Sim-sim.az

Kazım Kazımoviç – “sözlər, sükut və sairə…”

 

PAYIZ – Xəzan Paltolu Madonna

vurulmuşam ona…
 
Qəfil Teyyül-ərz eləmişəm
ilk görüş parkına…
Heç varmadan bunun fərqinə
Buğda gözlü
nənəsi Həvvaxislət qız
Dən səpir göyərçinlərə…
 
Payızda ləngiyən quşların
sədası altında,
Adımızın baş hərifi yazılan
ağacın səması altında
Qırmızı Saçlı Qadın
kitab oxuyur…
Əsə-əsə gəlir külək…
Külək yəqin qızdan öncə
oxuyur deyə
Üfürüb çevirir səhifələri…
 
Baxıb gülümsəyirəm ona
Elə bil
Seyid Əzimin yarəsinə basıb zülfünü…
Bu parkda xatirələr itirib
köhnə hüznünü
İndi buralara gəlib-getmələrim:
“Zamanda keçmişə səyahət” uğrunda atılan uğursuz addımlardı…
Beş vaxtdan biri tamamdır
Getməliyəm
Azan verilir…
****
Sənsiz pis yaşamıram
Hər şey qaydasındadır…
Evi yığışdırmışam zibilləri atmışam,
Sən sevdiyin yağ ilə yumurta qızartmışam…
Sən öyrətdiyin kimi çayı qoymuşam dəmə,
Qadın məsləhətləri düz olurmuş sən demə…
Çayım: isti, mixəkli, ətirli, pürrəngidir,
Payız bizim şəhərdə hələ özün ləngidir…
Sənsiz pis yaşamıram
Hər şey qaydasındadır…
İcarəyə götürür ay günəşin yerini,
Külək tozunu silir küçə fənərlərinin…
İsti ev, soyuq payız, musiqi, ilıq çaxır,
Siqaret, tüstülü ev və sair və ilaxır…
Bu minvalla bu günlər dünənlərə çevrilir,
Hər gün kağız təqvimdən sənsiz bir gün devrilir…
Sənsiz pis yaşamıram
Hər şey qaydasındadır…
****
Siz tərəfdə dayanan avtobusdan,
Düşdüm payız yağışının altına…
Buludlardan tullanan damlaların
Açılmayan paraşütü üzündən
Bərk gəlirdi yer üzünə göy suyu…
 
Çətirimi xilas edici döşək
misalı açmışdım damlalara…
Bir səfil islanırdı “Edem Lounge”un yanında,
Saçlarındakı bitlər boğulurdu
paklıq uğrunda…
Qanadları islanmış ilham pərisi
Qulağıma bir misra pıçıldadı:
Yağışa çətir tutmaq təbiətə təhqirdi… təhqirdi… təhqirdi…
Təsirlənib bu misradan
çətirimi səfilə bağışladım
Ayaqqabımın təmizliyini gölməçələrə…
Və dilimin altında mahnı bəstələdim yağışın musiqisinə: Yağış yağır inanıram heç kim gözləmir məni…
****
Xatirələr işə yarayırmış sən demə
Səndən qalan cib dəsmalı
indi islaq burnumun uşaq bezidi…
İncimə;
Nə yanaqların dəniz vağzalı
Nə gözlərin məhəbbət dənizidir…
Gözlər: Ürəyin beşinci və altıncı kamerasıdır..
Hələ bu harasıdır
İndi kosmetika satışı ilə məşğulam sevgili
Artıq bilirəm al yanaqlarının sirrini…
Daha saçlarının qoxusundan
ötrü darıxmır burnum
Bir zamanlar sən işlədən “Elidor”dan almışam…
İndi ən gözəl qadınlara şeirlərdə rast gəlirəm
Çünki onlar şeirlərdə susurlar…
****
BAHARIN BİR NEÇƏ ANI
 
«Elşən Mehdinin doğum günü təbrikinə Ön Söz»
 
