Sim-sim.az

Fərid Özay — Qoca tabut

Palıd ağacından qayırdığı tabutun içinə girib nəzakətlə uzandı. Bəli, o, bunu xüsusi incəliklə, nəzakətlə etdi, çünki yüz yaşlı palıda hörmət göstərməyi özünə borc bilirdi. Əvvəl oyana, sonra buyana çevrilib heç də yumşaq olmayan yerini rahat etdi. Tabutun üstündə dayandığı ağac lövhə çürüsə də, qocanın buna məhəl qoymadığı sir-sifətindən, hər hərəkətindən görünürdü. Ölümə meydan oxuyan vecsizliyinə baxanda, yəqin, Əzrailin də diqqətini çəkmiş, qəzəbinə səbəb olmuşdu ki, hərəkət etdikcə ağaclar, eləcə də tabut qəribə səslər çıxarır, elə bil ona nəsə deməyə çalışırdılar. Eşitmək üçün başını tabutun kənarına söykədi, amma birdən stolun ağacdan ayaqları qırıldı və qoca tabut qarışıq yerə çırpıldı. Bir neçə saniyəlik gözləri yuvasından çıxsa da, soyuqqanlılığını pozmadı, sanki elə belə də olmalı idi. Qalxıb üst-başını, pencəyinin çiyinlərini əllərinin tərsi ilə təmizlədi, “Yox, hələ vaxta var” deyib təskinlik tapdı. İqamət etdiyi ev iki otaqlı, onları ayıran divar isə şüşədən idi. Ona görə yan otaqda telefonla danışan on yeddi yaşlı oğlunu gördü, amma sevgilisi ilə danışdığını düşünüb üzünü çevirdi. Uzaqdan gələn siqnal səsi küləyin vıyıltısına qarışıb bir qulağından girdi, digərindən çıxdı. Heç ona da məhəl qoymadı, əksinə, özü də fit çala-çala onu zümzümə etməyə başladı. Çöldəki müəmmalı səs yaxınlaşıb onun səsini kölgədə qoyanda soyuq bədənini vahimə bürüdü, bayıra çıxıb ətrafı gözlərinin süzgəcindən keçirdi. Nəzərə alsaq ki, qış gələndə hamı şəhərə, şaxta babanın başına yığışırdı, onda maşın səsinə təəccüblənməsi başa düşülən idi. Ümumiyyətlə, qışda kəndi tək görüb düşürdü canına, yoxluqla özü arasında qalan boşluğa ayaqlarını yelkən açıb başlayırdı gəzməyə. Amma bu dəfə tamam başqa idi.

Gələn təcili yardım maşını idi, ona görə yan-yörəsinə baxdı, amma ışıqları yanan başqa ev görməyib çaşdı, ola bilsin oğlu zəng etmişdi. Tez içəri, onun yanına qaçıb nə olduğunu xəbər almaq istədi, yeni çevrilmişdi ki, üz-üzə gəldilər, amma oğlu yanından keçib sürətlə həkimlərin yanına getdi, onları dartıb özü ilə tabutun olduğu otağa apardı. Allahın salamını eşitməyəndə – Yaşım altmışı adlayıb, daha yazıçını sayan da yoxdu – deyib kor-peşman, gözlərini döyə-döyə onların arxasınca içəri keçdi. Tabutun qarşısında dizlərini bükən həkimlər dikəldilər, oğlana nəsə deyib çıxdılar, amma çox çəkmədi əllərində xərək yenidən qayıtdılar. Tabutda yatan cəsədini görəndə qoca özünü tanımadı, ürəyi yerindən çıxmaq istədisə də, – çox şükür, elə bir şey olmadı.
“Stolba” kimi donub yerində qaldı.

– Axı qayıdıb nə deyəcəm? “Bağışlayın, cənablar, bura kimi sizə əziyyət vermişəm, əslində yazmağa yeni başladığım hekayədə qəflətən həyatını dəyişən gəncin öldükdən sonra yaşadıqlarını imitasiya etmək üçün tabuta uzanmışdım. Düşünmüşdüm kömək olar, amma necə oldusa, şiddətlə yerə çırpıldım və qoca ürəyim buna dözməyib dayandı”. – Yox, belə olmaz! – deyib dilinin altında özünü danladı. Həkimlər örtüyü cəsədin üzünə çəkəndə hiss etdi ki, dünyası şkaf qarışıq başına yıxıldı. Sevdiyi kitabların, Çexovun, Dosteyevskinin, Tolstoyun və başqalarının arasında çabalamağa başladı. Gözləri qaraldı… Hər şeyin bitdiyini düşünürdü ki, yenidən tabutda oyandı. Bəli, yenə stolun üstündə, yenə tabutun içində idi. Gözlərini ovuşdurdu, yuxu gördüyünə şükr etdi, amma tez də çıxmaq istədi. Ayağını tabutdan kənara atacaqdı ki, büdrəyib kəlləməyallaq yıxıldı, onla da qalmadı, tabut da çevrilib başına aşdı.

