Sim-sim.az

AYİŞƏ NƏBİ – SOYUQ VƏ RAHAT

Başını aşağı salıb işini gördükcə bir az aralıda qıjıltıyla axan çayın ləngərli səsi qulağının dibinə qədər gəlib ondan əl çəkmirdi. Hər əlini tütün yarpağına uzadanda, sanki yarpaq yerinə o səsi dərir, ovuclayaraq ətəyinə tökürdü.

Bu çay niyə belə qıjıldayır, əvvəllər heç belə qıjıltısı gəlmirdi.

“Allah xeyir eləsin, bu nədi görən, zəlzələ-zadmı olacaq?” deyə öz-özünə ağlından keçirdi. Sonra da ətrafda tütün yığan qadınlara, dağın döşündən üzü aşağı enib gələn adama baxıb hamının sakit, əmin- arxayın olduğunu görüb “yox”  dedi, – “yəqin dünəndən kəsməyən başımın ağrısındadır, səs başıma düşüb belə qıjıltı  verir. Yoxsa, min ilin çayıdır da, indiyə kimi necə axıbsa, indi də eləcə axır” – deyərək yenə başını aşağı salıb tütün dərməyə davam etdi. Tütünün əli sıvayan qaralığı bir yana, iyi bir təhərdir. Ancaq onun çiçəkləri var ha, bax, bu tütün çiçəyinin ətri bir başqadı. Deyirlər, tütün çiçəyindən ən bahalı ətir düzəldirlər, bunu da kimsə demişdi. Ancaq …

Başı aşağı tütün dərməyində olsa da, səs bunu rahat buraxmırdı.  Səs qulağının dibindən axıb  başını, başının içində fırlanıb bütün beynini əsir alandan sonra oradan aşağı enib sinəsinə çökürdü. Yox, dedi ürəyində, bir başımı qaldırım görüm bu nə işdi.

Gün əyilirdi. Şinkarın o üzündən son işıqların şəfəqi düşmüşdü. Ətrafına baxdı: “deyəsən qızlar işlərini qurtarıb gediblər, mən niyə indiyə qalmışam? Məni niyə çağırmayıblar gedəndə?” –  deyə öz- özünə bir az azaylandı. Sonra yadına düşdü ki, “yox, onlar çağırdılar axı, mən dedim, siz gedin, ay umudum, mən sabah gəlməyəcəm, bu gün bir az artıq işləyim, axşam fermaçıların maşını ilə qayıdaram kəndə.”

Qızlar da zarafata saldılar ki, getmirsən getmə, a qıcım, ancaq birdən başın qarışar, hamı çəkilər bilməzsən elə gecəni burda qalarsan, tütünlərin arasında  erməni öldürər səni.

“Yox,” demişdi, – “niyə qalıram, elə bir az bu axşam sərini işimi alağızdıyım, bircə küzüm qalıb dərim maşına tullayaram, sabah əlim olduqca taxaram,” – deyib yenə başını aşağı salıb işinə davam etdi.

Hamı çəkilib getdi, qızların bir-birinə qarışan səsləri, yorğun zarafatları, maşının işə düşərkən gurultu salması, burnuna xoş gələn zəif benzin qoxusu, hamısı yadında idi. Hələ maşın tərpənəndə qızlar yenə zarafat elədilər ki,  ay qız, başın qarışar gecəyə düşərsən ölüb qalarsan ha buralarda, azana-təzənə rast gələrsən. Gözünü dörd aç, buralar yol ağzıdı. O yenə də heç nə demədən başını bulayıb əyilib tütün dərməyə davam etmişdi.

