Sim-sim.az

Zanussinin filmində oynayan azərbaycanlı aktyor: “Sonda məni güllələyirlər”

tural_e70c00615d02fee29624

 

Aktyor Tural Baxış tanınmış kinorejissor Kşiştof Zanussinin filmində rol alıb.

 

Ukrayna kinematoqrafçılarının iştirakıyla “Efir” adlı mistik dramın çəkilişinə başlanılıb. Xeber365.com bildirir ki, filmdə cərəyan edən hadisələr Birinci Dünya Müharibəsi dövrünə aiddir. Tarixə və siyasətə aidiyyatı olmayan filmdə Faust motivləri üstünlük təşkil edir. Belə desək, o, Doktor Faust haqqında yeni bir əfsanədir. Film başqalarını ram etmək, onların azadlığını əllərindən almaq  arzusu haqqındadır.

 

Filmin çəkilişləri Polşa, Ukrayna və Macarıstanda aparılacaq. Filmdə yer alan hadisələr Ukrayna və Avstriya-Macarıstan sərhədində baş verir.

 

“Efir” filmində Qafqazdan gəlmiş azərbaycanlını canlandıran Tural Baxış öz rolu və filmə dəvət alması barədə Xeber365.com-a danışıb: “Bir neçə il əvvəl Amaliya Pənahova məni teatra çağırıb, hazırladıqları tamaşada rol verdi. Tamaşanın hazırlanması üçün Polşaya səfər etdik və onu səhnələşdirdik. Son məşqlərin birində Kşiştov Zanussi mənə yaxınlaşıb dedi ki, bir film çəkəcəm, orda səni də görmək istərdim. Təbii ki, çox sevindim, Zanussiylə işləmək mənim üçün şərəfdir. Bu söhbətdən 4 il keçib və mən artıq “Efir” filmindəyəm. Xoşbəxtəm ki, belə bir rejissorun filmində mən də varam.  

 

Filmdəki rolum əsas qəhrəman deyil, ancaq çox maraqlıdır. O, Qafqazdan gəlmiş azərbaycanlıdır. Döyüş vaxtı hərbi düşərgəyə çox yaxınlaşır və onu əsir götürürlər. Elə bilirlər ki, rus agentidir.  Ona işgəncə verirlər., ancaq heç bir faydası olmur. Nəhayət, bir həkim gəlib özünün kəşf etdiyi efir maddəsini ona vurur və deyir ki, bu, onun dindirilməsində kömək edəcək.  Ancaq bu da heç bir nəticə vermir. Və sonda onu güllələyilər”.