Sim-sim.az

Birləşmə – Azər Qaraçənli

Sim-sim.az Azər Qaraçənlinin "Birləşmə" hekayəsini təqdim edir. 

 

On yeddi mərtəbəli binanın on yeddinci mərtəbəsindəki ofisdə qızğın söhbət gedir. Qışın oğlan çağıdı. Şəhərdə işıqlar sönüb. Ofisdə işləyən jurnalistlər isti otaqlardan birinə yığılıb söhbətləşirlər. Ayrı vaxt bütün günü başları işə qarışıq olur, heç düz-əməlli bir-birilərini görə də bilmirlər. İndi işıq sönüb, bekarçılıqdı, oturub ordan-burdan danışırlar. Arabir, yenə bekarçılıqdan, çıxıb dəhlizdə var-gəl eləyənlərdən biri bu otağın qapısını açır, adamların bir yerə toplaşdığını görüb sevinir, elə bil onlara qoşulmağa icazə istəyirmiş kimi gülə-gülə “Bura nə istidi” deyir, otaqdakılar da bir ağızdan “Keç, keç içəri” çığırışır, öz yerlərini dar eləyib, söhbətin meydanını genəldirlər.

Söhbət ondan gedir ki, ölkə qışa hazır deyil, xata olub bir az qar yağıb, aləm bir-birinə dəyib, gündə işıqlar sönür, iş o yerə çatıb metroda da işıq sönüb, camaat tuneldə qalıb, gördükləri iş budu, guya elektrik xətlərini təzələyiblər, milyonlarla pul ayırıblar, basıb yeyiblər, ona görə bir az işıq işlənən kimi xətlər dözmür, partapart partlayır.

– Özlərinin nə vecinə. Hamısının villasında generator var, qazları da gəlir, suları da.

– Toxun acdan nə xəbəri…

– Hamı belədi, vallah. Birinin vəziyyəti bir az düzələn kimi elə bilir dünya düzəlib.

– Bilirsən, insan eqoist varlıqdı. Tolstoy “İvan İliçin ölümü”ndə yazır, İvan İliç öləndə iş yoldaşları sevinir ki, nə yaxşı ölən mən deyiləm. Hamı bir fəlakətə düşən adamı görəndə fikirləşir ki, nə yaxşı bu mənim başıma gəlməyib.

– Şükür eləyir, hə… Ay Allah, məndən uzaq elə. Qulağını çəkir. Başqasının dərdinə acımaq əvəzinə. İnsan belədi.

– Zarafatsız, o gün o qarda-çovğunda bir yasa getmişdim, Allaha ağır getməsin, öz-özümə dedim, nə yaxşı bu yas bizim evdə düşməyib, belə çətin gündə…

– Burda görünməmiş nə var? Əslində bu, normal şeydi.

– Nəyi normal şeydi? Başqasının dərdinə şərik olmaqdan şükür eləyirsən, budu normal?

– Bizim hansımız belə deyilik?

– Hə, bu başqa məsələ. Hamımız beləyik.

– Bəli, hamımız beləyik. İnsan ancaq özünü düşünür. Başqasını düşünmək yalandı.

– Yalandan özünü elə göstərir.

– İnkişaf eləməmişik.

– İnkişaf elədik-eləmədik, beləyik. Mən də beləyəm, sən də eləsən, o da elədi…

– Mən də eləyəm.

– Mən də…

– Mən lap betərəm.

– Sən lap qol götürüb oynayırsan, hə, birini ölən görəndə?..

Gülüşmə.

– Ay can, ay can, filankəs ölür.

– Ay can, ay can, filankəs boğulur.

– Filankəsin ayağı sınıb, can e…

Hamı gülüşür.

İşıqlar sönüb, ona görə qızdırıcılar da işləmir, otaq yavaş-yavaş soyuyur. Arabir kimsə çıxır, papağını qoyub, gödəkcəsini geyinib, əlcəyini taxıb qayıdır.

– Görünür, başqa yol olmayıb. Allah baxıb ki, insanı eqoist yaratmasa alınmayacaq. İnsan özünü qorumayacaq, öz üstündə işləməyəcək, inkişaf eləməyəcək, kamilləşməyəcək.

– Deməli, kamil adam eqoistdi?

