Sim-sim.az

Modern Tanrı!

ziyad quluzade

“Mənə həmişə xatırladılır ki, televiziya yaşlıların, əllilərin və daha doğrusu otel otaqlarında tənha qalan hər kəsin rahatçılıq və həzz mənbəyidir”.

                                                                                                                                                                                           Neil Tomsan

                                         

      Qəribədir! METAFORA!

 

Bu yazının metaforası olaraq mütləq şəkildə bir nəsnə seçilməliydi. Məhz Media, Televiziya deyincə şübhəsiz yada düşən yeganə metafora pult olur. Hərçənd, məqalənin hipotezini elan etməmişdən əvvəl xeyli müddətdir məni narahat edən bir məqama nəzər yetirmək niyyətindəyəm. Birinci, mütləq şəkildə “pult” sözünün alternativini, Azərbaycan dilindəki qarşılığını tapmalıyıq. Bu yəqin ki, “Uzaqdan idarəetmə”, “Göstərişci”, “Yönverən”, “Dəyişdirici” kimi sözlər olar bilər. Bu əlbəttə, bir iddiadır. Ancaq bu iddiaların içərisində mən məqalə boyu “dəyişdirici” sözünü işlədəcəyəm.

 

      Qəribədir! OXUMAĞI UNUTMAQ!

 

 “1984”, “Heyvanistan” romanlarının müəllifinin düşüncələrini bir qara sincab kimi doğrayan, qəlbinə kədər və əzab toxumları səpən, gözlərində dünyanın hüzn və iztirabını daşımağına səbəb olan qəribə bir məsələ var idi. Cənab Corc Oruel düşünürdü… “gün gələcək kitab oxumaq qadağan ediləcək.” Digər tərəfdən, başaq bir dəyərli yazıçı Oldos Haksli isə “1984”romanının müəllifinin iddilarına qarşı çıxan fikilər səsləndirir. Etiraz edirdi. “…elə bir məqam yetişəcək ki, kitabları qadağan etməyə ehtiyac qalmayacaq. Çünki kitab oxumaq ehtiyacında olan heç kim olmayacaq…”

 

Corc Oruel qorxurdu.  Onun bu qəribə qorxusunun kriptosu bir gün bizi informasiyasız, məlumatsız qoyacaqlarına dair idi. O düşünürdü ki, kitabxanalarda donuzlar eşələnəcək, kitablar nəşr edilməyəcək və bir neçə kitab qıfıllı qapıların arxasında gizlədiləcək. Hər kəs məlumata, bilgiyə, informasiyaya möhtac qalacaq…  “Mona Liza təbəssümü”nün müəllifi Oldos Haksli isə əksinə fikirləşirdi. Onun qəlbindəki qorxu bununla bağlı idi ki, dünya passivlik və eqoizm bataqlığına düşəcək,  həddindən artıq informasiya, bilgi, məlumat axını olacaq. Birincinin qorxusunu həm də belə başa düşmək olar ki, həqiqət bizdən gizlədiləcək. Oysa, ikincinin düşüncəsi daha faciəvidir. Oldos Haksli Mona Liza kimi qəribə və sirli bir təbəssümlə bizə gülümsəyir və iddia edirdi ki, həqiqət öz mahiyyətini itirəcək. Məhz indi, bu reallığın içərisində, bizim ətrafımıza sarmaşıq kimi dolaşmış həqiqətlərin zamanla mahiyyətsizləşdiyinin dərki, niyə isə mənə o qəribə tablonu xatırladır. Edvard Munkun “Bağırtı” (The Scream- 1893) əsərindəki kimi həqiqətin və reallığın öz mahiyyətini itirdiyi, həyatın nonsensə doğru rəng dəyişdirdiyi məqamda bir bağırtı eşidilir. 

 

Qəribədir! ƏZİZİM KARL MARKS! TELEVİZİYAYA İBADƏT!

 

Həyatımızın bir parçasına çevrilmiş, gündəlik həyatımızda ömürümüzün ən gözəl günlərini öz uydurma nağıllarıyla ələ keçirən televiziya hərəkətlərimizi, xarakterimizi, istəklərimizi öz əsarətinə alıb. Televiziya kapitalizmin əlindəki ən əsas silahıdır. Kütlələrdən kölə düzəltmək, onların istehlakçılıq qabiliyyətini ən yüksək səviyyəyə çatdırmaq üçün var gücü ilə işləyir. Bir də məsələnin digər tərəfi var. Panoptikon! Media yalnız təsir etmir, həm də müşahidə edir, izləyir, güdür. Bu isə daha dərin bir faciədir. Qəribə və çıxılmaz bir faciədir.