Sim-sim.az

Babək Abbaszadə – Tüstü

Həmidin işləri qaydasında gedirdi. İşlədiyi kompaniyada ən gənc departament müdiri idi. Artıq hamı dəqiq bilirdi ki, 5 il sonra kompaniyanın direktoru Həmid Səfərovdur.

Ailə həyatında da Həmidin bəxti üzünə gülmüşdü. Onun ağıllı, işgüzar həyat yoldaşı və şirin, balaca, ağıllı bir qızı – Fidanı var idi. Onlar bu yay məzuniyyəti Cənubi Amerikada keçirməyi planlamışdılar.

O dostlarından, Sevdadan, hətta balaca Fidandan belə uzaqda bir neçə gün, bəzən bir neçə həftə və hətta bir neçə ay ayrıca yaşaya bilərdi, amma onun bir dostu var idi ki, Həmid bir saat ondan ayrı qalanda ürəyi sıxılır, əsəbləşir, əli işdən soyuyur, hər şeydən qıcıqlanırdı. Bu onun bir nömrəli dostu, artıq 4 il idiki hər yerdə, həmişə onun yanında olan siqareti idi. Bu qədər uğurların içində Həmid tüstüdən aldığı həzzi heç nədən ala bilmirdi. Ümumiyyətlə, siqaret çəkməyə başlayandan sonra onun həzz anlayışı dəyişmişdi. Həzz deyəndə yadına siqaret, siqaret deyəndə yadına həzz düşürdü. 
O, siqaret çəkməyən adamları başa düşə bilmirdi. Bu qədər ucuz, davamlı həzzdən insan necə imtina edə bilər? – düşünürdü. Hətta bəzən o ağ eləyib siqaret çəkməyən adamlara axmaq və mənasız adamlar kimi baxırdı. Kimsə siqaretin zərərləri haqqında danışanda fikirləşirdi ki, “əşşi 5-10 ildə tez ölərəm də, onsuz da, o vaxta kimi həyatın bütün başqa həzzlərini də yaşayacam, qoy bircə direktor olum”. (Əvvəllər də fikirləşirdi ki, qoy bircə departament rəhbəri olum)

***
Hər şey beləcə öz qaydasında davam eləyir, o səhər işə axşam da evə tələsirdi – korporativ bir görüşdə o qəfildən qusana qədər.

Axşam o gözünü palatada açanda anası və Sevda ağlayır, dostları və iş yoldaşları sifətlərinə maksimum kədər ifadəsi verib maraq və həyacanla ona baxırdılar. Onlar çox eşitsələr də ilk dəfə idi ki, xərçəng olmuş bir adamı bu qədər yaxınlıqdan görürdülər. Xüsusən, siqaret çəkən dostları təlaş və qorxu ilə, sanki, elmə yenicə məlum olmuş hansısa qorxulu heyvana baxırdılar. Ondan nəsə gizlətməyə ehtiyac yox idi, o ağciyər xərçəngi idi və bunu ona elə həmin axşam dedilər. Xərçəng sözünü eşidəndə, sanki, ürəyi bir neçə saniyəliyə dayandı, sonra nə fikirləşdisə yenidən döyünməyə başladı, amma nəsə başqa cür döyünməyə başladı. Ümumiyətlə, həmin gecə o dəyişib tamam başqa adam olmuşdu. Yaddaşı, düşüncələri, insanlara, karyeraya, həyata münasibəti tamam dəyişmişdi. Əvvələr heç yadına düşməyən şeyləri xatırlayır, əvvələr zəhləsi gedən dostlarını indi daha çox görmək istəyir, əvvələr heç fikir vermədiyi şeylər indi onda çox güclü və qəribə hisslər oyadırdı, məsələn, yazın gəlişi.

