Sim-sim.az

GƏNC NASİRİN MENYÜSÜNƏDÜNYANIN HEKAYƏ İNCİLƏRİ

Bazar günü, gözəl bir yaz səhəri idi.

Gənc tacir Georq Bendeman çay kənarındakı alçaq damlı balaca evin alt qatında, öz kabinetində oturmuşdu; bir-birindən yalnız rəngi və hündürlüyü ilə seçilən belə evlər sahil boyunca sıralanıb gedirdi. O, xaricdə yaşayan cavanlıq dostuna təzəcə yazıb tamamladığı məktubu tələsmədən zərfə qoydu, sonra masaya dirsəklənib pəncərədən çaya, çay üzərindəki körpüyə və qarşı sahildə yaşıllaşmağa başlayan yastı təpələrə göz gəzdirdi.

Doğma yurdda işlərinin düz gətirmədiyindən təngə gəlib, bir neçə il öncə Rusiyaya yollanan bu dost Georqu əməlli-başlı düşün­dürməyə başladı. İndi o, Peterburqda qərar tutmuşdu və ilk zaman­lar babat gedən ticarət işləri, deyəsən, son illər hey xarablaşırdı, çünki hər gəlişində yazıq daha çox gileylənirdi; elə gəlişlərinin sayı da getdikcə seyrəlirdi və bu minvalla qürbətdə heç nəyin yiyəsi olmadan boşuna əlləşib-vuruşur, olmazın zulum çəkirdi. Ciddi xəstəlik əlaməti kimi tanış çöhrəsinə hələ uşaqlıqdan yayılmış sarılıqsa yad yerin əyani nişanəsi olan cod saqqala zərrəcə məhəl qoymadan öz köhnə ağalığında idi. Dostun sözündən belə çıxırdı ki, nə orda yaşayan həmyerlilərlə münasibət qura bilmişdi, nə də yerli rus ailələrinə yol tapmışdı: eləcə yalqız bir subay həyatı sürürdü.

Gözü baxa-baxa gedib aşkarca dalana dirənmiş belə bir allah bəndəsinə indi axı nə yazasan? Beləsinin halına acımaq mümkün olsa da, kömək eləmək müşkül məsələdir. Bəlkə ona məsləhət görəsən ki, yerinə-yurduna qayıtsın, geri qayıdıb öz mövcudluğunu əvvəlkitək elə buradaca davam etdirsin, çalışıb köhnə münasibətləri təzədən sahmana salsın, – buna ki mane olan yoxdur, – qalan işlərdə də dostların köməyinə bel bağlasın? Ancaq bu açıq-aşkar ona işarədir ki, bəs sənin əlləşib-vuruşmağından indiyəcən heç bir nəticə hasil olmayıb, sənin heç bir işdə əlin gətirməyib, indi də gərək iş-gücünü buraxıb biryolluq evə qayıdasan; evdə isə əlbət hamı ona barmaq tuşlayıb “fərsiz” deyəcəkdi. Yaxud bu o demək idi ki, sənin dağa-daşa düşməyən, başını aşağı salıb sakitcə öz işini görən dostlarının hamısı işgüzar oğullardı, sənsə bığlı-saqqallı bir uşaqsan və indən belə gərək hər işdə onlardan məsləhət alasan. Özü də bu sözləri nə qədər yumşaq desən, ona bir elə bərk toxunacaqdı. Həm də axı öz məsləhətlərinlə yazığa nahaq əziyyət vermədiyini hardan biləsən? Bəlkə geri qayıtması üçün heç onu dilə tutmaq, saqqızını oğurlamaq mümkün olmadı; axı, yerli şəraitdən yadırğadığını özü dəfələrlə dilə gətirmişdi. Belədə, çox ehtimal ki, qürbətdə qalmağa üstünlük verəcəkdi, xahiş-minnətlər isə zəhləsini töküb axırda onu köhnə dostlardan daha da uzaqlaşdırmazdımı? Lap canını dişinə tutub məsləhətlərə qulaq assa belə, yenə fərqi yoxdur – adamlara görə olmasa da, ən azı şəraitin təqsiri  ucbatından burda özünü həmişə alçaldılmış sana­caq­dı. Hərgah köhnə dostlarla dil tapmasa – onda heç cür dirçələ bilməyəcək və ortalıqda avara-sərgərdan qalacaqdı; yox əgər düşdü­yü xəcil vəziyyətdən utansa və hiss etsə ki, həqiqətən daha nə vətəni var, nə dostları – belədə gün-güzəranı lap nə qədər ağır keçsə də, salamatı elə qürbətdə yaşamaq deyildimi? Belə bir durumda bəyəm güman etmək olardımı ki, o burda öz işlərini yoluna qoya biləcək?

