Sim-sim.az

Fuad Poladov – Aktyor oyununda dominant “mən” konsepsiyası

(islaq küçələrin yolçusu üçün portret)

                                       

      Mənimçün teatr ondan başlayır. Üç il bundan əqdəm bir payız aşxamı yeddi-səkkiz yoldaş olub Dram Teatrına yola düzəldik. Deyəsən, hamımız birinci dəfə teatra gedirdik. “Şah Qacar”. Amfiteatr – ikinci yarus. Tamaşa başlayır, yan-yana bərkidilmiş qapıları o yana sürüyürlər, bu yana sürüyürlər, axır qapıların arxasından personajlar çıxırlar, danışırlar, dağılışırlar. Elə bu zaman səhnənin dərinliyindən  zəhmli, qaraqabaq, əcaib-qəraib fakturaya malik BÖYÜK bir kişi zühur edib düz üstümüzə gəlir. Gözlərimiz bərəlib. Durub qaçmaq istəyirik, aradan çıxmaq istəyirik. Bu boyda adam olar?!. Elə gəlir, elə bilirsən, indicə səhnədən uçub amfiteatra, düz yanına düşəcək. Yapışacaq xirtdəyindən. Bu, teatr sferasında gördüyümüz və bu qədər yaxından ünsiyyətdə olduğumuz ikinci  BÖYÜK (oxu: qorxulu, vahiməli, əcaib və s.) adamdır. Tamaşadan, səhnədən, teatrdan böyük adam – Fuad Poladov.

      Tamaşa bitdi. Foyedə tələbə yoldaşlarımdan biri divardan asılmış şəkilləri göstərib: – “Bir gün mənim də şəklim burdan asılacaq”. Şişirtmirəm, düzünü yazıram, xatirəmi yazıram. Yəqin ki, budur əsl sənət, budur teatr. Yalnız yaxşı tamaşadan sonra bilirsən ki, nədir teatr. İçdən nurlanırsan, xoşbəxt olursan, anormal olmadığına, sevgində yanılmadığına inanırsan. Səhnəyə ki, içindən xılt axan cəmdəklər çıxdı, teatrın evi yıxıldı. Doğrudan da, “Azərbaycan teatrı ona görə sevilmir ki, orda seviləsi adamlar çox azdır” (A.Talıbzadə).

     Elə bircə bu cümləni parçalayıb, dərinliyinə varsaq, gedib içimizdəki Fuad Poladov sevgisinin nədəninə çatarıq. Nədən ki, sənəti sevmək insanı sevməkdir, ötəkinin dünyasını sevməkdir, sənətçini sevməkdir. Biz Səttar Bəhlulzadənin çəkdiyi çölü, çəməni, almanı, armudu, narı sevmirik, onun təbiəti bunca orqanik, harmonik təsvir etmək yetənəyini, dünyaduyumunu, həssaslığını sevirik. O rənglərlə buladığı tablolarda alma, armud, nar çəkməyib, içinin əlvanlığını çəkib və biz bu əlvanlığın, rənglərin harmoniyasına düşüb orda əriyib itirik. Niyə mən “əriyib itmək” deyirəm?.. Ona görə ki, itmək azadlıqdır, yox olmaq azadlıqdır. Meşənin dərinliyinə gedirsən ki, səni heç kim görməsin, bir neçə dəqiqəlik də olsa, gözdən itib azad olasan. Bizə antik mifin tanrıları maraqlıdır, yoxsa onları yaradan, icad edən “mən”?.. Ki, min illərdir sənət, fəlsəfə, ədəbiyyat bu “mən”in orbitində, həndəvərində fır-fır fırlanır, özünü onun cazibəsində gəlişdirir. Yəqin, Meyerhold  Valeri Briussovdan təsirlənib yazanda ki, “Sənət əsərinin məzmunu sənətçinin ruhudur” – elə bunu nəzərdə tuturdu.  Biz bu ruha DOMİNANT “MƏN” deyirik.