Bahardır…
Səhərdir…
 
Bir vaxtlar bu vaxtlar
Ciyərlərimə vurduğum güllələrin boş gilizləri kimi
Siqaret kötüklərini tullayardım
barmağımın tərsi ilə…
Qramafondakı mahnı
necə də uyğun gələrdi
Fikirlərimin rəqsinə…
Gürcü çaxırının qoxusu ilə
bərabər yaşardı
damağımın damı altında
Sözlər, Sükut Və Sairə…
İndi tərgidmişəm bütün bu vərdişləri
Yəni bitib şairin intihara cəhd sərgüzəştləri…
Siqaretsiz şair dodaqları:
Sanki öz eyfelini itirmiş Parisə bənzər
Şərabsız boş qədəhi “Boğaz”ı qurumuş İstanbula…
 
Bahardır…
Səhərdir…
 
Otağımın nə qərbində
Nə şərqində yenilik yox
Başımda bir qəribəlik
Pəncərədən baxıram:
Dodaqlarım köhnə bir gülüşü təqlid edir…
Baxdıqca buludların
Hələ çəkimi tamamlanmamış
bir Salvador Dali
rəsminə bənzərliyinə:
Səma səhrasında dəvə buludlar
Uzaq səfərlər üçün
belində su daşıyır…
 
Bahardır…
Səhərdir…
 
Qaranquşlar soyuq
Günəş isti ölkələrdən
əli boş və yorğun qayıdıb…
Külək günəşlə birləşərək
havada fen effekti yaradır
Saçları qıvırcıq ağaclardan ötəri…
Arıların qibləsi güllər
Qarışqaların qibləsi qəndqabılar…
Bir addım önə atıb qapılar
açılıblar bahara
doxsan dərəcə
Başımda son dərəcə
şairanə bir sual gəzişir:
Bu BUQƏLƏMUN təbiət görəsən
nəyin qarşısından keçir belə
ətraf rəngin dəyişir???
 
Bahardır…
Səhərdir…
 
Bədənimin ən yaxın qonşusu ruhum mənim,
Səlim əminin şeirlərinin alt qatında dincəlir…
Yadıma gəlir
Səninlə tanış olanda
yüzlərlə ortaq dostlarımız var idi:
KİTABLAR
Onlar gecələr boylanırmı rəfdən?
Söyləyirmi ki, “Elşən, sən bizi oxumalısan!!!”
Sənə də elə gəlirmi ki,
Bu BUQƏLƏMUN təbiət
Yaşıl göz bir qızın gözlərinin qarşısından keçir…
Bilmirəm inan bilmirəm
Tale insanı yoxsa insan taleyi seçir?
Hər iki halda
Yaxşı ki, səni tanımışam,
Yaxşı ki, sən varsan,
Yaxşı ki, bu fani dünyaya göz açmısan
Ağlayaraq…
Üzülmə şair üzülmə…
Şairin ilk ağlamağı da şeirdi
Bax ha gör neçə bahar bundan əvvəl ilk şeirini yazmısan…
Baharda…
Səhərdə…
****
Doğum evindən qeydlər
 
95-ci il (Yəni ki, 1900)
26 Fevral
Bu gün günlərdən bazar
Bu gün məni dünyaya çıxartdılar…
Zərif dərili alnımda yazının
mürəkkəbi hələ qurumamışdı
Qaşlar: Alın yazısında seçilən
sözlərin altından çəkilən
xəttlərdirsə
Nədənsə
Mənim qaşlarım bitişik
yəqin sonuncu misra çox poetik olmuşdu…
Anama
 
Azan səsi, kənd evi, samovar, sərin külək.
Ömrü bu nəqarətdə məncə, bitirmək gərək…
Məndən olsa gedərdim bu saat cəhənnəmə,
Ona görə qalmışam ki, sən çay qoymusan dəmə…

 

(Visited 236 times, 1 visits today)