Sim-sim.az

Müdrik çinli öz həmkəndlilərinə dörd dəfə nə demişdi?

guy-de-maupassant-008

Mətləb Ağa

 

Olur ki, hətta illər uzunu bu cür qavradığımız hadisənin bizim bildiyimiz kimi yox, başqa cür baş verdiyi, mahiyyətinin tamamilə fərqli olduğu aşkara çıxır, yaxud elə bir əhvalat baş verir ki, bu cür tanıdığımız insanın əslində fərqli biri olmasını başa düşürük və bu zaman nə vaxtsa yanlış qərar verməyimiz (insan və ya hadisə barədə) bizi ən azından hər halda təssüfləndirməmiş olmur.

 

Gi de Mopassanın adları oxşar olan iki hekayəsi vardır, biri “Daş-qaş, digəri isə “Boyunbağı” adlanır.

 

“Daş qaş”da vaqeələr Xarici İşlər Nazirliyinin baş məmuru vəzifəsində ildə üç min beş yüz frank maaşa çalışan cənab Lantenin bir neçə il əvvəl ölmüş kənd maliyyə işçisinin utancaq mələyə bənzəyən qızı ilə evlənməsiylə başlayır, bu xeyir işin şahidləri iddia edirdilər ki, o qızla ailə quran kəs mütləq xoşbəxt olacaq və doğrudan da, Lanten arvadıyla olduqca qayğısız bir həyat sürürdü, xanım Lanten hədsiz mehriban və məlahətli idi, artıq evləndikləri vaxtdan altı il keçməsinə baxmayaraq, cənab Lanten onu əvvəlki tək çox istəyirdi. Lakin arvadında baş məmurun xoşuna gəlməyən cəhət də vardı, bu da ondan ibarətdi ki, xanım teatra və saxta daş-qaşlara sonsuz maraq göstərirdi, Lanteni özlüyündə yəqin ki, bu həvəs qısqandırırdı, yoxsa, belə “mələk” xasiyyətli qadından necə narazı qalmaq olardı ki?

 

Xanım Lanten elə teatrın güdazına da gedir, qış gecələrinin birində operadan qayıdarkən soyuqlayır  və səkkiz gündən sonra sətəlcəmdən ölür. Bu faciə Lanteni ürəkdən sarsıdır, ayrı cür ola da bilməzdi, elə gözəl, namuslu qadını itirmişdi, xalq arasında deyildiyi kimi, beləsini gündüz əldə çıraqla də gəzsən tapa bilməzsən.

 

Deməli, arvadının nakam ölümünə dözə bilməyən Lanten dərddən az qala ağlını itirmək dərəcəsinə çatır, bununla yanaşı, güzəranıda getdikcə pisləşir, maaşı ona azlıq eləməyə başlayır və kimdənsə borc tapmaqdan ötrü şəhərdə səfil sayağı dolaşır. Cibində qara qəpiyi qalmayanda Lantenin yadına qəfil arvadının “saxta” daş-qaşları düşür və fikirləşir ki, həm onsuz da mərhumənin gözəl xatirəsini korlayan zir-zibilldən xilas olsun, həm dəcüzi dəolsa pul əldə eləsin ki, ac qalmasın. Bu niyyətlə evdəki mücrüdən arvadının ən çox xoşladığı böyük boyunbağını götürüb birinci onu satmaqdan başlamağı qərara alır, çünki, bu boyunbağı saxta da olsa, ustalıqla düzəldilmişdi, ona səkkiz, ya da ən azı altı frank verərdilər və bu məbləğ Lantenin yəqin ki, bir neçə günlük ehtiyacını ödəyərdi.

 

 

Beləliklə, cənab Lanten utana-utana əlindəki “saxta” boyunbağıyla zərgərə üz tutur, orada səkkiz franka satmaq istədiyi daş-qaşdan ötrü ona on iki-on beş min frank arası pul təklif edəndə Xarici İşlər Nazirliyinin baş məmuru sanki yuxudan ayılır, lakin hələ şübhəli qaldığından bu  zərgərin yanından çıxıb ayrı zərgərə baş çəkir, bu dəfəki zərgərsə vaxtı ilə onun özündən iyirmi beş min franka alınıb xanım Lantenə hədiyyə göndərilmiş satlıq daş-qaşa görə on səkkiz min frank ödəyə biləcəyini bildirir. Və hər şey aydınlaşır, ağır zərbə almış cənab Lanten bir neçə gün  dəli kimi fırlanır, nəhayət özündə güc tapıb (həm üç gündü acdı, həm də ki, ortada külli miqdarda puldan söhbət gedirdi, bundan necə qaçmaq olardı?) ona on səkkiz min frank təklif etmiş zərgərin yanına qaçır, orada arvadından qalmışdigər daş-qaşlarıda sataraq yüz doxsan altı min frank qazanıb bir gündə varlıya çevrilir…

