Sim-sim.az

  Rövşən Uğur –  Xoşbəxt yaşam

11058507_913788798672834_481874979608528546_n

Sürətlə axıb gedən zamanda insanın fiziki sağlamlığı ilə yanaşı psixoloji sağlamlığını da qoruması çox böyük önəm daşıyır. Müasir yaşamın insanda yaratdığı sıxıntılar, stress və narahatlıqların artması, antidepressant istifadə edən insanların dünya üzərindəki sayının 1 milyarda yaxınlaşması, insanları necə daha rahat və daha xoşbəxt yaşamaq olar sualı haqqında düşünməyə vadar edir.

Bildiyimiz kimi xoşbəxtlik, bütün insanların sahib olmaq istədiyi və bunun üçün cəhdlər etdiyi, lakin hər kəsin sahib ola bilmədiyi bir məfhumdur. İnsanların xoşbəxt olmaq üçün gündəlik yaşamlarında hansı hərəkətləri etdiklərini müşahidə edəndə, maraqlı bir mənzərə ilə qarşılaşmış oluruq. Demək olar ki, hər kəs tərəfindən təkrarlanan eyni tipli bəzi davranış formaları var ki, bunlara da – kimisinin xoşbəxt olmaq üçün daha çox ailəsi və ya dostları ilə zaman keçirməsi, kimisinin varlı olmaq istəməsi, kiminin daha az işləyib, əyləncəyə və maraqlı məşğuliyyətlərə daha çox vaxt ayırmağı üstün tutmasının şahidi oluruq. Ancaq bütün bu hərəkətlər xoşbəxtlik üçün özündə doğru olsa da, bunlardan daha vacib və önəmli olan bir yol var ki, hansı ki, bu da insanın düşüncələrini və davranışlarını dəyişməsi və hadisələrə fərqli yanaşma tərzi qazanmasıdır.

 

Bəs xoşbəxt olmaq üçün nələr etməliyik? Bu sualı belə cavablandırmaq olar ki, ilk öncə xoşbəxt olmaq üçün əlimizdə olan imkanları dəyərləndirməli və hansı addımları ata biləcəyimizi özümüz üçün dəqiqləşdirməliyik. Xoşbəxtliyə gedən yolda 3 əsas mərhələ var ki, bunları dəyişməklə biz insanlar həyat keyfiyyətimizi artıra və digərləri ilə daha yaxşı münasibətlər qura bilərik. Bu 3 məfhuma – necə düşündüyümüz, necə davrandığımız və bununla yanaşı bizim əlimizdə olmayan və ya qısa müddət ərzində dəyişə bilməyəcəyimiz faktorlara olan yanaşma tərzimizi aid edə bilərik. Yuxarıda qeyd etdiyimiz kimi düşüncəni və davranışı dəyişmək hər bir insanın asanlıqla edə biləcəyi dəyişikliklərdir. Ancaq bizdən asılı olmayan kənar faktorlar, məsələn böyük ev, bahalı maşın, var – dövlətli olmaq və s kimi məsələlər düşüncə və davranışa nisbətən daha çətin və gec dəyişdirilə bilən amillərdir. 

 

Son illərdə “Oksford” universitetində aparılan bir araşdırma xoşbəxtlik haqqında yeni fikirlərin yaranmasına səbəb olmuşdur ki, hansı ki, bunlardan ikisi daha çox diqqəti cəlb edir. Bu faktorlardan ilki, hedonistik adaptasiya adlanır ki, bu da insanların kənar təsirlərə tezliklə uyğunlaşması kimi başa düşülür. Bu vəziyyəti həm müsbət hadisələr üçün həm də mənfi hadisələr üçün istifadə edə bilərik. Belə ki, bunu bir nümunə ilə izah etməyə çalışaq. Məsələn, bəzən dost məclislərində lotoreyadan çoxlu pul qazansam nələr nələr edərdim, özümə böyük bir obyekt açar, işdən çıxar, bahalı maşın, ev alar, həyatıma rahat davam edərdim kimi fikirlər səsləndirirlir. Ancaq hedonistik adaptasiyaya görə istər lotoreya qazanın və ya başqa bir yerdən pul götürüb varlanın, bütün bunların təsiri qısa müddətli olur və bir müddət sonra həyatımıza daxil olmuş kənar təsir öz qüvvəsini yavaş yavaş itirməyə başlayır və biz öz köhnə xoşbəxtlik səviyyəmizə geri qayıtmış oluruq. Yəni xoşbəxt olmaq üçün kənardan bizə verilən zəhmət çəkmədən qazanılan hər bir nailiyyət, qısa zaman sonra öz təsirini itirməyə başlayır və bununla da biz öz əvvəlki vəziyyətimizə qayıtmış oluruq.

