Sim-sim.az

Rövşən Yerfi – Düşüncələr

18951110_1509605375770774_3645304283813028521_n

 

  Ölüm, ya da Olum – ikisi də kədərli… Bu vəfasız dünyada sabaha saxlamayıb görə biləcəyiniz istənilən ziyansız iş – yalnız xeyirdir. Həyat fanidir, ötən an bir daha qayıtmayacaq – hər anımız həm qazancdır, həm də itki. Əslində həyatda heç nə hədər olmur.

Hər şey bir formadan digərinə keçid edir. O cümlədən insan da günlərin birində etdiyi yaxşılıqların, pisliklərin əvəzini hökmən alır. Sadəcə zaman fərqi var. Və bir də dərk edə bilmədiyimiz Tanrı mətləbləri var. Nə yaxşı ki, o mətləbləri tam qavraya bilmirik, yoxsa imkan verməzdik Tanrıya da, öz işini görsün…  

İnsanın həyatı boyu əldə etdiyi ən böyük var-dövlət qazandığı ehtiram və rəğbətdir. Elə bir rəğbət ki, öləndən sonra qırx gün və ya bir il yox, on illər sonra da onu xatırlasınlar..  Həqiqi rəğbət isti və təmiz RUH-la qazanılır. Vəzifənin və pulun gücünə qazanılan rəğbətin müddəti onlar bitənədəkdir.  Hərdən haqsızlıq görəndə deyirik, hanı Allah, varmı? Var, sadəcə bizim anlaya bilmədiyimiz çox şeylər də var… Ədalətsiz deyil, o, səbri böyükdür. Bu səbəbdən çox vaxt onun ədaləti yerini tutunca, neçə-neçə insan ömrü ədalətsizliyin qurbanı olur. Vicdan Ilahinin gözlə görünməyən öz varlığından bəndəsinə bəxş etdiyi hissəciyi, damlasıdır. O damlanı duyanlar Tanrısını tanıyanlardır, duymayanlar isə Şeytan üçün yaradılanlardır.  Insan üçün həyatda cansağlığından sonra ən gözəl şey VİCDAN RAHATLIĞIdır Onu nəfsini saxlamagı bacarmayanlar bilə bilməzlər.    

Vicdan həyadan başlayır.  Həyasızlıq bütün pisliklərin açarıdır. Həyasızlığın əmələ gətirdiyi pis əməllərdən biri də acgözlükdür – nəfsin çəkən hər şeyin acgözü olmaq. Müqəddəs peğəmbərimiz Məhəmməd əleyhissalam nəsihətlərində bildirmişdir ki, “tamahkar adamın şərəfi olmur”. Fikrimizi dəqiqləşdirsək, həyasızlıq şərəfsizliyə gedən yolun başlanğıcıdır. Vicdanın alçaldığı cəmiyyətdə yaltaqlıq, saxtakarlıq tələbata çevrilib öncüllük, “ziyalılıq” əlaməti hesab edilir. Yaltaqlıq insana həm maddi zənginlik verir, həm də mənəvi alçaqlıq. Belə insana hamı səlahiyyətinə, varına görə üzünə gülsə də, ürəklərində alçaqlığına gülərlər.  Həqiqət gözəl olduğu qədər çirklidir. Desən səndən əzizlərin də “imtina” edəcəklər. Deməsən o özü səndən uzaq düşəcək.  Nəfsin qarşısında isə bütün həqiqətlər  əhəmiyyətsizdir. Xəsis və pulgir varlıların hamısı bilsin ki, öləndən sonra tanıdıqları bütün kasıblar onlar haqqında “gorbagor” deyəcəklər.

Cəmiyyət o zaman ədalətli, insanlar o zaman xoşbəxt olacaqlar ki, onları idarəedənlər maddiyyatpərəst olmayacaqlar. Maddiyyatpərəstlər Tanrıya deyil, Şeytana qulluq edənlərdir. Yaxşı-pis, müsbət-mənfi, xeyir-şər…

Bu əksliklərin arasındakı mübarizə, onların bir-birini əvəz etməsi dünyanın hərəkətverici qüvvəsi, tükənməyən yaşam mexanizmidir.  Bu həyatdır – yayı da, qışı da, sevinci də, kədəri də əzizdir… Ləyaqətsizlikdən başqa…

Təki acısı, şirini də, mərdi, namərdi də LAYİQSİZ, LƏYAQƏTSİZ olmasın!