Sim-sim.az

Elvin Abbaslı – “Tanrı bizim yaxşı davranmağımıza səbəb olur”

 

Çox zaman özünü dinə həsr etmiş və ya qısaca olaraq dindar insanlardan hər hansı bir qeyri-adi, çox zaman cəmiyyətdə mənfi qarşılanacaq bir hərəkət müşahidə etdikdə buna reaksiyamız bir qədər daha fərqli olur. Belə hərəkətlərlə sanki həmin “din xadimləri” və ya hər hansı bir dini ayini və qaydaları yerinə yetirən şəxslər öz vəzifələrini pozmuş olurlar, çünki onlar bir çoxumuz üçün “əxlaq mücəssəməsi” və “yaxşılıq etalonu” olmalı olan insanlardır. Maarifçilik dövrü boyu ən çox tənqid hədəfinə tuş gələn sosial təbəqələrdən biri elə məhz “mollalar” idi. Səbəb də elə cəmiyyət üçün rol model olası həmin mollaların bəd əməlləri idi. Hicablı qadınlara qarşı bu xüsusi yanaşmanı və bəzi hallarda çaşqınlığımızı da buraya əlavə edə bilərik. Bu tərzdə stereotiplər özünü bir çox cəmiyyətlərdə də göstərməkdədir. Məsələn, tanınmış türk rejissor Nuri Bilgə Ceylanın “Qış yuxusu” filmində də baş qəhrəman kənddəki din xadiminin çirkli paltarına, yaşadığı evin səliqəsizliyinə işarə vuraraq, cəmiyyətə örnək olmalı olan şəxsin bu vəziyyətdə yaşamasına ikrahla yanaşır və həmin şəxsin rol model olması fikrini önə çıxarır.

Lakin o da yaddan çıxarılmamalıdır ki, məhz elə dini missionerlər özləri həmişə adi insanlara təlqin etməyə çalışırlar ki, din əxlaq və düzgün yaşayış formasını müəyyənləşdirən və bu yolda digərlərinə doğru yol göstərən səmavi qaydalar toplusudur. Bu tipli stereotiplərin yaranmasına səbəb də elə dini qaydalar və onları cəmiyyətə təlqin edən şəxslərdir.  Dinin ən əsas silahlarından biri kimi də məhz bu əxlaq və dəyərlərin qorunmasındakı rolu göstərilir və bizi xeyir işlərə stimullaşdıran, eyni zamanda, pis əməllərdən çəkindirən bir müqəddəs tənzimləyici kimi təbliğ edilir.

Ancaq “bu həqiqətən mi belədir” sualını nə vaxtsa fikirləşmişik mi? Davranış formalarımızı və yaxşı insan olmağımıza bizi vadar edən dini inacımızmıdır? Fiziki cəzaların, “dişə diş, gözə göz” prinisipinin normal hesab olunduğu, fərqli fikirlərin marginallaşdırıldığı və ümumbəşəri dəyərlərdən hələ də yoxsul olan bir düşüncə tərzinin mövcud olduğu zamanların mənəviyyat qaydaları nə dərəcədə bu günümüz üçün aktual ola bilər və bizim davranışlarımızı istiqamətləndirə bilər? Bundan başqa, ortada qorxu faktorunun olması və ya sonda mükafatlandırılacağına inam hissi bizim yaxşılıq etmək səmimiyyətimizi şübhə altına almırmı? Cəhənnəm əzabı və ya cənnət həzzi arasında seçim etmək məcburiyyətində qaldığımıza görə əməllərimizi müəyyənləşdiririksə, bu nə dərəcədə düzgündür?  

 

Məşhur alim Riçard Doukins “Tanrı aldanışı” adlı əsərində əxlaqın, daha dəqiq desək, yaxşılığın və xeyirxah əməllərin dinlə bağlı olub-olmaması məsələsinə toxunur və ortaya maraqlı nəticələri ortaya qoyur:

“Həqiqətən mi xudbin və cinayətkar davranışdan özümüzü çəkindirmək üçün Allah tərəfindən və ya öz içimizdən nəzarət olunmağımıza ehtiyacımız var? Mən çox inanmaq istərdim ki, mənim, eləcə də əziz oxucum, sizin belə müşahidəyə heç bir ehtiyacı yoxdur. Digər tərəfdən, inanımımızı zəiflətmək üçün Stiven Pinkerin “Boş Lövhə” kitabında təsvir etdiyi Monrealda baş vermiş polis tətili haqqında məyusedici təcrübəyə diqqət yetirək:

“Fəxr ediləsi əmin-amanlıq içərisində olan Kanadada 60-cı illərin romantikasının təsiri altında olan gənc yeniyetmə kimi Bakuninin anarxizminə həqiqətən inanırdım. Valideynlərimin hökümət silahı yerinə qoyan kimi aləmin bir-birinə dəyəcəyi haqqında arqumenti məndə sadəcə gülüş doğururdu. Bu barədə bir-birilə ziddiyət təşkil edən təxminlərimiz Monreal polisinin tətilə başladığı 17 Oktyabr 1969-cu il tarixində test edildi. Saat 11:20-də ilk bank soyğunu baş verdi. Günortayadək şəhər mərkəzindəki əksər mağazalar yağmalanma səbəbindən bağlanmışdı. Daha bir neçə saat ərzində, taksi sürücüləri hava limanı müştəriləri uğrunda onlara rəqib olan limuzin xidmətinin qarajını yandırdılar, binanın başındakı bir snayper yerli polis zabitini öldürdü, ixtişaşçılar otel və restoranlara hücum etdilər və bir həkim şəhər kənarında yerləşən evinə girən oğrunu doğrayaraq qətlə yetirdi. Günün sonunda şəhər rəhbərliyi ordunu və, əlbəttə ki, Süvariləri (Red. Kanada Kral Jandarmeriyası üzvləri) asayişi bərpa etmək üçün köməyə çağırana qədər altı bank soyulmuş, yüzlərlə dükan yağmalanmış, 12 yanğın hadisəsi baş vermiş və 3 milyon dollar dəyərində əmlaka ziyan vurulma halı təsbit edilmişdi. Bu həlledici empirik test mənim siyasi görüşlərimi tar-mar etdi… ”