 

Araşdırma nəticəsində ortaya çıxan ikinci bir vacib məqam isə proqnozlaşdırdığımız  emosional təxminlərin uğur dərəcəsinin aşağı olmasıdır. Yəni biz hər hansı bir işə başladıqda, bu iş ilə əlaqədar hisslərimizin necə olacağını öncədən düzgün təxmin edə bilmirik. İnsan oğlu üçün hal hazırda olduğu emosional vəziyyəti doğru ifadə edə bilmək o qədər çətin olmasa da, həyatımızda istədiyimiz bir dəyişikliyin bizə gətirəcəyi yararları və təsirləri adətən doğru proqnozlaşdıra bilmir və bunu böyütməyə meylli oluruq. Yəni məsələn iş yerində karyera, vəzifə artışı olsa çox xoşbəxt olacağımızı düşünür ancaq bu xoşbəxtliyin bizim düşündüyümüz qədər uzun çəkməyəcəyini bilmirik. Hissləri yanlış təxmin etməyimizin bir neçə səbəbi var ki, bunlardan birincisi adətən hadisənin bir tərəfinə baxıb, digər tərəfin  təsirlərini unutmağımız, ikinci səbəb isə başımıza gələn hadisəyə qarşı immunitetin yaranmasıdır. Yəni deyək ki, biri sevgilisindən ayırılır və uzun müddət əzab çəkəcəyini düşünür ancaq bu əzab onun düşündüyü qədər uzun çəkmir, çünki bədən artıq bu əzabı həzm etmiş olur. Digər bir faktor isə hafizənin yanılmasıdır ki, bu da yanlış mühakimələrə səbəb olur və buna görə də bizlər adətən bütün prosesi xatırlamaqdan aciz olur və buna görə də ancaq pik nöqtələri və sonluqları xatırlayırıq. Ən vacib hafizə problemi bizim əvvəl etdiyimiz emosional proqnozları unudub indiki olduğumuz vəziyyəti belə gələcəyə aid etməyimizdir.

Hafizənin yayınma ehtimalını nəzərə alaraq, hisslərinizi dəqiqləşdirmək üçün not almaq üsulundan istifadə etmək məsləhət görülür. Məsələn, bəzi insanlar var ki, əsgərlikdə olan zaman hərbi xidmətə nifrət etdikləri halda bir müddət keçəndən sonra həmin zamanların əslində çox gözəl olduğunu xatırlayır və hətta bunu ətrafdakılara da sübut etməyə çalışırlar. Bu cür yaddaş yayınmlarının qarşısını almaq üçün həmin anları yenidən yaşayın və o anlarda nələr hiss etdiyinizi bir bir özünüz üçün dəftərinizdə qeyd edin və bundan sonra artıq o təcrübəni sevib sevmədiyinizi özünüz üçün dəqiqləşdirmiş olacaqsınız.

Xoşbəxt olmaq üçün edilməli olanlar:

Özünü aktuallaşdırma – Hər hansı bir işə başlamaq və o işi uğurla yerinə yetirmək və gördüyü işə görə hörmət görmək, dəyərləndirilmək bütün bunlar hamısı insanın özünü aktuallaşdırmasına və fərdiyyət kimi cəmiyyət içərisində öz sözünü deməsinə səbəb olur. Məşhur Amerika psixoloqu Abraham Maslov buna görə ehtiyaclar piramidasının ən yükəsk zirvəsinə özünü aktuallaşdırma fenomenini aid edərək, həyatdan razılıq və məmnunluq üçün bu mərhələyə çatmağın çox böyük əhəmiyyət kəsb etdiyini qeyd edib. Özünü aktuallaşdırmağı bacarmayan bir insan heç vaxt həyatda tam rahat olmayacaq və daima bunun axtarışında olaraq, bu əksikliyi hiss edəcəkdir. Xülasə olaraq, xoşbəxtliyə aparan yollardan biri insanın özünü aktuallaşdırmasıdır.

Stressin idarə olunması və meditasiya – Daxili rahatlıq tapmaq və bunu qorumaq üçün stress yaradan faktorları özümüzdən bacardığımız qədər uzaqlaşdırmalı və eyni zamanda stresslə mübarizə texnikalarını da öyrənməliyik. Stresslə mübarizədə şüur və düşüncəyə istiqamətlənmiş metod və texnikalardan eyni zamanda bədənə istiqamətlənmiş texnikalardan istifadə etmək məsləhət görülür. Meditasiya və ya ardıcıl olaraq idmanla məşğul olmaq stress səviyyəmizi azaltdığı kimi eyni zamanda xoşbəxtlik hormonlarının ifrazının artmasına gətirib çıxarır.  

Sosiallıq – Xoşbəxtlik üçün çox vacib olan digər bir məqam isə insanın sosiallıq dərəcəsidir. Yəni biz nə qədər çox sosiallaşırıqsa, o qədər çox xoşbəxt oluruq. Bununla bağlı araşdırmalar, tədqiqatlar belə aparılmış sonda nəticə hər zaman eyni olmuşdur. Fəaliyyəti az olan, dostları, yaxınları, tanışları və ya ailəsi ilə çox zaman keçirən insanların xoşbəxtlik səviyyəsi daha az keçirənlərə nisbətən çox yuxarə olur. Buna görə də əgər xoşbəxt olmaq istəyiriksə, sosiallaşmağı, insanlar arasında daha çox zaman keçirməyi, səyahət etməyi, yeni insanlar tanımağı və s bu kimi fəaliyyətləri həyat və yaradıcılığınızdan əksik etməməliyik. 

( Rövşən Hümbətov )