Sim-sim.az

“Hamı mənə xəyanət etdi” – GÜNDƏLİK

Sim-sim.az  Andrey Tarkovskinin gündəliyindən bir hissəni təqdim edir.

 

Məsumluğuna baxmayaraq böyük insan kimi əzab verilən kiçik oğlum Andruşkaya ithaf edirəm.

 

Bir insanın başqalarına əzab vermədən yaşamağı üçün məqsədi olmalıdı. Mənəvi və əxlaqi məqsəd…

Ruhun mükəmməlliyini arzulamayan insan dəyərli deyil. O, bir tarla siçanı və ya tülkü qədər önəmsizdir.

Özünü xilas edə bilsən, o zaman başqalarını da xilas edə bilərsən. Mənəvi cəhətdən təbii ki.

İnsanlıq o qədər əzab çəkdi ki, artıq insanın əzabı hiss eləyən duyğuları korşalıb. Bu çox təhlükəlidir. Məhz bu səbəbdən də insanlığın qan töküb əzab çəkərək qurtulması daha mümkün deyil.

İstedadlı olmaq talesizlikdir. Çünki istedad sahibinə nə xeyir gətirər, nə də hörmət. Üstəlik də həmin adam dünyanın məsuliyyəti ilə yüklənər. İstedadlı insan eynilə ona əmanət edilmiş xəzinəni tamamilə əl vurulmadan qoruyan saf uşaq kimidir.

Yorğunam… Aprel ayında qırx yaşım olacaq. Fəqət həyatımda rahatlıq və hüzur görmədim. Puşkində heç olmasa azadlıq əvəzinə hüzur vardı. Məndə bunların heç biri yoxdu.

Artıq qırx yaşım var. Bəs bu qədər vaxtda mən nə etdim? Üç acınacaqlı film çəkdim. Lakin bu çox az! Gülməli dərəcədə az və önəmsiz.

Aleksey Romanov “Solyaris” filmini qəbul etmədi. Və filmin kadrlarını dəyişdirmək üçün mənə uzun bir siyahı yolladı. Təbii ki, bunların heç birini etməyəcəm!

Pis düşüncələr: Heç kimin sənə ehtiyacı yoxdur. Öz mədəniyyətinə yadsan, onun üçün heç nə etmədin. Və sən heç kimsən. Amma Avropada ya hər hansısa bir kənar yerdə ən yaxşı rejissor kimdir sualı verildiyində, cavab, Tarkovski olur. Lakin, burada Moskvada mənim haqqımda bir kəlmə də bəhs edilmir. Sanki mən yoxam, yaşamıram, boşluqda yer zəbt edən varlığam. Ruhum içimə sıxışdırılmış vəziyyətdədi. Başqa həyata ehtiyacım var.

Bəlkə də mən azadlıq fikri ilə özümü çox yoruram. Azadlığım olmayanda fiziki cəhətdən də çox əzab çəkirəm. Azadlıq həm öz şəxsiyyətinə, həm də başqalarının şəxsiyyətinə hörmət etmək deməkdi.

Həyat ölümü də içərisində daşıyır.

Eşq nədir? Bilmirəm. Daha doğrusu eşqi necə ifadə edəcəyimi bilmirəm.

Tanrım, mənə yaxınlaşdığını, başımın üstündə əlini hiss edirəm. Çünki mən sənin dünyanı sənin yaratdığın kimi və insanlarının istədiyin kimi olmalarını görmək istəyirəm. Səni sevirəm tanrım. Və səndən başqa heç nə istəmirəm. Sənin kölən olmaqdan məni məhrum edən pislik, günahlarımın ağırlığı və alçaq qaranlığıdı. Tanrım, mənə kömək et və məni bağışla.

Tanrının varlığını hiss etmək gözəldir.

Anamın dəfn mərasimindəyəm. Özümü çox müdafiəsiz hiss edirəm. Yer üzündə heç kim məni onun sevdiyi qədər sevməyəcək.

İlahi, necə də pərişanam. Özümü asmaq həddindəyəm. Çox tənhayam… Və bu duyğu yalnızlığın ölüm olduğunu anladığın zaman daha da pisləşir. Hamı mənə ya xəyanət etdi, ya da edəcək.  Mən tənhayam. Ruhumun hər zərrəsi əzab çəkir. Və ruhum müdafiəsiz vəziyyətdədi. Çünki ruhumun dəliklərindən ölüm yavaş-yavaş daxilimə sancılır. Tənha olmaq necə də qorxuncdu. Yaşamaq istəmirəm artıq. Qorxuram… Həyat dözülməzdir.

Mükəmməlikdən çox uzaq olduğumu bilirəm. Hətta qüsur və günahlarımla dəfn olunmuş haldayam. Qiymətsiz və dəyərsizliyimlə necə mübarizə aparacağımı belə bilmirəm. Həyatımın necə inkişaf etməsini görmək mənim üçün çox çətindi. Həyatım tərəfindən tələyə salındım.

Başqa planetdən gələn yadlar haqqında yazırlar. Lakin mənə belə gəlir ki, biz özümüzlə qarşılaşırıq.  Bu bizim gələcəyimiz, onlar isə zaman içərisində səfərə çıxan nəvələrimizdilər.

İnsan min ildir ki, xoşbəxtlik arxasınca gedir. Lakin, yenə də xoşbəxt ola bilmir. Çünki bacarmırlar. Həm də bunun yolunu qaydasını bilmirlər.   Hər iki səbəb qəbulolunandı.  Bunlardan əlavə də dünyəvi həyatımızda davamlı xoşbəxtlik yoxdu. Sadəcə bəlkə gələcəkdə onu əldə etmək ümidi var.

Əzab var olmalıdı. Çünki xeyir və şər arasındakı müharibədə ruh əzab çəkərək öz saflığına qovuşa bilər.

Ən vacib məsələ inanclı biri olmaqdı. Çünki inanc varsa, hər şey gerçəkləşir.

Sabah, daha doğrusu bu gün, iki saatdan sonra əlli yaşım olacaq. İlahi həyatım  nə tez keçib getdi.

Kinoteatra gedib filmlərimi izləyən insanları düşünərkən çox utandım. Çünki mənim çəkdiklərim əslində kino seyil. Və mənim filmlərim izlənilməməlidi. Onlar mənimlə birlikdə içərisinə soxulub yaşanacaq nəsnələrdi. Ancaq bunu kim edə bilər? Elə isə utanmaqdan başqa nə edə bilərəm?

Ən önəmli məsələ zaman içərisində zaman tapmaqdı. Bu çox çətin olsa da, bunu bacarmaq lazımdı.

İnsan bütün həyatı boyu tez və ya gec öləcəyini bilir. Amma bunun nə zaman olacağını bilməz. Həyatını davam etdirməyin asanlığı üçün bu vaxtın gələcəkdə, bilinməyən tarixdə olacağını düşünür. Fəqət mən indi bilirəm ki, artıq heç nə mənim yaşantımı asanlaşdırmayacaq. Bu çox əzablıdı.

Bu gün çox yatdım. Yataqdan qalxmadım. Mədəmin altında və belimdə ağrılar var. Qollarım da ağrıyır. Bir növ sinir ağrıları kimi. Çox zəifəm. Öləcəyəmmi?

Tərcümə: Samirə Əşrəf

(Visited 342 times, 1 visits today)