Sim-sim.az

Deyvid Ladc – Əsərin başlanğıcı


 “Rahat evi və xoş xasiyyəti olan yaraşıqlı, ağıllı və zəngin Emma Vudhaus dünyanın ən böyük nemətlərinə sahib sayılırdı, onu üzəcək və ya dərdə salacaq heç bir şey olmadan bu dünyada təxminən 21 il yaşamışdı.

Çox şəfqətli və tolerant atanın iki qızından ən kiçiyi idi, bacısının ərə getməsindən sonra tezcə evin xanımı olmuşdu. Anasını uzun müddət əvvəl itirmişdi, onun sığallarını çox dumanlı bir xatirə sayacaq qədər əvvəl. Amma son dərəcə qüsursuz bir qadın olan mürəbbiyəsi nəvazişləri ilə həqiqi anasının yerini tutmuşdu.

Xanım Teylor Vudhauslar ailəsinin yanında 16 il keçirmiş və mürəbiyyə olaraq artıq bir dostdan fərqi qalmamışdı. Qızların ikisini də, xüsusilə də Emmanı çox sevirdi. Aralarında bacıların səmimiyyətindən də artıq şeylər vardı. Emma hələ uşaq ikən belə cənab Teylorun yumuşaq xasiyyəti ona təzyiq etməyə mane olmuşdu. Emmanın mürəbiyyə istəyəcək çağı keçməyindən sonra isə tamamən bir-birinə bağlı iki dost kimi qalmışdılar. Emma dayəsi xanım Teylorun sevdiyi şeyləri edir və onun qərarlarına olduqca hörmətlə yanaşırdı, amma əslində hər şeyi təkbaşına idarə edirdi.

Sözün düzü, Emmanı yandıran onun hədsiz özbaşınalığı və özünə baxmaması idi. Bunlar onun zövqünü təhdid edən çatışmazlıqlar idi. Amma həqiqi təhlükə hələlik elə də sezilmirdi və onlar Emmanın bəxtsizliklərini qəti şəkildə görmürdülər.

Amma sonra üzücü bir hadisə baş verdi; əslində, xoş bir üzüntü. Bu, Emmanın daxili sabitliyini pozacaq şey deyildi: xanım Teylor evləndi.” (Ceyn Ostin, “Emma”, 1816)

“Bu indiyə qədər eşitdiyim ən hüznlü hekayədir. Nauheym qəsəbəsində doqquz mövsümdü idi ki, səmimiyyətlə Aşburnhamsları tanıyırdıq, daha doğrusu, yaxşı bir əlcək qədər yumuşaq və rahat, amma yaxın münasibətlərimiz vardı. Həyat yoldaşım və mən birini yaxşı tanımaq nə qədər mümkündürsə, Kapitanı və Xanım Aşburnhamsı o qədər tanıyırdıq, amma bir tərəfdən də onlar haqqında az qala heç nə bilmirdik. Bu hüznlü hadisəylə bağlı bildiklərimizi çözməyə çalışanda, anlayıram ki, bu, indiyə qədər heç, amma heç tanımadığım ingilislərlə bağlı bir vəziyyətdi. Altı ay əvvələ qədər İngiltərəyə heç getməmişdim və qətiyyən bir ingilis qəlbinin dərinliklərini görməmişdim. Sən demə, səthi bilirəmmiş.” (Ford Madoks Ford, “Yaxşı əsgər”, 1915)

Bir roman nə vaxt başlayır? Bu, az qala, “embrion nə vaxt insana çevrilir?” sualı qədər çətin sualdır. Bir romanın əmələ gəlməsi qətiyyən onun ilk kəlmələrinin yazılması ilə başlamır. Əksər yazıçılar roman beyinlərinə düşübsə, ancaq onda eskizlər cızmağa başlayırlar. Əksəriyyəti də sujetin diaqrammasını çıxararaq, xarakterlərin bioqrafiyalarını yığaraq və kompozisiya daxilində istifadə ediləcək fikirləri, məkanları, vəziyyətləri, zarafatları qeyd edərək, həftələr, aylar boyu diqqətlə romanın özülünü hazırlayırlar. Hər yazıçının özünəməxsus yazma tərzi var. Henri Ceyms “Poynton xarabalıqları” əsəri üçün az qala bitirdiyi roman qədər uzun və maraqlı qeydlər götürmüşdü. Muryuel Sparkın yeni bir roman haqqında uzun müddət düşündüyünü və ürəyincə bir ad, ürəyincə açılış cümləsi ağlına gələnə qədər də yazmağa başlamadığını bilirəm.

