Sim-sim.az

Zinət Amanın amansız taleyi

vlcsnap-2010-12-21-18h17m21s30

Uşaqlıq illəri

Zinət Aman 19 noyabr 1951-ci ildə anadan olub. Ssenari yazan atası Amanulla Xan müsəlman, anası isə induist olub. Xasiyyətcə başqa-başqa adamlar olan Zinətin valideynləri o, hələ çox kiçik yaşda olanda ayrılıblar. Zinət anası ilə qaldığından atasını çox gec-gec görüşüb. Onun on üç yaşı olanda isə o, atasını həmişəlik itirir. Atasız keçən uşaqlıq illərinin travmaları onun sonrakı həyatına öz damğasını vurur. Onun gələcəkdə tanış olub ailə qurduğu kişilərin bir çoxu xaraktercə Zinətin atasına oxşadığı kimi, həm də soyadları da Xan olub. Atasının ölümündən bir müddət keçdikdən sonra anası ikinci dəfə bir almanla ailə həyatı qurur.

Ögey atası ilə bir müddət barışmaz mövqeydə olan Zinət anasını da asanlıqla bağışlamır. Adətən evdə sakit və sözəbaxan uşaq olan Zinət anasının evliliyindən sonra tez-tez ağlayıb, isterik hərəkətlər edir. Lakin, zaman keçdikcə onun ögey atası ilə münasibətləri qaydasına düşür. O, yüksək biliyə və müasir düşüncə tərzinə malik olan atalığının məsləhətlərinə qulaq asıb, müasir qərbli dünyagörüşündən yararlanır. Atalığı da öz növbəsində Zinətə qərbə açılmaq üçün köməklik göstərir.  Atalığı ona oxuduğu dünya yazıçılarının kitablarını oxumağı məsləhət görür. Şahmat oynamağı da atalığından öyrənən Zinət çox sonralar “mənim atalığım bu dünyada tanıdığım ən yaxşı insandır” sözlərini dilə gətirməkdən çəkinmir.

Orta məktəbi bitirdikdən sonra Zinət ən yaxşı və əlaçı  şagird kimi Amerikanın Los Anceles şəhərinə oxumağa göndərilir. Amerikada ikiuşaqlı bir ailədə yaşamağa məcbur olur. Sonradan Amerikada gördüyü seksual azadlıq ab-havası onu  Sofiyaya ordan da Hindistana geri dönməsinə səbəb olur.

Geri qayıtdıqdan sonra Zinət model kimi fəaliyyət göstərməyə başlayır. Lakin, bir müddət sonra o, yenidən ali təhsil almaq üçün Amerikaya geri dönüb xeyli zaman orda yaşamalı olur.

Oxuduğu müddətcə heç kimdən asılı olmadan pul qazana bilməsi Zinətə zövq verir.

 

Uğurların başlanğıcı

1971-ci il Zinət Aman üçün uğurlu il olur. Həmin ildə o, “Miss Hindistan 1971” müsabiqəsində qalib olur. Daha sonra “Miss Asiya” müsabiqəsində də ilk hindli qadın kimi 1-ci yerə çıxır. Və ilk dəfə “Çaxnaşma” fiminə  də elə həmin ildə çəkilir. Lakin film ona istənilən uğuru qazandırmır.

Onun sonrakı filmi 1972-ci ildə çəkildiyi “Qardaş və bacı” filmi olur. Həmin filmə çəkilməyi isə tamamilə təsadüf olur.

Belə ki, Zinət Amandan əvvəl həmin filmə çəkilmək təklifi alan hind aktrisası Zahidə Pərvin öz ambisiyaları ucbatından rola çəkilməkdən imtina edir. Belə olan halda Zinət son anda filmə çəkilməsi üçün təsdiq olunur. Filmə çəkildiyi müddətcə anasının atalığı ilə həmişəlik Almaniyaya köçməsi  ilə bağlı xəbərdən depressiyaya düşür. Onlar yola çıxmağa hazırlaşarkən Zinətin korlanmış əhvalına dözməyən “Qardaş və bacı” filminin rejissoru eləcə də Zinətin həmin filmdəki tərəf müqabili Dev Anand onları yoldan saxlayıb deyir. “Tələsik qərar qəbul etməyin.  Filmin təqdimatını gözləyin. Əgər arzuladığımız uğur alınsa, o, ulduz olacaq ”. Və alınır… Həmin filmin premyerasından sonra Zinət Aman Hindistanın seks simvoluna çevrilir. İkinci plan aktrisası kimi ölkədaxili bir neçə mükafata layiq görülür.

Zinət həmin filmdəki rolu ilə o dövrdə Hind aktrisaları üçün qadağan olunan bir çox tabuları yıxır. Kinoda bir növ inqilab edir.

Bir dəfə 60-cı illərin məşhur hind aktyorlardan biri Zinəti görəndə heyrətini gizlədə bilməyib ona “yüksək sütun” ləqəbini verir. O, həqiqətən də öz həmkarlarından boyca xeyli uzun olur. Onu həm də Hindistanın Cina Lolabridcisi də adlandırırlar. Onun tünd rəngli gözləri, dolğun dodaqları, zərif bədəni həm qadın, həm də aktrisa kimi insanları onu gözəl adlandırmağa vadar edir. Çəkildiyi filmlərdə həm də açıq-saçıq libaslardan istifadə edən aktrisa 80-ci ildə çəkildiyi “Qurbani” filmində geyindiyi çimərlik paltarları tənqidçilərin təbirincə hind kinosu tarixində geyilmiş olan ən açıq-saçıq və xırda bikini hesab olunur.