Özün haqqında hər hansı tanışa rahatca söyləyə biləcəyin bu düşüncələri – hərçənd yazışmanı indən sonra da davam etdirəsi olsan, – dosta bildirmək heç lazım da deyildi; o artıq üç ildən çoxdu vətəndə olmurdu və əsla inandırıcı görünməsə də, burasını belə izah edirdi ki, bəs guya Rusiyada siyasi vəziyyət çox qarışıqdır, xırda ticarət adamı ən qısa müddətə də yayına bilməz, gərək həmişə işin içində olasan. Di gəl ki, yüz minlərlə rus nədənsə bunu vecinə almadan dünyanın bu başından vurub o başından çıxırdı. Elə  Georqun həyatındakı ciddi dəyişikliklər də məhz bu son üç ilin ərzində baş vermişdi. İki il qabaq anası dünyadan köçmüş, ev işlərinə nəzarət Georqla qoca atanın öhdəsinə düşmüşdü.

Düzdür, anasının vəfatından dostun xəbəri vardı, amma görü­nür, qürbətdə belə itkilərin ağrısını bütün incəliklərinəcən duymağın mümkün olmaması səbəbindən o yalnız quru bir başsağlığı ilə kifayətlənmişdi.

Anasının ölümündən sonra Georq digər işlərlə yanaşı, ticarət işlərinə də xüsusi həvəslə girişmişdi. Bəlkə o sadə səbəbdən ki, anasının sağlığında ona əl-qol açmağa bir elə imkan verməyən, işdə yalnız öz şəxsi nüfuzuna güvənən atası həmin hadisədən sonra çalışmağına yenə davam eləsə də, fəallığını xeyli itirmişdi. Ya bəlkə o səbəbdən ki, – əslinə qalsa, bu ehtimal daha ağlabatan idi, – burda əsas rolu uğurlu bir şərait oynamışdı; hər necə olsa, Bende­manın firması bu iki ilin ərzində gözlənilmədən dirçəlməyə başla­mışdı; ümumi ticarət dövriyyəsi beş dəfə artmış və daha da artacağı göz qabağında idi; hətta qulluqçuların sayını da ikiqat çoxaltmaq lazım gəlmişdi.

Ancaq dost bütün bu dəyişikliklərdən bixəbərdi. Odur ki, öz məktublarında – sonuncu dəfə deyəsən başsağlığı məktubunda – Georqu hər vasitə ilə dilə tutmağa çalışırdı ki, bəs köçüb Rusiyaya gəlsin; perspektivlər barədə tam təfsilatı ilə açıqlama verən dostun qəti fikrincə, Peterburq elə məhz Georqun ticarət işləri üçün yaran­mışdı. Onun dəlil-sübut kimi gətirdiyi rəqəmlər Georqun alış-veriş işində əldə etdiyi göstəricilərlə müqayisədə xeyli cılız görünsə də, Georq bu haqda dostuna bildirmək istəmirdi; hərgah öz uğurlarını indi, necə deyərlər, dünənki tarixlə bildirəsi olsaydı, bu həqiqətən əcaib təəssürat doğurardı.

Elə buna görə də Georq dosta əhəmiyyətsiz şeylərdən – o şeylərdən ki, bazar günləri boş-bekar oturub ağlına korluq vermə­dən düşünürsən – yazmaqla kifayətlənirdi və bu zaman tək bir şeyə çalışırdı ki, uzun müddət qürbətdə yaşayan dostun şəhər barədəki məlum təsəvvürlərini dolaşdırmasın. Və gərək ki buna nail olmuşdu: uzun fasilələrlə yazdığı üç məktubda heç birinə dəxli olmayan bir kişiylə bir qızın nikah macərasından söz açaraq, axırda deyəsən dostu əməlli-başlı maraqlandırmışdı, halbuki öncədən heç belə bir niyyəti yox idi.

Lakin bu sayaq bivec hadisələrdən bəhs etmək, hər halda, özünün bir ay öncə varlı-hallı bir ailənin qızıyla – freyleyn Frida Brandenfeldlə nişanlandığını xəbər verməkdən daha münasib idi. Dostu barədə adaxlısıyla tez-tez söhbətləri olurdu və Georq yazış­ma­­la­rında yer alan xüsusi mövqeyi vaxtaşırı qıza da söyləməkdən çəkinmirdi.

– Demək o bizim toyumuzda iştirak etməyəcək? – adaxlısı soruşurdu. – Hərçənd ki, bütün dostlarınla tanış olmağı səndən tələb etməyə ixtiyarım çatır.