– Yəqin ki…

– Məncə, tamam tərsinədi. Kamil adamda eqoizm ola bilməz. Eqoizm adi adamlar üçündü. Yəni sənin dediyin kimi, adamların çoxu adi adam olduğuna görə onlara eqoizm lazımdı, olmasa vaxtından tez ölüb gedərlər. Amma kamil adama eqoizm lazım deyil. Onu yaşadan eqoizm deyil.

– Bəs o, kamil olana kimi eqoist olmayıb?

– Olub.

– Deməli, onun da ömrünün çoxu eqoizmlə keçib. Yaşının çoxunu eqoist olub. İndi elə olmasa da.

– Kamil adam nə qədərdi ki?

– Az.

– Məsələn?

– Lap az.

– Bir milyon adamın neçəsi kamil ola bilər?

Hamı çiynini çəkir.

– Bir milyon adamın heç olmasa yüz minlərləsi kamil deyil, elədimi? Adi adamlardı. Biz də adi adamıq, elədimi? Kamil deyilik ki? Qonşularımız da adi adamlardı. Aşağı mərtəbədəkilər də. Ona bax, gör aşağıda nə qədər maşın gedir, onu sürənlərin hamısı adi adamdı. Yüzdə-mində güman var biri kamil ola, ya olmaya. Deməli, bizim hamımız, qonşularımız, aşağı mərtəbədəkilər, bu binada olanların, çox güman, hamısı, bu dəqiqə o yoldan keçən maşınlarda oturmuş adamların yəqin bircə-bircə hamısı başqasının ölümünə sevinən adamlardandı. Hamı birinci özünü düşünür. Ona görə bütün işlər şəxsi maraq üstündə qurulub. Şəxsi maraq olmasa, batar bütün işlər.

İşıq yanır.

– Ura!.. – Otaqdakılar əl çalır.

– Getdik şəxsi marağımızın dalınca.

Dəhlizdə biri güzgüyə baxır. Divar boyu lay güzgüdə otaqdan çıxan başqa adamlar da görünür. “Mən güzgüdə özümə baxıram. Bu da bir cür şəxsi maraqdı”.

Bir azdan kimsə deyir ki, otaqdan yanıq iyi gəlir, plitəni çıxarmaq lazımdı, deyəsən, taxılan yeri qızır. Sonra o biri deyir ki, işıq yananda siz plitənin yerini dəyişdiz, ona görə iy verir, yəqin indi taxdığınız yerdə boşluq var, qızdırır. Bunu deyib, plitəni əvvəlki yerinə taxır, o dəqiqə də hamı təsdiqləyir ki, iy çəkildi, elə sən deyənmiş.

– Gördüz, kəlləyəm e…

Hava soyuq olsa da, arada pəncərəni açıb otağın havasını dəyişirlər. “Bayaq da uşaqlar doluşdu içəri, – deyirlər, – otağın havası ağırlaşdı”.

Arada işıq “göz vurur”, plitəni  çıxarırlar ki, xətlər gücə düşüb, indicə sayğac atacaq, eybi yox, bir az soyuq olsun, amma işıq sönməsin. Hava qaralandan sonra işıq iki dəfə sönüb-yanır. Xəbər tuturlar ki, bunun şəhərdəki qəzaya bağlılığı yoxdu, işıq binanın özündə yanıb-sönüb. Bina sahiblərinin qarasınca deyinirlər. Bu bina iki ildi tikilib, neçə mənzilində yaşayış var, ancaq hələ qaz verməyiblər. Ona görə hamı hər şeyə işıq yandırır. İşıq xətləri də bu gündə. Özü də qarda-boranda. Lifti gündə iyirmi dəfə xarab olur. Bütün şəhərdə işıq sönüb-yananda bəlkə də ən axırda bu binanın işığı yanmışdı.

İş vaxtı yavaş-yavaş sona çatır, işçilər iki-iki, üç-üç sağollaşıb gedirlər.

Axıra qalan adamlar elə yır-yığış elədikləri vaxt işıqlar tez-tez titrəməyə başlayır. Blokdan içəri yanıq qoxusu – yanmış rezin iyi vurur. Hamı başa düşür ki, bu, elektrik məftillərinin iyidi, o qədər qızıb ki, iyi içəri gəlir. Ofisin çöl qapısı tez-tez açılıb-bağlanır, dəhlizdə, blokda səs-küy, çaxnaşma düşür.