Amma oxucu üçün roman həmişə bir açılış cümləsi ilə başlayır (əlbəttə, romançının yazdığı ilk cümlə bu olmaya da bilər). Sonrakı cümlə və ondan sonrakı cümlə… “Bir romanın başlanğıcı nə vaxt bitir?” – sualı da başqa bir çətin sualdır. Bu, ilk paraqrafdır, ilk bir neçə cümlədir, yoxsa ilk hissədir? Nə qədər təyinlər verilir-verilsin, romanın başlanğıcı, yaşadığımız gerçək dünyanı romançının xəyalındakı dünyadan ayıran perioddur. Buna görə də, başlanğıc “bizi içinə çəkməlidir.”

Bu asan iş deyil. Çünki başlanğıcda biz müəllifin səs tonuna, lüğət tərkibinə və sintaksisinə hələ vərdiş etməmişik. Əvvəla kitabı yavaşca və tərəddüdlə oxuyuruq. Onlarsız sujeti izləyə bilməyəcəyimiz personajların adları, bir-birilə münasibətləri və qan bağları, zaman və məkan detalları kimi, beynimizə yığıb xatırlayacağımız bir xeyli yeni informasiya alırıq. Görən zəhmətimizə dəyəcəkmi? Əksər oxucular bu perioddan geri qayıtmağa qərar verməmişdən qabaq, ən azından bir neçə səhifə boyunca müəllifin neqativ heç nə etmədiyini ehtimal edəcəklər. Amma misal gətirdiyimiz iki örnəkdə tərəddüdümüz ya az, ya da heç olmayacaq. Hər iki misalda da elə ilk cümlədən hekayənin “mübtəlası” oluruq.

Ceyn Ostinin başlanğıcı klassikdir. Tərzi zərif qətifə əlcəyin altında gizlətdiyi ironik eyhamlarla asanca başa düşüləndir, ölçülüb-biçilmiş və obyektivdir. Ustalıqla qurduğu birinci cümləsi ilə qadın qəhrəmanını bir çöküşə hazırlayır. Bu, “Qürur və qərəz”dən “Mansfild park”a qədər əvvəllər Ceyn Ostinin fantaziyasına təsir etmiş, həqir görülən qadının zəfəri haqqında olan “Sindirella” əhvalatının astar üzüdür. Emma həqiqi xoşbəxtliyi tapmamışdan qabaq başı daşdan-daşa dəyməli olan bir şahzadədir. “Yaraşıqlı” (qoşa cinsiyyətli   bu söz aybaşı olmuş yetkindən və ya gözəldən daha çox, onun içindəki kişiyana iqtidar arzusuna eyhamdır), “ağıllı” (“özünə xeyri olmayacaq qədər ağıllı” ifadəsindəki kimi bəzən əks mənada istifadə olunan, ağıl üçün qeyri-müəyyən təyindir)  və zənginliyin əxlaqi təhlükələrinin İncil və atalar sözlərindəki assosasiyaları ilə bərabər istifadə olunan “zəngin” sözü: bu üç sifət o qədər mükəmməl şəkildə bir yerə gətirilib ki, (bu, vurğu və fonetika söhbətidir, onları təzədən bir yerə gətirməyə çalışın) onlar vasitəsilə Emmanın “görünüşdəki” məmnuniyyətinin aldadıcılığı ümumiləşir. “Onu üzəcək və ya dərdə salacaq heç bir şey olmadan bu dünyada təxminən 21 il” yaşayan Emma sərt bir oyanış yaşamalıdır. Əksəriyyət üçün ənənəvi önəmi olan yaşdakı (21 yaş) Emma, indi həyatının məsuliyyətini öz üstünə götürməlidir. XIX əsrin əvvəlindəki burjua cəmiyyətində bir qadın üçün bu, evlənib-evlənməmək və ya kiminlə evlənməyə qərar vermək demək idi. Bu baxımdan Emma vərdiş olunmamış şəkildə azaddır, çünki o, çoxdan ailəsinin xanımı olub və bu, xüsusi ana şəfqəti olan, amma (ehyamla) ana intizamı olmayan bir mürəbiyyə tərəfindən yetişdirildiyi üçün, təkəbbürün yaranmasına rəvac verən vəziyyətdir.

