dadlı xörəklər bişirir, onunla birgə kart oynayır. Hətta Marlon yuxuya gedənə qədər onun yanında uzanırdı. Aradan bir müddət keçəndən sonra Ermi bir neçə həftəlik başqa şəhərə dincəlməyə gedəcəyini bildirir. Marlon ilk məhəbbətinin yolunu xeyli gözləsə də sonunda başa düşür ki, Ermi heç vaxt qayıtmayacaq. Marlon əlli yaşında həmin günləri belə xatırlayır: “Anamın içkiyə qurşanmasından sonra məni təsəlli edəcək yeganə qadın da çıxıb getmişdi. Özümü atılmış və tərkedilmiş hiss edirdim.”

Boş konsert zalı və Şeksprin poeması…

Bir il sonra onun ata və anası münasibətlərinə ara verməyi düşünürlər. Bu səbəbdən də uşaqlar anaları ilə birgə Kaliforniyadakı nənələrinin yanına gedirlər.

Ananın özünü ələ alması və övladlarına göstərdiyi qayğı nəticəsində Marlonun bacılarından biri çox istedadlı rəssam, digəri isə teatr aktrisası olur. Lakin, nədənsə Marlona qarşı heç kim diqqət yetirmir. Belə olan halda o, qiyamçı obrazını seçməyə məcbur olur.

İdmanla müntəzəm məşğul olan Brando xeyli uğur əldə edir. Özünü ailənin lideri kimi aprdığı üçün qısa zaman ərzində ailə üzvlərinin təyziqi ilə üzləşir. Bu səbəbdən də ailəsindən ayrılmağa qərar verib başqa evə köçür. Musiqi və idman sahəsində xeyli üstünlük əldə edən Marlon bir müddət sonra teatr məktəbinə yazılır.

Lakin teatrın rejissoru ilə çoxsaylı qalmaqalları onu teatrdan uzaqlaşdırır. Özünün musiqi qrupunu yaratmalı olan Marlonun ilk konsertində isə zal bomboş olur.

30-cu illərin sonunda ikinci dünya müharibəsinin başlanğıc ərəfəsində ata öz dəlisov oğlunun sakitləşməsindən ötrü onu hərbi məktəbə yollayır. Məktəbin ingilis dili müəlliməsi Erla Vaqner tez-tez tələbələrdən ibarət tamaşa hazırlayırdı. Bir dəfə necə olursa, Marlon zalda Şeksprin poemasını əzbərdən deyir. Bunu eşidən müəllimə çox təəccüblənir. Və Marlona Şeksprin pyeslərindən birində baş rolu ifa etməsini tapşırır. Tamaşaçıların gurultulu alqışlarından sonra müəllimə Marlonun ailəsinə müracət xarakterli məktub yazıb oğlanlarının istedadını dəyərləndirib, onu hansısa teatr məktəbinə göndərmələrini xahiş edir.

Ana bu fikirlə tez bir zamanda razılaşıb, oğlunu hərbi məktəbdən çıxartmaq istəyir.  Ata isə buna qarşı çıxır.

Lakin, ananın arzusu baş tutur. Marlon aktyoluq sənətini seçərək “Brodve” teatrına işə düzəlir.  İlk rolu isə “Mən anamı xatırlayıram” tamaşasında olur.

 

“Xaç atası” və “Parisdə son tanqo”

1951-ci ildə Marlon Fred Tsinnemanın “Kişilər” filminə çəkilir. İkinci dünya müharibəsi zamanı əlil olmuş insanın həyatını canlandıran aktyor həmin filmdən sonra digər Amerika rejissorlarının da diqqətini cəlb edir.

1952-ci ildə Marlon Brando “Salam Sapata” filminə çəkilir. Ardınca “Yuli Sezar” filmindəki Mark Antonio rolunu yaradır.  1954-cü ildə isə Brando “Limanda” filmi ilə ilk “Oskar” ını qazanır. Beləliklə 50-ci illərin sonunda o, Hollivuddun ən tələb olunan aktyoruna və seks simvoluna çevrilir.

70-ci illərin əvvəlində on illik fasilədən sonra Marlon yenidən şöhrətin zirvəsinə ucalır. Onu bu zirvəyə aparan  isə Frensis Koppolanın ekranlaşdırdığı “Xaç atası” filmi olur. İzaholunmaz istedadı sayəsində İtalya mafiya başçısı rolunu canlandlran Marlon Don Karleone obrazı ilə karyerasının eləcə də Amerika kinomatoqrafiyasının ən çətin rollarından birini yaradır. “Xaç atası” filmindən sonra aktyor ikinci “Oskar” mükafatını qazanır.