– Tüstüləyir, – deyirlər. – Əməlli-başlı tüstüləyir, bu dəqiqə yanğın olacaq.

– İşıqlar keçəcək, – deyirlər. – Bu dəqiqə işıqlar keçəcək. Gör necə titrəyir! Çıxmaq lazımdı.

– Ofisin qapısını bağlayaq, hamımız düşək aşağı. Necə fikirdi?

– Çıxın da, çıxın, bəs siz niyə durmusuz? Hamı düşsün aşağı. Düşün, biz də gəlirik. Bu kimin gödəkcəsidi? Götür, düş aşağı.

– Mənim əlcəyim hanı?

– Nə əlcək? Əlcək vaxtıdı?!..

İşıqlar keçir.

– Üff… Bu nə iydi? Qapını bağlayın. Boğuldum iydən.

Qapını bağlayırlar.

– Min dəfə zəng eləyib dedim ki, gəlin bu xətləri dəyişin. Sən bu gün fikir verdinmi burda məftillər nə gündəydi? Kimə deyirsən. Gözləyirlər bir yanğın olsun, sonra dəyişsinlər.

Ofisdə olan adamlar elə bilirlər təkcə onların mərtəbəsindəki elektrik naqilləridi tüstülənib iy verən, xəbərləri yoxdu ki, naqillər aşağı mərtəbələrdə də tüstüləyir.

– Çıxın, çıxın, – alaqaranlıqda gödəkcəsini axtaran adam qışqırır. – Gözləmək olmaz. İyə bax!

Qapını açıb bloka çıxan üç adam qəfildən ağız-burnunu tutub başılovlu geri qaçır. Qapını da şaqqıltıyla arxalarınca örtürlər.

– Niyə qayıtdız?

– Çıxmaq olmur.

– Necə olmur? Çıxmaq lazımdı! – Bunu deyən adam qapını açıb bloka boylanır. Qara-boz duman bir göz qırpımında onu necə öz zəhərli burulğanına alırsa, qapını çırpıb pəncərəyə sarı qaçmağı bir olur. Otaqda pəncərəni açıb başını çölə çıxarmış iş yoldaşına qoşulub öskürə-öskürə zəhəri boğazından arıtlayır.

Ofisdə qışqırıq qopur:

– Eyvana! Eyvana! Hamı eyvana çıxsın!

Ofisin iki eyvanı var: biri binanın qabağına, o biri arxasına baxır. Əvvəl hamı qabaq eyvana yönəlir. Eyvan balaca, adam çox. Sonra bir neçəsi arxa eyvana çıxır. Qabaq eyvandan baxanda məsələnin nə yerdə olduğu aydınlaşır. Aşağıdan yuxarı blokun şüşəsiz pəncərələrindən qara zəhər tüstüləyir. Ən azı on mərtəbədə blok boyu elektrik naqilləri yanır. Bu nazik naqillərin nə qədər tüstüsü varmış! Bu tüstü hamıya tanışdı. Maşın təkərinin yandığını hamı görüb. İndi elə bil neçə-neçə təkəri üst-üstə qalaqlayıb yandırmısan.

Adamlar bir-birini eyvana çıxmağa səslədiyi vaxt ofisin qapısı bir dəfə də açılıb-bağlanır. İşçilərdən biri bir cavan oğlanı sürüyə-sürüyə içəri salır.

– Bu kimdi?

– Bilmirəm. Blokdan çıxarmışam.

– Bizim seminara gələn uşaqlardandı deyəsən.

– Hə, hə, seminara gələndi.

– Zəhərlənib!

– Nəfəs ala bilmir!

– Eyvana, eyvana çıxarın onu!

“Seminara gələn uşaq” özündə deyil. Gözləri hədəqədən çıxıb, boğula-boğula qalıb, nəfəsi öskürəklə gedib-gəlir. Onu blokdan çəkib çıxaran adam günorta otaqda “İnsan eqoist varlıqdı. Tolstoy yazır, İvan İliç öləndə iş yoldaşları sevinir ki, nə yaxşı ölən mən deyiləm” deyən adamdı. O, ofisin bir küncündə hələ öz enerjisi hesabına işləməkdə olan kompüteri söndürməyə qaçanda çöldən səs eşidib. Həmin küncdən bloka bir çıxış var, işləmir, qapısı həmişə bağlıdı. O qapının arasından eşidib ki, çöldən kimsə köməyə çağırır. Keçib bu biri qapıdan bloka – zəhərli qaranlığa çıxıb. “Kimdi? – qışqırıb. – Burda kim var?”  İrəli gedib, qatı duman seminarçını görməyə imkan verməyib. Əl-qolunu havada yelləyə-yelləyə irəliləyib, xırıltı eşidib, bir az da irəliləyib, əli seminarçıya dəyib, onu sürüyə-sürüyə çəkib ofisin içinə salıb.