     Fuad Poladov da meşənin dərinliyi qədər, qara otaqdakı qara pişik qədər müəmmalı, maraqlı və xarizmatik bir insan. Kəşf etmək, çözmək qeyri-mümkün. Çünki içində həmişə bir əlçatmazlq gəzdirir, bağımsızlıq, əyilməzlik gəzdirir. Daxilən azad insanın dünyası zaman-məkan parametrlərində təssəvürə gəlmir. Ona görə sən Fuad Poladovu çözməyə çalışmırsan, oynadığı rolun içinə “mən”indən nə sızdırıbsa, onunla kifayətlənirsən. O, səhnədə (ekranda) nəyi, kimi oynayırsa oynasın, baxanda elə bilirəm yalquzaq ulayır. Təsəvvürümdə sinəsini dərindən də dərin bir dərənin boşluğuna dayayıb ulayan buzumtul canavar şəkillənir. Bəli, zənnimcə, Fuad Poladov yaradıcılığının bədii obrazı qurd ulartısıdır. Canavar tələyə düşəndə ayağını gəmirib tələdə qoyur, qaçır. Sirkdə canavar görməzsiniz. Canavar heç bir sirk tanımır, əsarət tanımır. Fuad Poladovu “əhilləşdirmək”, ayı kimi sirkdə, təlxək kimi sarayda oynatmaq qeyri-mümkün. O, haranı sirk hesab edirsə, sirk kimi qavrayırsa, oranı tərk edir… qaçıb gedir azadlığa. Hərçənd, dünya da teyxa illüziya, yekə bir sirk, hara qaçsan, oyunun içindəsən… həqiqət başqa yerdə, azadlıq başqa yerdə, başqa yer də uzaqda – olumun o üzündə.

      Bura qədər nə yazdımsa, “rəng”dir, ayaqdır – bir azı indicə quraşdıracağım nəzəri konstruksiyaya giriş, biz azı da yöndəmsiz xarakteroloji panoram. Yəqin ki, bu məqaləni oxuyanların əksəriyyəti eymənib də düşünəcək ki, biz heç burda Fuad Poladovu görmədik. Zatən, məqsədimiz onu görüktürmək deyil. Məqsəd Fuad Poladov yaradıcılığının alt yapısına enib də, orada nəzəri modellər qurmaq, predmetə konseptual yanaşmaqdır. İndi mən həqiqəti hələ özümə də tam bəlli olmayan anlamlardan bir pilləkən düzətməyə, o pilləkənlə Fuad Poladov dünyasına enməyə çalışacağam. Hərçənd, pillələrdən (anlamlardan) biri işləməsə, çürük çıxsa kəllə-mayallaq yıxılacağam fikir sonsuzluğunun içinə.

      Aktyorun yaradıcılıq sferasında, yəni ki, yaradıcılıq aktının baş verdiyi psixi zonada üç mən çulğaşır: dominant “mən”, üst (yaradıcı) “mən”, yapma “mən”. Çuğlaşır deyəndə ki, bu üç “mən” bir-birinə geydirilib, təqdim etdiyim sırayla biri o birindən yaranıb. Dominant “mən” aktyorun mənəviyyat sistemidir, “olmaz”lar sistemidir, yaşam kredosudur. O aktyorda (insanda, sənətçidə)  doğuşdan formalaşmağa başlayıb. Bütün uşaqlıq xatirələri, travmalar, seksual basqılar, dünyaduyum, daşıdığı genetik yük, yaşadığı toplumun fəlsəfəsi, folkloru və s. orada yığılıb mürəkkəb struktur əmələ gətirib. Dominant “mən” aktyorun (sənətçinin) obyektiv aləmlə olan ilişkisində, qarşılıqlı təmasında formalaşır. Psixoanalitiklərin bütün çabaları insan davranışına hakim kəsilmiş bu dominant “mən”ə çatmaq istəyindən irəli gəlir (Freydin, Adlerin, məsələn, Dostoyevski yaradıcılığı üzərində apardığı psixoanalitik “kəşfiyyat”ı yadınıza salın!..). Dominant “mən” bütün yaradıcı enerjini içinə yığıb saxlayan nöqtədir, nüvədir, atomdur. Aktyorun dominant “mən”i həm də açıq emosiyalar sistemidir ki, dramaturji mətndən və rejissordan aldığı impulslara, qıcıqlara həməncə reaksiya verir. Məhz bu qıcıqların təsiri ilə dominant “mən” partlayır (“psixoloji Big Bang”) və bu partlayışla üst “mən” aktivləşir . Partlayışa qədər hər şey stolarxası məşqdə baş verir. Aktyor stol arxasından səhnəyə üst “mən”lə çıxmalıdır.

