Sim-sim.az

Tor: İnternetin görünməyən tərəfi – Elvin Abbaslı

DeepWeb-1-1920x

İnternetin gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilməsi artıq danılmaz faktdır və dünyada bu virtual şəbəkənin istifadəçilərinin sayı gün-gündən artmaqda davam edir. İnternetin təklif etdiyi imkanlar və istifadəçi kütləsinin rəngarəngliyi onun təyinatında özünü büruzə verir. Belə ki, internet insanlar üçün məlumat əldə etmə mənbəyi olmaqla yanaşı, müxtəlif biznes növləri ilə məşğul olma məkanı və ya sadəcə ünsiyyət saxlama vasitəsi kimi çıxış edə bilər. İnternet eyni zamanda, cəmiyyəti maraqlandıran və operativ addımlar atılmasını tələb edən bir çox mühüm məsələlərin irəli sürülməsi üçün də şərait yaradır və insanlara bu barədə dərhal məlumat əldə etməyə imkan verir.

Bütün bu müsbət hallardan faydalanmaq üçün bizə köməklik edən və virtual dünya ilə istifadəçiləri birləşdirən “körpü” rolunu isə İnternet brauzerlər (Google Chrome, Safari, İnternet Explorer və s.) yerinə yetirir. Bu siyahıya daxil olan şəbəkələrdən biri hesab olunan “Tor” isə digər rəqiblərindən özünün anonimliyi və İnternet istifadəçilərinə təhlükəsiz giriş imkanı verməsi ilə seçilir.

Dərin Vebin (Dərin Veb İnternetin adi axtarış sistemləri ilə asanlıqla əldə oluna bilməyən hissələrini nəzərdə tutmaq üçün işlədilən termindir) bu şəbəkəsinin tarixinə nəzər salsaq görərik ki, Tor – “The Onion Router”in qısaldılmış forması – ABŞ Hərbi-Dəniz Tədqiqat Labarotariyasının işçiləri Paul Syverson, Michael Reed və David Goldschlag tərəfindən 1995-ci ildə onlayn anonimliyə imkan verən layihənin tərkib hissəsi kimi yaradılmışdır. Bu şəbəkənin yaradılmasında əsas məqsəd hökumətin kommunikasiya sistemini və veb-səhifələrini kiberhücumlardan müdafiə etmək idi. Mütəxəssislərdən bəzilərinin fikrincə isə, Tor layihəsinin qarşısında duran əsas diqqət yetiriləsi məsələlərdən biri də İnternet istifadəçilərinin şəxsi məlumatlarının korporasiyalar tərəfindən ələ keçirilməsinin qarşısını almaq olmuşdur. 20 sentyabr 2002-ci ildə Torun sonradan Onion Routing, və ya TOR layihəsi adlanacaq alfa versiyası buraxıldı.  

 

“Sehirli mantiya”

Tor anonimliyi qoruyub saxlamaqla istifadəçilərə İnternetdən istifadə etməyə imkan verən şifrələnmiş veb-səhifələrin yaratdığı bir matriksdir. Bu sistem iki hissədən ibarətdir: internetdən anonim şəkildə istifadəni mümkün edən yüklənəbilən brauzer və proqram təminatının normal qaydada fəaliyyətinə kömək edən könüllü komputerlər şəbəkəsi.

Əksər istifadəçilər çox zaman ümumi veb sistemin çox az bir hissəsinin yer aldığı “təmiz veb”dən istifadə edirlər. Lakin bu yalnız “aysberqin görünən tərəfi”dir. Əgər siz daha çox məlumata yiyələnmək istəyirsinizsə, “daha dərinə baş vurmalısınız”, burada isə sizi Dərin Vebin təqdim etdiyi saysız-hesabsız “informasiya xəzinəsi” gözləyir. Tor isə bu zaman anonimliyinizi qoruyub saxlamağı və məlumatlara çıxışınızı təmin edir.

Torun işləmə mexanizminə gəldikdə, sistem fərqli-fərqli istifadəçilərdən gələn geniş kommunikasiya axınları üçün ötürücü funksiyası daşıyan bəndlər toplusundan ibarətdir. Şəbəkəyə hər qoşulmada həmin bəndlər təsadüfi seçilir və onlardan heç biri eyni yolda iki dəfə işlədilə bilməz. Bağlantılar üçün sabit vaxt müddəti mövcuddur  və bu da internetdən istifadə edərkən anonimliyin qorunmasına şərait yaradır. Bağlantı sistemi istifadəçilərə bağlantının istifadə etdiyi yolu izləməyə və ya tapmağa imkan vermir. Başqa şəxslər üçün istifadəçini tapmaq çox çətindir, çünki bağlantının istifadəçi tərəfindən və ya bənd tərəfindən başladıldığı məlum olmur. Bu xüsusiyyətlər Toru digər veb brauzer və şəbəkə sistemlərindən fərqləndirməyə imkan verir.

