Sim-sim.az

Kamal Yaşarın “MAYAK”ı — FİLM

 

Sim-sim.az  Kamal Yaşarın müsəlmanların ən vacib və müqəddəs mərasimlərindən biri olan Ərbəin yürüşünü əks etdirən "Mayak" sənədli filmi haqda Zeynəb İsgəndərin yazısını və "Mayak" filmini təqdim edir.

 

Gənc və istedadlı rejissorlardan biri olan Kamal Yaşarın son filmi "Mayak" müsəlmanların ən vacib və müqəddəs mərasimlərindən biri olan Ərbain yürüşü haqqındadır. Film hər il müxtəlif ölkələrdən milyonlarca insanın İmam Hüseynin məzarını ziyarət etmək üçün İraqda yerləşən Kərbəla şəhərinə getməsini özündə əks etdirir. Bu yürüşün əsas məğzi İmam Hüseynin bacısı xanım-Zeynəbin əsir karvanında çətinliklərlə gəlib çatdığı yolu bütün insanların piyada gəlməsi və onun çəkdiklərinin heç olmasa bir hissəsini öz hisslərində yaşatmaqdır.
Məhz bir düşüncə üçün, bir idealogiya üçün döyünən minlərlə, milyonlarla ürəyin bir istiqamətə çiyin-çiyinə getməsi o qədər fövqəl bir mənzərə yaradır ki, hətta qeyri islam məzhəbindən olan bir insanın belə bunu laqeyd izləməsi mümkün deyil. Eyni fikir uğrunda yola çıxan çox sayda insan və o insanların yolunu rahatlaşdırmaq üçün hər kiçik nüansı belə düşünmüş, əllərindən gələn ən kiçik bacarığı belə ortaya qoymuş Mevkebler. Ərəb dilində Mevkeb adlanan bu qruplar Ərbain yürüşünün zəvvarları üçün pulsuz xidmət edənlər, onlara yemək, su, yatmaq və istirahət üçün məkan hazırlayan insanlardır.
Kimdir bu insanlar? Hər hansısa bir təşkilatın üzvləri, hər hansısa bir qruplaşmanın insanları? – Xeyr! Adi insanlar, müxtəlif peşələrin sahibi. Sadəcə bir müqəddəs ortaq cəhətləri var. İçlərindəki Allah sevgisi, insan humanizmi. Bu insanların Allaha qarşı, dinlərinə, neçə min il öncə şəhid olmuş İmamlarına olan sevgilərini gördükdə insan daha da nifrət edir sistemlərə, müharibələrə, gündəlik olaraq apardığı həyati mübarizələrə.

Müəllifin filmdə də verdiyi məlumata əsaslanaraq bilirik ki, İraq terror qruplaşmalarının işğalından yeni xilas olub, lakin bu qədər təhlükəyə baxmayaraq, insanlar onları qoruyan Allaha inanır, rahatlıqla yollarına davam edir və öz idealogiyaları uğrunda irəliləyirlər. Xalq sevgi istəyir, humanizm istəyir.