– Mən onu narahat etmək istəmirəm, – Georq cavabında deyirdi. – Çalış ki, məni düzgün başa düşəsən: gəlməyinə gələr, hər halda, mən belə güman edirəm. Amma gəlib işi belə görəndə əməlli-başlı sarsılacaq, xəcalətdən özünə yer tapmayacaq, hələ bəlkə mənə paxıllığı da tutdu. Özü də tək-tənha təzədən qürbətə qayıt­dı­ğına görə hamıdan narazı ayrılacaq. Tək-tənha – sən bunun nə demək olduğunu dərk edirsən?

– Yaxşı, bəs bizim toyumuz barədə bəyəm o kənardan eşidə bilməz?

– Kənardan eşitməyinə, əlbəttə ki, mən mane ola bilmərəm, amma o kökdə ki o yaşayır, inanmram eşitsin.

– Dostların belənçik adamlardısa, onda sən gərək heç evlənməyəydin, Georq.

– Bu işdə hər ikimiz gühankarıq. Ancaq mən buna qəti təəssüflənmirəm.

Və qız onun öpüşləri altında kəsik-kəsik pıçıldayırdı:

– Hər necə olsa, bu mənə toxunur.

Georq düşündü ki, bütün bunları dosta yazıb bildirməkdə həqiqətən də elə bir qorxulu şey yoxdur. «Dostluğumuz naminə daha özümü dəyişdirə bilmərəm ki – necə varamsa, qoy məni o cür də qəbul eləsin».

Və bu səhər yazdığı uzun məktubda nişanlanması barədə xəbəri dosta bildirmək qərarına gəldi: «Ən ürəkaçan yeniliyi özüm bilərəkdən axıra saxlamışam. Məlumun olsun ki, mən imkanlı bir ailədən olan freyleyn Frida Brandenfeldlə adaxlanmışam. Sən tanımazsan, onlar bizim şəhərə sən gedəndən bir neçə il sonra gəliblər. İmkan düşəndə nişanlım barəsində sənə ətraflı yazaram, indilik bunu deməklə kifayətlənirəm ki, mən çox xoşbəxtəm və səninlə aramızdakı münasibətdə yalnız bircə şey dəyişib – bayaq­dan sənin sadəcə olaraq dostun vardı, indi isə bəxtəvər dostun var. Üstəlik nişanlımın simasında sən özünə əsl sirdaş tapmış olacaqsan: subay adam üçün bu heç də az qazanc deyil. Yaxın günlərdə o özü sənə məktub yazacaq, hələliksə səmimi salamlarını göndərir. Bilirəm ki, ümumi vəziyyət sənin ordan aralanmağını əngəlləyir, amma bəyəm dostunun toyu yetərincə tutarlı əsas deyilmi ki, sən heç bir maneəni, heç bir çətinliyi vecinə almayasan? Nə olur-olsun, yalnız öz ürəyinin səsinə qulaq as və özün düşündüyün kimi hərəkət elə».

Pəncərədən bayıra baxa-baxa və məktubu əlində oynada-oynada Georq yazı masasının arxasında xeylaq oturdu. Küçədən ötüb keçən bir tanışın salamına başdansovdu təbəssümlə cavab qaytarıb, nəhayət ki, zərfi cibinə qoydu və atasının yataq otağının qarşısındakı balaca dəhlizdən adlayıb içəri girdi; bu otağa bir neçə aydı ayaq basmamışdı. Əslində buna elə bir ehtiyac da yox idi, çünki ata-bala hər gün dükanda görüşür, restoranda eyni saatda nahar edirdilər; hərçənd axşamlar hərə öz şam yeməyinin qeydinə qalırdı, ancaq bundan sonra əgər Georq asudə vaxtını dostlarıyla, yaxud axır vaxtlar tez-tez görüşdüyü nişanlısıyla keçirmirdisə, onda adətləri üzrə təxminən yarım saatacan qonaq otağında birgə əylə­şir­dilər və bu zaman hərə öz əlindəki qəzetə qapılıb dinməzcə oxuyurdu.

Yataq otağının hətta belə günəşli bir gündə də bunca qaranlıq olması Georqu təşvişə saldı; dar həyətə baxan otağın önündəki hündür divar içərini əməlli-başlı zülmətə qərq etmişdi. Atası küncdə, məhəccərinə mərhum ananın xatirəsini andıran cürbəcür yadigar əşyalar yığılmış pəncərənin böyründə oturub qəzet oxuyurdu; gözləri zəiflədiyindən qəzeti görmə qabiliyyətinə uyğun məsafədə və bir qədər çəpəki tutmuşdu.

– Georq?! – kişi dərhal qalxıb irəli yeridi; yeriyərkən yaxası açılan ağır xalatının ətəkləri yellənməyə başladı və Georq düşündü ki, «atam elə həminki pəhləvandır».

– Bura nə yaman qaranlıqdır.

– Hə, elədir, qaranlıqdır, – atası cavab verdi.

– Pəncərə də kip örtülü.

