Sim-sim.az

Maaşını artırtmaq istəyən xadimə

mvlud

Səhər işə gələndə stolun üstündə konfet gördüm. Nə söhbətdi? Elminazın oğlu əsgər gedir. Onun əsgər yaşda oğlu olduğuna təəccüb qaldım. Kənd adamlarıdı, yəqin qızı başdan eləyiblər. Kənd yerində qız əl-ayağa tez dolaşır.

 

Beş-altı il əvvəl biz nişan aparanda anam bu konfetlərdən almışdı. Onda arvadla dalaşmışdım, demişdim ayıbdı, camaatın evinə aparmağa düz-əməlli şokolad ala bilmirdinmi?

 

Elminaz xadimədi. İşə hər gün hamımızdan tez gəlir. Hamımız jurnalda adımızın qabağına qol çəkirik. Elminaz adının qənşərinə xadimə yazıb, sonra qol çəkir. Neçə dəfə istəmişəm deyəm, ay qız, eləcə qol çək, get işinə-gücünə, nəsə ürəyim gəlməyib.

 

Bütün günü mahnı oxuyur, amma işdən də qalan deyil. Mətbəxi silir – oxuyur, bizə çay qoyur – oxuyur, günorta özünə yemək bişirir – oxuyur, tualeti təmizləyəndə də dinc durmur. Arada deyirəm, a qarayığval, sən elə hey oxuyursan, olmaya ərin yorğanı başına çəkəndə də zəngulə vurursan?

 

Cingiltisi otağı başına götürür, guya utanır.

 

…Mən çoxdan işləyirəm. Təzə gələnlər də var. Müdirə ərklə maaşımı artır deyə bilirəm, beşində eşitməyəndə birində eşidir, təzə gələnlər ürkəkdi bir az. Bir ara onları çənəmin altına salıb ürəkləndirirdim, deyirdim qorxmayın, müdir sizi işdən qovası deyil ha, uzaqbaşı deyəcək pul yoxdu, bir-iki ay dözün.

 

Evdən gətirdiyimiz yeməyi qızdırıb qabağımıza çəkə-çəkə söhbətimizə qulaq asan Elminaz ürəklənməzmi, döşəməsilən ağacı da əlində müdirin otağına girib boynunu bükməzmi:

 

– İldırım müəllim, ərim neçə aydı işsizdi, bəlkə, mənim maaşımda bir az artım eləyəsiniz?..

 

Müdir də qəribə adamdı. Denən imkan yoxdu, bir az səbr elə. Bu, məsələni çox sərt qoyub: “Adın nəydi sənin, ı-ı-ı, adın da yadımdan çıxıb, biz bu qədər maaş verə bilirik, istəmirsən, xoş getdin. İş üçün yalvaranlar var”.

 

Elminaz qorxusundan balacalanıb yumağa dönmüşdü. Neçə gün izlənən adamlar kimi qorxa-qorxa hərləndi. Mahnılarından ötrü darıxdırdı bizi. Mətbəxə girib səsləyəndə də dik atılırdı. Mat qalmışdıq, baş açmırdıq nə işdi. Axırda özü çıtıtdı. Uşaqları gülmək tutdu. Əvvəl özümü saxlasam da, mən də dözə bilməyib, pıqqıldadım.  Neçə günlük həyəcanın, tikan üstündə oturmağın səbəbi buymuş demə. Elminaz bizim söhbətdən ürəklənib, deyib yəqin desə onun da pulunu artırarlar. Gülməyimə bir az peşman oldum. Könlünü almaq istədim, söz verdim ki, müdirdən xahiş eləyib, onun maaşını əlli manat artıracam. İndi Elminaz, az qalır düşsün ayağıma:

 

– Sən Qərib Seyid, demə! Sən Dağdağan Ojağı, məni işə salma, sus. Bəsimdi, bəsimdi, vallah. Ərim ölmüş də gələn aydan işləyəcək. Hirslənər, qoylayar işdən, kiri sən canın, qana-xataya salma bizi!..

 

O, haytalandıqca uşaqlar hırıldaşırdı. İstəmədim söhbət uzansın, sözü dəyişib tələm-tələsik naharı bitirdim, qayıtdım otağa. Beş-on dəqiqə sonra uşaqlar dalımca pıqqıldaşa-pıqqıldaşa içəri girdilər:

 

– Kefdi eyy, vallah, “şvabra” da əlində girib eyy içəri…

 

Telefonla danışmaq üçün iki dəqiqəlik çölə çıxıb qayıdanda bayaq gülüb-danışan uşaqlardan əsər yox idi, müdir zəng eləyib nəsə tapşırmışdı, başları qarışıq idi, biri-birilərindən kömək istəyirdilər.

 

Axşam hamı getdi, mən bir az ləngidim. Kompüterdə bir-iki qara iş qalmışdı. Evə getmək üçün qalxanda gözüm konfetlərə sataşdı. O biri stollara boylandım, heç kim konfetə dəyməmişdi.

 

Teleqraf.com