Sonra birdən öz-özünə içindən bir  gizilti keçdi, zarafat heç, birdən azan-təzən olar, mən bu biyabanda niyə tək qaldım axı. Bir qorxu sardı canını, üzünü döndərib Taxtadan aşağıya fermalara tərəf baxdı, bir az toxdadı ki, odur e, fermalarda adam doludu, burdan bir hay eləsəm tökülüb gələrlər, nədən qorxuram ki, desə də yenə də ürəyində bir tıqqıltı qaldı. “Kaş gedərdim” –  dedi, – “sabah gəlib günortaya qurtarardım, qaçmırdı ki, evin işi,” –  deyə özünü bir az məzəmmət elədi. Ancaq maşın artıq Cələdən tərpənib Ambarın döşünü aşmışdı.

Qırılan yarpaqların şıppıltısı ona nəyisə xatırladırdı.Yarpaq gövdədən ayrıldıqca ssşşhhyyy səslərinə oxşar bir səs çıxarırdı.Diqqətini toplayıb hər yarpaq qıranda səsə fikir verirdi, səs çağa səsinə oxşayırdı.Elə bil  yarpaqların arasında sızıldayayaraq bir çağa ağlayırdı.Hər yarpaq qırılanda bu səs təkrar olunur, dayananda səs kəsirdi.Başını qaldırıb ətrafa baxdı, heç kim yox idi.Səssizlikdi.Taxtanın küzlərə bölünmüş xət-xət olan geniş sinəsi ürəyini açdı.Arxada qayalıq, qabaqda çayın o tayında yamyaşıl ağaclarla örtülü Şinkar.Küzü qurtarmağına az qalırdı.Növbəti qaja keçdi.Burada tütün bir az qurumuşdu, bura yaxşı sulanmayıb demək.Əlini uzadıb yenə yarpaqları dərib ətəyinə tökdü.Yenə hər yarpaq qırılanda çağa ağlaması kimi səs gəlirdi. Birdən durduğu yerdə ağlına gəldi ki, mən niyə qızımın adını Xəyalə qoydum ki. Adam da Xəyalə olarmı. Heç mənə deyən də olmadı ki, bu dünya varkən, niyə xəyal olsub ki, uşağın, Xəyalə qoyma. Dəbdədir dedilər bu ad, qoyma demədilər. İndi bu səs Xəyalənin səsinə oxşayır. Ürəyi atlandı, ürəyi Xəyaləni görmək istədi.Bunu eşidib anasının yanına qaçan  kimi sanki balaca qız anasının gözünün önündə peyda oldu. Qadın diksindi. Yavaşca bismillah dedi. Deyəsən, başı aşağı iş görməkdən beynimə qan yığıldı, gözüm alacalandı.Yoxsa, uşaq nə gəzir burada.

Yox idi uşaq. O artıq son qajını da dərib əllərini çırpdı, önlüyünün ətəyindəkini xarala boşaldıb ağzını  büzdü. Sonra əlini torpaqla ovuşdurub tütünün yapışqan qarasını ovxaladı. Xaralı dalına alıb yola çıxardı. Qayıdıb ağacın dibindən axan sısqa suda əllərini yudu. Tütünün qarası gedən deyil ki, əlini palçıqlayıb bir də yudu, iki də yudu, üçüncüdə yapışqan getdi, amma qara qaldı. Əsas odu acısı getsin, indi əlini nəyə vursa zəhər dadacaq.

Cələdə bir az yolda durdu ki, görsün maşın-zad varmı. Gözünə heç nə dəymədi, dedi enim bir az çaya baxım. Qorxdu. Bizdə heç kim oralara tək getməz, buralarda erməni çox olur. Bir yandan da qaş qaralır. İndi maşın olmasa qaldı axşama, elə peşmanladı camaatla getmədiyinə. İndi başıma bir iş gəlsə deyəcəklər ki, qəsdən özü elədi, camaatdan ayrı düşdü, onun üçün də başına iş gəldi. Sonra toxdamaq üçün üzünü çevirib  öz-özünə, odur ey orda Ziyaddının evi, o yanda Qəzənfərin evi, niyə qorxuram. İki adamın da evi var burda, kimin eviydi, ağlıma gətirə bilmirəm. Həmişə də deyərdim ki, bunlar niyə hərəsi bir yanda tikib evi, yaxın olsa 4 ev elə bir məhlədir, heç nədən də qorxmazlar. Bu qorxu nədir mənim ağlımdan çıxmır, axırı xeyir olsun.Axşama qalsam gedib birinin evində oturaram, maşın olanda məni yola salarlar.