– Mənim belə xoşuma gəlir.

– Bayırda hava yaxşıdır, – Georq sanki danışmaq xatirinə başladığı bayaqkı söhbətə davam edərək oturdu.

Atası qab-qacağı mizin üstündən yığışdırıb yeşiyin üstünə qoyurdu. Georq onun hərəkətlərinə candərdi nəzər salıb sözünə davam elədi:

– Gəldim sənə deyəm ki, nişanlanmaq xəbərini mən bu gün Peterburqa yazası oldum.

Az qala zərfi cibindən çıxardacaqdı, amma nə düşündüsə, əlini geri çəkdi.

– Peterburqa? – atası soruşdu.

– Öz dostuma, – Georq atasının gözlərinə baxmağa çalışdı və düşündü ki, «dükanda kişi tamam başqa adam olur, burda isə kresloya yayxanıb, əlini də sinəsinin üstündə çarpazlayaraq gör nə arxayın əyləşib».

– Hə, öz dostuna, – atası xüsusi ahənglə vurğuladı.

– Bilirsən ata, mən bu evlənmək məsələsini yalnız onun xətrinə gizli saxlayırdım, yazmaq istəmirdim; ayrı bir səbəb yoxdu. Çox çətin adamdı o, özün yaxşı bilirsən. Fikirləşmişdim ki, toy barədə biləcəksə, qoy bunu kənardan eşidib bilsin – daha burası mənlik deyil; kimdən istəyir eşitsin, təki məndən eşitməsin. Amma o elə qapalı həyat sürür ki, heç kənardan eşidəcəyinə də inanmağım gəlmir.

– İndi isə fikrini dəyişmisən, hə? – atası əlindəki qəzeti məhəccərin, gözündəki eynəyi də ehmalca çıxarıb qəzetin üstünə qoydu və əliylə üstünü örtüb soruşdu.

– Hə, indi fikrimi dəyişmişəm. Əgər o yaxşı dostdursa, mənim xoşbəxtliyim elə onun da xoşbəxtliyi olmalıdır. Buna görə daha tərəddüdə son qoydum, qərara aldım ki, hər şeyi olduğutək ona yazım. Amma hələ məktubu yola salmamışam, istədim sənin də fikrini biləm.

– Qulaq as, Georq! – atası qımışıb dişsiz ağzını açdı. – Yanıma məsləhətə gəlmisən, çox əcəb. Amma düz danışmasan, mənə doğrusunu söyləməsən, bunun heç bir qırıq da xeyri olma­yacaq. Məsələyə dəxli olmayan şeyləri hələlik qoyuram bir qırağa. İndi yeri deyil. Bizim mehriban anamız rəhmətə gedəndən sonra nəsə xoşagəlməz işlər baş verir. Yəqin onların da vaxtı çatacaq, hələ bəlkə biz düşündüyümüzdən də tez çatacaq. Bizim ticarət müəssisə­mizdə məndən xəbərsiz nəsə yox olub gedir; ola bilsin, məndən heç nəyi gizlədib-eləmirlər, – bu saat heç düşünmək də istəmirəm ki, məndən nəyisə gizlədirlər, – amma mən artıq əvvəlki adam deyiləm; yaddaşım zəifləyib, hər şeyə göz yetirə bilmirəm. Bir yandan bu, bir yandan da əziz anamızın ölümü mənə səndən daha bərk təsir edir. Amma bir halda ki, söhbət sənin məktubundan gedir, onda xahiş edirəm, mənə düzünü deyəsən, məni aldat­ma­yasan, Georq. Bu ki xırda məsələdir, belə baxanda, bir çürük qoza da dəyməz. Düzünü de görüm, sənin doğrudanmı Peterburqda dostun var?

Georq həyəcanla yerindən sıçradı.

– Cəhənnəm olsun mənim dostlarım! Min dost ola, bir atann əvəzini verməz! Bilirsən məni narahat edən nədi? Sən özünə qəti fikir vermirsən. Axı hər yaşın öz hökmü var. Kim də bilməsə, özün çox yaxşı bilirsən ki, bizim işimizdə sənsiz mən heç nəyəm; sən olmasan batıb gedərəm, ancaq əgər bu iş sənin səh­hə­tinə ziyan­dısa, günü sabah mən o dükanı bağlaram, gedər işinin dalınca. Belə yaramaz axı! Sən öz yaşayış tərzini hökmən dəyiş­məlisən. Özü də çox qəti şəkildə. Qonaq otağı gün işığından çıraq kimi alışıb yanır, sənsə gəlib bu zülmətin içində oturmusan. Yaxşıca yeyib möhkəmlənmək əvəzinə sən heç səhər yeməyinə əl də vurmamısan. Yatanda pəncərəni kip örtüb yatırsan, amma heç bilirsən havanın sənə necə xeyri var? Yox, ata! Mən həkim çağıracam, nə məsləhət görsə, elə də edəcəyik. Yataq otağı­mızı da dəyişərik: sən küçəyə baxan otağa köçərsən, mənsə bura. Bütün şey-şüylərini də yanına daşıyarıq, arxayın ol, heç bir dəyişiklik-filan hiss etməyəcəksən. Amma bu hələ sonranın işidir, indi isə uzan yatağına, sənə dinclik lazımdır. Soyun, soyun, gir yerinə. Qoy mən sənə kömək edim: narahat olma, əlimdən gəlir. Bəlkə elə indi köçəsən, hə? Pis olmaz, hələlik elə mənim çarpayımda yatarsan.