Bu eyham üçüncü paraqrafda daha qabarıq görünür, amma həm də təhkiyəçinin məqbul və obyektiv səsi ilə yanaşı, Emmanın öz səsini də eşitməyə başlamağımız kifayət qədər maraqlıdır. “Aralarında bacıların səmimiyyətindən də artıq şeylər vardı.” “Onlar bir yerdə dost kimi yaşadılar…” Bu ifadələrdə “ancaq onun sevdiyi şeyləri” eləməyə icazə verən mürəbiyyəsi ilə arasındakı münasibətlərdən Emmanın kifayət qədər razı olduğunu görürük. Paraqrafın ironik strukturu “onun qərarlarına olduqca hörmətlə yanaşırdı, əslində isə hər şeyi təkbaşına idarə edirdi”, məntiqi olaraq bir-birinə uyğun gəlməyən iki ifadə arasında tarazlıq yaradır və buna görə də, dördüncü paraqrafda təhkiyəçi açıqca Emmadakı qüsurlara işarə edir. Xanım Teylorun evliliyi ilə hekayə başlayır: Xanım Teylorun dostluğundan və onun yetkin tövsiyələrindən məhrum qalan Emma, öz təkəbbürünün qabağındakı bariyerləri qırır və dəhşətli nəticələr versə də, onun üçün aradüzəldənlik etməyə başlayan gənc xanım Hariyeti himayəsinə götürür.

Elə bil qapının ağzında bizi yaxamızdan tutub içəri çəkən Ford Madoks Fordun məşhur açılış cümləsi də oxucunun diqqətini cəlb etmək üçün edilmiş açıq-aydın bir manevrdir. Amma o saat da təhkiyənin içinə modern qeyri-müəyyənlik və yönləndirmə, hər hansı bir gerçəyi kəşf etməklə bağlı qayğı bulaşır. Bizə xitab eləyən bu adam kimdir? İngilis dilindən istifadə edir, amma özü ingilis deyil. Ən az doqquz ildir ki, “ən hüznlü hekayənin” subyekti kimi görünən ingilis cütlüyü tanıyır, amma bu ingilislərlə bağlı “heç bir şey bilmədiyini” iddia edir. Birinci cümlədəki “eşitdiyim” ifadəsi, başqa birinin hekayəsini nəql edəcəyini göstərir və bəlkə də həyat yoldaşı elə bu hekayənin bir hissəsi olduqlarına eyham vurur. Təhkiyəçi Aşburnhamsları həm yaxından tanıyır, həm də heç tanımır. Bu ziddiyyətlər ingilislik effekti, ingilislərin orta təbəqəsində olan görüntü və həqiqət arasındakı bərabərsizliyin təsviri kimi məntiqiləşdirilir; buna görə də, bu başlanğıc gülməli olmaqdan daha çox, xəbərdarlıq sözləri tragik olsa da, Emmanınkına bənzər şəkildə məzmunla bağlı bir şeyə işarə edir. “Hüznlü” kəlməsi paraqrafın axırına doğru təkrarlanır və başqa bir açar söz olan “qəlb” (xarakterlərdən ikisinin də ürək çatışmazlıqları var və bunların hamısı onların mənəvi həyatlarına təsir edir) axırdan əvvəlki cümlədə ortaya çıxır.

Ceyn Ostinin qismən məcazdan qaçaraq öz avtoritetini ortaya qoyan tərzini açıqlamaq üçün əlcək bənzətməsindən isitfadə etdim (ağlın və fəhmin bir-birinə zidd qütblərində diskursun poetik forması olan bir məcaz). Həqiqətən də eyni məcaz “Yaxşı əsgər”in açılış paraqrafında fərqli mənada olsa da, qəfil ortaya çıxır. Burada kübar sosial etiketə, zənginliyə və seçici zövqə (“yaxşı” bir əlcək açıqca ifadə olunub) uyğun gələn rahat, amma ölçülü davranışlar yalançı eyhamla, ya da “üstü örtülü” şəkildə ifadə edilir. Birinci paraqrafda yığılan sirlərdən bəzilərinin üstü tezcə açılır, məsələn, təhkiyəçinin avropada yaşayan bir amerikalı olması… Amma onun şahidliyinin inandırıcılığı və digər xarakterlərin sürəkli şəkildə ikiüzlü davranması, bu hüznlü hekayədə kritik məsələlərdir.