Çox güman ki, mən özüm də Tanrı tərəfindən müşahidə və nəzarət edilməyən insanların xeyirxah olaraq qalacağına inanan Polliannayam (Red. həddən artıq optimist və pozitiv insan, Eleanor Porter tərəfindən yaradılan məşhur uşaq qəhrəmanına işarədir). Başqa bir tərəfdən, Monreal sakinlərinin əksəriyyəti Tanrıya inanırdı. Nə üçün Tanrı qorxusu onları bu dünyadan olan polislərin səhnədəki müvəqqəti yoxluğunda şərdən çəkindirmədi? Monreal tətili “Tanrı bizim yaxşı davranmağımıza səbəb olur” hipotezasını yoxlamaq üçün kifayət qədər yaxşı təcrübə deyildimi? Və ya görəsən kinik H.L.Mencken kinayəli şəkildə aşağıdakı fikri bildirəndə düzgün olaraq mı təsbit etmişdi ki:

“İnsanlar “bizim dinə ehtiyacımız var” deyəndə, əslində, bununla polisə ehtiyac duyduqlarını nəzərdə tuturlar”.

Aydın məsələdir ki, Monrealda polislər olmayan müddətdə heç də hamı pis əməl törətməmişdi. Hərçənd nə qədər çətin olsa da, onu da bilmək maraqlı olardı ki, inanclı şəxlərin dinsizlərdən daha az soyğunçuluq etməsi və dağıntı törətməsi barədə hər hansı bir stastik tendensiya var idimi? Mənim bəsit təxminim əksini deyərdi. Çox zaman kinayə ilə deyilir ki, tülkü yuvasında ateist olmur (Red. “Tülkü yuvası” Amerikan döyüş slenqində “reyncer qəbri” və “döyüş pozisiyası” da adlandırılır, anoloji olaraq, “Düşən təyyarədə ateist olmur” deyimini misal çəkmək olar). Mən düşünürəm ki (bəzi əsaslara dayanaraq, baxmayaraq ki, onlara dayalı nəticə çıxarmaq bir az bəsit ola bilər), həbsxanalarda çox az ateist var. Əminliklə iddia etmirəm ki, ateizm əxlaqı gücləndirir, baxmayaraq ki, humanizm – ateizmlə əksər hallarda uyuşan etik sistem – çox güman bu işi görür. Başqa bir yaxşı  ehtimal odur ki, ateizm kriminal impulslara qarşı dura bilən ali təhsil, intellekt və ya reflektivlik kimi hər hansı üçüncü bir faktorla əlaqədardır. Çox az olan belə araşdırma dəllilləri qəti şəkildə dindarlığın mənəviyyatla müsbət şəkildə əlaqəli olması haqqında geniş yayılmış fikri dəstəkləmir. Korrelyativ dəlillər heç vaxt qəti nəticəyə gətirib çıxarmır, lakin buna baxmayaraq Sam Harrisin Xristian Dövlətə Məktubunda təsvir edilən aşağıdakı məlumatlar heyrətedicidir:

 

“Birləşmiş Ştatlarda siyasi partiya mənsubluğu dindarlığın mükəmməl göstəricisi olmasa da, sirr deyil ki, “qırmızı Respublikaçı ştatlar” əsasən mühafizəkar Xristianların əhəmiyyətli dərəcədə təsir gücünə görə qırmızıdırlar (Red. ABŞ-da Respublikaçılar partiyası qırmızı, Demokratlar isə “mavi” rənglə assosiasiya olunur). Əgər Xristian mühafizəkarlığı və sosial sağlamlıq arasında güclü asılılıq əlaqəsi olsaydı onun bəzi işarələrini qırmızı ştatlarda görə bilərdik. Ancaq bunun şahidi olmuruq. Belə ki, amansızlıqla törədilən cinayətlərin ən aşağı dərəcəsinin qeydə alındığı 25 şəhərin 62 faizi “mavi” (Demokrat) və 38 faizi qırmızı (Respublikaçı) ştatlardadır. Ən təhlükəli şəhərlərdən 76 faizi qırmızı və 24 faizi mavi ştatlardadır. Faktiki olaraq, ABŞ-da beş ən təhlükəli şəhərlərdən üçü dindar Texas ştatındadır. Ev yarma hallarının ən yüksək olduğu 12 ştat qırmızıdır. Oğurluğun ən yüksək olduğu 25 ştatdan 24-ü qırmızıdır. Qətllərin ən çox qeydə alındığı 22 ştatdan 17-i qırmızıdır.”


 

Mənbə: Richard Dawkins, “God Delusion” (“Tanrı aldanışı”), səh. 228-229.

(Visited 137 times, 1 visits today)