Sim-sim.az

“Ayla” – Zeynəb İsgəndər

 

Nəhayət ki, uzun müddətdir hərkəsin paylaşdığı, haqqında danışılan, 2018-ci il tarixində keçiriləcək 90-cı Oskar mükafatının "Əcnəbi dildə olan ən yaxşı film" nominasiyasına  namizədliyi irəli sürülən, (lakin sonda qısa siyahıya düşməyən) Türkiyə və Cənubi Koreyanın birgə istehsalı  “Ayla” filmini izlədim. Kinozala girən kimi yerli istehsal olan "yüngül" bir komediya filminin treylerini izləmək məcburiyyətində qaldıq ("Göndermeden duramıyorum" (c)). Sonra film başladı. İxtisasımın verdiyi qayğıdanmı irəli gəlirdi ya başqa nə səbəb oldusa, ilk olaraq gözüm ssenaristin adını gəzdi. Amma işin qəribə tərəfi odur ki, titrlar "Quruluşçu rejissor","Musiqi","Prodüser" və "Rejissor" ardıcıllığı ilə ekranda görüldü. Və filmin sonunda jenerik bitdikdən sonra lap kiçik titrlarla gördük ssenaristin adını: Yiğit Güralp. Evə gələn kimi bu məsələni internetdə araşdırmağa başladım.

"Yayılan məlumatlara görə" ilə başlayan bir cümlə qura bilməyəcəm, çünki yayılan məlumatların hamısı bir-birindən fərqlənir. Bəzilərində ssenarist müsahibə verərək özünü müdafiə edir, bəzilərində isə prodüser. Eyni problemlə qarşılaşmış biri olaraq deyə bilərəm ki, məsələ hər nə olursa olsun, yaradıcı insanın adını yaradılan əsərdən kənarda saxlamaq, gözardı etmək qətiyyən incəsənət etikasına uyğun davranış deyil.

Film başlayan kimi Ali Atayı görməyin verdiyi xoşbəxtlik hissim ifadəolunmaz idi.(Filmdə rol almasından əvvəlcədən xəbərim yox idi). Film boyu ona olan heyranlığımı gizlətmədən, üzümdə yersiz bir təbəssümlə izlədim Ali Atayı və o da bizim sevgimizi ona qazandıran Məcnun obrazından heç çıxmamağa and içmiş kimi oynadı Ali obrazını. Filmin ilk səhnələrində Türkiyənin 40-cı illər -təsviri geyimlər, musiqi və s.detallarla olduqca yaxşı yaradılmış, tamaşaçını tarixi səyahətə çıxarmağı bacarmışdır.

 Türk əsgərlərin Koreyaya yola düşməsinin ardınca başlayan əsgərlik, müharibə təsvirləri olduqca zəifdir. Daha doğrusu burda müharibənin sözü belə gedə bilməz. Bir-iki "aksiyonlu döyüş səhnəsi" çəkməklə özünü çətinə salmaq istəməyən rejissor heç bunun öhdəsindən də gələ bilməyib. Filmin bir hissəsində Ali Atayın başındakı dəbilqəyə güllə dəyir və ona heçbir şey olmur. Heç dəbilqəyə də. İlahi!O necə biyabırçı bir səhnə idi?! Zaldan çıxmamaq üçün özümü güclə saxladım. Və rejissor öz səhvini qabartmaq üçün ardınca göstərilən döyüş səhnəsində əsgərin başındakı dəbilqəyə güllə açılaraq ölməsini təsvir edir. Biz sadəcə türk əsgərinin şücaətini görürük. Nə müharibənin fəsadları, nə siyasi məsələlər, nə digər insanlar. Film sanki öz qəlibinə sıxılaraq yalnız öz ətrafını görməyimizi tələb edir. Sadəcə bir iki epizodda məşhur "Oskarlı aktyor" Eric Robertsi gördükdə bu müharibənin Türkiyənin hansısa kəndində yox, sərhədlərdən çox-çox uzaqda və birdən çox dövlət arasında baş verdiyini, müəyyən siyası məqsədlərə qulluq etdiyini az da olsa başa düşmək olur.