Düzdür, zərgərin yanında bəzi xırda xoşagəlməz əhvalatlar də baş verir, (zərgərin köməkçilərindən biri Lantenə doyunca gülmək üçün bayıra çıxmışdı, digəri isə özünü zorla saxlamışdı ki, bu dəyyusa ürəkdən qəhqəhə çəkməsin) ancaq bu boş-boş şeylər cənab Lantenin vecinə deyildi, əsas o idi ki, indi onun “bəsdi” deyincə pulu vardı, nə istəsə yeyəcək, içəcək, geyəcək və yüngül əxlaqlı qadınlarla doyunca əylənəcəkdi…

 

Cənab Lantenin öz qiymətini isə, pozğun “mələyi”elə öz sağlığında vermişdi, belə ki, tez-tez “saxta” boyunbağılarından hansınısa ərinin boynuna taxar, ona baxıb ürəkdən gülərək “nə səfeh görünürsən” deyə qışqırır, ardından ərinin qolları arasına atılıb onu bərk-bərk qucaqlayıb öpürdü…

 

Digər hekayədə, “Boyunbağı”dasa Təhsil Nazirliyində işləyən adi bir məmurun arvadı olan Matilda Luazelin başına gələnlərdən danışılır, öz sadə, lakin tox və qayğısız həyatını bəyənməyən, özünün dəbdəbəli həyat üçün doğulduğu fikri ilə yatıb-duranqadın təhsil nazirinin təsadüfən onları qonaq çağırması səbəbindən, ərinin bildirçin ovundan ötrü tüfəng almaq üçün topladığı dörd yüz frankı ziyafət paltarına xərcləyir və bu paltara yaraşan zinət də taxmaq həvəsinə düşüb rəfiqəsi xanım Forestyedən möhtəşəm brilliyant boyunbağınıda borc götürür ki, məclisdə nazlana və qonaqlara göz dağı verə bilsin. Qısası, o, arzusuna qovuşur, hətta nazir özü Matildanın  gözəlliyindən xoşlanıb ona nəzər yetirir.

 

Lakin ziyafət  xanım Luazeldən ötrü tam faciə ilə yekunlaşır, yelbeyin qadın orada xanım Forestyenin boyunbağısını salıb itirir, bu dəhşətli hadisə ona vəərinə otuz altı min franka başa oturur, belə ki, Forestyenin boyunbağısına bənzəyən kolye onlara məhz bu qiymətə başa gəlir, əlbəttə, bu məbləğin böyük bir qismini onlar ondan-bundan borc almaqla birtəhər düzəldə bilirlər. Nəticədə, acı yoxsulluğa yuvarlanan ailə düz on il məhrumiyyətlərə dözüb bu illər boyu yarımac dolanır. Keçmiş həyatını bəyənməmiş xanım Luazel əvvəlkindən min qat pis dolanışığa qatlaşır, çünki daha başqa çarəsi yoxdu.

 

On il keçir və nəhayət ki, Luazellər əsas borclarını və soyğunçu faizləri ödəyib qurtarırlar.

 

(“Bu müddətdə xanım Luazel xeyli yaşlandı,…o, kasıb ailələrdəki qadınlardan heç seçilmirdi. Saçları pırtlaşıq, əynindəki tumanı çəpəki duran bu qadın… döşəmələri özü yuduğundan əlləri qıpqırmızı olardı. Hərdənbir… bu qadın …özünün son dərəcə valehedici və misilsiz olduğu o ziyafəti xatırlayırdı… Həyat necə də şıltaq və dəyişkəndir…insanın xilası və ya məhvi üçün ən adi bir təsadüf də kifayətmiş…”)

 