Elə həmin ili aktyor növbəti uğura imza atır. Bernardo Bertoluççinin ekranlaşdırdığı “Parisdə son tanqo” Marlon Brandoya dünya miqyaslı şöhrət qazandırır. Bu filmdən sonra Brando xeyli filmə çəkilsə də, keçmiş illərdəki şöhrətini yaxalaya bilmir.

80-ci illərin əvvəllərində o, kinodan getdiyini açıqlayıb həyatı barəsində kitab yazacağını bildirir. Lakin, ara-sıra filmlərə də çəkilir. Stanislavski məktəbinin tərəfdarı olan Brando Amerika kinosunun səviyyəsini qaldıran aktyorlar sırasında olduğu üçün Ömər Şərif, Robert de Niro, Uorren Bitti kimi aktyorlar onu özlərinə müəllim hesab edirlər.

 

Yoxsulluq içərisində bitən ömür…

Marlon Brando üç dəfə ailə həyatı qurub. Bu evliliklərdən onun yeddi övladı doğulub. Aktyorun birinci arvadı aktrisa Anna Kaşfi olub. Onlar iki il birlikdə yaşayıblar. Cütlüyün Kristian adlı oğlu olub. Bir müddət sonra Marlon Annadan ayrılıb aktrisa Movita Kastanda ilə evlənib. Movita ilə  Brandonun iki övladı olub. Lakin bu izdivac da uğursuz olub. Dünya şöhrətli aktyorun növbəti ilahəsi aktrisa Tarita Teriipiya idi. Onlar on il birlikdə yaşayıblar. Tarita ilə Marlonun dörd övladı olub. Evlilikləri boyunca cütlük Taita adasının sahilindəki villada yaşayıb. Həmin dövrlərdə aktyor Amerikadakı qaradərili insanların haqlarının təmin olunmasına qarşı xeyli aktiv siyasi fəaliyyət göstərib. Bu səbəbdən də özünə çoxlu düşmən qazanıb.  

Bundan başqa Brando öz avtobioqrafiyasını yazarkən aktrisa Merlin Monro ilə də eşq yaşadığını bildirib. Hətta o, özündən on altı yaş böyük olan aktrisa Anna Manyaninin də ona vurulduğunu da qeyd edib. Lakin aktrisadan heç zaman xoşlanmayan Brando Manyani haqqında bu fikirləri səsləndirib: “Beverli Hilzdə olarkən o, oteldə məni ciddi cəhdlə öz yatağına çəkmək istəyirdi. Bu isə mənə dişi və erkək həşəratların birləşməsini xatırlatdı. Və mən geri çəkildim.” Digər tərəfdən də bir çox avtoqraflar Marlon Brandonun biseksual olduğunu ehtimal ediblər. Hətta onun digər məşhur Hollivud aktyoru Keri Qrantla intim münasibətlərinin olduğuna dair mətbuatda fikirlər də səslənib.

Marlonun qanuni olaraq doğulan və onun soyadını daşıyan övladlarının aqibəti də o qədər yaxşı olmaylb. Bir qızı intihar edərək həyatına qəsd edib. Böyük oğlu isə qatil kimi cinayət məsuliyyətinə cəlb olunub.

Marlon Brando Amerikada yetişən gənc nəsil aktyorlarnln heç biri ilə ünsiyyıət qurmayıb. Onun yeganə qiymət verdiyi və əlaqə yaratdığı aktyor Conni Depp olub.

Ömrünün son illərində aktyor köklükdən əziyyət çəkir. Belə ki onun çəkisi 136 kiloya yaxın olur. Şəkər xəstəsi olan Brando üstəlik qaraciyərindən də şikayət edir. Lakin, heç bir müalicə üsulunu özünə yaxın buraxmır. Buna səbəb bəlkə də küllü miqdarda borclarının olması olur. Ölməzdən əvvəl aktyorun borcu on bir milyon dollara çatıb. Aktyorun son ekran işi Maykl Ceksonun 2001-ci ildə çəkdiyi kilipdə olub.

Marlon Brando 1 iyul 2004-cü ildə ağciyər fibrozu nəticəsində yaranan tənəffüs çatışmamazlığından tamamilə yoxsul və kimsəsiz vəziyyətdə dünyasını dəyişir. Onun vəsiyyətinə əsasən nəşi yandırılaraq külü Taita adasına səpilir.

Ölümündən sonra bütün həyatı boyu ən yaxın dostu olan aktyor Cek Nikolson onun haqqında bu sözləri deyir: “Onun ölümüylə hər şey kəskin dəyişdi”

Tərcümə etdi: Samirə Əşrəf