Eyvana çıxmaq, demək olar, seminarçıyla başlayır. Onacan hamı eyvana çıxmağa səsləsə də, deyəsən, bunu elə-belə, quruca söz kimi deyirdilər. Seminarçını görəndən sonra aydın oldu ki, başqa yol yoxdu, eyvana çıxmaq lazımdı, aşağı düşməyi heç ağıla da gətirmək olmaz.

Eyvanın qapısı birinci seminarçı üçün açıldı. Adamlar qışqırıb “Onu eyvana çıxarın” deyəndə bir-iki nəfər qaçıb eyvanın qapısını açıq saxladı. Ofisdə qalanların arasında bircə xanım vardı. Eyvanın qapısı açılanda hələ seminarçının qoluna girən adamlar onu eyvana çatdırmamış kişilər xanıma yol verib onu eyvana buraxdılar. Demə, eyvan buz bağlayıbmış. Xanım ayağını qoyan kimi üzü üstə sürüşdü. Daş eyvanın məhəccəri qurşaqdandı. Xanım sürüşüb məhəccərin üstünə yıxıldı, ayağı yerdən üzüldü. Arxadan özünü çatdıran adam onun paltosunun ətəyindən tuta bilməsəydi, xanım özünü saxlaya bilməyib on yeddi mərtəbəli binanın on yeddinci mərtəbəsinin açıq eyvanından aşağı gedəcəkdi.

Xanımı tutan adamın özünü də tutan oldu, çünki o da sürüşürdü. Xanım elə sürüşdüyü anda o, əlini atıb paltodan yapışmışdı, xanım onu çəkib özüylə on yeddi mərtəbəli uçuruma aparsa da, əlini boşaltmamışdı, bir anda üçüncü əl də ondan yapışmışdı, üçüncü adamın bir əliylə eyvanın qapısından tutması onları uçurumdan saxlamışdı.

“Şükür eləyir, hə… Ay Allah, məndən uzaq elə. Qulağını çəkir” – günorta Tolstoydan danışan adam “Hamı başqasının fəlakətinə sevinir” deyəndə xanım ona belə cavab vermişdi.

“Mən lap betərəm” – xanımın paltosundan tutan adamın günorta dediyi sözdü bu.

“Mən də…” – onu tutan belə demişdi.

Seminarçını qabaq eyvana çıxartdılar. İşçilərdən biri ağzını dəsmalla tutub mətbəxə qaçdı, orda – tüstünün içində soyuducunu eşələyib qatıq tapdı, gətirib seminarçıya içirtdi.

“Bəli, biz hamımız beləyik. İnsan ancaq özünü düşünür” – günorta söhbətində o deyirdi. “Başqasını düşünmək yalandı” deyirdi.

Gənc seminarçı qatığı içən kimi qaytardı. “Qaytar! Qaytar!” Eyvandakılar qışqırırdılar. Yerdən buz götürüb onun alnına, üzünə sürtürdülər.

“Sən lap qol götürüb oynayırsan, hə, birini ölən görəndə”. “Ay can, ay can, filankəs ölür”. “Ay can, ay can, filankəs boğulur”. Bir neçə saat qabaq bu eyvanın beş addımlığındakı otaqda bu sözləri deyib gülürdülər. İndi də eyvanda gülüşmə qopmuşdu. Qatığın seminarçını diriltdiyini görən adam sevincək olub yenidən mətbəxə qaçmışdı. Süd tapıb gətirmişdi. Eyvanda fənəri süd qabının üstünə salıb baxmışdılar: vaxtı çoxdan keçib.

– Verin içsin, tüstünün zəhərindən pis deyil ki. Qoy bir az da süddən zəhərlənsin.

– Bu südü tüstünün üstünə atmaq lazımdı, tüstü qorxub qaçar.