Yoldakı yastı daşın üstündə oturub maşın gözləməyə başladı. Nə təhər olsa İcevana, Dilicana gedən olmuş olar bu gün, gələn olsa bir çıxarıq kəndə. Sonra da, ağlım qara gəlsin mənim, indiyə İcevana, Dilicana gedən qalarmı, indi hamısı qayıdıb evinə gedib, bir mən qaragünnü  qaldım bu biyabanda, dedi, indi piyada da getsəm qaranlığa düşərəm, gedəmmərəm o yolu. Allah eləməsin, qabağıma bir dığa  çıxsa nağayraram.

Bir az keçdi.

Görən bu Qazax-Qaraman adamı da ermənidən qorxurmu. Bizim kimi onlar da bir yerə tək getmirlərmi.Biz niyə öz yurdumuzda-yuvamızda bu erməni kafırından qorxuruq ki.

Özü də özünə cavab verdi, nə təhər qorxmayaq, erməninin dini, yox imanı yox, elə qandığı budu ki, türksən düşmənsən. Ay kökünüz kəsilsin, bə biz neyləyək, öz kəndimizdə-kəsəyimizdə bir arın-arxayın gəzməyəkmi.

Özünün bu fikirindən ürəkləndi.

Ziyaddının evinə tərəf gedən cığırın sağı-solu ağ güllər idi, elə bil  qəsdən ağ gül zolağı salmısan, ağ gül zolağından sonra da yamyaşıl otlar.Otların arasında  güllər vardı, ama bu ağlıq yanında onlar heç görünmürdü.

Birdən necə oldusa, ağ güllərin arasında ağappaq üzü ilə qızını gördü.Qız ağ güllərin arasında oturub ona, gülümsəyirdi.Gözləri parıldayırdı.Yaxına getdi.Yaxınlaşdı.Bir az da yaxınlaşmaq istədi, amma qorxdu ki, bu da birdən gözünə görünər, dəli olar.Bu gün onsuz da çox qəribə şeylər olur.

Xəyalə bir xəyal  olub gözünəmi görünürdü?Ağ güllərə baxdı, yox, qız ağ güllərin içində oturub gül dərirdi.Bir az da yaxınlaşdı.Qız gülümsəməsi ilə onu  çağırırdı.

İki addımlığa qədər yaxınlaşdı, qız oturduğu yerdə əlindəki gül dəstəsini ona uzatdı.O əlini uzadıb birdən geri çəkdi.Tütündən qaralan əlindən utandı.Bu qapqara əli ilə bu ağappaq əllərdən bu ağappaq gülləri  almağa qıymadı.Əlim qızımın ağ əllərinə  toxunub onu incitməsin dedi ürəyində.Ağ gülləri  incitməsin dedi.Qız inadla gülü uzadıb baxırdı, gülürdü, gülümsəməsi ilə al, al deyirdi.O isə dayanıb baxırdı.

Sonra iradəsini toplayıb tütündən qaralan əlini uzatdı, əli gülə çatmağa az qalmış qız birdən yerində qalxıb gülləri də əlindən buraxmayaraq qaçmağa başladı.Geri dönüb, ana, gəl qaçma-tutma oynayaq.Mən qaçım sən məni tut, bu gülləri al.Al qoxla, bax nə qoxuyur, qəşəngdir, deyərək yenidən qaçmağa başladı.Qadın da onun dalınca eyni cığırla eyni yeyinliklə qaçdı.Qız bir neçə addım gedib geri dönür, anaa, gəl deyə gülü uzadır, sonra yenə dönüb qaçmağa başlayırdı.Belə qaça-qaça aşağı yola endilər.Ağ yolu keçəndə üzü aşağı çay yatağı başlayırdı, səsi çöllərdə əks-səda verən Ağstafa çayı burada daha dalğalı axırdı.Üstündən bir yoğun boru keçirdi ki, bəzi buralarda işləyənlər artıq vərdiş edib qorxmadan  onun üstü ilə keçirdilər çayı, bir az bəridən isə çayın ən dar yerindən yeni körpü salmışdılar.

