Sim-sim.az

Dünyanın ən ziddiyyətli adamı – Qan Turalı

“Məsum körpədən qanlı diktator yaradan qaranlığı mühakimə etmək…”

“Gənc Stalin” kitabı da əslində bu suala cavab axtarmaq üçün onun gəncliyinə mikroskop salır. Mikroskop altından çıxan nəticə o qədər mürəkkəbdir ki…

Stalin istedadlı şair idi, gürcü klassiki İlya Çavçavadze onun şeirlərini bəyənərək çap etmişdi. Sonralar Stalin xatırlayacaqdı: “Şeir yazmaq səbr tələb edir, mən isə civə kimi idim”. Şairləri repressiya illərində güllələtdirəcəkdi. O istedadlı tenor idi, səsi ilə hamını valeh edirdi. Amma tenorluğu Bayıl türməsində ucadan oxuduğu “Marselyoz”a ilə həbsxana rəhbərliyini əsəbləşdirməkdən başqa heç nəyə yaramayacaqdı. Sürgündə, tünd şərablı gürcü qonaqlıqlarında, məhbsdə və Kremldə belə kitabları əlindən qoymayacaqdı.

Bir tərəfdən də kitab yazanlara qənim kəsiləcəkdi. Teatra getdiyinə görə cəzalandırılacaqdı, amma sonra parlaq aktyorları ölümə yollayacaqdı. Kommunistlərin çapı indiyənə qədər davam edən ən məşhur orqanı “Pravda”ya rəhbərlik edəcək, yazdığı məqalələrlə inqilabı səsləyəcəkdi. Qanlı qarətlər təşkil edəcək, hər cür quldurluqla, soyğunla, adam oğurluğu ilə inqilab xəzinəsi üçün pul toplayacaqdı. Bəzən isə uşaqları başına yığıb onlara rəqs etmək, yazıb-oxumaq öyrədəcək, gecələr isə Arktikada, sürgündə öz itinə şeirlər oxuyub dialektik materializmdən danışacaq qədər tənha canavara çevriləcəkdi. Həyatından gözəl qadınlar keçəcəkdi, ilk arvadı Kato öləndə isə intihar haqqında düşünəcək və dostlarını mauzerini ondan alacaqdılar. Stalinə cani, qəddar, amansız demək asandır. Eləcə də məsum, mərhəmətli demək də…

Stalin ziddiyyətlərin adamıydı, bəzən “uf” demədən adamları ölümə göndərir, bəzən isə bir mahnıya, bir filmə kövrəlib ağlayırdı. Qərb tarixşünaslığı Stalini az qala Hitler qədər amansız bir fiqur kimi təsvir etsə də Saymon Sebaq Montefiorenin “Gənc Stalin” kitabı özünün obyektivliyi ilə seçilir. Çünki müəllif doqmalarla, ehkamlarla yaşamır, tarixin, sənədlərin dili ilə qəhrəmanının soyuq portretini çəkir.

Və bu portretdə şəksiz ki, Stalin dünyanın ən ziddiyyətli adamı kimi görünür.

Tenor, quldur, şair, keşiş, qanqster, inqilabçı, diktator, sadiq ər, komissar, jurnalist, qatil…

Hansıdır Stalin? Elə hamısı…

Kitabın gücü də bundadır.

Gənc Stalin – Saymon Sebaq Montefiore

TEAS PRESS Nəşriyyat Evi

 

 

(Visited 113 times, 1 visits today)