"Sən Allah yolunda birşeylər etmək istə biz də sənə qoşularıq" – deyir. "Sən bu yürüşə saf sevginlə, ürəyinlə,düşüncənlə çıx biz sənin üçün Allah yolunda ehsanımızı paylayarıq" – deyir. Əsil qardaşlıq nümunəsi görürük biz filmdə. Özü də, bu dini bir mərasim olmasına baxmayaraq gördüyümüz qardaşlıq din qardaşlığı deyil. Əsil insan qardaşlığıdır. Filmdəki Mevkeblerden birinin çağırışındakı kimi, dinindən asılı olmayaraq hər bir insan çağırılır bu yürüşə. İstər müsəlman olsun, istər qeyri-müsəlman.
Budur insanların ehtiyac duyduğu əsil din, budur dünyaya lazım olan əsil din. Əgər bir din öz idealogiyasını düzgün istiqamətləndirirsə, insan üzərində humanizmi təbliğ edirsə, dünyanın buna mütləq şəkildə ehtiyacı var deməkdir. Saf qalsa, pozulmasa, siyasətin və siyasətçilərin qurbanına çevrilməsə, həqiqətən də din dünya üzərində çox vacib amildir. İnsanları bir araya toplamaq üçün çox möhkəm bağdır.
Kamal Yaşar bu filmi çəkdiyi üçün ona həsəd aparmamaq mümkün deyil. Ona görə ki, o, Ərbain yürüşündə eyni anda öz həyatı üçün vacib olan iki idealogiya uğrunda addımlayır. Həm sevgisini verdiyi, həqiqətən də ətrafdakı çox insana nümunə göstərilə biləcək şəkildə saf və təmiz saxladığı "dini inancı uğrunda","Allahı uğrunda yürüşə", həm də öz qəlbində dərin məhəbbətlə sevdiyi, arzusunda olduğu, haqqından lazımınca gəldiyi "kino uğrunda yürüşə" eyni anda çıxmışdır. Və ikisinin də öhdəsindən uğurla gəlmişdir.
Deyəsən, elə bununla əlaqəlidir ki, filmdə ən böyük harmoniya din və incəsənət üzərində qurulmuşdu. Bu da insan həyatının hər bir anının incəsənətlə sıx bağlılığının ən yaxşı nümunəsi hesab oluna bilər. Belə ki, filmi biz bir rejissorun gözündən izləyir, onunla birlikdə bu yürüşün bir üzvünə çevrilirik. Onunla birlikdə qaz balonları daşıyan maşınların səsində də bir estetika tapa bilir, bu səslərlə Hiçkokun filmlərini yada salırıq.

Ardınca Ərbain yürüşü ərzində şəbehlərlə rastalaşır, musiqi çıxışları görürük. Hətta bir yerdə divarlarda yazı yazmaq üçün xüsusi ayrılmış məkanda divarda çəkilmiş rəmzlərə də rast gəlirik.

Filmdəki incə detallardan biri də yolda qurulmuş su fontanlarından məhz qan rəngi-qırmızı suyun axmasıdır. Lakin filmdə qətiyyən özünü döyən, zədələyən insanlara rast gəlmirik. Film həqiqətən də incəsənət estetikası üzərində qurulub və insan ruhunun ən dərin incəliklərini göstərməyi bacarıb. Allah uğrunda şəhid olan İmamların ziyarətinə getmək və yaxud da gedən zəvvarlara öz əlindən gəldiyi qədər yardım göstərib – mevkeblik etmək, əsil qardaşlıq nümunəsi göstərmək, heç bir qarşılıq gözləmədən yardımlaşmaq özü əsl dindir və din uğrunda edilən gözəl rituallardır.
Filmin adı "Mayak"dır və film nəfsin gözlərimizə çəkdiyi qaranlıq pərdəsini söküb atır, bizi aydınlığa çıxarır. Bu qədər insan o aydınlığa çata bilmək üçün irəliləyir, bu qədər insan o aydınlığa çata bilmək üçün ehsanlar paylayır. Lakin onlar özləri də xəbərsiz əsil aydınlığın mərkəzindədirlər. Onlar özləri xəbərsiz bu aydınlığı, bu sülhü, qardaşlığı dünyaya yayırlar. Və Kamal Yaşar özü də xəbərsiz bu Ərbain yürüşünün ehsan paylayan mevkeblərindən oldu. Heçbir qarşılıq gözləmədən, bütün əziyyətlərlə bu filmi ərsəyə gətirdi və islamafobiyanın geniş yayıldığı bu dövrdə dünyada hələ də gözəl insanların, gözəl dini mərasimlərin var olduğunu sübuta yetirdi!

"Mayak" kinematoqrafik olaraq o qədər qüsursuz işlənib ki, mövzunu ən təbii halı ilə, ən dərin hissləri ilə tamaşaçıya çatdırmaq üsuluna görə, maraq dairəsində olmayan insanlarən belə izləyəcəyi bir film olduğuna görə sənədli filmin ən bariz nümunəsi hesab oluna bilər.

 

"MAYAK" filmi:

 

 

 

 

(Visited 175 times, 1 visits today)