– Vaxtı keçib? Mən içmişəm axı ondan.

– Onda özünü bir az tüstüyə ver, südün zəhəri çıxsın.

– Zarafatsız, mənim meyitimi yaranda məəttəl qalacaqlar. Baxacaqlar ki, hamı tüstüdən ölüb, bu süddən.

Eyvanda lağlağı başlamışdı. Biri mobil telefonla danışır:

– Alo, nə? Radiodan? Elə söhbət yoxdu, qonorarımı versinlər, məlumat verim. Yaxşı pul versinlər canlı reportaj düzəldim onlar üçün. Bəs nə? Xəbərin var yas mağarının günü neçəyədi, qəbri neçəyə qazırlar, özü də toksikoloji meyit üçün? Hələ bunun yeddisi, yox, yeddiylə üç bir yerdə olacaq, qırxı, ili var.

– Alo, vəziyyət əladı. On yeddinci mərtəbə, təmiz hava. Bir az araqdan-çaxırdan olsaydı, lap yaxşı olardı. Pivə də olar. Noxudnan…

Arxa eyvanda vəziyyət ayrı cürdü. Burda zarafatlıq hal yoxdu. Qonşu mənzilin eyvanında bir ana iki körpə uşağıyla ağlayır. Bu xəbər qabaq eyvana yetişəndə qaşlar çatıldı.

– Yazıq.

– Hələ o yaxşıdı, eyvandadı. Allah göstərməsin, kimsə blokda, liftdə qalsın, ya eyvanı olmasın, otaqda boğulsun.

– Allah eləməsin. İnşallah, olmaz belə şey.

– İnşallah!

Elə bil kimsə cavabını bilirmiş kimi hamı bir-birindən soruşur: “Görəsən blokda qalan olmayıb?”, “Görən hamı xəbər tutub eyvana çıxıb?”, “Kaş aşağıdakılar tez xəbər tutub çıxmış olaydılar”.

Ofisin arxa eyvanında olanlar ana-balaya ürək-dirək verirlər:

– Qorxma, bacı, qorxma, biz də burdayıq da. Keçib gedəcək.

– Hə, hə, söndürürlər, narahat olma, qabaq eyvanda bizim uşaqlar var, telefonla bizə deyirlər, yanğınsöndürənlər yavaş-yavaş yuxarı qalxır.

– Heç nə yoxdu, tüstüdü, gördüyün bu tüstüdü, ayrı heç nə yoxdu. Uşağı qoyma ağlasın, bacım, özün ağlayırsan, uşaqlar da sənə baxıb ağlayır.

Arada ofisin içiylə bir eyvandan o birinə qaçıb təkcə telefonla yox, canlı xəbər gətirən də olur.

Eyvanlarda buz ayaq altda əriyib suya dönüb. Tez-tez dəsmallarını bu suya batırıb isladır, yaş dəsmalla nəfəs alırlar. Çünki blokdan qalxan tüstü arada burulub eyvanı da vurur, lap tüstü eyvanı tutmayanda da burda nəfəs almaq çətindi, hava zəhərlənib.

Aşağıda üç yanğınsöndürən maşın, iki tibbi yardım maşını, xeyli adam var. Eyvandakılara zəng eləyənlər aşağıdan onların yerini görə bilmədiklərini deyirlər. Eyvanda fənəri aşağıdakılar üçün yandırıb-söndürəndə görürlər.

Binanın elektrik xətti blokda divarın içiylə çəkilib. Hər mərtəbədə paylayıcı lövhədən mənzillərə xətt ayrılır. Lövhənin yan-yörəsində alov tutası bir şey yoxdu. Ona görə naqillərdəki yanğın mənzillərə keçmir. Çöldən baxanda da alov yox, təkcə tüstü görünür. Alov blokun içindədi. Yanğınsöndürənlər bir-bir mərtəbələri qalxıb alovu söndürür, eyvanda qalmış adamların ya ağzına yaş dəsmal tutub, ya da başına əleyhqaz keçirib binadan çıxarırlar.

Ana-balanın qurtulması arxa eyvanda böyük şadyanalıq doğurur. Elə bil onların üstündən ağır yük götürülür.

