Sim-sim.az

Dilarə Zamanova – Yaxşı dost sevgilidən daha dəyərlidi

16237219_618665358341385_1203378648_n

Biz gərçəkdən dostuq vallah…

Bu sözü gündə neçə dəfə təkrar etdiyimi bilmirəm.

Başdan başlayaq.

 Əgər sənin çox yaxın bir oğlan dostun varsa, (yaxınlıq bəziləri üçün çay içəndə ona da konfet təklif etmək. Bəziləri üçün “gəl dayanacağa qədər danışmadan gedək” deməsi. Bu yazımda ikincilərdən danışacağam. Əgər birincilərdənsinizsə, vaxt itirib yazını oxumayın. Dərhal buranı tərk edin )) və ona sırf insanlar sizin haqqınızda pis düşünməsin deyə, “Qardaşım” demirsənsə, sən yandın. Bəzi cəmiyyətlərdə həmçinin bizdə yazılmayan qanunlar var. “Aaa qızla oğlan günortalar birlikdə yemək yeyirlər?” “Nə? Evdən gətirdikləri yeməkləri bir yerdə yeyirlər?” “Nə danışırsan, onları iş çıxışı dondurma yeyə-yeyə dayanacağa gedən görmüsən?” “Onsuzda mən onların evdə bir yerdə yemək bişirməklərindən şübhələnmişdim” kimi şübhələr əvvəlcə arxanızca, sonra isə düz qulağınızın içinə gəlməyə başlayır. İşdə müdirdən tut, evdə xalana kimi, sizi sevgili zənn edir.(Zənn etməklə də qalmayıb. Hətta nə qədər yaraşdığınızı da deyirlər. Hadisənin pik nöqtəsi isə yaxın dostunun çox sevdiyini bildiyin sevgilisindən ayrılandan sonra insanların sənə  durmadan niyə ayrıldıqlarını soruşmaqları və utanmadan əslində mən sizi çox yaraşdırırdım deməkləri)

Əvvəl-əvvəl heç kəsə qulaq asmadım. Sonra sizə çox yaxın olan bir dostun da “Məncə, siz sevgilisiniz, xəbəriniz yoxdur” deyəndən sonra düşünməyə başladım.

Bəlkə onlar haqlıdırlar. Bəlkə həqiqətən biz sevgiliyik. Amma xəbərimiz yoxdur? Hə, ola bilməz? Ola bilməz!!!

 

Çünki, həm o, həm mən bilirik ki, biz bir yerdə gülməyi, bir yerdə yemək yeməyi, bir yerdə dayanacağa kimi getməyi ətrafımızdakı insanlar haqda müxtəlif zarafatyana “faciə” ssenariləri qurub gülməyi, onun məni pintiliyimə görə danlamağını, mənim onu ləng tərpəndiyinə görə danlamağımı, bir sözlə, bütün bunları birlikdə etməyi sevən sevgili deyil, iki dostuq və həmişə də elə qalacağıq.

Sözüm belə şeylər başına gələn gənclərə və yaşlılaradır.

İnsanların nə düşündüyü önəmli deyil, əgər sən əsl dostu tapmısansa, onu heç bir sözə görə itirmə və onunla insanların dediklərinə uyub sevgili də olma. 

Yaxşı dost sevgilidən daha dəyərlidi.