Qız anasını çay aşağı, çay yuxarı çağıra- çağıra xeyli gəzdirdi.Qadın bu balaca uşağın dalınca qaçmaqdan yoruldu.Qız külək kimi gah vıyldayıb görünür, gah da gözdən itib yox olurdu.O hər görünəndə qadın yaxınlaşıb onu tutmaq, əllərindən yapışıb, nə olar, qızım, qaçma artıq dayan, onsuz da bütün gün işləyib yorulmuşam, gəl oturaq demək istəyirdi, amma qız külək kimi sovrulub gedirdi.Çayın qırağında sudan iki metr aralıda bir daşın üstündə oturdu.Xeyli oturub nəfəsini dərəndən sonra hiss etdi ki, bayaqdan gözü çayın burulduğu yerdə suyun halqasına ilişib qalıb.Su qıvrılırdı.Su qıvrıldıqca boğazına ilan dolanan kimi olurdu.Suyun qıvrımı onun boğazına keçirdi deyəsən.Qulaqlarında suyun  ahəngi, çayın qarşı qayaya dəyib qayıdan ritmi ilə qarışıb səs tozanağı yaradırdı.Bu tozanaqda qızı tüllər arxasında qalıb ona yenə də ağ gül uzadırdı.Çayın ahəngdar səsi hər tərəfdən üstünə gəlirdi.

Hava lap qaralırdı.Birdən ayıldı.Mən hara gəlib çıxmışam.Dəliyəm?Qız nə gəzir buralarda? Ağlım hara gedib mənim.Vay mənim ağlım qara gəlsin, başıma oyun açdım.Gözüməmi göründü bu uşaq.Ey, hardasan?Ay qızım, hardasan?-deyə səsləndi.Səsi dağa dəyib özünə qayıtdı.Bu səs onu tam ayıltdı.Hövlənak çay yatağından yuxarı dırmaşmaq istəyəndə dikdə bir adam durduğunu gördü.Ay qardaş,  mən… deyə demək istədi ki, bilmədən gəlmişəm bura.Adam arsızca gülərək, hə, hə, sən,- deyə idbar bir sifət aldı.Qadın çaş-baş qaldı.Bizdən deyildi bu adam.Ay allah,  neyləsin, birdən bu adam erməni olar, başına haranın daşını salsın, deyə ürəyndə ani götür- qoy elədi.Adama yaxınlaşmağa az qala birdən dedi,- yox, hara gedirəm, bu sağlam adama oxşamır.Dönüb üzü aşağı qaçdı.Çaya yaxınlaşdı.Ayağı suya dəyəndə dayandı.Ətrafa baxdı.Yuxarı baxanda gördü körpünün üstündə də bir adam var.Ağlına bayaq dediyi burda evləri olan öz adamlarmız gəldi, kaş ki, onlara gedərdim, tələsik ağlından keçirdi.Çay uzunu göz gəzdirdi, bəlkə bu adamların  təhlükəsi yoxdur, boş yerə qorxuram deyib toxdamaq istəsə də, başını döndərəndə bu yanda çay yuxarıda da bir adam olduğunu gördü.Ağlına gəldi ki, bayaq qızı gözünə göründüyü kimi, deyəsən onun başına hava gəlir, hər yerdə adam görür, yoxsa qarabasmadır.Yəqin, axşam düşdüyündən qorxudan gözlərimə cin-şeytan görünür.Təki cin-şeytan olsun, erməni olmasın deyə ürəyinin döyüntüsünü sakitləşdirmək istədi, amma bu döyüntü sakitləşmirdi.Qarşıda gur axan çay, arxada bir adam, sağda bir, solda bir adam, artıq körpünün üstündəki də enib gəlmişdi.Bir an oturdu, istədi yerdən daş götürüb atsın, qışqırsın, köməyə adam çağırsın.Yerə çöküb  dayandı, əlinə bir daş aldı.Atasının sözü yadına düşdü, a bala, bir yerə gedəndə yoldaşdan aralanma,deyərdi.O isə, eh ay dədə, sovetin dovşanı arabayla tutan vaxtında erməni neyləyəcək bizə, deyə cavab verəndə atası, a bala, sovet hər kola bir milis qoymayacaq ki, demişdi.

