Sim-sim.az

İndi sənin və ayrılığın ayağına yazılır çəkdiyim ağrılar… – Malik Atilay

Bir vaxtlar

Saçlarından başlayırdı uzun-uzun nağıllar

Gözlərindən doğurdu ipisti günəş

 

Bir zamanlar

Hər şey heç nə olmağa can atırdı

Qara-qara düşünürdüm

Səni yazdıqca ağ vərəqlərə

İndi sənin və ayrılığın ayağına yazılır çəkdiyim ağrılar

 

İndi

Su alan qayığından necə boşaldırsa suyu qayıqçı

Mən də boğulmamaqçün

Atıram ürəyimdən sevgini…

 

***

 

Bahar güllü qollarını dolayıb şəhərin boynuna

Xəzər ağappaq dalğalarıyla salam göndərir bahara…

 

Bahar təbəssümlə gəlir Bakıya

Uşaqlar qorxmasın deyə

Üzündə

Əlindəki iynədən dəfələrlə böyük

Təbəssümlə gələn tibb bacısı kimi…

 

***

 

Səndən danışacam məhşər günü

Bütün suallara cavabım

Bu qızdı deyəcəm…

 

Üzünə gülüş qonduran

Ürəyinə ümid gətirən sözlərim buna şahid duracaqlar

 

Şaxtanın əl üzən vaxtında

Ovcumda isinən əllərini göstərib əllərim

Deyəcəklər ki

Bizim də tək savabımız o qızın üşüyən əllərini qucaqlamağımız olub…

 

***

 

Bədənini yığışdır əvvəlcə yataqdan

Uzaqdan, amma çox uzaqdan bax özünə

 

Hər gecə yad adamların yatağında

Ölümlə həyat arasında get-gəl edir bədənin

Təhlükəli səfərin başlayır gecəyə

Dırnaqların sancılır kiminsə kürəyinə

İşğal olunmuş yerlərə sancılan sancaq kimi

 

Gözlərində sevinci boğulan qadınsan

Hər gün şişsə də ürəyin dərddən

Hər gün ağlasan da

Özünə bir gün ağlaya bilmirsən.

(Visited 128 times, 4 visits today)