Qeyd olunan bu cəhətlər eyni zamanda istifadəçiyə onun kimliyini, kommunikasiyanın mənbəyini və son nöqtəsini müəyyənləşdirməyə imkan verən trafik analizdən uzaq durmağa şərait yaradır. Bu zaman Tor, sanki “sehirli mantiya” funksiyasını daşıyaraq, sizi görünməz edir və gələcək təhlükələrdən qoruyur. Bir çox insan hüquqları müdafiəçiləri öz kampaniyalarını virtual vasitələr, məsələn sosial şəbəkələr vasitəsilə həyata keçirir ki, ictimai əhəmiyyət daşıyan məsələlər barədə daha çox insanı xəbərdar etsin və eyni zamanda cəmiyyətdə maarifləndirmə işini həyata keçirsin. Və bu fəaliyyətlər əksər hallarda tənqidlərin yönəldiyi opressiv rejimlər və nəhəng korporasiyaların hədəfində olur. Təsəvvür etmək heç də çətin deyil ki, xüsusi xidmət orqanları tərəfindən bu şəxslərin kimliyinin aşkara çıxarılması onların gələcəkdə azadlığı və təhlükəsizliyi üçün necə böyük problemlər yarada bilər.

Beləliklə, anonimliyin qorunması çox vacib xarakter alır və bu da Toru əksər aktivist, jurnalist və dissidentlər üçün öz fikirlərini rahatlıqla ifadə edə biləcəkləri təhlükəsiz məkana və ya başqa ifadə ilə “Natiqlər Kürsüsü”nə (“Speakers’ Corner”) çevirir. Tor, həmçinin öz kommersiya fəaliyyətlərinin məxfiliyini qoruyub saxlamaq istəyən və ya biznes planları və digər layihələri barədə məlumatların ələ keçirilməsini və ya yayılmasını istəməyən şirkətlər tərəfindən də istifadə edilir.

Bir sözlə, ortaya çıxan mənzərə onu deməyə imkan verir ki, Torun ən müsbət tərəfi istifadəçilərin IP ünvanlarını və digər məlumatları gizli saxlamaqla söz və ifadə azadlığına dəstək verməsi və avtoritar rejimlərin “dəmir dabanı”na qarşı bir növ sipər rolunu oynamasıdır. Lakin onu da yaddan çıxarmaq lazım deyil ki, təklif olunan bu imkan heç də həmişə “azadlıq carçıları”nı və “humanist fikirlər”i özünə cəlb etmir…  

     

 

 

 

Tor: İnternetin görünməyən tərəfi : II hissə

 

Tor sistemi ilə bağlı yaranan hüquqi problemlər

 

            Əvvəlki hissədə Tor-un müsbət tərəfləri qeyd olundu. Lakin Tor-la bağlı ortaya çıxan neqativ hallar da diqqətdən yayınmamalıdır və bu problemlər hazırda beynəlxalq ictimaiyyəti dərindən narahat edir.

İnternetin insanlar üçün çox faydalı və və mühüm vasitə olması təkzibolunmazdır, lakin onu da etiraf etmək lazımdır ki, heç də həmişə “yaxşı əllər” ondan istifadə etmir. Tor tərəfindən təklif edilən anonimlik və çox geniş informasiya bazasına çıxış bəzi hallarda qeyri-qanuni fəaliyyətlərin həyata keçirilməsi üçün münbit zəmin yaradır. Onu da qeyd etmək lazımdır ki, ənənəvi cinayətlərdən fərqli olaraq, Dərin Vebdən istifadə etməklə törədilən kriminal əməllərin və onların subyektlərinin tapılması hüquq-mühafizə orqanları üçün çox böyük çətinliklər törədə bilər. Bir sözlə, bu heç də “elementar” məsələ deyil…

 

Adsız “qəhrəmanlar”

Anonimlik Tor tərəfindən istifadəçilərə təklif olunan ən mühüm fərqləndirici xüsusiyyətdir və onların təhlükəsiz şəkildə virtual aləmdə hərəkətinə kömək edir. Yunancadan tərcümədə “adsız” mənasını verən “anonimlik” anlayışı ümumi şəkildə fərdin kimliyinin və şəxsi məlumatlarının ictimaiyyətə naməlum olması halını bildirmək üçün işlədilir.