 Türkiyədəki yaxınları ilə əsgərlərin bu qədər rahat əlaqə saxlaya bilməsi, məktublaşması, Koreyada Türk radioların bu qədər rahat dinlənməsi, Aylanın tapılmasından sonra bu qədər qısa müddətdə və sərhədli şəraitdə onun Süleymana bağlanması, türk dilini bu qədər rahat öyrənməsi olduqca mübaliğəli səhnələrdir. Filmdə əsas qıcıqlandırıcı məqam insan humanizminin sadəcə türk əsgəri üzərində qurulmasıdır. Ayla ilə Süleyman arasında qurulan bağ olduqca yüksək tematik potensiala sahib olsa da rejissor bunu bəşəri dərəcəyə qaldıra bilməmiş sadəcə türk əsgəri üzərində saxlayaraq yoluna davam etmişdir. Halbuki əldə olan xammaldan möhtəşəm bir mövzu çıxarıb, insan humanizmini, dillərin və dinlərin, siyasi baxışların və mövcud şəraitin necə olmasından asılı olmayaraq insanlar arasındakı sevgi və bağlılığı, müharibənin insan üzərindəki dərin mənəvi yaralarını olduqca yaxşı təsvir etmək olardı. Bütün bunların olmamasının əsas səbəbi "Ayla"nın bir film olmaqdan daha çox üstünə milli bir vəzifə qoyulmuş və tarazlığını saxlamaqda zorlanan bir layihə xarakteri daşımasıdır.

 Filmin ikinci bölümündən sonrası isə birinci ilə müqayisədə daha da zəifdir. İlk olaraq rejissor buna necə laqeyd yanaşıb anlamıram, amma aktyor seçimi olduqca uğursuzdur. Gəncliklərini gördüyümüz insanlar ikinci bölümdə yaşlanmır – sanki ölür və yerlərində yeni insanlar doğulur. Süleymanın sadəcə xarici görünüşündəki deyil, xarakterindəki uyğunsuzluq da tamaşaçını qıcıqlandıra bilər. Ardınca onu deyim ki,real həqiqətlərə əsaslansa belə film sənədli film deyil və bu o deməkdir ki, ssenarist və rejissor istədiyi bədii fikri filmə əlavə edə bilərdi. Lakin əsas məqam gözardı edilib. Süleymanın bu qədər uzun illər ərzində Aylanı axtarmamasına və ya axtarıbsa da, uğursuz olmasına tutarlı bir maneə ortaya qoyulmayıb. Və həmçinin filmin sonunda tamaşaçıda belə bir sual yaranır-"Bəs Ayla nə üçün bu qədər uzun illər boyu Süleymanı axtarmayıb?"

Bəlkə də axtarıb, amma rejissor bizi bundan bixəbər saxlayır.

 Ümumilikdə isə filmlə bağlı ən yaddaqalan təəssüratım ağlamaq həvəsimin qursağımda qalması oldu. Ətrafdan davamlı olaraq eşitdiyim rəylər yalnız və yalnız "Ayla"nın "ağlamalı" film olması ilə bağlı idi. İlk olaraq düşündüm ki, bəlkə mən duyğusuzam amma deyil. Əksinə rejissorun zorla ağlamalı səhnə çəkməyə cəhd etməsi, əslində olduqca istedadlı olan aktyorları seçsə belə bu hiss ötürə bilməməsi olduqca gülünc və miskin bir mənzərə yaradırdı. Sanki rejissor "Birinci bölümdə ağlada bilməsəm də ikinci bölümə Çetin Tekindoru (İsmail Hacıoğluna oxşamasa belə) çəkim bu adam mütləq ağladar" deyib xüsusi cəhdlər göstərmiş, "Yaxşı, siz hələ də kinodu deyib ağlamayın" deyərək xronikal kadrlarla filmi sonlandırmışdır.

(Visited 236 times, 1 visits today)