       Üst “mən” “yaradıcı mən”dir – daha doğrusu, dominant “mən”in aktiv yaradıcılıq zonasıdır. Gəldik çıxdıq M.Çexovun aktyora təklif etdiyi yaradıcılıq formuluna ki, birbaşa üst “mən”dən bəhs edir. Bu elə bir zonadır ki, burada artıq yapma (xəyali) “mən” istehsal edilir. Burada xəyali “mən”in, yəni personajın “mən”in portreti (xəyali bədəni – M.Çexov) yaradılır. Aktyor üst “mən”ində personajın bədənini quraşdırır, jestual sxemini, səsini, danışıq tərzini, yerişini və s. təyin edir. Üst “mən”dən xəyali “mən”ə keçid artıq psixolojidən fiziolojiyə keçiddir. Hasil edilmiş psixoloji mətləblər (bilgilər, qənaətlər), yəni ki, təsəvvür vizuallaşır, bədənləşir, aktyorun plastikasına yansıyır. Yapma (xəyali) “mən” aktyorun psixofizioloji kamillik nöqtəsidir. Sonuc olaraq qeyd edək ki, üst “mən” dominant “mən”lə, yapma “mən” də üst “mən”lə simbioz münasibətdədir. Biri digərindən “yeyib” böyüyür və daim bir-biri ilə qarşılıqlı əlaqədədirlər. Əgər bu əlaqə pozularsa, aktyor yaradıcılığı sıfır nöqtəsinə enəcək, teatr öləcək, yerində çərənpərən, anlaşılmaz, ölü bir stuktur qalacaq – məsəli bizim “AZƏRBAYCAN MİLLİ TEATRI”ndan uzaq!..

       Sonuncu iki abzasda nə dedimsə, hamısını Fuad Poladov üçün dedim, bircə “AZƏRBAYCAN MİLLİ TEATRI”ndan başqa. Yəni kim istəsə mətndəki “aktyor”, “sənətçi” sözlərini götürüb yerinə Fuad Poladov adını qoya bilər. Dominant “mən” Fuad Poladov yaradıcılığının fenomenidir. Əgər bu yaradıcılığı fenomenoloji reduksiya tunelindən keçirib, kənar elementlərdən təmizləsək, mahiyyətində, özündə yalnız və yalnız dominant “mən” qalacaq.  Fuad Poladovun dominant “mən”i matritsadır. “Matritsa, məsələn, naxışlar qəlibirdir ki, ora qurğuşunu da, gümüşü də tökəndə həmən naxışları alırlar” (Niyazi Mehdi). Fuad Poladov da sanki bütün canlandıracağı personajları dominant “mən”inə “tökür”, orada həll edir və öz “maska”sında cizgiləndirir. Mən demədim ki, məhv edir, dedim ki, həll edir. Həll etmək personajın “müstəqilliyini” tanımaqdır. Hər bir oynadığı rol sanki Poladovun dominant “mən”inə rəng verir.  O, nə yaradırsa  özündən, şəxsiyyətindən yaradır, dominant “mən”inin təzahür formaları kimi yaradır. Bu aktyorun yaradıcılığına bir oriqami əlvanlığı gətirir və onu amplua aktyoru olmaqdan qurtarır.