O palatanın pəncərəsindən xəstəxana ilə üzbəüz olan avtobus dayanacağını, avtobus gözləyən insanları çox böyük diqqətlə izləyirdi. Mülayim bahar Günəşi canlanmış həyatı daha da canlandırırdı. Gənclər daha zövqlə bəzənmiş, insanlar daha çox al-əlvan paltarlar geyinmişdilər. Buna görə də, onlara toxunan Günəş şüaları onlara dəyib ətrafa səpələnirdi. İnsanlar ətrafa həyat enerjisi saçırdılar, onlar avtobusun gəlişini çox böyük həvəslə gözləyir, avtobus yaxınlaşanda ona doğru elə böyük həyəcanla addımlayırdılar ki, sanki, hamısı çox mühüm yerə tələsirdilər. Dayanacaq xəstəxanadan cəmisi 50-60 metr və ya 2 dəqiqəlik uzaqlıqda olsa da, amma onunla bu xoşbəxt dayanacaq arasında, sanki, minlərlə kilomter, illərlə zaman dayanırdı. İndi o hər şey eləməyə hazır idi ki, bircə yenidən ora, bu adi, sıradan, “uğursuz” amma xoşbəxt insanların arasına qayıtsın, onlardan biri olsun.

Əvvəlcə həkimlər onunla ən yaxın dostunun görüşünü qadağan elədilər. Siqaret qəti qadağan olundu. Beləliklə, hamıdan birinci onu, ən yaxın dostu tərk elədi. Dayanacaqda dayanıb siqaret çəkə-çəkə avtobus gözləyən adamları görəndə pəncərəni açıb qışqırmaq, onlara nəsə demək istəyir, amma sonra fikrindən daşınırdı. Ona elə gəlirdi ki, nə qədər güclü qışqırsa da səsi heç vaxt gedib o dayanacağa çatmayacaq. Daha xəstəxana divarlarından kənarda heç kim onu eşitməyəcəkdi. Artıq Həmidin o insanlara heç bir dəxli yox idi. O oyundan kənarlaşdırılmışdı.

Daha sonra həkimlər Fidanı onun yanına gətirməyi qadağan elədilər. Çünki uşaq onu görüb qorxa bilərdi. İndi o, arıqlamış, saçları, qaşları, kiprikləri belə tökülmüşdü. Başı bədəninə nisbətən xeyli böyük görsənirdi. Gözlərinə, sanki, şpris soxub suyunu çəkmişdilər. Onlar balacalaşmış, sönmüşdülər və daha heç nəyi ifadə eləmirdilər. Gözlərinin altı qaralıb torbalanmış, sifətinin dərisi sallanırdı. Diz qapaqları böyümüş, ayaqları nazikləşmiş, beli bükülmüşdü. Sinəsində böyük bir çuxur əmələ gəlmişdi. Günün çox hissəsini uzanıqlı vəziyyətdə keçirir, hərdən güc bəla ilə durub yatağın içində oturur, gözlərini pəncərədən dayanacağa zilləyib fikrə gedirdi. Oturanda o qədər halsız olurdu ki, həyatında ilk dəfə cazibə qüvvəsinin gücünü bu qədər hiss edirdi. Yer bütün var gücü ilə onu özünə çəkib udmaq istəyirdi. Ona elə gəlirdi ki, indicə sümükləri bu təzyiqə dözməyib çilik-çilik olacaqlar. Dəqiqələrlə dayanacaqda ayaq üstə duran adamlara baxıb fikilərşirdi ki, görəsən, onlarda bu qədər güc, bu qədər enerji hardandırki, onlar köməksiz-filansız bu qədər ayaq üstə dura bilirlər.

Hər gün bədəninə müxtəlif üsullarla müxtəlif növ kimyəvi maddələr, dərmanlar, antibiotiklər yeridirdilər. Hər şeyin mənasızlaşdığı bu fani dünyada indi onun üçün iki əbədi şey var idi: Başağrısı və ürəkbulantısı. Sanki, kimsə iki əlli onun başından yapışıb var gücü ilə yan tərəflərindən içəriyə doğru sıxırdı və ürəyi o qədər bulanırdı ki, sanki, mədəsində zibilxana var. O, hətta, keyidici iynələrin təsiri altında yatanda belə başağrısı və ürək bulantısı ondan əl çəkmirdilər.