Georq atasına lap yaxın gəldi; başı sinəsinə əyilən qocanın ağ pırpız saçları dağınıq və səliqəsiz idi.

– Georq, – atası başını dikəltmədən güclə eşidiləcək bir səslə pəsdən dilləndi və Georq cəld irəli yeriyib onun önündə diz çökdü; kişinin üzü yorğun idi, əcaib tərzdə bərəlmiş gözlərini Georqun düz sifətinə dikib durmuşdu. – Sənin Peterburqda heç bir dostun yoxdur, Georq, sən elə həmişə zarafatcıl olmusan, yəqin indi də dolamağa adam tapmırsan deyə, özünü saxlayammayıb mənimlə məzələnirsən. Axı, Peterburqda sənin dostun hardandı! Mən buna dünyasında inanmaram.

– Bir yadına sal, ata, – Georq atasını ehmalca kreslodan qaldırıb, qarşısında köməksiz və acizanə tərzdə dayanmış kişinin xalatını soyundurmağa başladı. – O bizim evdə axırıncı dəfə üç il qabaq olub. Sənin ondan zəhlən gedirdi, yadına düşür? Azından iki dəfə o mənim otağımda otura-otura məcbur olmuşdum sənə deyəm ki, bəs o gedib, burda yoxdu. Bilirdim ondan niyə acığın gəlir, çünki dostumun həqiqətən qəribəlikləri vardı. Ancaq sən hərdən onunla danışırdın, hətta söhbətiniz tuturdu da. Sən onu dinləyəndə, nəsə soruşub razılaşanda mən bir öyünürdüm ki! Bir az fikirləşsən, yadına düşər. Hələ bir dəfə rus inqilabı barədə ağlabatmaz şeylər də söyləmişdi: guya Kiyevdə izdiham vaxtı bir keşiş eyvana çıxıb cama­atın gözü qabağında əlinin içinə yekə bir xaç çərtmişdi, sonra da qanı axa-axa əlini yuxarı qaldırıb izdihama müraciət eləmişdi. Sən ki o vaxt bunu kimə gəldi danışırdın, olmaya yadından çıxıb?

Georq danışa-danışa atasını kresloya oturdub corablarını, tuma­nını soyundurmağa başladı. Alt paltarın vaxtlı-vaxtında dəyi­şil­məsinə nəzarət, əlbəttə ki, Georqun vəzifəsi idi; ona görə kişinin tumanını çirkli görəndə ürəyində özünü yamanladı. Toydan sonra qocanı harda yerləşdirəcəkləri barədə nişanlısı ilə hələ dəqiq bir qərara gəlməsələr də, aydındır ki, bir müddət onu elə öz köhnə yerində saxlamaq fikrindəydilər. İndi isə Georq bu fikirdən qəti daşındı və qərara gəldi ki, kişini götürüb nişanlısı ilə yaşayacaqları mənzilə aparsın.

Dərindən düşünəndə, belə çıxırdı ki, atası barədə onun indən sonra üçün nəzərdə tutduğu qayğıların hamısı artıq geridə qalıb.

Və Georq kişini qucağına alıb yatağa apardı. Birdən hiss edəndə ki, sinəsinə sığınmış atası onun boynundakı saatın zənciri ilə oynayır – içindən qəfil qorxu keçdi. Atası zəncirdən bərk-bərk yapışdığı üçün Georq onu çarpayıya dərhal uzada bilmədi. Ancaq yatağa girən kimi kişi sanki özünə gəldi və yenə dönüb bayaqkı adam oldu; yorğana bərk-bərk bürünüb onu düz çənəsinəcən çəkdi, hətta Georqa mehriban bir nəzər də saldı. Georq atasını daha da ruhlandırmaq üçün başını razılıqla tərpədib soruşdu:

– Düzdürmü o sənin yadına düşdü?

– Üstümü yaxşı basdırmısan? – atası elə bir maraqla xəbər aldı ki, elə bil ayaqlarının örtülüb-örtülmədiyini hiss eləmirdi. Georq da kişinin üstünü basdıra-basdıra:

– Yerindən razısanmı? – dedi.