Beynəlxalq hüquqda birbaşa olaraq anonimlik hüququnun ifadə azadlığının tərkib hissəsi kimi olması öz əksini tapmasa da, onun şəxsi həyatın toxunulmazlığı hüququnun bir qolu kimi göstərmək olar və bəzi ölkələrdə hətta anonim nitqin qorunmasını təmin edən qanunvericilik aktlarının qəbulunu da misal çəkmək mümkündür. Onlayn anonimlik ifadə azadlığının müdafiəsi üçün çox gərəklidir və bu imkanın məhdudlaşdırılmasına yönəlmiş hərəkətlər beynəlxalq hüquq normaları ilə ziddiyyət təşkil edir. Lakin Tor tərəfindən təmin olunan bu qarantiyanın özü, eyni zamanda, insan hüquq və azadlıqlarının pozulmasına səbəb ola biləcək əməlləri törətmək istəyən şəxslər üçün ideal bir vasitəyə çevrilir. İnternetin kütləviliyi cinayətkarların daha çox insanı cəlb etmələrinə, bu planların virtual olaraq həyata keçirilməsi zamanı gizliliyin qorunub saxlanmasının asanlığı isə onların kriminal fəaliyyətinin qarşısını almaq işinin çətinləşməsinə gətirib çıxarır. Bu qeyri-qanuni fəaliyyətlər eyni zamanda həmin şəxslərin külli miqdarda gəlir əldə etmələrinə də yol açmış olur. Məsələn, hal-hazırda eBay və Amazon kimi internet saytları formasında yaradılan və müxtəlif narkotik vasitələrin nümayiş və təklif olunduğu veb-səhifələr mövcuddur. Bir neçə il öncə FTB (Federal Təhqiqatlar Bürosu) narkotik vasitələrin qaçaqmalçılığı, xakerlik və çirkli pulların yuyulması ittihamları ilə “Silk Road” (“İpək Yolu”) veb-səhifəsinin sahibi olan Ross Ulbricht-i həbs etdi. Qeyd etmək lazımdır ki, 2011-ci ildə istifadəyə verilən Silk Road qısa bir zamanda qeyri-qanuni narkotik və silah satışı məkanı kimi məşhurluq qazanmışdı. Ən təəccüblü faktlardan biri isə sayt vasitəsilə ilə əldə edilmiş gəlirin məbləğinin 1.2 milyard dollara çatması idi. Burada başlıca narahatçılıq doğuran məqam asan yolla çoxlu pul qazandıran bu qeyri-qanuni biznesin cəlbediciliyi və nəticədə bu tipli saytların gələcəkdə çoxalmaq ehtimalıdır. 

Bundan başqa, Tor-un “Pandorra qutusu”ndan çıxan təhlükələr sırasında uşaq pornoqrafiyasını, qeyri-qanuni silah satışını, professional qatillər kirayələmək üçün veb-səhifələri, məcburi tibbi təcrübələr barədə məlumatları, işgəncə və qətllərə dair videoları və çirkli pul yuyulmasını qeyd etmək olar. Bunların sırasında uşaq pornoqrafiyası xüsusilə qeyd olunmalıdır, çünki bu “biznes” təkcə uşaq istismarı və trafikinqə səbəb olmur, eyni zamanda insan psixologiyasına mənfi təsir göstərərək, gələcəkdə zorlama kimi ağır cinayətlərin törədilməsinə də şərait yaradır. Tor vasitəsilə giriş əldə etmək mümkün olan bir çox belə saytlarda insan istismarının müxtəlif formalarına rast gəlmək olar. Bu isə informasiya texnologiyaları tərəfindən yaradılan yeni bir təhlükə dalğasının siqnallarını verməkdədir.

 

Çıxış yolları

 

Texnoloji yeniliklər və virtual şəbəkələrin son dövrlərin məhsulu olmaları əksər ölkələrdə bu yöndə tənzimləmənin olmaması, və ya çox zəif həyata keçirilməsinə səbəb olur. Hal-hazırda onlayn kommunikasiya vasitələrinə nəzarət və virtual texnologiyalar yolu ilə qeyri-qanuni əməllərin törədilməsinin qarşısının alınması üçün hüquqi bazanın hazırlanması prosesi gedir, lakin bu zaman ifadə azadlığı də gündəmdən kənarda qalmamalıdır. Dərin Veb vasitəsilə törədilən cinayətlərin sayı və miqyası artdıqca, bu məsələlərin həlli ildən-ilə aktuallaşır.