     Bəs biz hər dəfəsində “öz”ünü oynayan bu aktyordan niyə bezmirik?.. Ona görə ki, Fuad Poladov seyrçiylə ünsiyyət şəbəkəsində energetik mübadiləni ustalıqla yaradır. “Seyrçinin aktyorun enerjisini oxuması bilincsiz şəkildə gerçəkləşir” (E.Barba). Barbanın prizmasından yanaşıb  öz formulumuzu yaradırıq: Tamaşa iki növ mətnin vəhdətindən oluşmuş stukturdur: 1) bağımsız mətn, yəni bios; 2) konseptual mətn – loqos. Aktyor öz-özlüyündə bağımsız (müstəqil) mətndir. Bağımsız mətnə biz həm də bios (orqanizm mənasında) deyirik. Oynadığı tamaşanın estetikasından, konsepsiyasından asılı olmayaraq, aktyor tamaşaya özündə var olan elementləri qeyri-şüuri olaraq daşıyır. Bura onun energetikası, səsi, bədəni, barmaqlarının uzunluğu, qırtlağının qabarıqlığı, qaşlarının forması, gözlərinin rəngi, gövdəsinin quruluşu və s. sayıb qurtara bilməyəcəyimiz elementlər daxildir. Ki, bunların birgəliyi seyrçinin bilincsiz qatda, bilincaltı olaraq oxuduğu, dəyərləndirdiyi reaksiya verdiyi, etkiləndiyi mətni – bağımsız mətni əmələ gətirir. Bir də konseptual mətn var – rejissor fikri əsasında formalaşmış mətn (yəni, loqos). Konseptual mətn dramaturji mətn, yozum, musiqi tərtibatı, dekorativ həll, estetik çərçivə və s.- dən ibarətdir.  Əgər aktyor “übermarionet”dirsə (Q.Kreq) bios loqosda itib batır, yox əgər “yaradıcı aktyor”dursa, “müqəddəs aktyor”dursa, loqos biosda həll olur, bədənləşir, vizuallaşır və bağımsız mətn tamaşanın DOMİNANT MƏTNi olur. Bu elə bir məqamdır ki, aktyor səhnənin bu başından o başına gedəndə, dönüb baxanda, gülümsəyəndə, yaxud küçədə üzbəüz gəlib bir-iki dəqiqə söhbətləşəndə sənə təkcə bədəni, jestləri, fakturası müəyyən informasiya ötürür, səni qıcıqlandırır, güldürür, əsəbləşdirir və sair və i. Fuad Poladov da “bağımsız mətn” olaraq özünü və dominant “mən”ini azərbaycanlı dünyaduyumuna xas ideal kişi (adam) modelinin parametrlərində qurub-quraşdırıb. Azərbaycanlıların ürəyi gedir ağır taxtalı, abır-həyalı, müdrik, zəhmli və dürüst, bir az da üsyankar, müxalif kişilərdən ötrü. Bizdə belələrinə “kişi adam” deyirlər. Fuad Poladov  bu kişi adamı Sovetski məhəlləsindən Azərbaycan səhnəsinə və ekranına daşımağı, bunu bir xarakter və imic olaraq qoruyub saxlamağı, beləcə xalqının qəhrəman-aktyoruna çevrilməyi bacarıb. Teatr ünsiyyətdir və hər bir seyrçi Fuad Poladov şəxsində “kişi adam”la ünsiyyətdə olmaqdan məmnunluq duyur. Fuad Poladov özünü tamaşanın dominant mətninə, ağırlıq mərkəzinə çevirməyin, bununla yanaşı tərəf müqabilini “işıqlandırmağ”ın, ona dəqiq paslar verməyin ustasıdır.

      Müsahibə zamanı istədim onu bi az “sıxışdıram”. Başladım ki, bəs sizi lirik-psixoloji aktyor məktəbinə aid edirlər. Mən çox düşündüm, bu lirik-psixoloji aktyor məktəbinin nə olduğunu təsəvvür edə bilmədim. Məncə, bu da teatrşünaslığın uydurduğu nağıllardan (oxu: simulyakrlardan) biridir. Bəs, siz özünüzü hansı, belə deyək, cərəyanın, məktəbin nümayəndəsi sayırsız, yaradıcılığınızı hansı nəzəri qütbə aid edirsiniz?.. Cavab: “Lirik-psixoloji məktəbin nə olduğunu tapa bilsən, mənə də deyərsən. Bilirsən, uşaqlığımın bir hissəsi İsmayıllıda keçib. Gözəl yerlərdir. Uşaqlıqda ən çox sevdiyim şey şəkil çəkmək idi. Şəkli çəkirdin, sonra xüsusi prosesdən keçib ərsəyə gətirirdin. Ən maraqlısı isə şəklin əmələ gəlməsi idi – çəkdiyim adamın ayaqları, əlləri, sonra yavaş-yavaş bütün bədəni görünürdü. Bax, əsl yaradıcılıq budur. Mən əvvəlcə oynayacağım rolun həqiqətinə çatıram, sonra bu həqiqətin üstündə onu, necə deyərlər, qururam, yaradıram. Mənim nəzəriyyəm budur… mən kitab oxuyub aktyor olanlardan deyiləm”.

