Sim-sim.az

Elşən Mehdi – “…və sairə”

 

Sim-sim.az  Elşən Mehdinin şeirlərini təqdim edir.

 

Təyinlər

Doğmalıq – uzaqlardakı barıt qoxulu kənd torpağının qucağıdır.

Sükut – mənaların sözləri geyinib-soyunma otağıdır.

Ümid – real vəziyyəti şişirdilmiş halda düşünməkdir.

Xəyal – məqsədə gedən tramplinlərdən keçməyə ərinməkdir.

Dinləmək – başdan ürəyə gedən yola salınan körpüdür.

Danışmaq – niyyətin ifadə üsuluna nisbətdə alınan ölçüdür.

Həyat- …

Darıxmaq – elə darıxmaqdır.

Ölüm – ömrün ən gözəl çağında haşiyəyə çıxmaqdır.

 

***

 

Adını yadımdan çıxartdığım qız

İndi hərf-hərf yığıram səni

Səni sayıqladım 2-3 payız

Daha havam çatmır çağıram səni

 

O əda, o baxış kirpiyin,gözün

Dəli cəsarətin, iynəli sözün

Yavaş-yavaş düşür yadıma üzün

Öz kişi bətnimdən doğuram səni

 

Baxışım üzünə dəyir təlaşla

Ağlımdan keçirki yenidən başla

Dilimin ucuna gəlir “bağışla”

Udqunub içimdə boğuram səni…

 

***

 

Hər səhər yolumu gözləyir mənim

Parkın ayağında dilənən qadın.

Bəlkə vurulmuşuq bir-birimizə,

Mən də dilənçilik qoymuşam adın.

 

İşə bax, mən evdə xəyal qururam,

Bu sakit qaranlıq gecədə səndən.

Qəpik əvəzinə cılız adamlar

Savab dilənirlər küçədə səndən.

 

Sənin də dərdindən ölərdi kimsə,

Qəlbini gözündən baxıb oxusa.

Bəlkə sevgilimdən gözəl olardın

Bir az yağış yağıb üzünü yusa.

 

Kaş səni görərdim bir ad günündə,

Ya kitabxanada, gül dükanında.

Bağışla, qürurum icazə vermir,

“Camaat nə deyər”dursam yanında.

 

***

 

1985, bir ev, köhnə, balaca

Pəncərə şüşəsində, güzgülənən bir qoca

Resepti dilucunda – dua kimi oxuyur

Dərman qutularını qızıl kimi qoruyur

O, inanmır öləcək, o, inanmır qocalır

Hələ bir ay sonraya – kinoya bilet alır.

Arada qarışdırır köhnə şəkil qutusun

İki əlli qaldırır sovetin daş ütüsün

Köynəyinin qolları əlinə silgi gəlir

Şəkildəki cavanın üzünün tozun silir

Yağış döyür çardağın, dizləri sızıldayır

İndi elə yaşdadır, susamır, çaysızlayır.

  1. Katolik məzarlığı

 

***

 

Xatırlamaq

Xatırlamaq – memorial fotolentin hərəkətə başlaması

Xatırlamaq – sənə görə keçmişdən bir əsinti

Mənə görə sənə aid hüceyremin öz genetik keçmişinə qayıdışı

Xatırlamaq – Bir vaxt yaşadıgın evin qapısını aradabir çimdikləmək

Xatırlamaq –  bəlkə də bir metafizik hadisəyə veriləcək ən gözəl ad

Xatırlamaq – zamanın anlayış kimi olmadığı paralel bir müstəvidə təkrarlanan proses

Xatırlamaq – sənin unutduqlarının səni xatırlamasıdır

Xatırlamaq – bir an üçün ömrə unutduğun yerdən davam etmək

Xatırlamaq – hələ reklamları gedən gələcəyin gəlib keçən yerlərinə sədaqət

Xatırlamaq – bədən temperaturunun alt dodağa yığılması

Həyəcanın poladı əritmiş kimi davranması

Düşüncə itiliyinin sözü qabaglaması

İliklərin varlığını sızlayaraq göstərməsi

Bütün göstəricilərin izi qalan kölgələrə üz tutması

Kölgələrə…..

