Sim-sim.az

“İt gəzdirən xanım” tamaşasının ssenarisinə baxış — Pərviz Məmmədov

 

Ön söz:

Dekabrın 10-da, Dövlət Pantomima teatrında Leyla Atayevanın rejissoru olduğu (xanım həm hekayəni ssenari halına salıb, həm də baş rollardan birini ifa edirdi) “İt gəzdirən xanım” (A.Çexovun eyniadlı hekayəsi əsasında) tamaşasına baxdım. Tamaşada baş verənlər film ssenarisinin strukturuna elə otururdu ki, bu barədə mütləq yazmalı olduğumu düşündüm.

Qeyd: Xatırladım ki, tamaşanın yalnız ssenarisinə baxış edirəm.

Tamaşa haqqında:

  1. Mövzu

Tamaşanın mövzusu bir çox filmlərdə olduğu kimi 2-ci səhnədə verilir. Arvadına tez-tez xəyanət edən, qadınlara yalnız əyləncə kimi baxan Qurovun onları “alçaq irq” adlandırması tamaşanın mövzusunu təyin edir və hər hansı qadının bu ifadəni doğrultmaq üçün “çalışacağını” göstərir.

  1. İdeya

Bir-birini çox sevən, yoldaşlarına xəyanət edən 2 şəxsin sonda qovuşa bilməməsi “Xəyanətkar sevgi nə qədər güclü olsa belə, yenə də xoşbətliyə aparmır” ideyasını təsdiq edir.

1-ci aktda Qurova (Nurlan Rüstəmov) aid 2 ayrı səhnə (xəyalında Anna ilə ehtiraslı rəqsi və reallıqda Anna ilə öpüşməsi) çox gözəl verilmişdi (musiqi, işıq da əla idi, lakin bu barədə danışmayacam) və bir kontekst təşkil edirdi.

Tamaşanın 1-ci dönüş nöqtəsini göstərən (Qurovla yataq səhnəsi) Annanın (Leyla Atayeva) əcayib, amma MÖHTƏŞƏM olan rəqsi “Səssiz təpə” (Silent Hill) filmində tibb bacılarının davranışına bənzəyirdi. Rəqs özündə bir çox şeyi – dəyişikliyi, çevrilməni, özünə qayıdışı birləşdirsə də, onun əcaibliyi daha çox xəyanəti xarakterizə edirdi.

Kulminasiya da yaxşı həll olunmuşdu. Gözlənilməzlik, gərginlik, ilahi ədalət – vacib elementlər də yerində idi.

Personaj:

Tamaşadakı 2 əsas personajın hər ikisi – Anna (Leyla Atayeva) və Qurov (Nurlan Rüstəmov) sonda dəyişir.

Heç vaxt sevməyən, qadınlara əyləncə obyekti kimi baxan Qurov sonda sevginin nə olduğunu anlayır və onun üçün nələrə hazır olduğunu göstərir.

Anna personajının 2 dəfə dəyişdiyini qəbul etmək olar. Əvvəldə namuslu həyat yoldaşı təsiri bağışlayan Anna sevgi çatışmazlığından və ehtiyacı olduğundan ərinə xəyanət edir. Xəyanət bir müddət davam edir. Sonda Anna Qurovla həmişəlik bir yerdə olmaq imkanı yaradan görüşə gəlmir.

Süjet xətti:

Tamaşada fabula ilə yanaşı, personajlar arasında da süjet xətti mövcuddur.

1) Qurov Annanı öpmək istəyir, Anna etiraz edir (problemin başlanğıcı)
2) Qurov və Anna gecəni bir yerdə keçirirlər (1-ci dönüş nöqtəsi)
3) Qurov Annanı sevdiyini başa düşür, onu axtarmağa gedir (problemin inkişafı – çətinləşmə)
4) Qurov Annanı kilsədə tapır (2-ci dönüş nöqtəsi)
5) Qurov birgə getmək üçün Annanı gözləyir, lakin Anna gəlmir (kulminasiya)

Struktur:

Tamaşanın təxminən 5-ci dəq.-də (2-ci səhnədə) mövzunun təyin olunması Snayderin strukturuna uyğun olsa da, tamaşanın ssenarisi ümumilikdə Sid Fildin “Paradiqma”sına tam şəkildə oturur.

  1. 3 Akt:

I akt – Maraq üçün ərə getməsi, ərini sevməməsi, sevgiyə ehtiyac duyması və Qurovun görkəmində olan cazibədarlıq Annanı yeni münasibətə təhrik edir.

II akt – Anna gedir. Qurov onu sevdiyini başa düşür, onu axtarmağa başlayır və tapır.

III akt – Anna və Qurov görüşürlər. Qurov Annaya onların birgə yaşamalı olduğunu deyir və burdan çıxıb getməyi təklif edir. Anna razılaşır, lakin görüşə gəlmir.

  1. 5 vacib nöqtə:

1) Qurov və Anna gecəni bir yerdə keçirirlər (1-ci dönüş nöqtəsi)

2) Qurov Annanı sevdiyini başa düşür (2-ci aktın 1-ci fokus nöqtəsi)

3) Qurov Annanı axtarmağa gedir (midpoint, mərkəzi dönüş nöqtəsi)

4) Qurov Annanı kilsədə tapır (2-ci aktın 2-ci fokus nöqtəsi)

5) Qurov Annaya onunla getməyi təklif edir (2-ci dönüş nöqtəsi)

 

Nəticə: Tamaşa çox xoşuma gəldi. 1-cisi, ilk dəfə idi ki, tamaşada film ssenarisinin strukturunu görürdüm (bəlkə də, başqa tamaşalarda da istifadə olunur, mən baxmamışam). 2-cisi, simvolika ilə dönüş nöqtəsinin verilməsi əla idi. Məncə, filmdə də maraqlı alınar. Niyə də olmasın?

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Pərviz Məmmədov

 

(Visited 130 times, 1 visits today)