– Ay belə bəxtin içinə pox! – deyə əsəbləşsə də – Olmuşla ölmüşə çarə yoxdur – deyib

sakitləşdi. Qalxıb üstünü təmizlədi, gözucu ətrafı nəzərdən keçirtdi. Elə bil illərdi burda heç kim yaşamırdı, mebellərin üstünü toz basmış, otağın künclərini də hörümçək toru örtmüşdü. İşarə barmağını gicgahına sıxıb ovuşdurdu, deyəsən, yıxılanda başını harasa möhkəm vurmuşdu. Ciddi bir şeyi yox idi, amma diqqətini bir yerə toplaya bilmədiyindən nəzərini mebel və otağın künclərindən ayırıb yazı masasına tuşlamağa çalışdı, hədəf  taxtasına atılan ox kimi ayaqlarını bir-iki addım irəli atdı. Addımladıqca yer-göy lərzəyə gəlir, heç də sağlam olmayan döşəmə uşağı ölmüş ana kimi qocanın ayaqları altında zarıyıb sanki mərhəmət diləyirdi. Özündən razı ordan uzaqlaşıb, nəhayət, mənzil başına yetişdi, əyləşib vaxt itirmədən qələmi əlinə aldı. “Hər şey düzəldiyinə görə indi başlamaq olar” deyəndə Allah bilir nə qədər xoşbəxt idi. Amma nə qədər etdisə, qəribədir, heç nə yaza bilmədi, hətta vərəqdəki başqa hərfləri də tanımayıb lap dəhşətə gəldi.

Birdən qulaqlarının dibində vızıldayan tanış səs, bəli, siqnal səsi onu hürkütdü. Eşitməzdən gəlmək istədi, hətta ovuclarını qulaqlarına sıxıb qışqırdı, amma nə etdisə, əbəs yerə…  Az keçmədi masanın üstündə oxuyan telefon diqqətini çəkdi, məgər səs ondan gəlirmiş. Əvvəl xatırlamasa da – ola bilsin, aldığı zərbədən müvəqqəti yaddaşını itirmişdi – bir neçə dəqiqənin ardından qışqırdı.

– Həəə, belə dee. Necə də səfehəm!

Sən demə imitasiya prosesini asanlaşdırmaq üçün hələ tabuta girməmişdən telefona siqnal səsi qoyubmuş. Öz-özünə gülüb nə qədər axmaq olduğunu düşündü. Bir müddət telefonda qurccalandı, tabutda yatan zaman zəng edən olub-olmadığına baxdı. Heç kim zəng etməsə də, bir nömrə diqqətini çəkdi. Təəccübünü gizlədə bilmədi, çünki zəng ondan getmişdi, həm də 103-ə.

– Yox, mən zəng etməmişəm, yəqin cibimdə olanda özlüyündən yığılıb – deyərək həmin düşüncələri özündən uzaqlaşdırdı, telefonu kənara qoyub fikrə getdi.  

Baxışlarını otağa yenidən qarmaq atdı, amma köhnə balıqlardan – əşyalardan heç biri tilova düşmədi. Elə bil, akvariumun suyu dəyişib içinə də yeni balıqlar atmışdılar – masanın üstündə qırıq lampa, küncdə köhnə pianino, rəfdə kiril əlifbası ilə yazılmış bir-iki kitab, havada at oynadan milçəklər və yeni başqa-başqa şeylər…
Qəflətən qapıda peyda olan ağ xalatlı iki nəfər diqqətini oğurlaya bildilər.

– Salam, sizə necə kömək edə bilərəm? – təəccüblə baxan qoca qorxmuş görünürdü. Bir

söz demədən üstünə atılıb əl-qolunu bağladılar, maşına sürükləyib arxa qapıdan içəri atdılar. Yolboyu sualları cavabsız qalsa da, həkimlərin öz aralarında nə danışdıqlarını yaxşı eşidirdi.

– Qohumlarından kimsə var?

– Heç kimi yoxdu, uşaq evində böyüyüb, dediklərinə görə onda hələ yaxşı imiş. Yetim də olsa, əbləh oğlu əbləh kənddə-kəsəkdə yaman məşhurdur. Kimdən Qoca yazıçını soruşursan, uğuna-uğuna, amma ağız dolusu danışır. Hamıya yaxınlaşıb deyirmiş ki, dünyanın 50-dən çox ölkəsində kitabları çıxıb, dövrünün 10 ən yaxşı müəllifindən biridir. Amma gəl gör yazıb oxuya da bilmir.

– Əşi, belələrini çox görmüşəm. Bunun nəyi təzə oldu?!

– Yox, digərlərinə baxma, bu, başqadır.

– Sən də yaman uzatdın haa, rəhmətliyin oğlu! Danış görüm!

– Deməli bir gün kəndlilər baxıb ki, bir nəfər qadın kimi geyinib gəlir. Özü də kim olsa yaxşıdır? Hə, elə bizim bu qoca. Əvvəl qeyrətə gəliblər, istəyiblər basıb-döysünlər,  sonra deyiblər “Yox, oxumuş-görmüş adamdı, ən əsası qələm əhlidi, soruşaq, bəlkə nəsə bildiyi var?!”. Nə başını ağrıdım, qocadan xəbər alıblar ki, bəs qadınlar haqqında yeni roman yazır, o da bu cür geyinib ki, onları başa düşə.

Yeri gəlmişkən, özü də büdpərəstdir. Dediklərinə görə inəklər haqqında yazanda səsindən kənddə adam qalmayıbmış.

– Ax, yazıxx, hər şey cəhənnəmə, Allahından da yarımıyıb – ikisi də qəh-qəhə çəkib uzun müddət güldülər.

Birdən səsinin gur yerinə salıb qışqırdı:

– Dayanın, o, öləcək! Eşitmirsiniz?! Sizi yığan mən idim! Allah eşqinə, dəftərimi oxuyun, deyirəm, o, öləcək!

(Visited 119 times, 1 visits today)