Sim-sim.az

Unudanlara və itirənlərə

kanan haci

 

 

Niyə bizi unutdular?

Bəlkə unutmadılar, bəlkə itirdilər?!

 

Kamal Abdulla

 

Dünyanın unudulmaq adlı bir faciəsi var. İnsan niyə unudulsun axı? İnsan niyə unutsun axı? Bizi sevən insanları nə vaxtsa itirməyə məhkumuq… Bunu bilirik, amma itirməkdən əvvəl unuduruq.

Unudulmağı haqq etməyən adamın faciəsi unudan adamın heç vecinə deyil, onun iztirabları, ruhi sarsıntısı, iç fırtınaları tükünü belə tərpətmir. Unudulmaq, atılmaq insan münasibətlərinin qəliblənmiş əbədi və amansız həqiqətləri içində ən ölümcülü, heç vaxt barışmaq istəmədiyimiz, nifrət etdiyimiz bir gerçəklikdir. Qocalar evinə atılmış insanlara baxın. Onları öz doğmaları atıb, unudub. Sevdiyimiz qadının bizi atması övladını atan ananın günahından böyük deyilki!Sevdiyi qadınlara şeir yazıb onları asanlıqla unudan şairin günahı bu günahdan böyük deyil ki!

Kamyu deyirdi ki, ən böyük bədbəxtlik sevilməmək deyil, sevməməkdir.  Amma məncə, ən böyük bədbəxtlik sevdiyin tərəfindən unudulmaqdır. İnsanı altşüurunda hər zaman tərk edilmək, itirmək qorxusu var. Digər tərəfdən, axı insan mahiyyətcə tənhadır və harda olur-olsun, həmişə öz içində gizlənmək istəyir. Görəsən niyə? Onun canında öz həmcinsini unutmaq ehtirası hardan, nədən qaynaqlanır? İnsan niyə sevgi obyektini tez-tez dəyişir? Sevgi nəyə görə insanı bir ömür boyu xoşbəxt edə bilmir? Bəlkə sevgi elə unutmaq üçün bir bəhanədir?! Bəlkə ömür elə bu suallara cavab axtarmaq üçün verilmiş bir möhlətdir?! Bəlkə… bəlkə… Bəlkələr bitmir, ömrümüzün axırına qədər biri qarabaqara izləyir. Tərəddüdlər, vurnuxmalar içində içini yandırıb külə döndərirsən. Çifayda… Bu da yaradılışın bir sirridir, çözülməsi mümkünsüzdü. Yaradılışın sirrini yaradılan hardan bilsin?!

 

Türk şairi Oktay Rıfat “yalnızlıq getdiyin yoldan gəlir” yazırdı. Çıxdığın bütün yollar sonunda səni yalnızlığa gətirib çıxarır. Tapırsan, itirirsən, qovuşursan, ayrılırsan. Qovuşmaq anında qəfil bir fırtına qopur, elə bil sirli bir əl hərənizi bir səmtə atır. Barışa bilmirsən, içindən bir üsyan qalxır, Yeri-Göyü lənətləyirsən, hətta Tanrıya da asi çıxırsan. Nəticə dəyişmir. Sən məğlubsan! Acı və müdhiş bir həqiqət divar kimi qarşını kəsir.Səni unudublar və ya itiriblər. Bu cümləni yazdım və həmin an Kamal Abdullanın məşhur misraları şimşək kimi beynimdə çaxdı:

Mənə deyən gərək, nə olub axı,

Nə çabalayırsan, söylə, nə xəbər.

Sən çətin tapasan axtardığını,

Sən axtardığını itirməyiblər.

 

Çox qəribədir, yazıya Kamal Abdullanın sözlərini epiqraf seçəndə sonunda bu misraları xatırlayacağım heç ağlıma gəlməzdi. Doğrudan da, nə qəribə bir təsadüf! Bəlkə də (yenə də bəlkə!) axtardığımız sualların cavabı elə bu misralardadır?!