     İkimiz də gülümsünürük… daha doğrusu o gülümsünür, mən də yoldaşlıq edirəm. İçimdə isə onunla razılaşmıram, düşünürəm ki, Azərbaycan teatrının ən böyük bəlası teatr adamlarının kitaba, oxumağa, öyrənməyə olan antipatiyasından doğub. Azərbaycan aktyoru olmağın bir üzü Yaşar Nuridir, o biri üzü Fuad Poladov. Teatrın Yaşar Nuri üzündə dayananlar nə oynadılarsa, meydan teatrının estetikasında, şillə-təpik komediyasının ”poetika”sında oynadılar. Fuad Poladov tayında dayananlar isə həp öz “mən”lərini, toplum içrə imiclərini, öz ədalarını oynadılar və məncə, əsl aktyor sənəti bu ikisinin arasında bir yerlərdə gizlənib. Düşünürəm, amma dilimə gətirmirəm… bica mübahisəyə gedib müsahibimi yormuram. Bir az da çəkinirəm ki, birdən nəzəriyyə ilə bağlı sual verərəm, qayıdıb deyər ki, onsuz da bütün sistemlər aktyoru personajın həqiqətinə doğru aparmağa əlləşir. Əgər bu həqiqətə mən özüm müstəqil çatıramsa, nəzəriyyə nəmənə. Ona görə üstünü vurmuram, necə deyərlər, verilməmiş suallar…

     Aram-aram danışır, tələffüz etdiyi hər sözün içinə hikkəsindən, energetikasından bir damcı qoyub mənə tərəf fələzləyir. Sanki bu sözlər aramızdakı boşluqda bir-birinə yapışıb “dördüncü divar” əmələ gətirir. Dördüncü divarı qucaqlayıb yaşayan adam. Əlini-qolunu yellədir, gah durub nəyisə göstərir… xırıltılı səsi otağın fəzasında iynə deşiyi boyda yer qoymayıb, hər yeri doldurub, otaqda mantra effekti yaradıb. Sanki məni dərin su quyusuna atıb, özü də dayanıb quyunun ağzında pıçıldayır… var gücüylə pıçıldayır. Görüşümüzdən əvvəlki razılaşmanın şərtlərini pozmuşuq – yarım saat danışacaqdıq, saat yarımdır danışırıq. O danışır, mən də doğrayıb tökdüyü sözləri pazl hissəcikləri kimi bir-birinə geydirib, özüm üçün Fuad Poladovun portetini yapmağa çalışıram, həm də fikir aparıb məni…  Ki, görəsən, bir rəssam Fuad Poladovun karikaturasını yaratmaq istəsəydi bunu necə edərdi?.. Yəni, hansı bədən üzvünü, hansi cizgisini dartıb uzadar, urvatsız hala salardı. Üzünün heç bir cizgisi qışqırmır, hamısı yerli-yerində dayanıb, birləşib bütöv bir xarakterin vizual mətnini yaradıb. Zil qara gözlərisə, elə bilirsən, iki QARA DƏLİKdir dayanıb. Bataqlıq kimi adamı sovurur, içinə çəkir. Stanislavskinin dediyi “səhnə cazibəsi” bu olsun gərək. Elə bu dəmdə sonuncu cümləsi qulağımda kilsə zəngi kimi danqıldayır: “Səsim tutulmazdan qabaq istəyirdim Kral Liri və Andrey Yefimıçı (Çexov. “6 nömrəli palata”) da oynayım, ayrılım səhnədən…”. Ürəyimdən keçir deyim ki, siz elə nə oynamısınızsa, hamısı Kral Lirdir də… bunu da demirəm, saxlayıram yazıya.