Çöldə insanlar yenə də həvəslə bəzənib tez-tez saata baxa-baxa harasa tələsirdilər. O isə sadəcə ət, sümük və qanın qarışığından ibarət olan, oturub ölümünü gözləyən məzlum bir varlığa çevrilmişdi. Düzünə qalsa, rəngi o qədər saralmışdı ki, onun bədənində qan qaldığına heç kim inanmazdı. O artıq sadəcə bir müqəvva idi. Fidanın şəklini telefonda ona göstərəndə diqqətlə baxır, nəyisə xatırlamağa çalışır, amma heç nə xatırlaya bilmirdi. O daha ətrafda baş verənləri tam dərk eləmirdi. Onu bu vəziyyətdə görmək istəməyən dostları daha onun yanına gəlmirdilər. Həvəslə bir-birini inandırırdılar ki, daha nə mənası var, onsuz da heç birimizi yaxşı tanımır. Onu dünyada hamıdan çox sevən Sevda onun bu vəziyyətini görəndə ürəyi dözmür, şüuraltında onun yanına getməmək, o miskin mənzərənin şahidi omamaq üçün bəhanə axtarır amma tapa bilmirdi. O, hər səhər yuxudan duranda telefona baxır, özü də fərqində olmadan Həmidin öldüyü haqda bir xəbər eşitmək istəyir, tapmayanda yenə də o cəhənnəmə getməli olduğuna görə, sevdiyi insanın ölümünü anbaan izləməli olduğuna görə həyata nifrət eləyirdi.

Hər günorta yenə də onun üçün suda qaynadılmış, duzsuz, yağsız, pis iy verən bitkinin iyrənc qoxusu palatanı bürüyürdü. Əvvəlcə onun ağzını açıb qaşıqla bu iyrənc yeməyi onun boğazından aşağı tökürdülər. Amma hər dəfəsində o yenə də 10 dəqiqə sonra başını yataqda sola çevirir və bütün hamsını yatağa qaytarırdı. Baxmayaraq ki daha heç nə yemirdi, amma o qədər kimyəvi maddələr və dərmanlar udurdu ki, gündə bir dəfə altını batırırdı. Buna görə artıq o medsestralara da “sərf eləmirdi”. Ona görə hər gün aldıqları 5 manata dəyməzdi. Onun altını dəyişdirirdilər amma onların şablon qarğışı isə dəyişmirdi. “Allah vurmuş ölüb rədd olmadı canımız dincələ, yiyələri də gəlib zibillərinə sahib çıxmır, elə bil dədələrinə borcumuz var”. 
Bir dəfə onun qorxduğu şey başına gəldi, o, Sevdanın yanında altını batırdı. Buna görə o həddən artıq çox utandı.Amma nə qədər çalışdısa da, üzr istəməyə gücü çatmadı, dili söz tutmadı, sadəcə gözlərini aşağı dikib ağladı. Bu hadisədən sonra Sevdanın beynində özündən xəbərsiz proseslər baş verdi, daha beyninin şöbələri ona tabe olmurdular. Əvvəlcə onlar özlərindən uydurdular ki, guya, Həmid tanış adamları görəndə onlara görə həyəcanlanır və altını batırır və guya ki, o möhkəm həyəcanlansa ürəyi dayana bilər, gərək, yaxın adamları onunla çox görüşməsinlər. Sonra onlar Sevdanı da bu hipotezə inandırdılar və o da “Həmidin xatirinə” onunla görüşlərə son verməyə məcbur oldu. Daha anasından başqa heç kim ona baş çəkmirdi.

