Sim-sim.az

Elvin Paşa – “…mən sənin olmadığın yuxuya da getmirəm”

 

Sim-sim.az Elvin Paşanın şeirlərini təqdim edir. 

 

 

Sözlərdəki mən

 

Sevgi – elə həsrətdi, öyrəşin

Doğmalıq – bir qarını yox bir fikri bölüşməkdi

Sükut – danışmaq haqqı verməkdi, vicdana

Barışıq – arxasınca su atmaqdı, keçmişin

Dərd – çevrilməkdi, insana

Arzu – yaşaya bilməməkdi

Ümid – gözünə baxmaqdı, qaçanların

Unutmaq – ən təbii haqqımızdı, gəlməməkdi

Nifrət – ayağını torpağa bərk sığmağıdı qaçanların

Eşq – ürəyini bişirməkdi, yanmayan ocaqda

İnsan – altı milyard növdə ölə bilməkdi

Ölüm – heç kimin olmadığı yerdə gözləməkdi, dayanacaqda

 

 

****

 

“Hay”dan gəlib “hu”ya gedirdim

Yolda bir dostumu görüb dedim ki, darıxıram,

dedi biz buralı deyilik!

 

Sonra bir daş parçası gördüm,

məzarlıqdan binaya baxıb kaş deyirdi,

 

Sonra havanın  tutulduğunu,

göylərin buludların üstünə çəmkirdiyini,

yağışın başladığını gördüm

 

Sonra bir sərçənin, ümidlə qaranquşa yuva tikdiyini,

qovulmuş işçi arının

çiçəkdən üzr istədiyini gördüm son nəfəsdə

mənim də bir tutuquşum var

azadlıqdan başqa bütün sözləri deyə bilir qəfəsdə

 

Sonra bir göyərçinin səmada uçduğunu gördüm,

sahibinə gedib qayıtmağı öyrətmək üçün

 

Sonra bir itin islana-islana

dişiynən məscidin darvazasını örtüb,

hürdüyünü gördüm

“Ey insan, ey insan”

Sonra yuvası tapdalanmış qarışqanın asta səslə qışqırdığını gördüm:

“Süleyman”, “Süleyman”

 

Sonra evə girdim asta-asta,

addım-addım

 

Qəfəsdən tutuquşunun səsi gəldi

Səhər oğluma öyrətdiklərimi təkrarlayırdı:

“Buna da şükür- buna da şükür”

 

****

 

Mən ömür sürürdüm həyat yolunda

Əl edib saxladın gəldiyim yerdən.

Qəzanın günahı məndədi, kaş ki,

Dönəydim həmişə döndüyüm yerdən.

 

Nə yolun sonudu, nə də ortası,

Yolun girişində qalmışam demə.

Adamdan-adama keçib gedibsən,

Piyada keçidi olmuşam demə.

 

Zaman ayrılığa dərman olmadı,

Çarəmiz dünyanın harasındadı?

Dərdlərə bir damcı məlhəm istədik,

Dedilər dünyanın yarasındadı!

 

Hərədə bir yerə, hərədə bir cür

Açılır bu ömrün bağlı yolları.

Deyəsən hamıya yaşıl göstərir,

Bir mənəm gözləyən işıqforları.

 

****

 

Balığa sallanan qarmaqları

görür balıqlar.

Biz hiyləmiz baş tutdu deyə sevinirik,

onlarsa insanlar səsimizi eşitdi deyə.

 

Bu boyda dənizdə

getməyə yerimi yoxdu görəsən?

Gəlib ilişir qarmağımıza…

 

Hər gün inanmaq istəyir təbiət insana,

Yenə aldadırıq, yenə bağışlanırıq.

Sahildə balıqlar çırpınır sevindiklərindən;

Dəniz qədər sərhədlənmiş həyatlarından

danışmaq üçün.

 

****

 

Daha adicə sözdü, daha adi xəbərdi

“O darıxır, hardasan?”