Əhvalatsa, belə yekunlaşır ki, (yekunlaşırmı?!) bir gün təsadüfən keçmiş rəfiqəsi Forestyeylə rastlaşan Matilda yaxınlaşıb on il bundan əvvəl başına gələn boyunbağı əhvalatını ona danışır, çünki Forestyeyə heç bir borcları qalmadığından artıq bunu ürəklə etiraf edə bilərdi. Əvvəlcə keçmiş gözəlin indiki kobud, yoxsul görkəmi xanım Förest yeni çaşdırır, sonra Matilda özünü tanıdır və hətta söhbət zamanı Forestyeni ailəsinin bu vəziyyətə düşməsinə görə ittiham da edir. Çox üzülən xanım Forestye həyacanla Matildanın əllərindən yapışıböz boyunbağısının süniliyini, dəyərinin olsa-olsa cəmi beş yüz frank olduğunubildirir. Hekayə elə bununla da bitir və fikirləşirəm ki, Mopassan  daha heç nə yazmamaqla düz eləyib, çünki, bu xəbərin ardından xanım Luazelin hal-vəziyyətinin təsviri heç bir yazıçının imkanı daxilində olmasın gərək…

 

…Daoizm fəlsəfəsinin yaradıcısı sayılan Lao-Çzının adıyla bağlı qədim Çin əfsanələrindən birində nəql olunur ki, bir qoca kəndlinin ağ  rəngdə, gözəl bir atı vardı. Ölkə imperatorunun bu ata gözü düşür və nə qədər təkidləistəsə də, qoca kəndli “ürək dostumdur” deyib atı imperatora vermir. Səhərlərin birində yuxudan oyanan qoca atının tövlədə olmadığını görür və bu, həmkəndlilərinin onu  möhkəm danlamasına səbəb olur, bu adamlar dil-dil ötür ki, əgər qoca inadkarlıq göstərməyib atı hökmdara satsaydı, hazırda yaxşıca pul-paraya sahib olardı, indi isə at da,  ata görə qazana biləcəyi var-dövlət də həmişəlik əlindən çıxdı.

 

Cavabında qoca bu nadanlara heçvaxt tələsik qərar çıxarmamağı məsləhət görür.

 

Doğrudan da bir az sonra kəndlinin atı on iki vəhşi atla birlikdə geri dönür, sən demə, at özü dağlara qaçıbmış. Kəndlilər yenə də ağıllı görkəm alıb qocanın bu dəfə haqlı çıxdığını bildirirlər, indi o, bütöv bir ilxı sahibidir, varlıdır. Qocasa, bir daha onları tələsməməyə çağırır, bu hadisədə xeyirin, yaxud şərin gizləndiyinin zamanla aşkara çıxacağına diqqət çəkir. Kəndlilər üzdə heç bir söz deməsələr də, ürəklərində müdriki “qoca sarsaq” adlandırıb dağılışırlar.

 

 Beləliklə, vaxt ötür, qocanın vəhşi atları əhliləşdirməyə çalışan yeganə oğlu atın üstündən yıxılıb qıçını sındırır. Kəndlilər yenə tapılır və təzədən qocanın haqlı çıxdığını deyirlər. Müdrik çinli bir dəöz  əvvəlki fikrini təkrarlayır.

 

Aradan çox keçmir, düşmən ordu ölkəyə soxulur, müharibə başlayır, qocanın oğlundan savayı bütün əli silah tutanları orduya çağırırlar. Həmkəndliləri utanmadan qocanı bəxtəvər adlandırır, lakin qoca israrla yenə öz sözündə dayanır, axı gələcəkdə nəyin necə olacağı, nəyin nələrə yol açacağı haqqında heç kim heç nə deyə bilməz, bəli, bu gün qocanın oğlu yanındadır, digərlərinin uşaqlarısa müharibədə döyüşür. Lakin, bu iki ayrı-ayrı vəziyyətdən hansının uğura, hansınınsa uğursuzluğa istiqamətlənəcəyini biz əvvəlcədən görə bilərikmi?!

 

Və çinli ustad növbəti, dördüncü dəfə təkrarlamalı olur ki, heç vaxt tələsik qərar vermək lazım deyil, zamanın ayrıca götürülmüş bir hissəsində, həyatın ayrıca bir dövründə baş verənlərə əsasən, bütövlükdə yaşadıqlarımızı qiymətləndirmək yalnız axmaqların işidir…

 

…Yəqin ki, sonrasını biz özümüz fikirləşməli olduğumuzdan kəndlilərin qoca müdrikə indi nə cavab vermələri isə əhvalatda yazılmayıb…

 

Belə…

 

…Yeri gəlmişkən, cənab Lanten, yaxud Matilda Luazel Lao-Çzının çoxbilmiş çinlisi haqqında görəsən nə vaxtsa nəsə eşitmişdilərmi?