Əlbəttə, başqa başlanğıc formaları da var. Amma burda ehtimalların düzülüşünü nəzərə almaq lazım gəlir. Roman sujetin əsas dekoru olan bir mənzərənin və ya qəsəbə görüntüsünün təsviri ilə də başlaya bilər, kino tənqidində mizan deyilən budur; məsələn, Tomas Hardinin “Yerlinin qayıdışı” əsərinin əvvəlindəki Egdon Hetsi qaramat təsvir etməsi və ya E.M. Forsterin “Hindistana bir keçid” əsərinin əvvəlindəki nəfis və zərif bələdçi kimi poetik şəkildə Şandraporu təsvir etməsi. Evelin Vonun “Bir ovuc toz” adlı əsərində və ya İvi Kompton-Barnetin özünəməxsus əsərlərində də görüldüyü kimi, roman bir dialoqun ortasından da başlaya bilər. Roman təhkiyəçinin özünün maraq doğuran şəkildə təqdim etməsiylə də başlaya bilər, “İsmail deyin mənə” (Herman Melvil, “Mobi Dik”) ya da avtobioqrafiya ədəbiyyatı ənənəsindəki kimi kobud bir jestlə: “…Onda, yəqin, birinci bunu bilmək istəyəcəksiniz ki, mən harada və haçan anadan olmuşam, uşaqlığım hansı bəd əməllərlə əlamətdar olub, mən doğulanacan valideynlərim nə işin sahibi olublar və sair və ilaxır, qısası, Devid Kopperfild sicilləməsi. Ancaq düzünü bilmək istəsəniz, mənim bu cür köhnə palan içi tökməyə heç həvəsim yoxdur.” (Selincer, “Çovdarlıqda uçurumdan qoruyan”, Tehran Vəliyevin tərcüməsindən)

Bir müəllif romana fəlsəfi düşüncəylə də başlaya bilər, “Keçmiş yad bir ölkədir: orda hər şeyi başqa cür edirlər.” (L.P. Hartli, “Aradan keçmək”) Ya da xarakter elə ilk cümlədə qorxunc bir təhlükəyə atıla bilər: “Heyl bilirdi ki, üç saat keçməmiş Braytonda onu öldürmək istəyəcəklər.” (Qrem Qrin, “Brayton qayası”) Əksər romanlar əsas sujetin necə olduğunu açıqlayan və ya ehtimal olunan oxucuya səslənərək onu təsvir edən “çərçivə bir xəbər”lə başlayır. Cozef Kondarın “Qaranlığın ürəyi” əsərindəki adsız təhkiyəçi Temza çayının ağzındakı səyahət gəmisinin göyərtəsində oturan bir qrup dostuna Kanqo təcrübələrindən danışan Marlovu təsvir edir: (“Və bu yer eyni zamanda dünyanın ən qaranlıq yerlərindən biriydi.” deyərək Marlov sözə başlayır.) Henri Ceymsin “Vintin dönməsi” adlı əsəri kənd evindəki bir partidə ruh hekayələri ilə əylənən və bəlkə də gözlədiklərindən artığını tapan qonaqlara ölmüş bir qadının yüksək səslə oxunan xatirələrindən ibarətdir. Kinqsli Amis “Yaşıl adam” romanına “Yaxşı yemək bələdçisi” əsərinin ironik oxşarı olan bir ruh hekayəsi il başlayır: “İnsan Londona – 8-dən M1-ə qədər – daha yaxın bir yerdə özünə həqiqi bir yer-yurd tapmaq təəccübünü üstündən atan kimi, ingilislərin bərabər qiymətə avtobus bileti satmaq məharətinə heyrət edir…” İtalo Kalvinonun “Əgər bir gecəsi bir səyyah…” adlı romanı belə başlayır: “İtalo Kalvinonun yeni romanı “Əgər bir gecəsi bir səyyah”ı oxumağa başlamaq üzrəsiniz.” Ceyms Coysun “Finneqana ağı” əsəri bir cümlənin ortasından başlayır: “çayın axışı, Həvva və Adəmdən sonra, sahil sapağından buxtanın yolayrıcına tərəf geniş bir qövs cızaraq bizi Hovt Qalasına və Environsa geri gətirir.” Cümlənin itmiş hissəsi romanın sonundadır: “Təkbaşına sonsuz bir şövqlə axıb gedən bir yol ki” Beləliklə, bizi təzədən əsərin əvvəlinə qayıdırıq, eynən təbiətdə suyun dövr etməsi kimi, çaydan dənizə, buluda və təzədən suyun çaya qayıtması, kompozisiyasının şərhində mənanın sonsuzluğu kimi.       

 

Tərcümə: Qismət

(Visited 97 times, 1 visits today)