Bir azdan ofisin içindən yanğınsöndürənlərin səsi gəlir. Yanğınsöndürənlər özləriylə götürdükləri artıq əleyhqazları aşağı mərtəbələrdə, qonşu mənzillərdə paylaya-paylaya gəliblər. Onlar qabaq eyvana çıxan otağa doluşurlar. Bir neçəsi də arxa eyvana gedir. Ofisin otaqları hələ də tüstü içindədi. Amma tüstü bir az çəkilib, bayaqkı kimi deyil.

Yanğınsöndürənlərdən biri qabaq eyvandan soruşur:

– Özünü pis hiss eləyən var? Zəhərlənən yoxdu?

Eyvandakılar seminarçını göstərirlər. Yanğınsöndürən əleyhqazını çıxarıb seminarçının başına keçirir, seminarçının ağzına tutduğu dəsmalı alıb eyvanın döşəməsində qar suyunda yuyur, sıxıb bir də yaş eləyir, öz ağzına tutub deyir:

– Hərəmiz sənin bir qolundan tutub aşağı düşürəcəyik, qorxma.

Yanğınsöndürənlər bildirirlər ki, blokda elə də tüstü yoxdu, düşmək olar:

– Hamı dəsmalını bir də yaş eləyib ağzına tutsun, qaça-qaça aşağı düşsün.

– Xanım, ala bunu keçirt başına. – Bir başqa yanğınsöndürən əleyhqazını çıxarıb eyvanda qalan xanımın başına keçirir, onun dəsmalını alıb, qar suyunda yaxalayıb öz ağzına tutur.

– Düşün, düşün, qabaqda bizimkilər gedib işıq salacaq, dalınca da siz düşün. Qorxmayın, elə bir tüstü yoxdu, bayaq uşaq çıxartmışıq, qorxulu bir şey yoxdu, dəsmalı tutun ağzınıza, qaça-qaça düşün. – Yanğınsöndürənlər ofisin içində qışqırırlar. – Qapının açarı kimdədi? Kimdədi ofisin qapısının açarı? Hamı çıxsın, qapını bağlayın, hamı düşəcək.

Eyvandan dəhlizə gələn, sonra dəhlizin tüstüsündə tıncıxıb öskürə-öskürə yenidən eyvana qaçan bir işçini yanğınsöndürən eyvanın qapısı ağzında saxlayır, öz əleyhqazını çıxarıb onun başına keçirir, işçinin dəsmalını alıb qar suyunda yaxalayır:

– Haydı, aşağı!

“Bir milyon adamın neçəsi kamil ola bilər?” Günorta söhbətində bu sualı verən adam indi başında əleyhqaz aşağı düşməlidi.

Düşə-düşə o görür ki, özündən çox dalda qalan adamları düşünür. Bu necə olur? Zəhərin on yeddinci qatında insan öz əleyhqazını çıxarıb başqasına necə verir? Necə olur ki, o, hələ qaçıb canını qurtarmayıb, hələ canıyla əlləşir, hələ bilmir burdan sağ çıxacaq, ya yox, amma arxada qalan iş yoldaşlarını düşünür? O qaçır, bəs niyə dönüb tez-tez yuxarı baxır, dalınca gələn adamların da düşə bilib-bilmədiyini yoxlayır? Pilləkəndə qabağına çıxan bu yanğınsöndürən kimdi? Niyə o belə canfəşanlıqla qırağa çəkilib ona yol verir, üstəlik, əliylə kürəyindən vurub ona ürək-dirək də verir? Bir milyon adamın neçəsi kamil olar? Hanı kamil adam? Bunların hamısı adi adamlardı. Binada qalanlar da, binadan çıxanlar da, binanın qabağına yığışıb qurtulan hər adamı alqışla qarşılayanlar da adi adamlardı, onların hamısı başqasının ölümünə kədərlənən adamlardı. Adi adam belə olur. Adam elə özünü adicə aparanda kamil olur. Heç kim təkcə özünü düşünmür. Ona görə heç bir iş təkcə şəxsi maraq üstündə qurulmayıb, qurula da bilməz. Ümumi maraq olmasa batar bütün işlər.

İşıq! Blokdan çıxan kimi yanğınsöndürən maşının iri projektoru vurur adamı.

– Ura!.. – Binanın qabağına yığışan adamlar onu görüb əl çalırlar.

On yeddi mərtəbəli binanın qabağında qızğın söhbət gedir. 

 

"Multikulturalizm" jurnalı

 

(Visited 176 times, 1 visits today)