Sim-sim.az

Şahmat səhnəsi

Avtobusdaydım. Yanımda bir qadın asqırdı. İstədim "sağlam olun" deyim. Susdum. Az sonra qadın mənə: "Sizə bir sual verə bilərəm?", – dedi. Üstümdə bircə manatım var idi. İki üzü qara olmaq istəməzdim. “Pul söhbəti deyil” ümidi ilə, "Buyurun", – söylədim.

 – Həyatınızda nəyisə dəyişdirmək istəyərdiniz?

Artıq bu sualla üzləşdiyimdən söhbətin gedəcəyi məcranı təxmin etdim. “Yehova şahidi”lərindəndir. Kimlik təsbit olundu, “pul yoxdur”, demək xəcaləti sovuşdu, söhbətin axarı məlum. Gəl keyfim, gəl.  Qadını heyrətləndirmək üçün avantürist mənimi səhnəyə dəvət etdim.

– Yox. – tülkü təbəssümü ilə irişdim.

 – Bəs ölümün olduğu həyatdan necə razı ola bilirsiz? – sözümü bitriməmiş, yeni sual gəldi. Qadın təsdiqə də, inkara da cavabına əvvəldən yaxşı hazırlanmışdı.

– Ölüm yenilənməkdi. Əbədi yaşamaqdan maraqsız nə ola bilər? – qadın sualımdan keyidi. Təlimlərdə öyrəndiyi fəndləri yadına salmaq üçün bir saniyəlik bəbəklərini sağa yığıb, yaddaşına “search” verdi. Bilmirsizsə, bilgiləndirim. İnsan nəsə uyduranda, yəni yalan danışmağa hazırılaşanda göz bəbəkləri sola, yəni beynin yaradıcılıq yarımkürəsinə doğru yönəlir, gerçək olanı, ya da zənn ediləni demək üçün, bəbəbklər beynin yaşanmışların qovluqları yığıldığı sağ yarımkürəyə doğru meyllənir.

– Xəstə olanda həkimə gedirsiniz?

Təsdiq etsəm, yenilirəm. İnkar etsəm, güvənmədiyim səhiyyəmizin bəlalı halından danışsam,  söhbətin axarını poza bilər. Cavabım nə “hə”, nə “yox” olmalıydı.

 – Nadir hallarda.

 – Deməli ölmək istəmirsiz.

– Ölməkdən qorxmuram, amma xəstə yaşamaq da istəmirəm.  

– Bəs mən sizə desəm ki, əslində insanlar ölməməlidir? – uşağına ağıllı olsa, kinder alacağını vəd edən anaların baxışı ilə dillənir.

– Bəs mən sizə desəm ki, sizə öyrədilən əslində olan yox, olmasını istədiyinizdir?

Qadının bir-birinə gərgin ilgəklərlə toxunmuş barmaqları "Yaman yerdə axşamladıq" – deyirdi.

– Allaha inanırsız?

 – Sizinkinə yox. – avantürizmim ləzzətdən lambada oynayırdı.

– Necə? Anlamadım.

– Mənim öz allahım var. Məndə olan. – əlimi sinəmə qoydum. Bu cümlədəki pafosumun ətrindən öz başım gicəlləndi.

– Hardasa otuz yaşınız olar. Belə çıxır ki, Allah otuz il əvvəl yox imiş?

Xəyali tamaşamda ayağa qalxıb, xanımın bu maraqlı gedişini alqışladım. Şahmat saatının düyməsi basıldı. Mənim gedişim:

– Var idi, mənimlə, əvvəlki həyatımda.

– Reinkarnasiyaya inanırsız?

 

 – İnanmaq varlığı şübhə altına salır. – Hazırda dilimizə tərcümə etdiyim bir romandan sitatları öz fikrim kimi xanıma sırıdım. –  Siz əlinizdəki çantaya inanırsız?

– Necə?

– Yəni çanta varsa, ona inanmaq lazım deyil, – Lalə Akifin "İnternet cənnəti"dən bir replikanı ləzzətlə dilə gətirdim. – mən də reinkarnasiyanın var olduğunu bilirəm, hiss edirəm.

– Maraqlıdır. Varsa, onda sübut edin.

– Mən heç vaxt Fransada olmamışam, fransızca da bilmirəm. Amma o dildə bütün danışılanları başa düşürəm. Sizcə niyə? – dümmağ, tərtəmiz yalanımın ürpərdici enerjisi yol qonşularımızın da diqqətini bizə çəkirdi.

– Bu sizin dil qavrama istedadınıza görə ola bilər.

 – Belə çıxır ki, bu istedadım nədənsə ispan, ərəb yox, ancaq fransız dilinə yetir? Qadının əsən əlləri "Nə qələt elədim bunu dindirdim?" – deyir. Bildirmədən təlaşlı bir "ah" çəkir. Mimika və jest dilini az – çox bildiyimdən, normal ritmdən çıxan sinənin asta templə enib qalxmasında bu "ah"ı duyuram:

– Əsəbiləşməyin.