– Sən məni yaxşı basdırmısan? – atası bir də soruşdu; sanki cavabın ondan ötrü böyük mənası vardı.

– Rahat uzan, ata, lap yaxşı basdırmışam…

– Yox! – söz Georqun ağzından çıxar-çıxmaz kişi bağırdı və var gücü ilə yorğanı kənara atıb yerindən mil qalxdı; bir əlini pərvazdan tutub elə çarpayının üstündəcə durdu. – Oğula bax! Bilirəm, sən məni ömürlük basdırmaq istəyirsən, amma hələ basdıra bilməmisən. Gücüm nə qədər azalsa da, arxayın ol ki, sənə yetər, özü də artıqlamasıyla! Hə, tanıyıram sənin o dostunu, özü də çox yaxşı tanıyıram. Elə bir oğul mənim ürəyimdən olardı. Ona görə sən neçə vaxtdı yazığa yalan satırsan, yalnız ona görə! Elə bilirsən mən onun halına ağlamamışam? Ona görə kontorun qapısını daldan bağlayırsan ki, rahatca oturub Rusiyaya riyakar məktublar yaza­san! Şef məşğuldur, içəri girmək olmaz! Ancaq xoşbəxtlikdən ata öz balasının nə ilə nəfəs aldığını da ovcunun içi kimi bilir, bunu ona öyrətməyə lüzum yoxdur. İndi də elə fikirləşirsən ki, bəs daha atanı öz altında əzmisən, istəsən lap çıxıb üstündə də oturarsan, heç səni təpikləməz də! Bəs buna görə mənim istəkli oğlum evlənmək eşqinə düşüb!

Georq atasına dəhşət içində baxırdı, olmazın dəhşət içində. Kişinin qəfildən çox yaxşı xatırladığı peterburqlu dostun siması xəyalında bütün aydınlığı ilə canlandı və Georq onu uzaq Rusiya­da, səfil-sərgərdan bir kökdə, qarət olunmuş bomboş dükanın qapısı ağzında gördü: budur, o, sındırılmış rəflərin, altı üstünə çevrilmiş malların, qırılıb-qoparılmış armaturların arasında durub. Axı, o niyə, niyə bu qədər uzağa getmişdi!

– Mənə yaxşı-yaxşı bax! – atası elə çığırdı ki, Georq az qala öz iradəsindən asılı olmayaraq çarpayıya tərəf yüyürdü, amma yarıyolda qəfildən duruxub ayaq saxladı. – Nişanlın tumanını qaldırıb, – kişi alt köynəyini hirslə yuxarı çəkdi ki, bunu lap yaxşı göstərsin; o qədər yuxarı çəkdi ki, davadan yadigar kimi belində gəzdirdiyi çapıq da görsəndi, – sənin o ləçərin tumanını qaldırıb, bax belənçik, bax bu cürə yuxarı qaldırıb, sən də baxıb hayıl-mayıl olmusan. Öz çirkin ehtirasını doyurmaqda sənə heç nə mane olmasın deyə, ananın xatirəsini murdarlamısan, öz dostunu satmısan, indi də atanı yata­ğa soxub üstünü bərk-bərk basdırırsan ki, orda uzanıb cınqırını çıxartmasın! Necədir, cınqırı çıxır, yoxsa çıxmır? Tərpənir, ya tərpənmir?

Və kişi əlini pərvazdan qoparıb çarpayıda atılıb-düşməyə, ayaq­larını oynatmağa başladı. Öz fərasətindən əcəb məmnun görü­nürdü, Georq isə otağın lap küncünə, ondan mümkün yerəcən uzağa qaçıb qısılmışdı. Atasının hər bir hərəkətinə hələ bayaq­dan diqqət kəsilmişdi, elə bil qorxurdu ki, kişi hardansa – arxadanmı, yuxarıdanmı – beqəfil üstünə cumar. Artıq unutmuş olduğu qərarı indi təzədən xatırladı və sap qırığını iynənin gözündən çəkib çıxaran təki tez də onu yadından çıxartdı.

– Ancaq dost satılmayıb! – atası çığırdı və öz sözünün təsdiqi kimi şəhadət barmağını silkələməyə başladı. – Burda, bu şəhərdə mən onun müdafiəçisi olmuşam!

– Hoqqabaz!

Georq özünü saxlaya bilmədi, dərhal da dediyinə peşman oldu. Amma daha gec idi; acığından dilini elə dişlədi ki, ağrıdan gözləri kəlləsinə çıxdı.

