Sim-sim.az

Qazax çölündə təkrarlanan faciə

kanan haci

Bu günlərdə, ədəbiyyata gec gəlsə də çox tez bir zamanda öz imzasını təsdiq etmiş və adının önündə ürəklə yazıçı sözünü yaza biləcəyimiz Mübariz Örənin “Ağ buludlar” əsərini oxudum. Öncədən qeyd edim ki, müəllif bu əsəri povest kimi təqdim etsə də mətn hadisələrin miqyaslılığı, çoxşaxəliliyi baxımından roman janrına daha çox uyğun gəlir və məncə, Mübariz “Ağ buludlar”ı roman kimi də təqdim edə bilərdi. Əslində “Ağ buludlar” elə romandır.

 

Romanı oxuyub bitirəndən sonra ilkin qənaətim bu oldu ki, Mübariz Örən artıq dilin imkanlarından maksimum bəhrələnmək bacarığından əlavə nəsrin texnikasına da kifayət qədər bələddir. “Balıq gülüşü” və “Qar tanrısı” hekayələri Mübarizin iri həcmli və tutumlu əsərlər yazmağa hazır olduğunu göstərdi. Mübariz də sələfləri kimi yaşadığı, doğulub boya-başa çatdığı məkanı öz hekayələrində obraz formasında və bədii təsvir predmeti olaraq seçərək ədəbiyyata gəldi. Xoşbəxtlikdən o fərdi yaradıcılıq dəst-xəttiylə, təsvir olunan surətlərin özünəməxsusluğu ilə, forma və məzmun orijinallığı ilə seçilə bildi. Müəllifin dediyinə görə yarımçıq qalmış hekayəsi kompyuterdə itəndən sonra o, bu hekayəni yenidən bərpa etmək istəyib və nəticədə belə bir əsər ortaya çıxıb. O hekayənin itməsiylə bu mətnə yol açılmasında mistik bağlılıq ola bilərmi? Sirri-xudadır, bəlkə də…

 

“Ağ buludlar” qurğu romanıdır və əsəri oxuyub bitirəndə istər-istəməz bu mətnlə Orxan Pamukun “Qırmızı saçlı qadın” romanı arasında paralellər aparası oldum. Hər iki əsər “Edip kompleksi”, insest üzərində qurulub. O. Pamuk Firdovsinin “Rüstəm və Söhrab”ından və Sofoklun “Çar Edip”indən istifadə edərək bənzərsiz bir süjet qurur və bu xətti düşüncəli romançı olaraq bəlli bir sonluğa, qətl hadisəsinə gətirib çıxarır. Pamukun romanının episentrində quyunu görürük, Mübarizin əsərində isə müqəddəs gölün qorxunc vahiməsi finala qədər oxucunu təqib edir. Quyunu da, müqəddəs gölü də şərti olaraq Tale adlandıra bilərik və Pamukun da, Mübarizin də qəhrəmanları bu Taledən, əslində öz talelərindən xilas ola bilmirlər. Mübarizlə təəssüratımı bölüşəndə bunu özünə də dedim və məlum oldu ki, o, “Qırmızı saçlı qadın”ı oxumayıb. Doğrudan da dünya nəsrində bir-birindən xəbərsiz yazılan və məzmun, mündəricə etibarilə bir-birinə qohum sayılan kifayət qədər mətnlər mövcuddur.

 

Romanın adsız qəhrəmanının başına gələnlər – pullarının öz qardaşı tərəfindən oğurlanması, bacısıyla zina etməsi və sair – dünyanın özü qədər qədim və amansız həqiqətin yenidən təkrarlanmasıdır. İlahi mətnlərdə lənətlənmiş və xarabalıq rəmzinə çevrilmiş Sodom və Homorra, Ölü dəniz (duz gölü) mətnin strukturuna ustalıqla hörülüb. Obrazın “Çar Edip” arağından sərxoş olması da simvolik xarakter daşıyır və hadisələrin labüd, qaçılmaz sonluğuna yön verir. Müəllif hadisələrin düyününü məkan faktorunda açmağa çalışır və buna uğurla nail olur.

 

Mübariz süjetdən süjetə çox rahat şəkildə keçid etməyi bacarır, heç nə, heç bir detal yad, süni, qeyri-təbii görünmür. “Ağ buludlar”da müəllif Orxan Pamukun dediyi düşüncəli romançı kimi qarşımıza çıxır. Son hekayələrindən sonra onun bu masştabda mətn yazacağı gözlənilən idi və yazdı. Düşünürəm ki, əsərin bundan sonrakı taleyi müəllifi zərrə qədər narahat etməməlidir.