Gülməyə cəhd edir:

– Yox, əsəbiləşmirəm. – Çantasından üzərində Azərbaycan dilində "Müqəddəs kitab" yazılan ovuc boyda, qalın nəsə çıxarır. – rastınıza çıxıb? – baxışı ilə kitaba işarə edir.

– Quranı oxumaq istəmişəm. – Baxışları ilə “Bu Quran deyiiiillll” susur. – Bəzi ayələrdən küsüb, daha oxumamışam.

– Küsüb? – Quran söhbətini ötdü –  maraqlı danışırsız? – dedi, mən isə, " bu lap dəlidi ki" eşitdim.

– Söz – peşəmdi.

– Jurnalistsiz?

– Yazıçı olacağam, böyüyəndə. –  qaramat proqnozlar verən politoloq ədasıyla dedim.

Qadın dəlixanaya ilk dəfə gedən tibb tələbələrinin baxışı ilə gözlərini gözlərimə zillədi. Bir az yazığı da gəldi, “gözəl, boylu-buxunlu, normal zövqlü, makiyajı, manikürü yerində… heyif başı çatmır”, deyə fikirləşdi. Bunları baxışından oxuyudum. Avantürist mənim "Americans Got Talent" şousunda qızıl kağız yağışına tutulmuş iştirakçıların hoqqasını çıxarırdı. Həzzin son həddinə çatırdım.

 – Maaş alırsınız? – qəfildən soruşdum.  

 – Hardan? Mən? – bu sualın özündə gizlətdiyi cavab isə belədir. "Bəli, alıram." Ümumiyyətlə, sual işarəli cavablar, adətən gizlin təsdiq cümləsidir…

– Ən azından dolandırırlar.

 – Mən heç nə demədim.

– Mən demək istəmədiyinizi eşitdim.

 

Avtobusda kondisioner işləyirdi. Qadının isə üzündə azqala hər qırmızımtıl çilinin üstündə tər dənəcikləri yarandı.  Elə bil çilləri şehlənmiş xırda çiçək idi. Ağlıma gəldi ki, bu qadın da  Allah ola bilər. Mənimlə avtobusda danışmağa gələr. Gərək daha abırlı olam. Avantürizmimə təşəkkür edib, onu səhnədən gurultulu təbəssümlə yola saldım.  Səhnəmizdə Mərhəmət əfəndi təşrif buyurdu. "Xanımlar və cənablar, tamaşamıza dəcəlliyi ilə əyləncə qatdığı üçün Avantüreya xanıma minnətdarlığımızı bildirir və səhnəyə analığın və allahlığın ən ali hissi olan mərhəməti dəvət edirik. Təzim edəlim, əfəndilər".

 Mən “orda”yam, qadın isə “burda” əl boyda müqəddəsi vərəqləyib nəsə axtarır. Çox özünü yormağını istəmirəm – Mərhəmət səhnəyə yetməmiş işə başlayıb.

– Çatıram. Düşəcəyəm bir azdan.

– Sizə bir ayin oxumaq istəyirəm. – o kitabı vərəqlədikcə mənə elə gəlir bu qadın balaca bir siçandı, əlindəki kitab isə böyük bir çarx. Qadın bu çarxın içində ayaqları ilə səhifələri dolaşır.

– Budur. – Mənim fikrim siçanda olduğundan onun oxuduğuna diqqətimi cəmləyə bilmədim. Bircə qulağıma "QİYAMƏT" sözü dəydi.

– Qiyamət günü olmayacaq. – Mərhəmətim deyəsən Avantüreya ilə oturub – durub. – Nəticələrinizin kötücələrinin nəticələri də kürəni görəcək.

 – Niyə belə əminsiz?

 – Sizin necə qiyamət gününün gələcəyindən əmin olma haqqınız varsa, mən də eləcə gəlməyəcəyindən əmin olma hüququna sahibəm. Elə bilirsiz bunları sizə öyrədənlər sizin əbədi yaşamağınızı istəyir? Onlar sizi öz mənfəətləri üçün istifadə edir. Rokfellerin son müsahibəsini tapıb, oxuyun.

 – Bunları mənə adamlar yox, müqəddəs kitab öyrədir.

 – Mən bu kitabdan beşini yazaram. – Səhnədə çağırılmamış aktyor – Cənab Eqo var. Çıx, çıx, get.

Qadın çantasından yelpincini çıxarıb, hirslə özünü yellədi.  Sanki sərinləmək yox, başındakı yaddaş qovluğuna yığılan dialoqumuzu zibil səbətinə atmağa çalışırdı. Bənövşəyi üz dərisindən hiss etdim ki, çox gərgindir. Xoş nəsə demək istədim. Alınmadı. Utanaraq etiraf edirəm, çox istedadsız mərhəmətim var.

Ayağa durdum.

– Düşürsüz?

 – Hə. Sizi tanımağa şad oldum, yehovalı. Kiçik iradımı qəbul edin, tanımadığınız adamlara yaxınlaşanda özünüzü təqdim edin. Bir də iplərinizi o adamlardan alın.

 – Nə ipi?

 – Tale.

Xanım seytnot qurbanı oldu. Məni qazana bilmədi. Elə mən də onu itirdim. Belə də ki, o elə özü özünü itirib… Yehovada…