Adamların üçü də birdən yüksək səslə güldü. Bu gülüşlə elə bil təpəsinə ildırım düşdü, beyni çaxnaşdı.Adamlar yavaş-yavaş öz aralarında onun bilmədiyi dildə danışırdılar.O bu dili bilirdi, ancaq bu saat fikrini toplayıb anlaya bilmirdi dediklərini.Bütün sözlərin içində bircə sözü anlamışdı:qadın.Onlar bu sözü tez-tez işlədirdilər.Qadın deyirdilər, gah o, gah o birisi –qadın- deyirdi, digərləri gülürdü, iyrənc gülürdü, ürəkbulandıran gülüşlə gülürdülər.Adamı dəli edən, ürəyini partladan gülüşlə gülürdülər.

O isə dinə bilmirdi.O isə qadın idi.Aralarında gülə-gülə dəli eləmək istədikləri qadın.

Üzü çaya idi.Gözünü sudan ayırmırdı.Sanki su dilə gəlib “gəl, səni xilas edim” deyəcəkdi, amma demirdi.Axşamın alaqaranlığında adamların üzü daha da qara görünürdü.

O bir addım aşağı, bir addım yuxarı getdi, bir az çəkildi, bir az yerində tərpəndi, addım atmaq uzaqlaşmaq istəyirdi. Bir addım atanda birisi də ona tərəf bir addım atırdı, digər tərəfə addım atanda digəri ona tərəf gəlirdi.Çarəsizdi.Dörd tərəfdən qomarğalanmışdı.Bircə çay ona  tərəf gəlmirdi.O yerində hər tərəfə dönərək çevrə çəkirdi.Bircə çaya tərəf dönəndə ani bir rahatlıq tapırdı.

Qorxudan  keyləşmişdi.Qışqırdı, səsinin ilk pərdəsindən üzünə şillə dəyən kimi sərsəmlədi.Amma yıxılmadı.İki addım geri gedib çaya yaxınlaşdı.Adamlar aralarında danışıb iyrənç ifadələr verirdilər üzlərinə.Çaya yaxınlaşdı.Ayağına axşam sərinində soyuyan su dəydikdə üşürgələndi, bir an duruxdu.Çayın o üzünə baxdı, bu çayı keçə bilərdimi, bura çayın ən dar olsa da ən gur yeri idi.Bir az yuxarı gedə bilsəydim ora dayazdı, keçə bilərəm deyirdi ürəyində.Ancaq çayın yuxarı tərəfini pəzəvəng elə tutub ki, gedilməz.O tərəfə dönən kimi adam ona bir addım yaxınlaşırdı.Bu tərpənməyəndə isə üçü də yerlərində tərpənmədən durur, gözlərini ona zilləyib sanki səbrini sınayırdılar.

Bir xeyli keçdi, qaranlıq çökürdü.

Çənbər daralırdı.Onlar addım-addım yaxınlaşırdılar.Dördü də susurdu.

Təkcə çay susmurdu.

Çaya tərəf döndü. Qızının səsi döndərdi. Qızının səsi çağırdı onu.Ayağını yalayıb axan sudan bir ovuc alıb üzünə çəkdi, ayılmaq istədi, bəlkə yuxudur, bəlkə qarabasmadır.Yox, heç biri deyildi.

Adamlar ayaqlarını sürüyə -sürüyə yaxınlaşırdılar.Neyləsin.Beynində şimşək çaxır,çaxırdı.