– Əlbəttə, mən oyun oynamışam, mən hoqqa çıxartmışam! Hoqqa! Yaxşı sözdür! Dul qalmış bədbəxt ataya başqa nə cür təsəlli verəsən? Ancaq olan-qalan bir tikə övlad vicdanınla mənə cavab ver görüm: öz naşükür qulluqçularından xəyanət görən mən qoca kaftarın bu qaranlıq daxmada nə ölümü var? Oğlum isə firavan yaşayır, mənim hazırladığım sazişlərə imza atıb kefindən yerə-göyə sığmır, hələ böyük bir adam kimi atasına təşəxxüs də satırdı! Elə bilirsən səni sevmək istəmirəm? Axı, səni mən yaratmışam!

«İndicə qabağa əyilib büküləcək, – Georq fikirləşdi, – kaş yıxılıb şil-küt olsun!».

Beynində dolaşan bu sözlərdi.

Atası bükülməyinə büküldü, amma yıxılmadı; sanki sınayırdı və Georqun ona tərəf qaçmadığını görüb belini dikəltdi.

– Durduğun yerdəcə qaxıl dur! Sən mənə gərək deyilsən. Guya yaxınlaşmağa gücün var, intəhası özün istəmirsən? Ağlın çaşmasın! Mən hələ ki səndən güclüyəm, qat-qat güclüyəm. Tək olsaydım, bəlkə güzəştə gedərdim; amma tək deyiləm, anan öz gücü­nü mənə verib gedib, sənin dostunla da biz çox yaxşı dil tapıb sövdələşmişik; sənin müştərilərin hamısı bax burda, mənim cibimdədir!

«Alt köynəyində durub cibişdandan dəm vurur» – Georq düşündü və ağlından keçirtdi ki, tək belə bir sözə görə atasını hamının gözü qabağında boğa bilər. Bu fikir onun beynindən bir anlığa keçdi, çünki hamısını elə həmin andaca unutdu.

– Gözəlçəni də qoltuğuna vurub burdan elə itilərsən ki, gözüm səni görməsin! Yoxsa onu səndən qopardaram; elə qopardaram ki, ölüncə yadından çıxmaz!

Georq uşaqtək inamsızlıqla ağzını qırışdırdı, atası isə başını onun dayandığı küncə tərəf yellətdi; yəni ki, fikri tam ciddidir və əsla zarafat eləmir.

– Bura təşrif buyurmaqla, yanıma gəlib toy barəsində dostuna yazıb-yazmamağı soruşmaqla məni əcəb əyləndirdin. Ay əfəl, o hər şeyi bilir, hər şeyi çoxdan bilir! Ona hamısını yazmışam, heyf ki, kağız-qələmi gizlətmək yadından çıxıb. Buna görə dostun neçə ildi gəlib-eləmir, sənin məktublarını da heç açıb baxmadan zibil yeşi­yinə atır, bildin? Amma mənimkiləri oxuyur, dönə-dönə oxuyur, hər şeyi də səndən yüz dəfə yaxşı bilir!

Kişi elə ruhlanmışdı, elə həvəslənmişdi ki, indi əlinin hər ikisini qaldırıb başı üzərində yellədirdi.

– Hər şeyi səndən min dəfə yaxşı bilir! – o qışqırdı.

– On min dəfə! – Georq sanki atasını yamsılamaq istədi, amma sözləri son dərəcə ciddi səsləndi.

– Nə vaxtdı səbrimi basıb gözləyirəm ki, bəs gəlib bu işi məndən soruşacaq! Elə bilirsən başqa məşğuliyyətim vardı?! Elə bilirsən mən qəzet oxuyuram?! Al! – deyə atası Georqun ömründə görmədiyi, heç adını da bilmədiyi və indi hansı yollasa yataqda peyda olan köhnə bir qəzeti ona tərəf vızıldatdı. – Sənin qərara gəlməyin nə uzun çəkdi belə! Anan bu cür oğuldan canını yaxşı qurtardı, üzüsulu köçüb getdi; dostun Rusiyada can verir, o yazıq hələ üç il qabaq elə saralmışdı ki, lap o dünyalıq idi, mən də… özün görürsən nə kökdəyəm… kor deyilsən!

– Demək belə çıxır ki, sən mənim arxamda casusluqla məşğul olmusan!

Georqun ucadan söylədiyi bu sözlərin müqabilində atası təəssüflə, sanki özüylə danışırmış kimi astadan pıçıldadı:

– Yəqin sən bunu qabaqca demək istəyirdin; indi bunlar daha heç nəyə yaramır.

Sonra yenə səsini qaldırdı:

– Hə, deməli sənə artıq bəlli oldu ki, özbaşına hərəkət edən tək sən deyilsən, ancaq indiyəcən sənin yalnız özündən xəbərin olub! Belə baxanda, guya sən günahsız bir tifilsən, əslində isə iblissən, xalis iblis! Ona görə də qulaqlarını aç, məni yaxşı-yaxşı eşit: mən sənə ölüm hökmü kəsirəm – sən suda boğulmalısan!

