Sim-sim.az

“Allah insan yaratmır daha…” – Ömər Xəyyam

ömər

Zamana qənaət etmək üçün istifadə etdiyimiz texnoloji yeniliklər zamanımızı daha çox alır. Bir cümləylə ifadə olunmağına baxmayın, çox ciddi, şair dostların dediyi kimi, alt qatı olan məsələdir. Ki, bu məsələnin kökündə texnoloji tərəqqi, sürətli mobilləşmə dayanır.

Bu yaxınlarda öyrəndim ki, xüsusi "çip" hazırlayırlar. Bu layihə sıradan çıxan daxili orqanlar haqqında əvvəlcədən xəbər verir, orqanların daha nə qədər davam gətirəcəyi barədə məlumatı yaddaşına köçürür. "Çip"i udursan və bütün daxili orqanların haqqında məlumatı ötürür kompüterə.  Bu layihənin məqsədi ötürülən məlumatlar əsasında sıradan çıxan, ya da gələcəkdə ömrünü başa vuracaq orqanların bərpası, əvəzlənməsidir.

Nəticədə insan ömrü artırılacaq, ölümün yaşı uzadılacaq…

Bostonda hazırlanan "yeni sevgi" layihəsi, birbaşa cütlərin xoşbəxtlik faizini "ölçür". 
Romantikaya, şeirə ehtiyac yoxdur, layihədə iştirak etməklə evlənəcəyin, birgə yaşayacağın cinsin bütün xarakteristikası, psixikası, stixiyası haqqında dəqiq, qərəzsiz məlumat, həyat prosesində yaranan maddi-mənəvi situasiyalar zamanı reaksiyası, münasibətlərin gedişatına münasibəti barədə informasiya almaq olar.

Əziz oxucu, narahat olmağa dəyməz, vaxtınızı aldığımın fərqindəyəm, mən özüm də narahat oluram, amma və lakin məsələ çox ciddidir. Bu məlumatlardan, əlbət, çoxu agah. 

İndiki insanı Allah yox, texnologiya yaradır desək, yanılmarıq.

Statistik məlumata görə, çağdaş insan daha çox virtual depressiya, virtual xoşbəxtlik yaşayır.
Endorfin hormonu daha çox virtual informasiyalar vasitəsilə ifraz olunur.
Bu məsələ məni ciddi narahat edir.

Real dünya ilə virtual dünya sərhədlərinin itdiyi dövrdə yaşamaq heyrətlənə bilməmək, reklamlardan asılılıq yaradır, ünsiyyətsizlik, mənəvi-əxlaqi müstəvinin zamanla nazilməsiylə müşahidə olunur.
Aldığımız informasiyalar heyrətlənmək hissini öldürür, bu isə vəhşiləşdirir…

İnsanın təkamül nəticəsində gedib çıxacağı nöqtə – postinsan – insandan sonrakı insan tipi texnologiyadan asılıdır və sintetik, yəni qeyri-təbii qidalarla qidalanır. Reklamların əsirinə çevrilib və zamanla daha çox sintetikləşir. 
Dilin ölümü prosesi baş verir, canlı dil bir müddətdən sonra tamamilə öləcək, yəqin. Klaviatura  düşünməyə yer qoymur, qələmlə hərflərin şəklini çəkib, söz yaradırdıqsa, artıq klaviaturada hərflərin şəkli var və əzələ yaddaşının köməkliyilə birbaşa söz yaranır, bir toxunuşla.

Mobilləşmə əxlaqi müstəvidə özünü daha çox göstərir. Texno-insanın əxlaqi keyfiyyətləri sürətli virtuallaşma prosesində yoxa çıxır, demək olar. Bu özündənuzaqlaşma, virtual dünyanın geyindirdiyi "profil donu" arxasında yaşamaqla nəticələnir.
Fərqli profillər virtual enerjisini sənə ötürür və kimliyin müxtəlif profillərə bürünməklə səni fərdiyyət sifətindən uzaqlaşdırır.

Fikir vermişəm, gündəmdəki mövzuya qoşulmaq istəmirsən, kütləvilikdən qaçırsan, amma mövcud məsələyə fikir bildirməməklə də kütlənin bir üzvünə çevrilirsən, dolayı yolla yenə də gündəmdəki mövzunun təsiriylə susursan. Bu və ya digər formada virtual sunaminin qurbanına çevrilirsən.
İnsan mağaradan çıxmışdı, amma hələ də meşədə fırlanırdı, indi yenə meşədəyik, amma təbiətin yox, bu dəfə özümüzün qurbanıyıq. 

Bilmək bilməməklə eyni böyüklükdə, eyni həcmdə: Bilgilər gəlişdikcə, bilmədiklərimizlə sərhədlərimiz də genişlənir. İnsanı itiririk.
İnsan tarixin yaddaşına gömülür.
Əvəzində texno-insan yetişir.

Əcdadlarımızdan fərqli olaraq, bunları bilirik, bilmədiklərimiz isə gəlişim prosesi nəticəsində dərk etdiyimiz, təsəvvür etdiyimiz gələcəyin özüylə düz mütənasibdir.
Bu prosesin sonu heç yaxşı görünmür; robotlaşma, özünüdərkin iflası, əsldən uzaqlaşma.
Allah bizə rəhmət eləsin!