Bu günə qədər səksənə yaxın filmə çəkilən aktrisaya ən çox uğuru  Rac Kapurla bir filmdə çəkildiyi “Həqiqi sevgi və gözəllik” filmi, eləcə də “Məhəbbət, əbədi nağıl”, “Sədaqət andı”, “Əlibaba və qırx quldurun məcəraları”, “Samrat”, “Məhəbbət əfsanəsi” filmləri gətirir.

 

İki evliliyin acı nəticələri, ana və övlad qarşıdurması

Təəssüf ki, Zinət Aman şəxsi həyatında çox uğursuzluqlar yaşayıb. Aktrisa iki dəfə ailə qursa da, hər biri ona olmazın üzüntülər gətirib. Onun ilk həyat yoldaşı rejissor və aktyor Sancay Xan olur. Onlar tanış olarkən Sancay başqası ilə evli və ata olur. Lakin, o ailəli olsa da, Zinəti onunla evlənmək üçün yola gətirməyi bacarır. Onların birgə tərəf müqabili olduqları “Abdulla” filmindən sonra Zinət Sancaya daha möhkəm tellərlə bağlanır. Lakin, bu evlilik çox davam etmir. Çünki, Sancayı sevən başqa bir qadın, onun birinci arvadı gecə-gündüz qısqanclıqdan qovrulur. Tədbirlərin birində Sancayın ilk arvadı Zarina Zinəti döyür. Gözlənimləz və güclü zərbələrdən xəstəxanalıq olan aktrisanın üzü və sağ gözü zədələnir. Bir neçə dəfə əməliyyat olunsa belə aktrisanın gözündəki zədələr aradan qalxmır. Bu günə qədər də aktrisanın gözündəki çatışmamazlıq özünü biruzə verir.

Bu hadisədən dörd gün sonra Sancay publika qarşısında Zinət Amanın ona başqa kişi ilə xəyanət etdiyini öyrəndiyi üçün ondan ayrıldığını açıqlayır.

Aradan dörd il keçdikdən sonra Zinət yenidən ərə gedir. Bu dəfə də o, orta dərəcəli məşhurluğu olan aktyor Məzhər Xanla ailə qurur. Bu nigah on iki il davam edir. Onların Azan və Zaxan adlı iki oğlu olur. Lakin, bu evlilik də Zinətə xoşbəxtlik gətirmir.

Sancaydan sonra onun yaralarını sağaldacaq bir ər arzulayan Zinət bu dəfə də təəssüf hissi yaşayır. Onu çox sevdiyi qədər də qısqanc olan Məzhər hər addımda aktrisanı öz qısqanclıqları ilə təngə gətirir .

O, ərindən boşanmaq qərarına gəlir. Xərçəng xəstəsi olan Məzhər boşanandan bir il sonra dünyasını dəyişir. Bu ölüm Zinət üçün əsl cəhənnəm əzabı yaşadır. Ərinin ailəsi və oğlanları ona qarşı olurlar. Oğlanları atasının ölümünün tezləşməsində Zinəti günahkar bilirlər. Bir dəfə isə gözlənilmədən zorla aktrisanın evinə soxulan Məzhərin ailəsi Zinəti möhkəm döyür. Ən ağrılı məqam  isə onu döyənlər arasında aktrisanın  on bir yaşlı böyük oğlunun olması olur. Həmin hadisədən sonra atasının qohumlarının təsiri altına düşən oğul Zinətdən ayrılıb evi tərk edir.

Bu hadisədən sonra aktrisa press konfrans çağırıb həyatının Məzhərlə bağlı ən incə məqamlarını, ailə həyatlarının baş tutmama səbəblərini publikaya açıqlayır. Daha sonra isə o, anasını itirir.

Bir müddət tənhalığa çəkilən aktrisa sonradan yenidən kinoya qayıdır. Böyük oğlu ilə münasibətini bərpa edib onu evinə qaytarmağa müvəffəq olur.

 

Sənətə və kinoya qayıdış

21-ci əsrin ilk on illiyi  Zinət Aman üçün uğurlu və yaddaqalan proyektlərlə zəngin olur. O, ilk dəfə olaraq özünü tv ekranlara aparıcı kimi sınayır. Onun “Zinətlə söhbət” verlişi özünə xeyli tamaşaçı toplayır.
Daha sonra isə aktrisa 2003-cü ildə Kaizda Qustanın rejissorluğu ilə çəkilən “Boom” filminə çəkildi. Və elə həmin ilin sentyabr ayında Zinət Aman rejissor Rameş Talvarın “Ledi Lalkurvar” pyesi əsasında səhnələşirdiyi tamaşada küçə qadını rolunu ifa etdi.

Ekrana qayıtması ilə yanaşı aktrisa bir çox sosial tədbirlərdə, xeyriyyə proqramlarında da yaxından iştirak etdi. Hal-hazıra bir neçə seriala çəkilməyi planlaşdıran aktrisa müsahibələrinin birində yenidən ailə qurarsınızmı sualına israrla “Xeyr. Heç vaxt”! desə də, 2013-cü ilin ortalarında aktrisa altmış iki yaşında  üçüncü dəfə ailə həyatı qurmağa hazırlaşır. Hər iki oğlunun onun ailə qurmasına müsbət münasibət bildirməsini dilə gətirən aktrisa deyir: “onlar mənim yenidən ailə qurub, xöşbəxt olmağımı çox istəyirlər. Nigahlansaq, heç bir təmtəraqlı toy və gəlinlik paltarı olmayacaq. Hər şey sadə və dostlar arasında baş verəcək. Əsas olan mənim gələcəkdə sakit və rahat ailə həyatımın olmasıdı”.
 

Tərcümə: Samirə Əşrəf