Bircə mən deyiləm ki, gör indi nə qədərdi

özünü səndən asan.

Gör nə qədər ümidlər, nə qədər ip asılır

yenə daş ürəyindən.

Gör nə qədər yatanı azan səsi oyatmır,

Gör nə qədər çarəsiz ümid yığıb qayıtmır

Allahın ətəyindən.

Hərə bircə ev tikir xatirə kərpicindən,

Və bir gün ölü çıxır, o daxmanın içindən.

Lap istəsən and içim, bir az sənin canınçün,

bir az mənim canımçün.

“Darıxıram, əzizim” bunu ki, gizlətmirəm.

Bir də deyim biləsən, mən sənin olmadığın

yuxuya da getmirəm.

Səni də istəyirəm, sən yaşayan evi də,

O balaca qızı da, içimdəki divi də.

Gəzdiyin dəhlizi də sevirəm addım-addım

Bağışla çox danışdım, bağışla çox uzatdım

Ağrılarım səngiyib

bircə darıxmağım var.

 

Ellipsis deyilmi dünya?

 

Və ayının diri-diri soydular dərisini.

Qoyunu kəsmədən ətini parçaladılar.

Süfrəsində hər şey olanların

bir qab yetimi yox idi.

Yenə də dadlar

bir yetimdən məhrum idi.

 

İnsanların donu vurdu yetimləri;

Dünyanın ən qızmar yerində

soyuqdan öldü insanlar.

 

Mariana çökəkliyindən dərinə düşdü,

Yetim baxışında batdı vicdanlar.

Everest o qədər də yüksək deyil,

Oranı iki günə fəth edənlər deyir.

 

Zirvəyə çıxmaq asan imiş

– vicdanın axırına çıxmaqdan.

Hər şeyin axırına gedib-çıxanmayanlar

insanların axırına çıxdılar.

 

Sonunu gedib görmək üçün

insanlar dünyanı düz bildilər.

Getdilər dünyanın o başına;

Yenə gəlib özlərini gördülər.

 

Ellipsis deyilmi dünya?

Niyə qarışmır onda insanlar;

Niyə fırlanıb tapmır atasını

müharibə də itirmiş uşaqlar?!

 

Hərə bir şeydən yetimdi

Bu yetimlər dünyasında.

Soruşdular yolda qalanlar:

– Biz rahatlığa necə gedə bilərik?

Dünyanın o biri başında dedim var.

Getdilər…

Yenə unutdum deməyə,

Dünyanın hər yerində

yetim var!

 

Niyə?

 

niyə gözlərin danışığı səssiz olur,

susur həmişə?

niyə?

niyə bəs xoşbəxtliy özünü

baş hərifindən

asır həmişə?

niyə?

 

Niyə gözlərin çəkdiyi yollar

üzdə qırışa dönür?

Qırışlar gedənlərə xəritədimi?

 

Gedəcək neçə nəfər hələ üzdədi

Niyə günəş,

üzündəki qırışları

gizlədir

Niyə?

 

Niyə “Ay” inanırki günəşi görəcək?

Gecələr hələdə gözləyir

bir gün bu qaranlığa

işıq enəcək.

Sən də qaranlıqdan

boylan sadəcə

görməsən də boylan

Bir də görəcəksən,

gözündə ümid görüb kimsə

qaça-qaça gələcək

Sənə də,

mənə də,

bu qaranlıq evə də

işıq düşəcək…

 

Göyərçin heykəli

 

Mənim də göyərçinin qabağında şəkilim var

Mənəm

Atamdı

Anamdı

Bir də göyərçin

 

Kəsdim şəkildən hamını, bir bir

Anamı gizlətdim

Atamın ayaqlarını kəsdim, getməsin

Qaldım mən və göyərçin

 

İndi pəncərənin önündəyəm

Bir qoca suluyur ağacı

Bir ağac nə qədər su içər.

 

(Visited 502 times, 4 visits today)