Sim-sim.az

Flanörün müqəddəs və əyyaş ömrü

13240151_10204798380519043_2638088504035673293_n

Həmin roman haqqında yazmaq fikrini xeyli özümdən uzaqlaşdırmış və qətiyyən oxumaq həvəsimin olmadığını düşünmüşdüm. Yanılmışam. Əslində, ilk cümləsini oxuyan kimi simurq kimi qanadları üzərində sirli aləmə aparacağını sonradan anlayacaqdım. Və bu həqiqətin dərki mənim içimdə gecikmiş oxuma fəaliyyətimə dair peşmaçılıq qarışıq, pəjmurdə bir əhval-ruhiyyə oyadacaqdı. Roman haqqında yazacağım məqalənin üslubunu xeyli götür-qoy etdikdən sonra, oxumun 189-cü səhifəsində qərara gəldim ki, roman mütləq elmi-konseptual bir məqalə üslubunda yazılmalıdır. İçində bir az terminalogiya, biraz rəvan dil, bir az da uzun-uzadı statlardan ibarət olsun. Yanında, köpüklü kapiçino və arasına da hərdən eşidilən köhnə radionun xırıltısı qarışmış klassik musiqi əlavə edək. Bu qədim yapon bivasının səsindən eşidilən həmin inilti olsa daha yerində bir qərar olardı.

 Əziz oxucum, əgər bura qədər hərfləri izləyib, Alis kimi sarı yolu addım-addım ölçübsənsə, deməli sənin şərəfinə bir qurtum kapiçino içmək olar. Onu da deyim ki, qabaqda bizi çox gözəl bir səyahət gözləyir. Əmin ola bilərsiniz ki, qətiyyən darıxmayacaq, narahat olmayacaqsınız.

 

***

 

      “Mən bir əsir idim, azad olmaq istədim.” 

Qan Turalın “Fələk Qırmancı” romanı beləcə başlayır. Həmin ilk cümlənin  estetik ab-havası əhvalatın sonrakı məqamlarından ciddi bir xəbər verir. Burada Joseph Campbell “Qəhrəmanın Sonsuz Səyahəti” kitabını xatırlamadan keçmək mümkün deyil. Məhz bu roman qəhrəmanının səyahətinin ilk mərhələsi ilə bağlı Campellin qeydlərindən  çırpıştırmaq yerinə düşər. Bu həm də bizim məsələyə dair düşüncəmizi və dünya görüşümüzü genişləndirəcək.

“İnsan gecə-gündüz dayanmadan yolunu itirmiş ruhunun qıfıllı labirinti içərisində yaşayan “mənlik” simvolu tərəfindən və Tanrıvari bir varlıq tərəfindən daima qovalanmaqdadır. Xilas üçün açıq qapılara gedən yollar görünməzliyə qərq olub. Çıxış yoxdur. İnsan İblis kimi qəzəbə və nifrətə qəlbində yer açıb özünə aludə olub cəhənnəmə də gedə bilər. Ya da ki, bütünlüklə qaragüruhdan qaçar və sonunda Tanrının nuruna qərq olar.”

            “Fələk Qırmancı”nın səyahətçilərinin səfəri bəzən ilahi müqəddəslik, bəzən şeytani hisslərin hökm sürdüyü ədəbsizlik, bəzən də əyyaşlıq və flanörlüklə müşaiyət edilirdi. Bu qəhərəmanların qarışıq axtarışlarının və romanın yaratmış olduğu “oksimoron” imajın arxetipini analiz etdikcə əslində qarşımdakı xarakterləri özümdə tapmağa başlayırdım.

           

***

 

            Roman iki müxtəlif zaman boyu inkişaf edən hadisələri təsvir edir. Birinci hekayə modern dünyanın o gündəlik canxsıxıcılığı və öz mahiyyətindən arındırılmış, uydurulmuş həqiqətin hökm sürdüyü vəziyyəti təsvir edir. Bir yazıçı qayğıları və şəhərlə kənd arasındakı sosial, mədəni fərqlər. Di gəl ki, məhz bu xəttə bir az hiper-həqiqətin qarışdığını, hər şeyin qeyri-müəyyən şəkildə şişirdildiyini  düşünürəm. Zənnimcə, Qan Turalı məhz dərin fəlsəfi pastişlərin, izah və açıqlamaların bağrından qopan sufizm xəttinin bir az daha yumşaltmaq üçün belə “pink novel” tərzində sujet xətti seçib. Bəlkə həmin sujeti öz sarmaşıq kimi sarıldığı ikinci xəttən ayrıca oxusaq, onda məhz dəyərsiz və gərəksiz bir mətn haqqında boşuna zamanı küləyə sovurmaqla məşğul olardıq. Ancaq elə bir hekayə danışılır ki, burada artıq, əsl klassik mətn oxuyarkən duyulan ləzzəti hiss etməyə bilmirsən.

 

 ***

 

                        Mehdi sərgərdandır. O əsl gəzərgi həyat keçirən, modern dünyanın flanör qəhrəmanıdır. Digər tərəfdən həyatda sufizmin dini hökmlərini yerinə yetirərək əsl ilahi məqama yüksəlmək istəyən qəhrəman var. Eyni Chomepllin qeyd etdiyi kimi… Sanki bu bir xarakterin yol ayrıcında “İşıq Gələn” və  “Səs Gələn” yönə doğru paralel hərəkətinin təsviridir. Bütünlüklə struktur, romanın sujeti və bir-biri içərisində pərçimlənmiş hadisələr boyu xarakter dəyişir.

            Şübhəsiz romandakı maraqlı hiper-əlaqələr, müxtəlif mətnlərə istinadlar, linklər üçüncü bir xətti yaradır. Bu müəllifin sujet boyu romanı necə yazdığını və bu uğurda etdiyi mütaliələr üçün çəkdiyi əziyyətin nümayişidir.

 

 ***

 

            Su kimi axıcı dil, hər səhifə  boyu mütaliənin insan çöhrəsində yaratdığı  meyxoş təbəssüm və romanın bitməməsini qəlbinin bir yerində arzulamaq istəyi hələ də yaddaşımda həkk olunub. Dilin belə axıcı və rəvan olması, kifayət qədər mürəkkəb strukturun, bir çox mətnlərin dekonstruksiyasını gözə soxmur. Sanki “Arifə bir işarə” deyimi məhz bu romanın sətirlər arasında yerləşən gizli linklərini rahatca açmağa kömək edir.

            Əziz oxucum, bəzi kitabların insana yaşatdığı duyğu elə dərin olur ki, mütləq şəkildə onların ifadəsi üçün susmaq, sakitcə isti bir qəhvə ya da elə indi mənim etdiyim kimi köpüklü bir kapiçino içmək lazımdır. Çünki, həmin duyğu və düşüncələr həzzi sakitcə yaşamaq və dərketmənin verdiyi ayrıcalığı hiss etmək üçündür.