Georq hansısa məchul bir qüvvənin onu otaqdan qovduğunu hiss etdi; qulaqlarında qəfildən yatağa yıxılan qoca atanın guppultusu – o, pilləkənlə üzüaşağı elə qaçırdı, elə bil düz yolla yüyürürdü. Pilləkənin ətəyində yır-yığış üçün yuxarı qalxan qulluq­çuyla toqquşdu; arvad döşlüyü ilə üzünü bürüyüb çığırdı:

– Ya İsa, özün kömək ol!

Amma bu zaman Georq artıq gözdən itmişdi.

O, doqqazdan çıxıb küçəni keçdi və çaya tərəf götürüldü. Ac adam qaşıqdan yapışan kimi, barmaqlıqdan bərk-bərk yapışıb ayaq­larını o üzə aşırtdı; yeniyetməlik dövründə övladlarının yaxşı bir gimnast olmasıyla valideynləri əbəs yerə qürrələnmirdilər ki.

Barmaqlıqdan asılı vəziyyətdə o, avtobusun nə vaxt gəlib keçəcəyini gözlədi; çaya atılarkən mühərrikin səsi onun şappıltısını eşidilməz etməliydi. Qolları getdikcə heydən düşürdü və beləcə, son gücünü toplayıb pıçıldadı: «Mənim əziz valideynlərim, hər necə olsa, mən sizi sevirdim». Və əllərini barmaqlıqdan üzdü.

Bu zaman körpünün üstündə gediş-gəliş xeyli canlanmışdı.

 

Tərcüməçidən:

 1912-ci ilin 22-dən 23-nə keçən sentyabr gecəsi birnəfəsə – beşcə saata yazdığı bu novellanı Kafka özünün «alınmış» yeganə əsəri sayırdı.

Əsər şəxsi faciədən, müəllifin məruz qaldığı çıxılmaz durumdan bəhs edir: Ata ilə düşmənçilik, Oğulun nişanlanması və bununla bağlı ümidlər (təsadüfi deyil ki, Kafka bu əsəri nişanlısı Felitsa Bauerə ithaf edib), zorakı sonluq. Bu cür sonluq Kafkanın şüurunda öz işartısını daim göstərib. Xəstə ata Georqa ölüm hökmü kəsir, o da tərəddüd etmədən özünü çaya atır. Oğul o səbəbdən cəzaya məhkum edilir ki, o evlənmək, bununla da nəslin başçısını patriarx hüququndan mərhum etmək fikrinə düşüb. Ancaq çıxarılan hökmün gözlənilməz motivi də var: Ata – Peterburqda qərar tutan, həyatda və işgüzar mühitdə bəxti gətirməyən Dostun tərəfini saxlayır. Burda Dost – Kafkanın mənəvi dünyasını, Georq isə Kafkanın simasında atasının görmək istədiyi «şəhərli oğul» obrazını təcəssüm etdirir.

Kafkanın «Gündəliklər»ində mövzuya dair yazıçının bir neçə qeydinə rast gəlirik:

Dost – Ata ilə Oğul arasında əlaqə, onların ümdə birliyidir. Pəncərə önündə tək-tənha əyləşib bu barədə dərin düşüncələrə dalan Georq elə sanır ki, bəzi ötəri şeylər istisna olmaqla, bütün işlər öz qaydasındadır. Hadisələrin gedişatı göstərir ki, Ata məhz bu birlikdən, yəni Dostdan çıxış etməklə Georqa rəqib kimi yanaşır. Georqun isə heç nəyi yoxdur; nişanlısını da Ata çox asanlıqla ortadan çıxarır. Nişanlı – hekayədə yalnız Dostla əlaqə xatirinə peyda olub; nə qədər ki, toy baş tutmayıb o, Ata ilə Oğulun yaşadığı qanlı çevrəyə daxil ola bilməz.

«Georq» adında «Frans» adındakı qədər hərf var, «Bende­man» soyadındakı «man» isə hekayənin gizli imkanlarının üzə çıxması üçün qəbul edilmiş «Bende»nin gücləndirilməsi xatirinədir. «Bende»dəki hərflərin sayı «Kafka»dakı hərflərin sayı qədərdir, özü də «e» hərfınin «Bende»dəki yeri «a» hərfınin «Kafka»dakı yeri ilə eynidir. Alman dilində «Frida»nın Frieda kimi, «Felitsa»nın isə Felice kimi yazıldığını nəzərə alsaq, hər iki addakı hərflər də sayca eyni qədərdir.

Tərcümə Etdi:  Mahir N. Qaryev

 

 

(Visited 153 times, 1 visits today)