Sim-sim.az

Kamal Abdulla: “Kosmik fəzada hamı eyni çəkidə olur”

 

– Kamal müəllim, oxucunun müəlliflə tanışlığı, adətən, kitab vasitəsilə olur və bəyəndiyi əsərin müəllifi haqqında olan bütün bilgilər oxucuda maraq yaradır. Məsələn, mən yazıçı Elçini orta məktəbdə oxuyarkən “Bülbülün nağılı” hekayəsi ilə tanımışam və Elçin mənim üçün ənənələri dəyişən, yeni üfüqlər nişan verən müəlliflərdən olub. 

Nəzərə alsaq ki, Elçin yaradıcılığından təsirlənən oxucular çoxdur, demək, bizim üçün bədii əsərlərilə yanaşı, müəlliflə bağlı kənarda cərəyan edən hadisələr də maraqlıdır. O üzdən Elçinlə ilk tanışlığınızdan danışmağınızı istərdim.

– İlk tanışlığımızın vaxtını dəqiqləşdirmək mənim üçün bir az çətindir. Hər halda, o zaman Elçin tanınmış bir yazıçı idi. Mən filoloji fakültədə təhsil alırdım. Mən də, qələm yoldaşlarım da Elçinə gələcəyin böyük yazıçısı kimi baxırdıq. Əlbəttə ki, bu gümanımızda səhv etməmişdik.

Zaman göstərdi ki, Elçin də həmin vaxtlar bizimlə maraqlanırmış, yazdıqlarımızı oxuyurmuş.

Mən bunun şahidi olanda Elçin Azərbaycan Yazıçılar İttifaqının katibi idi və məni dəvət etdi, görüşdük. Heç vaxt unutmaram, Elçin o zaman mənə yazdığım bütün məqalələri kitab halına salmağı təklif etdi. O, bu kitabın Yazıçılar İttifaqı tərəfindən nəşrini nəzərdə tuturdu. İndiki oxucunu bununla təəccübləndirmək çətin olsa da, onu qeyd etməliyəm ki, o zaman bir kitab perspektivinə çıxmaq son dərəcə, bir də təkrar edirəm, son dərəcə böyük bir məsələ idi. O zaman kitab barədə yalnız xəyal qurmaq olardı.

Belə bir təklifi mənə ilk dəfə Elçin edib. Əlbəttə ki, o kitab nəşr edildi və Elçin o kitaba ürək dolusu ön söz yazdı. Kitabın adı “Müəllif, oxucu, kitab” idi. Burada keçən ideyalar başqa kitablarımda da dadıma çatdı. Elçinin o zaman mənim ədəbiyyata olan marağımı, sevgimi görüb qiymətləndirməyi, mənim üçün bu gün də qiymətlidir.

– Azərbaycan ədəbiyyatında Elçinin imzasını necə qiymətləndirirsiz?

– Elçin Azərbaycan ədəbiyyatının böyük simalarından biridir. Ədəbiyyatımızın çox böyük simaları var və Elçin də onlardan biridir.

– Bu məsələyə özünəməxsusluq prizmasından diqqət etsək, necə?

– Elə bir müstəvi var ki, orada özünəməxsusluqlar itir, yalnız yazıçı qalır. Mən belə düşünürəm. Həmin müstəvidə Elçin, Anar, İsa Hüseynovun özünəməxsusluqlarından danışmaq olmur. Kosmik fəzada hamı eyni çəkidə olur. Bu şəxslər də bizim fəzaya qalxmış nasirlərimizdir. Özünəməxsusluq xüsusi bir şey deyil. Əslində, hamı özünəməxsusdur, eyni zamanda, heç kəs özünəməxsus deyil.

– “Altmışıncılar”ın Azərbaycan ədəbiyyatına gətirdikləri yenilikləri bu gün nəzərdən keçirsək, aktuallıq hiss olunurmu?

