Sim-sim.az

Cəmilə Kərim – Xristian quşlar

Quşlar haqqında bir məlumat eşitmişdim, yerə atılan saqqız quşların dimdiyinə yapışdığından onlar yemək yeyə bilmir və aclıqdan ölürlər.  Nə qədər doğru olduğunu bilməsəm də dayımın balaca oğluna bu haqda danışmış,  saqqızı heç vaxt yerə atmaması üçün onu tənbeh etmişdim. Belə də edirdi, o gündən onun heç vaxt saqqızı yerə atmağını görməmişdim ta ki Gürcüstanda parkların birində gəzənədək. Bir az getdikdən sonra çeynəməkdən yorulduğu saqqızı yerə atdığını gördüm, təəccüblənib üzünə baxdım və bu hərəkətin burdakı quşların hər hansınınsa ölümünə səbəb olacağını söylədim. Özünü haqlı kimi göstərən bir üz ifadəsiylə mənə verdiyi cavab çox maraqlıydı  "burdakı quşlar xristiandır".  Uşaq hardan bu qənaətə gəlmişdi? ona bu yaşında xristianlığı  bu vəziyyətdə kim anlatmışdı biləmmədim.  Amma bu an bir  hadisə  yadıma düşdü.  Bir vaxtlar sosial şəbəkələrdə insanların  özlərinin dini inanclarının izahını verən  videolar paylaşılması kimi  qəribə hal müşaiyət olunurdu.  Hələ o vaxt videoda öz dini inancından danışan bir dostuma belə bir mesaj yazmışdım  " sizin insanların dediyi kimi biri olmadığınızı bilirdim, yanılmamışam".  Mesajı yazdım, oxundu da və cavab gülüş ifadəsi gəldi. Həmin insan səmimilik kimi göndərsə də bunu mənə mən öz halıma gülən üz ifadəm kimi qəbul etdim. Bu halıma acı-acı güldüm. Öz adıma insanlar adına çox utandım.  Özüm özümə sual verdim niyə bu qədər xırdaçı və bekar olmuşuq ki, edilən hər bir işdə insanlıq deyil din axtarırıq?

Hansı ki ilk insanın yaradılışından başlayaraq, zamanla müxtəlif adlarla tanınan dinlərin hamısı əslində eyni təbliğat üçün yaradılmışdı. Yəni  təbliğat üsulları fərqli olsa da bir qayəsi vardı  bütün dinlər insanlığı, mənən saflığı təbliğ edirdi.  Bütün dinlər maddi dünyadan, ictimai həyatdan ayrılaraq öz mənəvi aləmini təkmilləşdirmək və bu yolla Allaha qovuşmaq mövqeyinin ifadəsi idi əslində .

Biz isə dini baxışları o qədər qabardırıq ki, çox vaxt insanlıq da,  yaradıcı insanların istedadı da  bu qabarmaların kölgəsində qalır. Tərəvəzdə, qoyunun yununda, insanların baş nahiyələrində Allah yazısı seçən insan niyə  o başın içindəkilərlə heç maraqlanmır?   İnsanlığı insanların dini inancıyla ölçmək nə qədər cılızlıqıdır elə deyilmi.

Bir də ki, Allaha inanır deyə yaxşı insandır deyə bir şey yoxdu ona qalsa bugün ən böyük vəhşiliklər "Allah adına" törədilir.  

Dinlərə deyil onların qayəsinə önəm verək, əsl dindar deyil əsl insan olaq. Uşaqları dindarkimi deyil, insan kimi yetişdirək. İnsanlığı sevək, uşaqları sevək, gülləri sevək, quşları sevək. Yalnız bu halda bütün bunları yaradanı dərk etmiş olarıq.  

 

(Visited 64 times, 1 visits today)