       Şekspir və Çexov. İki daban-dabana əks dünyaduyum, iki əks stilistika, əks konflikt tipi, əks ovqat. Doğrudan da, Fuad Poladov yaradıcılığında iki əks stixiya, əks başlanğıc – od və su başlanğıcları bir-birini qucub yaşayır. Bunu sübut etməyə gərək yox. Fuad Poladovun teatr tariximizə səpələdiyi qəhrəmanları (personajları) bir araya yığıb ötəri gözdən keçirsək, hər şey aydın olacaq. Belə ki, Ferdinand, Yuli Sezar, Napaleon, İblis, Hamlet və s. od başlanğıcını paylaşan personajlardırsa, Mirzə Şəfi, Şeyx Nizami, Müsyö İbrahim, Həsənzadə su başlanğıcından qopma obrazlardır. Bu iki başlanğıc Fuad Poladovun oyununun stukturunda tez-tez növbələşir, bəzən isə ikisi eyni zamanda var olur. Bu mənada, Fuad Poladov yaradıcılığına heterogen-hiperbolik (şişirtmə) oyun tərzi xasdır. Hiperbolik oyun tərzi deyəndə biz onun plastikasının və oyununun təbiətindəki pafosu nəzərdə tuturuq. Məsələn, Ədil İsgəndərov teatrında pafos fəlsəfi-kulturoloji, bir az da siyasi “TEATR MƏBƏDDİR!..” kosepsiyasının aktyor sənətinə sırıdığı “estetik məntiq” idisə, Fuad Poladov yaradıcılığında səsin, davranışın, ifa tərzinin mətnin energetikası və plastikası ilə mayalanmasıdır – personajın daxili ritmini, ovqatını görükdürür. Çox güman pafosun genetikasındakı bu “mutasiya” Fuad Poladov yaradıcılığına Tofiq Kazımov rejissurasından sızıb. Belə ki, Tofiq Kazımov rejissurası teatr sənətində yeni estetik tendensiyalar formalaşdırdı. Bunlardan üçünü sadalayıram:

  1. Teatrda mövzu siyasi ideologiyanın və materialist fəlsəfənin təmtərağından yaxa qurtarır və fərdin yaşantılarına enir.
  2. Dekorativ-bədii həll zamanı naruralist monumentallığı və pyesin məkan ekzotikliyi aradan qaldırılaraq, aktyor diqqət mərkəzinə çəkilir.
  3. Aktyorun oyunu yapma pafosdan (patetikadan) təmizlənir. Teatr sənəti materiyadan ideaya, bədəndən ruha doğru addımlayır. Ədil İsgəndərovun “statik pozalar və gözəl bədənlər teatrı”nda (A.T) aktyorun (və qəhrəmanın) bədəni (materiya) ön plana çəkilirdisə, Tofiq Kazımov yaradıcılığında bədən öz dominantlığını itirir, yaşantı ön plana çəkilir.

       Davam etmək olar, nəmə lazım… sözüm ondadır ki, Fuad Poladov bir aktyor kimi Tofiq Kazımov məktəbinin yetirməsi və ən görkəmli nümayəndəsidir.

       Hər dəfə Fuad Poladovu izləyəndə elə bilirəm, indicə arxasını dönəcək və görəcəyik kürəyinə yekə bir xəncər sancılıb. Arxadan vurulmuş, xəyanətə uğramış KİŞİ Fuad Poladov yaradıcılığında aparıcı fiqurdur. Xatırlayaq “Küçələrə su səpmişəm”in Xəlilini, Xanı, Qacarı (Əli Əmirli), Hamleti və s. O, bu kişinin bütün hikkəsini, ağrısını, əzablarını üzünə, nəcibliyini, arxayınlığını, səmimiyyətini bədəninə, yerişinə, səhnə davranışına səpələyib oynayır. Bu iki  qütbdə toplanmış zidd yaşantılar tamaşaçıya (resipientə) qəhrəman haqda cavablar yox, çoxlu suallar ünvanlayır. Heminquey də belə edir, Çexov da, Kafka da, Dostoyevski də… adətən, sənətin verdiyi belə sualların o tərəfində bilgəlik, müdriklik, kamillik gizlənir. Bu suallardan o yanda artıq cavab axtarmırsan, həyatın yekə bir sual olduğunu dərk edirsən.

       Dördüncü divarın o üzündən sonsuzluğa bir yol, bir küçə uzanıb gedir. Bu küçədən kimlər keçmədi, kimlər getmədi üzü sonsuzluğa. Fuad Poladovun keçib gəldiyi dolanbac küçəni toz basib indi… ard-arda düzdüyüm bu iki min kəlməni ovuclayıb o küçəyə səpirəm bir ovuc su kimi – gedənin arxasınca, gələnin yoluna…

 

Dağlar Yusif, teatrşünas

 

(Visited 977 times, 1 visits today)