Xatırlamaq – darıxmağı isim kimi əvəzləyən, hiss olaraq tamamlayan,

Bir duyğunun digərinə ən yaxını

Dilin sözə olduğundan daha yaxın

Xatırlamaq – gözlərimi bir nöqtəyə pərçimləyən susqunluğum

Bəzən mənə varlığımı unutduran yorğunluğum

Xatırlamaq – Lordlar palatasındakı zabitin yaxa iynəsi

Bir ingilis xanımının unutduğu xatırlamaq

Tibbi desək Alsheymer

Ciddi desək koma

45-lərin unutduğu Naqasaki, Herosima

Sivillərin unutduğu evin arxa pəncərəsi

 

Xatırlamaq – baş döngüsü

Eyni anda tutunduğun divarları xatırlamaq

Eyni anda digər əlin boş bir divar axtarması

 

Xatırlamaq – ömrün xronologiya yarpaqları

dura-dura

Ardıcıllıq gözləmədən xatırlamaq

 

Sənə görə necə gəldi

Mənə görə orta məktəb sənədləri nizamında

Xatırlamaq – Remarkın dediyi kimi

Kemmerichin yatağını bir dünyaya xatırlatmaq

 

***

 

Səlim Babullaoğluna ithafən

 

Yatağım sobanın çiyninə söykənib

Ayaqlarım yorğana yaltaqlanır

Qapıda.

İndi mən otağın hansı boşluğuna sırıyım sirrimi..?

İndi mən kimə güvənib iş tapşırım, gözüməmi?

Əliməmi?

Hə, Səlim əmi..?

Sən də bilmirsən heç.

Sən də bilmirsən hara qaçaq bu qələmlərinin mürəkkəbi közərmiş siqaret kötüyünə yanacaq kimi axanların ayağından.

Bir az uzun oldu, deyilmi?

Bağışla, Səlim əmi…

Mən adamlar arasında işıqforam,

Elvin demişdi bunu

Mən də deyirəm ki, pazzl tamamlansın.

İlk dəfə işlədirəm bu kəlməni

Hamımız Bütövün parçaları deyilikmi, Səlim əmi..?

Elə o Mina dağı da xırda daşlardan yaranmadımı..?

Daha doğrusu yaradılmadımı?

“Hamı eyni, əcaib dildə pıçıldaşır”

Sükutumun qapısından boylanır beli əyri sözlər

Mənsə başlarından basıb arxaya itələyirəm öz intonasiyamla…

Və beləcə nizamlayıram daxili səliqəmi..

Sən necə? Milçəklə göyərçin eyni qanadla niyə fərqli əl çalırlar..?

Səlim əmi…

 

***

 

Dön yenə bax gedən ayaq

Heyran olum baxışına

Yenə girsin gözlərimiz

Ölüm-dirim yarışına

 

Deməyə də gəlmir üzüm

Qəsdən gecikmişəm özüm

Görüşümüz düşə bizim

Payızın ilk yağışına

 

Bir gün çıxıb getsən əgər

Yetim qalar bu boz şəhər

Səpələnər xatirələr

Metroların çıxışına

 

Ürəyimdən əlimədək

Ümid düşür ətək-ətək

Dur gəl həyat yolumu çək

Ovucumun qırışına

 

***

 

Mən sənin yorulanda

Ayağınam, əlinəm

Neçə ildi evliyik

Hələ də sevgilinəm

 

Küsəndə qoca baban

Ağlayanda qardaşın

Evə qonaq gələndə

Əziz həyat yoldaşın

 

Kölgəyəm başın üstə

Səhərədək dayanan

Darıxanda atanam

Xəstələnəndə anan

 

Deməyə çəkindiyin

Sözün olsa, qəfildən

Gözünü yum danışaq

Mən də sənin rəfiqən

 

***

 

Bu da bir yoluydu gedilməliydi

Uzun, teldən incə ip üzərində

Bu da bir yoluydu gedilməliydi

 

Bir az da, bir az da böyümək üçün

Molladan, rahibdən soruşduğumu

Ağbirçək nənəmdən soruşmalıydım

Mən bu təkadamlıq gizli döyüşə

Bu cavan canımnan alışmalıydım

 

Bu da bir yoluydu gedilməliydi

Biraz da bir az da böyümək üçün

Kiçik günahları böyütməliydim

Böyük günahlardan qorunmaq üçün

Əvvəl dalğaları sevməli idim

Dəniz sularında yuyunmaq üçün

 

 

Əlifbanın sirrin öyrənmək üçün

Əvvəl “ğ” hərfinə vurulmalıydım

 

Bu da bir yoluydu gedilməliydi

Bir qız sevməliydim beli çantalı

Bir az da bir az da böyümək üçün

Sonra sakitcə tərk edilməliydim

Sonra da mən onu unutmalıydım

Qocalar adları unudan kimi

 

Zülmət gecələrdə yol azmalıydım

Xeyirxah divlər var, inanmalıydım

Küçə davaların uduzmalıydım

Məktəb yarışların qazanmalıydım

 

Bu da bir yoluydu gedilməliydi

Uzun, teldən incə ip üzərində…

 

 

(Visited 210 times, 1 visits today)