Artıq həyatının son günlərini yaşayırdı. Həkimlər bunu dəqiq bilirdilər. Xəstəxananın deposunda qalıb vaxtı keçmiş dərmanları və kimyəvi maddələri yedizdirməyə ondan gözəl namizəd yox idi. Həkimlər atası ilə danışıb kişini aldatdılar ki, guya, hələ də ümid yeri var, əgər o istəsə yarı qiymətə müalicəni davam elətdirə bilərlər. Atası aldadıldığnın fərqində olsa da, gözlərini yerə dikdi, biraz fikrə getdi,sonra nə qədər çalışdısa da yox deyə bilmədi, başı ilə sakitcə təsdiqlədi. Yalan olduğunu dəqiq bilsə də, saxta da olsa, ona ümid lazım idi.

Artıq dərmanların sayı 3 dəfə artmışdı. Əvvəlcə medsestralar dərmanları dəqiq sayırdılar. Sonra onlar da söhbəti başa düşdülər və daha dərmanları saymırdılar, sadəcə qaşıqlayıb onun ağzına tökrdülər, üstündən də bir stəkan qaynanmış ilıq su. Suyun yarısı onun boğazına gedirdi, yarısı yastığa tökülürdü. Daha onun yastığını da dəyişdirmirdilər. Onsuzda 2-3 günə öləcək, nə fərqi var quru yastıqda yatır ya yaş ? – medsestralar düşünürdülər. Dərmanların yarısı onun mədəsinə gedir yarısı da ilişib ağzında, dilinin altında qalır, onsuz da zəhər dadan ağzını lap zəhərə döndərirdilər. Daha medsestralar iynə vuranda nə ona, nə də özlərinə əziyyət verib onu ağzıüstə çevirmirdilər. Onun aciz və müti hala düşməsindən istifadə edib şprisi hardan gəldi soxub, adətən budundan, vaxtı keçmiş kimyəvi zəhərləri onun bədəninə yeridirdilər.

***

Onun ürəyi sonuncu dəfə qızmar və bürkülü bir avqust gecəsində son dəfə döyündü. Zəifləmiş və məhv olmuş bədən kondisionersiz palatada bürküyə tab gətirmədi.
Səhərisi gün hamının üzərinə gizli bir yüngüllük çökdü. Çünki daha onlar ona baş çəkmədiklərinə görə vicdan əzabı çəkməyəcəkdilər. Onu necə lazımdırsa, ədab-ərkanla basdırdılar və tez tələsik kondisioenrli yas palatkasına qayıtdılar. Palatkadan onun təzəcə departament müdiri olarkən bahalı kostyumda çəkdirdiyi xarizmatik şəkli asılmışdı. Dostları onun şəklinə baxanda yemək yediklərinə görə utanırdılar. Çünki şəkildən baxan onların dostu idi, amma bayaq bastırdıqları kim idisə onlara dəxli olmayan başqa bir adam idi, heç onu tanımırdılar da. Ona görə də yemək yeyəndə heç kim onun şəklinə baxmırdı.

***

Bu gün onun dostları maşınlarına sərin pivələr doldurub birlikdə dənizə getmişdilər. Atası da iş yoldaşları ilə birlikdə onlardan birinin bağ evinə yeyib-içməyə getmişdi. Anası və bütün ana qohumları dayısıgilə yığışıb dayısı oğlunun toyuna hazırlaşıdılar. Bacısı və qardaşı öz ailələri ilə birlikdə rayonların birində istirahət eləyirdilər. Sevda yeni həyat yoldaşı, Fidan isə yeni atasi – uğurlu iş adamı Samirlə Cənubi Amerikada səyahətdə idilər.

Bu gün o qurumuş otların arasındakı, qızmar avqust günəşinin yandırdığı isti başdaşından ətrafa nə qədər boylansa da, heç kim gəlmədi. Bu gün onun ölümündən 5 il keçirdi. İlk dəfə idi ki, ölümünün ildönümündə o heç kimin yadına düşmədi. Sanki, heç belə bir adam olmamışdı.

(Visited 72 times, 1 visits today)