– Bu gün aktual olmaya da bilər. Kimin üçünsə yenə də aktual ola bilər. Baxır bu oxucunun ədəbiyyatı dərk etmə mərhələsinə. Həmin estetikadan xəbəri olmayan bir şəxs “Altmışıncılar”ı oxuyub bayıla bilər. Həmin dönəmin ədəbiyyatını zamanında oxuyan şəxslər üçün bu çox da aktual görünməyə bilər. Amma ədəbiyyatçı baxışıyla baxdıqda 60-cı illər nəsri yeni idi, həmin hava, meyil çox diri idi. Yeni olmaq o demək deyil ki, bu nəsil özlərindən qabaqkılarının üstündən xətt çəkmişdi, bunlar oxucunun formalaşmaqda olan yeni zövqünü, yeni bir ehtiyac duyumunu tutdular. Oxucu artıq böyük romanlar oxumaq istəmirdi. 1960-70-ci illərdə artıq həyatın dinamikası artmışdı, küçələrdən artıq maşınlar şütüyürdü, artıq küçələrdə maşınlar bir-birini ötməyə başlamışdı, şəhərlər böyüyürdü, sürətlə yeni evlər tikilirdi, yeni küçələr, meydanlar salınırdı. Yəni, həyat sürətlə dəyişirdi, bu istiqamətdən baxanda nəsr də köhnə təmkinini dəyişirdi. Nəsrdə də artıq qış gecələrinin uzun nağıl havasından – Əli Vəliyev, Süleyman Rəhimov, Əbülhəsən kimi müqtədir yazıçılarımıza məxsus havadan yeni nəsr dilinə, yeni poetikaya keçidə ehtiyac yaranmışdı. Elçin də daxil, həmin nəslin nümayəndələri bu işi həyata keçirən şəxslər oldu. Onlar oxucunun istəyini çox yaxşı duydular və onlara elə bir nəsr təqdim etdilər ki, oxucu bu əsərləri oxuduqda çox vaxt itirmədən lazımı intellektual və bədii zərbəni ala bildi. 3 romanın vuracağı bədii zərbəni bir povestlə vurmağa çalışdılar.

– Kamal müəllim, bəs müasir Azərbaycan ədəbiyyatı həyatın dinamikasını izləməyi, onunla adekvat səsləşməyi bacarır?

– Bu sualı cavablandırmaq bir az çətindir. Yəni, mən qlobal, masştablı bir nəsrlə “altmışıncılar” nəsrinin qarşıdurmasını görə bilirəm, intellektual, mənəvi, formal xüsusiyyətlərini hiss edə bilirəm və bu qarşıdurma müstəvisində “altmışıncılar” nəsrinin yeniliklərlə ayaqlaşdığını demək mümkün olur. Sonra “altmışıncılar” da artıq böyük-böyük nəsr əsərləri yazmağa başladılar. Sanki nəsrin əbədi lənətlənmiş damğasıdır, kiçik hekayələr yazdıqdan sonra hökmən romana keçməlisən. Halbuki, Borxesin bir romanı da yoxdur, hamısı kiçik hekayələrdir.

– Əgər “intellektual nəsr” bölgüsü varsa, Elçini intellektual nəsrin nümayəndəsi saymaq olarmı?

– Əslində, hər bir yazıçını intellektual nəsrin nümayəndəsi saymaq olar. İntellektual nəsr nə deməkdir? Oxucunu düşündürən nəsr. Əgər oxucu hansısa yazıçının əsərindəki cümləni ancaq o kontekstdə deyil, başqa bir müstəvidə araşdırırsa, həmin cümləni, deyimi, sözü, metaforanı axtarırsa, demək o əsər intellektual nəsrdir. Əgər hansısa nəsr əsəri oxucunu labirintlərlə – gizli, ya açıq şəkildə – dünya ədəbiyyatının hansısa bir nöqtəsinə, məsələn, Bulqakova, Ekoya, Borxesə və digər görkəmli şəxslərin yaradıcılığına apara bilirsə, təbii ki, bu intellektual nəsrdir. Nəsr yalnız öz cümləsindən ibarət olmayıb, digər müstəvilərə də istiqamət verirsə, bu dediyimiz kateqoriyaya aiddir. Bir yazıçı kimin üçünsə intellektual nəsrin  nümayəndəsi ola bilər, digəri üçün yox. Hər bir nəsrin öz intellektuallıq çəkisi var. O, diletant söhbətidir ki, filankəsin nəsri intellektualdır, digər birinin nəsri deyil. Birində azdır, o birində çoxdur. Əgər belə düşünürsənsə, istəyirsənsə, 100 il fransız ədəbiyyatı ilə tanış ol, yenə də diletantlığının içində qalırsan.

– Kamal müəllim, sizinlə görüşümüz yazıçı Elçinin 75 illik yubileyi ərəfəsinə tən gəlir. Bu münasibətlə yubilyarı qəzetimiz vasitəsilə də təbrik edə bilərsiniz.

– Mən gözəl alimimiz, ədəbiyyatşünasımız, tənqidçimiz, Azərbaycan ədəbiyyatının müqtədir nümayəndəsi olan Elçini səmimi-qəlbdən təbrik edirəm. Ona Azərbaycan ədəbiyyatının inkişafı yolunda fədakarlığının, zəhmətinin yeni bəhrələrini görməyini arzulayıram.

 

Söhbətləşdi: Sərdar AMİN, 

Ədəbiyyat qəzeti

(Visited 106 times, 1 visits today)