Lakin Tor vasitəsilə həyata keçirilən kriminal əməllərlə mübarizə hüquq-mühafizə orqanları üçün çox böyük baş ağrısına çevrilə bilir. Bu yolda ən birinci və mühüm əngəl cinayətkarların aşkar edilməsini çətinləşdirən anonimliyin mövcudluğudur. Yaxşı xəbər isə son araşdırmalara əsasən, Tor tərəfindən təmin edilən bu imkanın heç də mütləq olmaması və anonimliyin “Axilles dabanı”nın tapılmasıdır. Belə ki, cinayətkarlar çıxış ötürücüsu operatorunu dəyişdirməklə özlərini qoruya bilərlər. Ancaq bağlantı üçün istifadə edilən çıxış ötürücüləri xüsusi üsullar vasitəsilə müəyyən edilə bilər. Və çıxış ötürücüsü vasitəsilə şifrələnməmiş, eyni zamanda istifadəçinin fəaliyyətinə nəzarəti və şəxsiyyət müəyyənedici məlumatları tələb edən proqramlardan istifadə edən veb-səhifədə yüklənmiş fayllar və aparılan yazışmalar vasitəsilə real istifadəçinin IP ünvanının əldə olunması mümkündür. Lakin burada yaranan digər bir problem isə cinayətkarların olduğu yerin çox vaxt müəyyən oluna bilməməsi və ya başqa sözlə yurisdiksiyanın müəyyənləşdirilməsi problemidir. Məlum olduğu kimi, onlayn kommunikasiyanın xüsusiyyətlərindən biri də dünyanın istənilən nöqtəsində şəxsin İnternetə qoşulmaq imkanıdır. Kibercinayətlər haqqında qanunvericiliyin mövcud olmadığı bəzi ölkələrdə cinayətkarlar öz əməliyyatlarını rahat şəkildə həyata keçirir və bu qanunazidd əməllərin nəticələri dünyanın bir çox hissəsində müşahidə oluna bilər. Bununla yanaşı, kriminal ünsürlər öz metodlarını və gizliliyi qorumaq üsullarını daimi olaraq təkmilləşdirməkdədirlər. Beynəlxalq səviyyədə əməkdaşlıq olmadan isə bu təhlükələrin aradan qaldırılması çox çətindir.

 

Nəticə

 

            Hər bir ixtira və yeniliyin müsbət tərəfləri ilə yanaşı çatışmazlıqlarının da olması bir reallıqdır və bu həmçinin Tor şəbəkəsinə də aiddir.

Tor-un yaradılmasından sonra bir çox insan ümid edirdi ki, istifadəçilər üçün geniş səviyyədə anonimlik imkanı yaradan bu şəbəkənin köməkliyi ilə öz fikirlərini heç bir təhlükəyə məruz qalmadan ifadə etmək imkanı əldə edəcəklər. Və Tor həqiqətən də əksər dissidentlər, siyasi fəallar, jurnalistlər və digər şəxslərin ehtiyaclarını qarşılayaraq, cəmiyyəti maraqlandıran məsələlər və problemləri dilə gətirən azad mühitin yaradılmasına imkan yaradıb. Media sahəsində fəaliyyət göstərən əksər QHT-lər və insan hüquqları təşkilatları hər zaman Tor-u ifadə azadlığının inkişafına verdiyi töhfədən dolayı alqışlamışlar.

Buna baxmayaraq, vaxt keçdikcə Tor-un neqativ tərəfləri “caynaqlar”ını göstərməyə başladı və problemin necə dərin olması Silk Road-un yaradıcısının həbsindən sonra məlum oldu. Hal-hazırda Tor-un “örtüyü” altında törədilən bir sıra cinayətlər hüquq mühafizə orqanları və dünya ictimaiyyətini narahat edən ciddi məsələlər sırasındadır.

Baş verəbiləcək mümkün hüquq pozuntularının qarşısını almaq üçün anonim şəbəkələrin ləğvini və ya qadağan edilməsi bir sıra insanlar tərəfindən təklif edilsə də, bu yol elə də effektiv deyil və söz azadlığı qarşısında əngəl yaratmaqla yanaşı İnternet üzərində məhdudlaşdırmalara da rəvac vermiş olar. Odur ki, ən optimal variant müxtəlif ölkələrin hüquq mühafizə orqanlarının əməkdaşları, İnternet servis provayderləri və IT mütəxəssislərinin birgə əməkdaşlığı və Tor-u tamamilə ləğv etmək əvəzinə kriminal əməlləri törədənlərə qarşı mübarizədə hüquqi bazanın yaradılmasıdır. Ancaq bu yolla Tor şəbəkəsinin təklif etdiyi üstünlüklər qorunub saxlana və neqativ hallar aradan qaldırıla bilər.