Sim-sim.az

Qismət — Vuvuzelandiya

23031178_357045574747834_4792298735525206033_n

.

Dieqo Armando Maradona üçün…

İnsanlar “qızıl dövr”ü xərcləyib qurtarıblar. İndi dünyanın yenidən və bəlkə də əbədi DAŞ dövrüdür. Bütün qüvvəsini, sevgisini bir-birini didib-parçalamağa, bir-birinə mane olmağa xərcləmiş insanlar “Red Bull” içib enerji yığmaq istəyirlər. Zamanın dilini bilməyən Qara Qitənin adamları isə “Hey adamlar, biz də sizinlə eyni dünyada yaşayırıq!” deyə bilmədikləri üçün Vuvuzela çalırlar. Dünya isə hər dəfə olduğu kimi bu dəfə də qulaqlarını tıxayıb, “Koka-Kola” içir.

Vuvuzela ova hazırlaşan kişinin, cəngavərin, əsgərin, qəbilə başçısının çağırışıdır. Vuvuzela futbolla alver edən maqnatların, off-sayd vaxtı gözünə çöp düşən yan hakimlərin acığına Cənubi Afrika Respublikasında ovçuların, adamyeyənlərin, hisin-pasın içində doğulub-ölən adamların bütün dünyaya bəşəriyyətin miskin halətiylə bağlı mesajıdır.

Vuvuzela ilə CAR bütün dünyaya car çəkdi ki, “Ey bizi alnımızdakı tərdən ayrı su görməyə qoymayan qırmızı qalstuklu, göy kostyumlu ağ adamlar, portmanatları mədəmizdən dolu adamlar, suyu su, odunu odun adamlar, kişisi kişi, qadını qadın adamlar, siz heç vaxt bizi eşitmədiniz. Biz dünya qədər qədim qitədə yaşayanlar, sizin gözünüzdə ancaq “National Geografic” verilişləri üçün material olduq. Şirlərlə oynayan, fillərlə dost olan adamlara sizə həmişə laboratoriya dovşanı kimi baxdınız. Bizim küçələrdə uşaqlar doğuldu və acından küçədə də öldülər. O ölən uşaqların son nəfəsində yanında adamlar yox, ac qarğalar, kərkəslər var idi. İndi sizin qulaqlarınızı tutub, ağzınızı büzdüyünüzü Vuvuzela həmin uşaqların son nəfəsidi. Canınız çıxsın, qulaq asın!“

Məşhur bolqar futbolçu Xristo Stoiçkovun yerlisi, öncəgör Vanqa ölməmişdən qabaqkı müsahibələrindən birində belə demişdi: “Dünyanı anlamaq istəyirsinizsə, futbola baxın”. Borxesian korluq çəkən Vanqanın gözləri bizdən daha açıq idi. Vanqa bəlkə də heç kor deyildi. Sadəcə gözlərini yummuşdu ki, göz yaşları içəri axsın. Futbol tanrısı Maradona isə ağladı…

Bu Pelesifət zəmanənin sonuncu şairi Maradonadır. Mundialdan qabaq verdiyi bəyanata gülənlər, ona başdanxarab deyənlər oldu: “Çempion olsaq, Buenos-Ayresin küçələrində çılpaq gəzəcəm…”

Kasıblıq içində keçən uşaqlığında Maradona doğma ölkəsinin küçələrində çox çılpaq gəzib, oynayıb. Ağzıəmzikli, tumansız, maykasız, yıxıla-yıxıla, əzilə-əzilə kasıb evlərin, sərsəri küçələrin palçıqlı yollarından böyük futbolun yaşıl meydanlarına qədər böyüyüb. Ağlı-qaralı kürə topu dünya kimi anlayıb. Vanqanın kor gözləriylə gördüyünü Maradona ayaqlarıyla başa düşüb. Bir gün gəldi, palçıqlı küçələrdə tumancaq qaçan qıvrımsaç gombul dünyanın ən böyük meydanlarında ayaqlarıyla şeir yazdı, futbolun poeziyasını yaratdı.

Futbol topu dünyanın modelidir. Həmişə oynayan iki tərəf var. Bu iki tərəf topa (dünyaya) sahib olmaq, ona qalib gəlmək, ən böyük olmaq istəyir. Burda sərhədlər əvvəldən müəyyənləşib, meydan iki yerə bölünüb. Bir komanda digərinin ərazi bütövlüyünü pozmaq istəyən kimi futbol başlayır. Qapıçı iki dirəyin tən ortasında duranda, uzaqdan dirəyin bütün hissələriylə bir yerdə böyük “M” hərfinə bənzəyir. Bu hərflə dünya modellənməyə başlayır: Müharibə, meydan, məğlubiyyət, mərkəz.

Futbolda da həyatdakı kimi hakimlər bəzən ədalətsiz olur. Maradona bütün bunları çılpaq gəzdiyi küçələrdə bezdəndüzəlmə futbol topuyla məhlələrarası “dünya çempionu” olarkən anlamışdı. Anlamışdı deyə topla dünya kimi davranırdı.

Elementlərin dövrü cədvəli təsdiqləyər ki, Argentina dünyanın “gümüş dövrüdür”. “Gümüş dövrün” qızıl oğlanı Maradona İngiltərəyə əllə vurduğu qoldan sonra “Bu, Tanrının əliydi” – demişdi. Dieqo elə həmin oyundaca ingilislərin 8 oyunçusunu keçib, bütün dünya çempionatları tarixinin ən gözəl qollarından birini vurmuşdu. Əlbəttə ki, burda da, hər işdə olduğu kimi, Tanrının əli varıydı.

CAR-dakı mundialda futbolun şairi bu dəfə Argentina milli komandasının baş məşqçisi idi. Almaniya məğlubiyyətindən sonra evə dönməmişdən qabaq Maradona müsahibəsində deyir: “Həyatımın ən acı günüdür. Məhəmməd Əlidən yumruq yemiş kimiyəm…”

Eyni şey almanların başına gəlsəydi, yəqin onların məşqçisi Löv belə deyərdi: “Pis oynamadıq. Müdafiədə strateji bir neçə səhvimiz oldu. Mərkəz yarımmüdafiəçiylə stopperin arasında kontakt yoxuydu. Bunları analiz edəcəyik”.

Alınmadı. Maradonanın doğulduğu şəhərin küçələrində çılpaq gəzmək arzusu gözündə qaldı. Maradona böyük meydanların, parıltılı salonların qulaqbatırıcı alqışlarını, silikon dodaqların süni gülüşlərini, linza gözlərin nəzakətli göz yaşlarını soyunub, saf, çılpaq və qalib halda öz uşaqlığına, palçıqlı məhlələrinə qayıtmaq istəyirdi. O, heç kimdən çəkinmədən, utanmadan, qorxmadan, göz yaşı tökə-tökə yaşlanmış bədəninin bütün qüvvəsiylə qaçmaq istəyir, uçuq evlərin arasında çirkli bezlə top oynayan gombul, balacaboy, qıvrımsaç Dieqonu görmək istəyirdi. Maradona öz uşaqlığını qucağına alıb hamıya – Messiyə, Yoakim Lövə, Kloseyə, Sneyderə, Kristiano Ronaldoya, “525-ci qəzet”in oxucularına, tele-aparıcı Rövşən Binnətliyə – hamıya, bütün dünyaya göstərmək istəyirdi…

 …Dünyasa bizə Maradonanın göz yaşlarını göstərdi.

 

P.S. Yazı 2010-cu ildə, Futbol üzrə Dünya Çempionatından sonra “525-ci qəzet” üçün yazılıb.