Çay yuxarı getmək istədi, ilk addımda fikrindən döndü, çayın içindən ağ paltarlı qızı ona  səsləndi, ana, gəl, mən səni xilas edəcəm, dedi.Sevindi.

Ayağını yeyin hərəkətlə bir addım irəli atdı.Ürəkləndi.Qız yenə çayın ortasında bayaq güllükdə oturduğu kimi oturub, -ana, gəl,- deyirdi.Əllərini oan uzatmışdı.Amma bu dəfə əllərində ağ güllər yox idi.

-Ana, gəl, ana.

-Gəlirəm, quzum,- deyə çayın ortasına tərəf addımladı.Arxadan bağıran səslər nəsə deyirdi.Üç səs bir-birinə qarışırdı.Ancaq o bunun fərqində deyildi, o təkcə qızının səsini eşidirdi.

-Ana, gəl.

-Gəlirəm, qızım.

Qızım sən sudan çıx, üşüyərsən.

-Yaxşı, ana, sən gəl.İkimiz birlikdə çıxarıq.

Ana dizə qədər suya batmışdı.İrəliləmək çətin idi.Çünki çay gur axırdı.Ortada çayın iki daş  arasında dayaz axan yeri vardı, qız orada oturmuşdu.Əlini uzadıb anasını da oraya çəkdi.Ana suyun sakit yerinə çatanda qız əlini buraxdı, yox oldu.Ana, qızım, qızım, deyib boylandı, baxdı, qızı isə ağ güllərin arasında yox olduğu kimi burada da yox oldu.Suyun durmuş kimi sakit ləpəsiz bir yeri vardı.Gözü oraya sataşdı, qızı oradan baxır, ana, deyə əlini uzadırdı.

Geri dönüb baxdı, adamlar çayın lap ləpədöyənində dururdular.Üçü də bir yerdə idi.

O çayı yarıb keçə bilməzdi.

Oturdu.

Qızının göründüyü ləpəsiz yerə əyildi.Qızın üzündən öpdü.Suyu öpdü.Qızını öpdükcə balasını içinə çəkirmiş kimi su uddu.

Bir udum. Bir nəfəs aldı.İki udum.Bir nəfəs aldı.Üç udum -bir nəfəs.Qırıq qırıq nəfəs aldı.

Dörd udumda nəfəsə yer qalmadı.Su beyninə işlədi.Başını çəkdi sudan.O həmişə suda boğulmaqdan qorxardı.Amma indi su onun xilaskarı idi.

Hər nəfəs yerinə su udduqca gücü tükənrdi. Çökdü.Əllərini suyun içində qızına uzadaraq özü də suyun için uzandı.Üzü, gözü suya qərq oldu.Titrədi.Çabaladı, ancaq başını sudan çıxarmadı.Bir an, bir an sudan çıxmaq, yaşamaq istədi, amma başı üstündəki adamları düşünüb başını sudan çıxarmadı.Düşüncələri itdi.Titrədikcə çaya başını daha da bərk batırdı.Allahım əv et, bu intihar deyil, bu xilasdır, dedi.Sənə pənah gətirir kimi suya pənah gətirdim, Allahım, sən məni təmiz qəbul elə.

Su saçlarını islatdı, dağıtdı,daradı.

Su paltarlarını islatdı, külək qovzayıb qovuq kimi qaldırdığı ətəyi islanıb ağırlaşaraq bədənini örtdü. Suyun axarına qarşı uzanmışdı. Su başından axıb ayağından çıxırdı. Sahildəki üç adam baxa- baxa qaldı. Səsləri kəsildi.

Qadın daş kimi düşmüşdü, tərpənmirdi. Adamlar üçü də bir birinə aman verməyərək qaçıb uzaqlaşdılar.

Hava qaraldıqca soyuyan çay qadının artıq hissiyyatsız bədənini tam soyutmuşdu. Soyuq və rahat.

 

(Visited 196 times, 1 visits today)